Şəms surəsi belə başlayır:

1. And olsun günəşə və onun saçdığı şəfəqə!
2. And olsun ondan sonra zühur edən aya!
3. And olsun (günəşi) açıqlığa çıxardan gündüzə!
4. And olsun (günəşi ) bürüyən gecəyə!

Sual olunur: Şəms surəsinin 3-cü ayəsində günəşi açıqlığa çıxaran (aydın edən) gündüzə and içilir. Günəş gündüzü aydın edir yoxsa gündüz günəşi?

Mövzu ilə əlaqədar həmin ayənin təfsirinə qısa nəzər salaq:
Şəms surəsi, 3-cü ayə
“Günəşi açdığı zaman gündüzə and olsun. Gündüz, günəş işığının dünyada əks etməsi nəticəsində ortaya çıxdığı halda, gündüzün günəşi açdığının söylənməsi və günəşin işığından sonra aya, sonra da buna and içilməsi əlbəttə ki çox diqqətə dəyər ifadədir. Bir əsər, əsərin sahibini işarə edər. Yəni, gördüyümüz gündüz, günəş işığının; işıq da günəşin varlığını göstərir. Günəşin görülməsi işığının görülməsi vasitəsilədir. İşığın bizdəki əksi olan gündüz, nə qədər maneəsiz və açıq olarsa, işıq da o nisbətdə aydınlıq; işıq nə qədər maneəsiz və açıq olarsa, günəş də o nisbətdə açıq olar. Gündüz hava buludlu olanda, günəş birbaşa görünməz, dolayısı ilə ağlımız ilə bilinər.” (Elmalılı Hamdi Yazar, Kuran tefsiri, Şems suresi üçüncü ayet).

Ayənin təfsirində də qeyd olunduğu kimi günəşin açığa çıxıb aydın şəkildə görünməsi günəş işığının yer üzündəki təcəllisi sayəsində mümkün olur. Başqa sözlə, bizim gündüz dediyimiz zaman məfhumu əslində günəş işığının yer üzündə əks (inikas) olunması hadisəsidir və biz yalnız bunun vasitəsilə günəşi aydın şəkildə görə bilirik. Əgər günəş işığının yer üzündəki təcəllisi hadisəsi (gündüz) baş verməsəydi, onda biz günəşi açıq şəkildə görə bilməzdik.