İnsan əbədiyyətə vurğunudur, o, əbədi var olmaq istəyir. İstək insanın öz əlində deyildir və o, bu istəyi özü qazanmamış, özü almamışdır. İndi ki, istək onda vardır və bu hiss, bu duyğu ona verilmişdir, demək onun qarşılığı da vardır. Məsələyə bu məntiqlə baxanda görürük: indi ki, insan əbədiyyət aşiqdir, yox olmaq, heç olmaq istəmir, əbədi var olmaq istəyir, demək onun istəyinin də qarşılığı vardır. Bunun isbatı asandır, lakin gəlin əvvəlcə ölümün və yoxluğun mahiyyətini araşdıraq.

ƏSLİNDƏ YOXLUQ ÖZÜ YOXDUR: Doğrudanmı, hər şeyin sonu yoxluqdur? Bunun məntiqi və elmi izahına baxaq. Məsələn, çörək yoxdur, su yoxdur, adam yoxdur deyə bilərik. Bu dediklərimiz həmin şeylərin mütləq yoxluğu demək deyildir. Vardır, amma mənim üçün, bu saat, bu yerdə yoxdur. Bir dəmir kürənin içərisindən havanı sorub çıxarsanız onun içərisində heç nə yoxdur deyə bilməzsiniz. Çünki, boş dəmir kürənin həcmi vardır, onun içi mütləq boşluğu təmsil etmir. Bu baxımdan, fəzanın dərinliklərində də boşluq yoxdur. O, “əsir təbəqə” və ya ionlar dediyimiz varlıqlarla doludur. Riyaziyyatda sıfır rəqəmi (0) yoxluğu göstərir. Lakin sıfır yoxluq olduğu qədər də varlıqdır. Belə ki, sıfırı iki rəqəmin sağına və soluna qoysaq, iki fərqli (məs, 02 və 20) riyazi dəyər əldə edəcəyik. Əgər yoxluq özü yoxdursa, o zaman ölən insan hara gedəcək? Yoxluğa getməyəcək, çünki yoxluq yoxdur! Yoxluq, varlığın ziddidir. Dünyamız izafi bir aləmdir. Bu o deməkdir ki, bir şey öz ziddinə görə ya vardır, ya da yoxdur. Məsələn, gündüz gecəyə görə vardır, gecə də gündüzə görə vardır. Əgər biz daim qaranlıqda qalsaydıq, işığın nə olduğunu bilməzdik. Bu halda “Bizdə xüsusi bir işıq var, onu qaranlığa saldıqda hər şey görünür,” desəydilər, bizim işığın varlığı haqqında, görmək haqqında heç bir təsəvvürümüz olmadığından bu sözlərdən heç nə anlamazdıq. Anlamadığımıza görə də deyilən sözlərə inanmazdıq. Əgər biz daim şirin şeylər yemiş olsaydıq, acı haqqında, daim duzsuz şeylər yesəydik, duz haqqında hər hansı təsəvvürə malik olardıqmı? Eləcə də, bu gün dənizin dərinliklərində üzən bir balığı bir nə qədər inandırmağa çalışsan ki, çıx buradan, yer üzü çox maraqlıdır, o var, bu var, balıq inanmaz, çünki onda sudan xaricdə bir varlıq olduğu anlayış yoxdur. Bir də bunu ana bətnindəki hələ doğulmamış körpə haqqında düşünə bilərik: əgər ana bətnindəki körpəyə “gəl dünyaya çıxaq, ora işıqlıdır, hər tərəf güllər və çiçəklər, meşələr, dənizlər, dağlar, dərələrdən ibarət gözəlliklərdir. Orada rahat evlər var, elektrik, televizor, kino, konsert var, yaxşı, dadlı yeməklər var və s. bu kimi sözlərlə onu inandırmağa çalışaq, o körpə bizim bir kəlməmizə belə inanmazdı, çünki bu dünyanı görməyib, nə onun haqqında, nə də bəhs etdiklərimiz haqqında onda heç bir təsəvvür yoxdur. Halbuki, onun buna inanıb-inanmaması dünyanın var olmadığı demək deyildir ki! Bu məntiqi müqayisələrdən bunu anlayırıq ki, hər şey öz ziddi ilə dəyər qazanır. Buna izafi aləm, zidlər aləmi deyilir. Əbədiyyət sifətinə malik olan Allah yaratdığı bəzi şeylərə əbədilik verə bilir. Bununla Axirət aləmi izafilikdən çıxıb əbədiyyət vəsfi qazanır.

ÖLÜM HEÇLİKDİRMİ? Bildiyimiz kimi, varlıqlar maddi və mənəvi olaraq iki yerə ayrılırlar. Məsələn, acmaq, qorxmaq, xəyala dalmaq, ağrı hiss etmək, sevinmək və s. bütün bunlar mənəvi varlıqlardırlar. Bunlar vardırlar, lakin maddi olmadıqlarından onları görmək, onlara toxunmaq mümkün deyildir. Mənəvi varlıqlar gördükləri işlərlə özlərini bəlli edirlər. Yuxu görməyən insana yuxunun nə olduğunu başa salmaq mümkün olmadığı kimi, diş ağrısı çəkməyən birisinə də bu ağrını başa salmaq mümkün olan iş deyildir. Buna görə də “psixoloji hadisələr yaşanmaqla bilinir” deyilir. Bunlar kimi ölüm də mənəvi varlıqdır, özünü görə bilməsək də, gördüyü iş bizə yaxşı məlumdur. Bir varlıq olduğundan insanın və ya hər hansı bir canlının ölməsi onun yoxluğa getməsi demək deyildir. Çünki yoxluq özü yoxdur, əvəzində ölüm adlanan varlıq vardır. Bizə görə ölüm bu dünyadan gedişdir. Daha doğrusu, ölüm və doğum eyni bir hadisənin müxtəlif adlarıdır. Bunu belə bir misalla anlaya bilərik. Bakıdan Nyu-Yorka gedən bir səyyah vardır. Onu yola salanlar üçün o, Bakını tərk edir, ortada ayrılıq, bir müddət görüşməmək vardır. Buna görə də onu yola salanlar darıxır, ağlayır, onun gedişindən kədərlənirlər. Onlar üçün səyyahı gördüyü iş gedişdir. Bir də onu Nyu-Yorkada qarşılayanlar vardır. Onlar çoxdan həsrətini çəkdikləri adama qovuşduqlarından sevinir, şənlənirlər. Onu qarşılamaq üçün gül-çiçək tədarük etmiş, evi təmizləmiş, çay-çörək hazırlamışlar. Eyni hadisə səyyahı qarşılayanlar üçün gəlişdir. Başqa misal: Təsəvvür edək ki, ana bətnində əkiz uşaqlar vardır. Ana bətnindəki ikinci uşaq üçün qardaşının (bacısının) bu gedişi ölümdür. Çünki, hələlik ana bətnində həyatını davam etdirən ikinci uşaq üçün dünya haqqında heç bir anlayış, təsəvvür yoxdur. Uşağın qədəm basdığı dünyanın sakinləri üçünsə bu hadisə doğuşdur. Tanıdığımız, bildiyimiz bir insanın bu dünyadan köçməsi onun haraya getdiyini bilməyənlər, onun getdiyi yer haqqında heç bir təsəvvürü olmayanlar üçün ölüm, bilənlər üçünsə bir doğuşdur. Deməli, yoxluq məfhumu nisbidir. Bizim üçün vardır. Əbədi olan üçün isə belə bir anlayışın özü yoxdur. Dünyamızda əbədiyyətin izlərini, əlamətlərini özündə daşıyan çox şey var ikən yoxluğun əlamətini daşıyan heç bir şey yoxdur. Yoxluq xəyal edilə bilməz. ÖLÜM QANUNDUR, QANUNDURSA, O ZAMAN… Əgər bütün var olanlar hamısı insan üçündürsə, bütün qanunlar insanın kamilləşməsi və əbədiyyətə qovuşmasına xidmət edirsə, o zaman yaranış, dünyaya gəlmə, doğum bir qanun olduğu kimi, ölüm də, Qiyamət də bir qanundur və insanın əbədiyyəti üçün vardırlar. Qanunlar bizim istəyib-istəmədiyimizdən asılı olmayaraq vardır, mövcuddur. Bundan əvvəlki mövzuda da öyrəndiyimiz kimi, qanunlar özbaşına, gərəksiz və lüzumsuz olaraq var olmurlar, onlar var olan varlıqla birlikdə vardırlar. Ümumiyyətlə isə, qanun bir haldan başqa hala keçməyin, bir şəkildən başqa şəkilə düşməyin nizam və intizamı, sistemli, ardıcıl keçidi deməkdir. Varlıq yoxdursa, qanun da yoxdur, qanun vardırsa, varlıq da vardır. Bu baxımdan, əgər doğulmaq, dünyaya gəlmək bir qanundursa, ölmək də başqa qanundur. Var olmaq qanunları insanın bir aləmdən digər aləmə-dünya həyatına gəlişinə xidmət edirsə, o zaman ölüm qanunları, insanın bu dünyadan, axirətə, əbədiyyətə gedişinə xidmət edir.