Ateistin iddiası: “Kəbədəki Həcərül-Əsvəd daşı büt kimi oraya gələnlər tərəfindən ziyarət edilir, bu daş isə meteoritdir. Bu daşı araşdıran Oksford universiteti geoloqları onun sirrini açdılar.”

Cavab: Bu şübhə Qərb tərəfindən irəli atılmış və bəzi ateist səhifələrində mübahisə mövzusu olmuşdur. Həcərul Əsvəd daşının meteorit olmasını sübut etdikdən sonra paylaşımlarında bu ifadəni işlədiblər:
“Tədqiqatçılar bu daşın mənşəyinə, eləcə də Islamın yaranmasına aydınlıq gətirəcəklərinə ümid edirlər . Dini tarixçi Əhməd bin Əlifə : meteoritə sitayiş edən bütpərəstlikdən başlayan dinlərin, bir neçə əsrdən sonra təkilahlılığa çevrilməsini və bütün dünyaya yayılması səbəblərini bilmək çox maraqlı olardı”. “

Əvvəlcə gəlin yazılanları diqqətlə analiz edək. “..bu daşın mənşəyinə, eləcə də islamın yaranmasına aydınlıq gətirəcəklərinə ümid edirlər.” İndi sizə sual verirəm – İslamın yaranması bir daşla bağlı idi? İslamda daşdan vəhy gəlməsi, onunla təvəssül edilməsi (onunla Allaha vəsilə etmək və s.) kimi hər hansı bir nəqlə rast gəlmisinizmi? Və ya bir daşa dua etmək, ondan ruzi , şəfa gözləmək İslamda yer alan bir şeydirmi? Belə bir şeyi iddia etmək doğurdan çox gülüncdür. Çünki Quranı oxuyan hər bir kəs bunu görə bilər:
“Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki (o bütlər) onların yalvarışından xəbərsizdirlər. (Əhqaf ,5)”
Bəs bu daş nə üçündür? Həcər-ul-Əsvəd Kəbənin tavafı zamanı başlanğıc yerini bildirmək üçün qoyulmuşdur. Kəbənin inşası zamanı Hz.İbrahim tərəfindən qoyulması barədə rəvayətlər mövcuddur .Həcərül-Əsvədin meteorit olmasının əslində heç bir əhəmiyyəti yoxdur. Çünki onun cənnətdən gəlməsi və gələrkən ağ rəngdə olması, müşriklərin və günahkarların günahlarının onu qaraltması barədə hədislərdən məlumat ala bilərik. (Tirmizi,Həc 49/877; Əhməd ,I,307 ;Ravi – İbn Abbas, Fəzilət bölümü, Kutubu Sittə- hədis 4577)
Yəni onun meteorit olması və Yer üzünə kənardan gəlməsində əslində İslama zidd bir dəlil yoxdur, əksinə onun Cənnətdən gəlmə daş olması barədə məlumat verilmişdir. Bunun meteorit xüsusiyyətləri daşıması İslama heç bir ziddiyət təşkil etmir. Onun meteorit olması alimlər tərəfindən 2004-cü ildən artıq sübut olunmuşdur. ( New Light on the Origin of the Holy Black Stone of the Ka’ba. Author: Thomsen, E. Journal: Meteoritics, volume 15, number 1, page 87; Prescott, J.R., Robertson, G.B., Shoemaker, C., Shoemaker, E.M. and Wynn, J. (2004) “Luminescence dating of the Wabar meteorite craters, Saudi Arabia”, Journal of Geophysical Research, 109 (E01008),)

İndi isə əvvəlki faktlara qayıdaraq fikir bulanıqlığı yaratmağın heç kimə xeyri olmadığını söyləyə bilərik. Xüsusilə də bu əgər 11 il əvvəl sübut olunubdursa, bunun indi mübahisə mövzusuna çevrilməsi, hələ əlavə olaraq da “bütpərəstlikdən yaranan dinlərin bütün dünyaya yayılması” kimi absurd bir anlayışla ortaya çıxması çox gülüncdür. Anlaşılan mənbə kimi göstərilən dini (!) tarixçi belə hələ də İslamın bütləri yıxaraq tövhid (Allahı vahidləmək) dini gətirdiyindən xəbərsizdir. Bu daşın müşriklərin sitayiş etdiyi bütlərdən fərqini isə belə izah edə bilərik :
Bu daş şəfaət, ruzi vermə və s. kimi şirk xüsusiyyətləri daşımır , bu daşın xüsusiyyəti Kəbəni tavaf edərkən başlanğıc nöqtəsini bildirməsi, daşın ona toxunanlara qarşı axirətdə Allahı zikr edən hər bir məxluq kimi şahidlik etməsi.
Bunun dəlili Peyğəmbərimizdən gələn hədisdir ki, bu da ixlasla Həcərül-əsvədə toxunan və qarşılığını Allahdan gözləyən hər bir kəsə şahidlik etməsidir
(Tirmizi , İbn Hibban, Əl Həkim rəvayət etmiş, Zəhəbi və Şeyx Albani səhih olduğunu demişlər)
Yekun olaraq Kəbəni tavaf zamanı istilam edilən Həcərül-Əsvəd daşının müşriklərin bütlərindən tamamilə fərqlənməsi barədə ən güclü dəlilimizlə bitirmək istəyirəm:

Abis İbnu Rabiə (rahiməhullah) rəvayət edir: “Mən Hz.Ömər (radıyallahu anh)-ı Həcərül-Əsvədi öpəndə gördüm. Onu həm öpdü, həm də: “Bilirəm ki,sən bir daşsan nə bir faydan nə də bir zərərin vardır. Mən Rəsulullah -sallallahu aleyhi vəsəlləmi- səni öpəndə görməsəydim, səni əsla öpməzdim” dedi.”
[Buxari, Həc 50, 57, 60; Müslim Həc, 248, 251, 120; Muvatta, Həc 36, (1367); Tirmizî, Həc 37, (860); Əbu Davud, Mənasiq 47, (1873); Nəsai, Həc 147, (5, 227); İbn Macə, Menasiq, 27, (2943). Əhmed b. Hənbəl, Müsnəd, I, 17, 26, 34, 35, 36, 53, 54. ; Kutubi sittə . 4564]

Ən doğrusunu Allah bilir, saxtakar islamafoblar yox! Biz sadəcə mənbələri doğru şəkildə çatdırmağa çalışırıq!