Quranda deyilir ki, “Yaradanların ən gözəli Allahdır” Bu nə deməkdir?

Məgər Allahdan başqa Yaradanlar var?
CAVAB:

İslam inancının təməl prinsiplərindən biri də Allahdan başqa yaradanın olmaması prinsipidir. Lakin Qurani Kərimə nəzər saldığımız zaman orada cəm halda “yaradanlar” sözünün keçdiyini görürük.
Bu yazıda haqqında danışmaq istədiyim ayə Muminun surəsində “yaradanlar” sözünün keçdiyi ayədir. Uca Allah belə buyurur:
“Biz (ilk) insanı süzülmüş palçıqdan yaratdıq. Sonra onu(n nəslinin yaranma şəklinin ilk mərhələsini) sağlam bir yerdə nütfə halında etdik. Sonra o nütfəni laxtalanmış qana, qanı da kiçik ət parçasına çevirdik. Daha sonra o kiçik ət parçasını sümüyə çevirərək üzərini ətlə örtdük. (Dünyaya gəldikdən) sonra onu (inkişaf mərhələlərindən keçirərək) başqa bir yaradılışa saldıq. Yaradanların ən gözəli olan Allah necə də ucadır”.[1]
Ayənin sonundakı “Yaradanların ən gözəli” sözüylə nə qəsd olunur? Bu ayənin təvili nədir? Allahdan başqa yaradan varmı? Bu kiçik yazıda məhz buna toxunacağam. Müvəffəqiyyət Allahdandır.
Təfsir alimləri bu ayənin bir neçə yöndə anlaşıla biləcəyini qeyd etmişlər. Əhli Sünnənin şeyxi Əbu Mansur əl Maturidi öz təfsirində bu təvillərdən bəzilərini qeyd edir. [2] Elə biz də məzmun olaraq məhz bu üç təvili qeyd etməyi uyğun gördük. Bu ayəni bir neçə cür təvil etmək mümkündür:
1. Burada müşriklərin Allahla birlikdə yaradan hesab etdikləri qəsd olunur. Baxmayaraq ki, Qurani Kərimə görə Allahdan başqa yaradan yoxdur. Lakin müşriklər digərlərini də yaradan gördükləri üçün Allah onların qəsdini ifadə edib. Bunun örnəyi Qurani Kərimdə var. Misal üçün bir ayədə uca Allah belə buyurur:
“(İbrahim) gizlicə onların ilahlarının yanına getdi”.[3]
Sözsüz ki, o bütlər həqiqətdə ilah deyildilər. Lakin müşriklər onları ilah hesab etdiyi üçün Allah onların qəsdini ifadə edir.
Eləcə də bu ayədə. Həqiqətdə Allahdan başqa yaradan olmasa da Allah müşriklərin qəsdini ifadə edir.
2. Qeyri mümkün olan bir şeyi “olsaydı belə” şəklində ifadə etmək. Yəni Allahdan başqa yaradanlar olsaydı belə Allahın yaratması onların yaratmasından yenə də üstün olardı. Misal üçün Qurani Kərimin bir başqa ayəsində belə keçir:
“Əgər Allah övlad edinəcək olsaydı yaratdıqları arasından dilədiyini seçərdi”.[4]
Allahın övlad edinməsi əqlən qeyri mümkündür. Lakin Allah bu qeyri mümkün halı bu ayədə “olsaydı belə” şəklində ifadə edir.
Eləcə də bu ayədə bildirir ki, Allahdan başqa yaradan olsaydı belə yenə Allah yaradanların ən üstünü olardı.
Ümumiyyətlə Qurani Kərimdə bəzən olmayan bir şey (istər əqlən mümkün olsun istərsə də qeyri mümkün) fərziyə mənasında varmış kimi ifadə edilir. Misal üçün bir ayədə uca Allah belə buyurur:
“Onlara şəfaətçilərin şəfaəti fayda verməz”.[5]
Halbuki biz bilirik ki, kafirlərə ümumiyyətlə şəfaət edilməyəcək. Yəni şəfaət olmayacaq. Lakin Allah fərziyyə mənasında olmayan bir şəfaəti varmış kimi göstərərək bildirir ki, şəfaətin olacağı fərz edilsə belə onlara bu heç bir fayda verməz.
Çox güman Allahdan başqa yaradan olduğu inancını mənimsəyənlər xristyanlar idi. Ola bilsin onlar İsanın -əleyhissalam- palçıqdan quş fiquru düzəldərək Allahın izni ilə ona həyat verməsini əsas alaraq onu da həqiqi yaradan hesab edirdilər. Misal üçün İbn Cərir ət Tabəri öz təfsirində İbn Cureycdən bu ayə haqda “İsa da yaradırdı” dediyini nəql edir.[6]
Burada İbn Cureycin bu təfsiri onun İsanı -əleyhissalam- həqiqi yaradan görməsi mənasına gəlməz. İbn Cureyc sadəcə bu ayənin nəyə cavab olaraq nazil olduğunu qeyd edir. İnancın isə xristyanlara aid olması ehtimalı böyükdür.
3. Ayədəki yaradan sözü düzəldən mənasındadır. Ərəblər arasında düzəltmənin yaratma kimi ifadə edilməsi məşhurdur. Baxmayaraq ki, düzəltmək həqiqi mənada yox, məcazi mənada yaratmaqdır. Hətta Qurani Kərimdə belə bu keçməkdədir. Misal üçün uca Allah İsanın -əleyhissalam- belə dediyini buyurur:
“Mən sizə palçıqdan quş fiquru yaradacağam”.[7]
Məlum məsələdir ki, İsa -əleyhissalam- sadəcə bir düzəldən idi. Bu səbəbdən onun düzəltməsi məcazi mənada yaratmaq kimi ifadə edilir.
Eləcə də bu ayədə nəsə düzəldənlər məcazi mənada yaradanlar adlanır. Bildirilir ki, Allah yaradanların ən üstünüdür. Çünki onun yaratması həqiqi, digərlərinin yaratması isə məcazi bir yaratmadır. Həqiqi olan bir şey məcazidən daha üstündür.
Bu son təvil Mücahiddən gəlmişdir və Tabəri də bu təvili seçmişdir.[8]
Hər üç təvil məqul bir təvildir və hər üç təvili dəstəkləyəcək misallar var. Ən əsası isə hər üç təvilin ifadə etdiyi bir ortaq məna var: Allahdan başqa həqiqi yaradan yoxdur.
Yazdı: Rüstəm Mehdi Qubavi
____________________­____
[1] Muminun: 12-14.
[2] Maturidi, Təvilətu Əhlis Sunnə, 3/396-397.
[3] Saffət: 91.
[4] Zumər: 4.
[5] Muddəssir: 48.
[6] Tabəri, Camiul Bəyan, 17/25.
[7] Ali İmran: 49.
[8] Tabəri, Camiul Bəyan, 17/25.
Mənbə : ehlirey.com -saytı