Orta əsrlər İslam dünyasının ən böyük alimlərindən biri də İspaniyada anadan olan məşhur botanik alim Əbu Abudullah Məhmməd ibn Əhməd ibn əl-Baytar Diya əl-Din əl Malakidir.

Qısa adla məşhur müsəlman alimləri arasında İbn əl Baytar adı ilə tanınan bu böyük alim 12-ci əsrin sonunda İspaniyanın Malaqa (Malaka) şəhərində anadan olub. O dövrünün məşhur botanik alimi Əbu əl Abbas əl Nabatinin yanında dərs almış, onun tövsiyəsi ilə Əndəluziyada (Əndəlus) bitkiləri toplamağa və öyrənməyə başlamışdı. 1219-cu ildə İbn əl-Baytar İspaniyanı tərk edərək Şimali Afrikanın sahilləri boyunca Kiçik Asiyaya səyahətə çıxdı. Məqsədi bu ərazi boyunca bitki aləmini öyrənmək və onları tədqiq etmək idi. Səyahəti ərzində İbn əl-Baytar Buqiyaya, İstanbula, Tunisə, Tripoliyə, Barkaya və Adlayuya getdi. 1224-cü ildə İbn əl-Baytar Misir qubernatoru əl-Kamilin yanında xidmətə başladı. O əl-Kamilin əmri ilə ölkənin baş botanik-əczaçısı təyin edildi. 1227-ci ildə əl-Kamil İbn-əl-Baytarın müşayiəti ilə Dəməşqə gəldi. Bu səfər İbn əl-Baytara Suriyadakı bitkilərlə tanış olmağa və onları tədqiq etməyə imkan verdi. Beləliklə İbn əl-Baytar öz kolleksiyasını daha da zənginləşdirərək onların xüsusiyyətlərini öyrənmək imkanı əldə etdi. O dövrdə İbn əl-Baytarın ən böyük xidmətlərindən biri də bu kolleksiyaları dərindən tədqiq edərək onlardan tibbi məqsədlər üçün istifadə etməsi oldu. İbn əl-Baytar bitkilər aləmini tədqiq edərək “Kitab əl-Cami fi al-Adviya-əl-mufrad” elmi əsərini yazdı. Ərəb dilində yazılan bu kitabda həmin dövrə aid edilən dərman bitkilərinin adları və onlardan istifadə qaydaları əksini tapıb. İbn əl-Baytarın bu elmi əsəri indinin özündə belə botanika və tibb alimləri tərəfindən yüksək qiymətləndirilir. “Kitab əl-Cami fi al-Adviya-əl-mufrad” əsərində 1400 dərman əhəmiyyətli bitkinin adı, o cümlədən əvvəllər məlum olmayan 200-dən çox bitki növü var. “Kitab əl-Cami fi al-Adviya-əl-mufrad” əsərində əslən ərəb əsilli olan 150 müəllifin, o cümlədən 20 məşhur yunan aliminin botanika sahəsində yazdığı elmi tədqiqat kitabından istifadə edilib. İbn-əl Baytarın “Kitab əl-Cami fi al-Adviya-əl-mufrad” əsəri Avropa alimlərinin də xüsusi diqqət mərkəzində olmuş, onlar uzun əsrlər bu kitabdan bəhrələnmiş, onun əsasında yeni tədqiqat işləri aparmışlar. “Kitab əl-Cami fi al-Adviya-əl-mufrad” əsəri 1758-ci ildə latın dilinə tərcümə edilərək çap edilib.

İbn əl-Baytarın ikinci böyük elmi əsəri “Kitab əl-Mluqni fi əl-Adviyya əl-Muftada”dır. Bu əsər orta əsrlərin tibb elmini öyrənmək üçün ən qiymətli monumental ensiklopediya hesab edilir. Bu əsərdə müxtəlif dərmanlar və onların müalicə xüsusiyyətləri barədə ətraflı məlumat verilib. “Kitab əl-Mluqni fi əl-Adviyya əl- Muftada”da müxtəlif xəstəliklərin, o cümlədən baş, qulaq ağrılarının, göz xəstəliklərinin təbiəti və onların təbii yollarla müalicə üsulları barədə geniş elmi məlumat verilib. İbn-əl Baytarın ən böyük xidmətlərindən biri də topladığı dərman bitkilərinin latın və yunan dilində adlarını verməsi ilə bağlıdır. Bu da həmin bitkilərin günümüzdə müəyyən edilərək tibbdə istifadə edilməsində önəmli rol oynamaqdadır. İbn əl-Baytarın botanika sahəsində əldə etdiyi böyük uğurlar və bununla bağlı yazdığı əsərlər orta əsrlərdə İspaniyadan başlamış Afrikanın şimalı və Kiçik Asiya da daxil olmaqla böyük bir ərazinin bitki aləmi haqqında geniş məlumat almağa, onlardan xəstəliklərin necə müalicə edilməsini öyrənməyə və bunun əsasında ciddi elmi nəticələr çıxarmağa imkan verir.