İlkin orta əsrlərdə İslam dünyasında yetişən və istər Şərqdə, istərsə də Qərbdə kimya elminin atası adı ilə çağırılan məşhur müsəlman alimlər dən biri də Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufidir. O, elm aləmində Cabir ibn Həyyan adı ilə tanınır. 

Cabir ibn Həyyanın nə qədər böyük bir kimyaçı alim olduğunu onun hələ 1200 il bundan əvvəl atomun parçalanma xüsusiyyətinə malik olduğunu və parçalanarkən çox böyük enerjinin yarana biləcəyini söyləməsi də bir daha sübut edir. O bununla bağlı yazırdı: “Maddənin ən kiçik hissəsi olan “cüz-əl-yətəcəz za”da (atom) çox böyük enerji var. Yunan alimlərin iddia etdiyi kimi, bunun parçalanma xüsusiyyətinin olmadığını deyə bilmərik, o da parçalana bilər. Parçalandıqda da elə bir güc (enerji) meydana gələr ki, Bağdadın altını üstünə çevirə bilər. Bu, Allahu-Təalanın qüdrət nişanıdır”.

Onun bu dedikləri isə əslində məşhur kimyaçı alim tərəfindən məhz atom bombasının yaradılması kimi də qəbul edilə bilər. Bundan əlavə, məşhur kimyaçı alimin atomun parçalanmasını uzaqgörənliklə söyləməsi və ondan dünyanın irəliyə aparan elmi kəşflər üçün istifadə ediləcəyini vurğulaması o dövrdə İslam dünyasında elmin ən yüksək səviyyədə inkişafının parlaq nümunəsi hesab edilə bilər.

Halbuki atomun parçalanmasını Qərb dünyasi alimləri yüz illər sonra anlaya bildilər və təbii ki, bu işdə məhz Cabir ibn Həyyan onlar üçün müəllim rolunu oynadı.

İbn Həyyan ilk dəfə kimyada (əlkimyada) eksperimental metodları tətbiq etmiş və müasir kimya elmində indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi proseslərı kəşf etmişdir. Bunlardan xlorid və nitrat turşularının sintezini, kimyəvi məhlulların distillə edilməsi və kristallizasiya kimi kimyəvi prosesləri misal göstərmək olar.

Cabir ibn Həyyan digər elmləri də çox yaxşı bilirdi və özünü həmin sahələrdə, o cümlədən fəlsəfədə, astronomiyada, riyaziyyatda da məşhur alim kimi sübuta yetirə bilib. Ona görə də filosoflar tərəfindən filosof, kimyaçılar tərəfindən kimyagər, təsəvvüf düşüncəsindəki kəslər tərəfindən sufi, elmlə məşğul olanlar tərəfindən alim olaraq cağırılıb. Orta əsr bəşər elminin ən böyük alimlərindən hesab edilən məşhur müsəlman alim İbn Haldin kimyaçıların kimya elminə “Elmi Cabir” dediklərini xüsusi vurğulayıb və İslam aləminin onunla fəxr etdiyini, qürur duyduğunu yazıb.

Orta əsrlər Avropasında Geber adı ilə tanınan bu məşhur kimyaçı alim, həqiqətən də, islam dünyasının bəşəriyyətin elm, mədəniyyət xəzinəsinə bəxş etdiyi ən böyük alimlərdən biridir və o bu baxımdan əbədiyyətə qədər elm dünyasının günəşi olaraq qalmaqda davam edəcək.

EMİN ZİRVƏSİNƏ GEDƏN YOL:

Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufinin həyatı haqqında məlumat olduqca azdır. Onun təxminən eramızın 721-ci ilində Tus şəhərində anadan olduğu ehtimal edilir. Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufinin Harran, Tus, Xorasan və ya Kufədə doğulduğu da deyilir. Gələcəyin məşhur kimyaçı aliminin atası əslən Yəməndən idi. Cabir ibn Həyyanın atası Həyyan əd-Əzdi əczaçı idi və onun kimya elmindən xəbəri vardı. Həyyan əd-Əzdinin dərman hazırlayarkən kimyəvi vasitələrdən istifadə etməsi balaca Cabiri də çox maraqlandırmışdı. Onda kimya elminə həvəsi də məhz atası oyatmışdı. Digər tərəfdən də, o dövrdə Cabirin bəxti gətirmiş, o, məşhur alimlərin yanında dərs almışdı.Yeri gəlmişkən qeyd edək ki, ilkin orta əsrlərdə İslam aləmində elmin sürətli inkişaf etməsi cəmiyyətin bütün təbəqələrinə sirayət etmiş, bu da öz növbəsində əhali arasında övladlarının təhsil almasına böyük həvəs oyatmışdı. Təsadüfi deyil ki, o dövrlərdəki kiçik mədrəsələr və ya dərsxanalar elm öyrənmək istəyən uşaqlarla dolu idi. Bu mədrəsə və dərsxanalarda o dövrün savadlı alimləri hesab edilən müəllimlər dərs deyirdilər. Bu baxımdan Cabir ibn Həyyanın bəxtinə dərsxanada İmam Cəfəri Sadiq (as) həzrətləri kimi bir müəllim düşdü. İmam Cəfəri Sadiq (as) həzrətləri balaca Cabirin elmə olan böyük həvəsini görüb, ona yalnız müəllimlik deyil, sözün əsl mənasında, atalıq elədi və elmin qapılarını onun üzünə taybatay açdı.

Cabir ibn Həyyan, kimya, astronomiya, riyaziyyat elmlərini məhz İmam Cəfəri Sadiq (as) həzrətlərinin dərslərində öyrəndi. Məhz İmam Cəfəri Sadiq (as) həzrətlərinin sayəsində Cabir ibn Həyyan elmlərin sirlərinə daha dərindən yiyələnərək məşhur alim kimi yetişdi. Deyilənə görə, İmam Cəfəri Sadiq (as) həzrətləri Cabir ibn Həyyan haqqında: “O elmin bütün qapılarına açar tapacaq və uca Allahın yardımı sayəsində elm xəzinəsinə gedən yolu tapacaq və adını elm sahəsinə əbədi olaraq yazdıracaq. O, gələcəyin böyük alimi olacaq və mən onun öyrənmək həvəsinə aşiqəm”,-demişdi.

Həqiqətən də, İmam Cəfəri Sadiq (as) həzrətlərinin şagirdi onun adını, şərəfini ucaldan, ona layiq olan əsl elm fədaisi kimi yetişdi. Cabir ibn Həyyan sonralar dönə-dönə elmin zirvəsinə gedən yolun qapılarını üzünə açdığına görə İmam Cəfəri Sadiq (as) həzrətlərinin qarşısında baş əydiyini söyləmişdi. O demişdi ki, İmam Cəfəri Sadiq (as) həzrətlərinin şagirdi olmasaydım, onun yanında dərs almasaydım, mən alim ola bilməzdim.

Bir sözlə, Cabir ibn Həyyanın bir alim kimi formalaşmasında müəllimi Cəfər əl-Sadiqin misilsiz rolu olmuşdur. Onda kimyaya olan sonsuz marağı başlıca olaraq, məhz Cəfər əs-Sadiq oyatmışdır.

ELMİ YARADICILIĞI:

Cabir ibn Həyyanın yaradıcılığında qeyd etdiyimiz kimi, kimya elmi xüsusi rol oynayıb və o bu sahəyə aid çoxlu sayda araşdırma əsərləri yazıb. Maddələrin altuna çevrilməsi üçün metodlar inkişaf etdirməyi hədəfləyən kimya elminin ustadı olan Cabir ibn Həyyan inkişaf etdirdiyi element anlayışı, tarazlıq nəzəriyyəsi yanaşması, icad etdiyi alət və qurğularla kimyanın inkişafına misilsiz töhfə verib.

Cabir ibn Həyyan fizika-kimya, riyaziyyat, astronomiya, fəlsəfə və dinlər tarixi kimi çox sahələrdə yüzlərlə əsər qələmə almışdır.

Cabir ibn Həyyanın kitabları qərbli elm adamları tərəfindən tərcümə edilmiş və mənimsənilmişdir. Onun kimya ilə əlaqədar olan əsərləri stolüstü kitab olaraq istifadə edilmişdir. Kitabu’s-Seb’un (Yetmiş Kitab) adlı əsəri Book of Seventy adı ilə ingiliscəyə çevrilmişdir. Cabirin əsərlərinin böyük bir qismi itmişdir. Bunlardan 27 dənəsi latınca və almanca olaraq Nürnberq, Frankfurt və Strazburqda 1473-1710 illəri arasında basılmışdır.

Cabir ibn Həyyan, təbiətdəki maddələrin saf olmadığını ifadə etmiş və bunları saflaşdıraraq saf elementlər əldə etməyə çalışmışdır. Onun ilk dəfə əldə etdiyi bir çox kimyəvi mürəkkəb və maddə vardır. Bunlardan bəziləri saf kükürd duzları, naşatır (NH4OH), cəhənnəm daşı (AgNO3), kezzap (nitrat turşusu, HNO3), saç yağı (sulfat turşu, H2SO4), güherçile (hind) (KNO3), sirkə turşusunu (CH3COOH), süblime (HgCl2), sülügen (civə oksid), arsenik oksid, zəy və xlorid turşusudur (HCl).

Qərbli bəzi elm adamları optik və lupalar qanununun kəşfini də Cabir ibn Həyyana aid edirlər.

Onun əsərlərinin orijinalı olduqca mürəkkəb və anlaşılmaz qaydada yazılmışdır və çox ehtimal ki, şifrələnmişdir. Bu şifrələri açmaq isə müasir günümüzə qədər mümkün olmamışdır. İlk baxışdan İbn Həyyanın əsərləri kimyəvi maddələrin ərəbcə adlarından ibarət düşünülmüş, mürəkkəb kimyəvi numeraloji sistemə əsaslanır.

Bundan əlavə, ibn Həyyan təkvin-laboratoriya şəraitində canlıların süni yolla yaradılması kimi yüksək, mütərəqqi, o dövr üçün ağlasığmaz ideyanı da irəli sürmüş və üzərində çalışmışdır.