MÖCÜZƏ-PEYĞƏMBƏRLİYİNİ İSBAT ETMƏK, KAFİRLƏRİN İNADINI QIRMAQ VƏ MÖMİNLƏRİN İMANINI MÖHKƏMLƏNDİRMƏK ÜÇÜN PEYĞƏMBƏRİN ƏLİNDƏ ALLAHIN YARADIB MEYDANA ÇIXARDIĞI XARİQƏ HALLARDIR.
Möcüzə insanların bildiyi, gördüyü və həmişə içərisində yaşadığı həyatda rast gəldiyi, “adi işlər” adlandırdığı səbəb və qanunların bir anda aradan qaldırılması, ağlın dərk etmədiyi hadisələrin baş verməsidir. Hər şeyi yaradan Allahdır, qanunları da yaradan Odur. O, hər şeyin sahibi olduğu üçün bir qanunu qaldırıb yerinə başqa bir qanunu qoymaq Onun üçün olduqca asan, asandan da asan bir işdir. Biz bu qanunlara vərdiş etdiyimizdən onlar bizə qəribə görünmür-hər gün yemək yeyir, su içir, işləyir, oxuyur, yatır, qalxırıq, torpağa düşən toxum su, günəş və havadan lazımi qidasını alıb cücərir, ağaca çevrilir, meyvə verir. Bunların mahiyyətinə baxanda isə, nə qədər nəhəng, insan ağlını heyrətə salan qanunların işləməsi olduğunu anlasaq da, onlara möcüzə deyə bilmirik, çünki, onlarda hansı qanunlara uyğun proseslərin getdiyindən az-çox xəbərdarıq.

Heç kəs cazibə qanununa müdaxilə edib onu dəyişdirə bilməz, heç kəs yanan ocağı bir anda buz parçasına çevirə bilməz, çünki bu işlərdə hansı qanunların var olduğunu və işlədiyini bilirik.

Möcüzə bizə məlum olan qanunların bir anda yox olub başqa bir qanunla əvəz edilməsi demək olduğundan onları nə laboratoriyada təcrübədən keçirmək, nə riyazi hesablamalarla anlamaq mümkün deyildir. Onlar adi hadisə olmaqdan çıxmış, fövqəladə, qanunlarla izah edilə bilməyən hadisələrdir. Məsələn, biri desə ki, ağac yeriyər, heç kəs inanmaz. Amma gözlərimizlə görsək ki, böyük bir çinar ağacı kökündən qopub bizə tərəf gəlir, o zaman inanmaqdan başqa çarəmiz qalmaz, ancaq onu bildiyimiz qanunlarla, səbəblərlə izah edə bilmərik.

MÖCÜZƏ VƏ KƏRAMƏT ANLAYIŞI:

Allah tərəfindən göndərilən hər peyğəmbər həmişə ətrafındakı insanlar tərəfindən müxtəlif etirazlara məruz qalmışdır. Bəzi insanlar onlardan öz peyğəmbərliyini sübut etmək üçün qeyri-adi, heç kəsin görə bilməyəcəyi bir qisim əlamətlər tələb etmişlər.

“Möcüzə” sözünün lüğəti mənası “aciz, qüdrətin ziddi olan gücsüz vəziyyətə düşmək” deməkdir. Möcüzə elə bir şeyin meydana çıxması deməkdir ki, onu başqa heç kəs edə bilməsin və onun birbaşa Allah tərəfindən meydana gətirildiyi aşkar olunsun.

Möcüzə kainatdakı qanunlarla bir araya sığmaz, əksinə, mövcud qanunlara zidd olan bir hal kimi meydana çıxar. Əgər mövcud olan qanunlara uyğun olsaydı, ona möcüzə demək olmazdı. Məsələn, ağac parçasının çevrilib canlı ilan olması. Bunu heç bir elmlə izah etmək mümkün deyildir. Hər günkü yemək, içmək, adət etdiyimiz məişət hadisələri, ağacların, dağların, daşların adət etdiyimiz sabit halları bizdə qəribəlik oyandırmır. Lakin elə ki, bir qab xörəyi on adam yeyib doydu, bir stəkan suyu yüz adam doyunca içdi, ağac əkildiyi yerdən başqa yerə hərəkət etdi, dağlar durduğu yerdən bir başqa istiqamətə çəkildi, o zaman mövcud qanunların nə isə başqa bir qanunlarla əvəz olunduğunu qəbul etməkdən başqa çarə qalmır. Bu baxımdan möcüzələr adi hal olmayıb fövqəlbəşər, fövqəltəbiət hadisələrdir.

MÖCÜZƏ HƏR PEYĞƏMBƏRƏ ZAMANINA GÖRƏ VERİLİRDİ.

Aləmlərin Rəbbi hər peyğəmbərə onun yaşadığı zamana uyğun möcüzələr vermişdir. Məsələn, həz. Musanın (əs) dövründə sehr çox geniş yayılmışdı. İnsanları sehrlə, cadu ilə təəccübləndirmək, inandırmaq mümkün deyildi. Lakin Allah həz. Musaya (əs) elə bir möcüzə verdi ki, o zamanın ən məşhur sehrbazları belə bu hadisənin sehr yox, möcüzə olduğunu etiraf etməli oldular. Allah ona əlindəki əsanı yerə atmasını əmr etmiş, əsa yerə düşən kimi ilana çevrilmiş, həz. Musa onu əlinə götürən kimi yenə də əsaya çevrilmişdir.

Həz. İsanın (əs) zamanında tibb çox geniş inkişaf etmiş və yayılmışdı. Buna görə də o zamanın möcüzəsi ölünü diriltmək oldu.

Peyğəmbərimizin zamanında şer, bəlağət, yəni gözəl söz söyləmək çox geniş yayılmışdı. Hətta o qədər geniş yayılmışdı ki,insanlara sözünə, şerinə görə dəyər verirdilər. Belə bir zamanda Quranın nazil olması bir möcüzə oldu. Onu dinləyən şairlər, söz ustaları onun cazibəsi qarşısında dayana bilmədilər. Şer desən, şer deyildi, nəsr desən, o da deyildi. Amma elə cazibədar, elə əsrarəngiz idi ki, insan onu dinləyəndə anlamadığı halda belə qəlbi rahatlanır, yumşalır, insandakı bütün müsbət əxlaqi keyfiyyətlər oyanırdı. Və ən təəccüblüsü odur ki, onun bənzərini, ona oxşayanı heç kəs deyə bilmədi və bilmir.

MÖCÜZƏLƏR İNKAR EDİLMƏZ.

İnsanların bir qismi möcüzəyə inanır, başqa bir qismi isə inkar edir, “ağlım belə şeyləri kəsmir” deyir.

Əvvəla, möcüzəni, möcüzəni Yaradanı inkar etməyin insana qazandıracağı heç bir şey yoxdur. Qaldı ki, ağıllı bir insana yaraşan o dəqiqə “AĞLIM KƏSMİR” deyib inkar etmək yox, düşünmək, anlamağa çalışmaqdır.

“AĞLIM KƏSMİR” deyə düşünmək, yaxud bunu düşüncə halına gətirmək AĞIL VƏ ELM ADINA TƏHQİRDİR. Çünki indiyənədək minlərlə, bəlkə milyonlarla elmi kəşflər, texniki icadlar düşüncə və düşünməyə cəhdlər bahasına əldə edilmişdir. İnsan başa düşməlidir: indi ki, ona düşünmək kimi bir nemət verilmişdir, o zaman düşünmədən hökm verməyə onun ixtiyarı yoxdur. Çünki düşünmək qabiliyyəti verilməmiş nə qədər varlıqlar var ki, onlara bu qabiliyyət verilmədiyi halda öz vəzifələrini çox mükəmməl yerinə yetirirlər. İnsan düşünməyəcəksə, o zaman ağıldan, şüurdan, düşüncədən məhrum varlıqlar da ondan üstün olacaqdır.

Allahın varlığından xəbərdar olan, Onun qüdrətinə bələd olan heç kəs bunu inkar etməz. Gözümüz qarşısında nəhəng-nəhəng planetləri, qalaktikaları səmada saxlamaq, onları möhtəşəm bir nizam və intizamla milyard illər boyunca hərəkət etdirməkmi çətindir, yoxsa bu möhtəşəm kainatdakı bir yer kürəsinin bir yerində bir ağaca hərəkət verib yeritmək?

Əgər qanunları yaradan Allahdırsa (ki, buna qətiyyən şübhə etmirik), qazların qanunu mayelərin qanununa, mayelərin qanunu bərk cisimlərin qanununa çevirən Allah üçün daha bir qanunu başqa qanuna çevirmək nə qədər çətindir?

Biz Albert Eynşteynin möhtəşəm kəşflərinə inanır, onun nəzəriyyələrini qəbul edirik. Elə isə peyğəmbərimizin meracı hadisəsinə (zamanın nisbiliyi, merac hadisəsini sübut edir) nə üçün şübhə ilə baxmalıyıq? Məgər biz ruhun maddənin əsarətindən azacıq xilas olması ilə-yuxu, fikir, düşüncə ilə bir anda Bakıdan Londona, Təbrizə, istədiyimiz qitə və ölkələrə getmirikmi? Heç ağlımıza gəlməyən hadisələri yaşamırıqmı? On dəqiqəlik yuxuda günləri, hətta ayları, illəri yaşamırıqmı?

Hər şeyi ağılla, düşüncə ilə anlamaq mümkün deyildir. Çünki ağılın da müəyyən səddi vardır. Biz bir litr su tutan qaba on litr su tökməyə çalışsaq, onun doqquzu yerə axıb gedəcəkdir. Eləcə də ağlımızla hər şeyi qavramamız mümkün deyildir. Hər şeyin zamanı, vaxtı vardır. Siz 100 il geriyə gedə bilsəniz, əcdadlarımıza telefonu, televizoru, komputeri başa sala bilərsinizmi? Yox. Ona görə ki, 100 il əvvəlki ağıl hələ bunları dərk etməyə hazır deyildi. Mənəvi şeyləri isə heç zamanla da anlamaq mümkün deyildir, çünki onlarda maddi heç nə yoxdur. Bu, ancaq Allahın insanlara hidayət bəxş etməsilə olur.

Beləliklə, əgər qanunları yaradan, onun nizamlayan biri varsa, həmin qanunları yaradan, yaratdığı qanunları heç şübhəsiz dəyişmək, başqa qanunlarla əvəz etmək gücünə də malikdir.Əgər bir qanun aradan qalxaraq, başqa qanunla əvəzlənə bilirsə demək möcüzə qaçınılmazdır.