Ateistlərə görə kainat və canlı həyat “öz-özünə,” “təsadüfən” yaranıb. Yəni, “ağılsız” və “şüursuz” atomlar bir-birini kopyalayaraq, ağıllı dizayn edərək, səhvsiz, qüsursuz hüceyrələr, orqanlar, orqanizmlər və s yaratmaq qabiliyyətinə malikdirlər. Bir sözlə, ateistlər, tək yaradan Allahı(c.c) inkar etməklə, əslində atomları ilah kimi qəbul etmiş olurlar və bir Yaradan olan Allah(c.c) əvəzinə, çoxlu ilahlara, yaradanlara (şüursuz və ağılsız atomlara) “iman” edirlər.
Bu kiçik yazımızda “öz-özünə yaradılışın” mümkünsüz və məntiqsiz olduğunu əqli-məntiqi dəlillərlə izah etməyə çalışacağıq)

İnsanın bədəninə elə bir nizam qoyulub ki, orada heç bir hüceyrənin özbaşına hərəkət etməsi mümkün deyildir. Hər bir hüceyrə ağıllı və şüurlu varlıq kimi öz işini görür. Məsələn, bədənin bir hüceyrəsinə nəzər salaq. Əgər o hüceyrəni Sonsuz Qüdrət Sahibinin əmrləri ilə hərəkət edən bir məmur hesab etməsək, o halda bununla razılaşmaq lazım gəlir; o hüceyrə aid olduğu bədəni tanıyır, görür, onun forma və quruluşunu bilir.

Məsələn, insanın həzm sistemini təsəvvür edək. Ağız boşluğundan yoğun bağırsağa qədər uzanan orqanlar mükəmməl ahənglə işləyir. İnsan bədənini bütün kainatla əlaqəli olması göstərir ki, o, bütün kainatı görən bir göz, vücudunun quruluşunu, nə cür işlədiyini, nə ilə qidalandığını BİLƏN BİR AĞIL TƏRƏFİNDƏN İDARƏ EDİLİR. Buradan belə nəticə çıxır ki, hər hüceyrə bir dahi kimi ağıllı, bir ilah qədər qüvvətli olmalıdır. Nəticə etibarilə, TƏK ALLAHI İLAH QƏBUL ETMƏYƏN BİR İNSAN (İNKARÇI) KAİNATDAKI HÜCEYRƏLƏRİN SAYI QƏDƏR İLAHLARI qəbul etmək kimi gülünc vəziyyətə düşür.

İnsan bədəni min qübbəli sarayı xatırladır, o sarayın hər qübbəsində daşlar baş-başa verib. Halbuki insanın vücudu bu saraydan min dəfə artıq heyrətamiz quruluşa malikdir. Çünki daima yenilənir. Əgər insanın vücudunu təşkil edən o hüceyrələrin Sonsuz Qüdrətin məmurları olmadığını fərz etsək, onda gərək HƏR BİR HÜCEYRƏ DİGƏR HÜCEYRƏLƏRİN HƏM MÜDİRİ, HƏM DƏ İŞÇİSİ OLSUN. Yəni həm başqa hüceyrələrə tapşırıq verib onları lazımi yerlərə göndərməli, həm də özü onların lazım bildiyi yerlərə getməlidir. Əlbəttə ki, hər ağızdan bir avaz gəldiyinə görə burada heç bir nizam və nəticədən söhbət gedə bilməz.

Məsələn, gözdəki bir hüceyrə başqa nahiyədə də ola bilərdi. O, göz adlı orqanda OLMAĞI ÖZÜ SEÇİB??? NƏ ÜÇÜN BAŞQA HÜCEYRƏLƏR GÖZDƏ OLMAQ İSTƏMƏYİBLƏR??? BƏLKƏ, BİR YERƏ YIĞIŞIB RAZILIĞA GƏLİBLƏR??? Məsələ təkcə bununla da bitmir. O göz hüceyrəsi Günəşdən gələn şüaları qəbul etmək üçün xüsusi quruluşda yaradılmışdır. GÖZ ÖZÜ-ÖZÜNÜ “YARADARKƏN” GÜNƏŞİ HARDAN TANIYIRDI? YOXSA ÖZÜNÜ “YARADAN”DAN SONRA GÜNƏŞİ ÖZÜNƏ UYĞUNLAŞDIRIB? HÜCEYRƏLƏR HAVANIN TƏRKİBİNİ İNSAN VÜCUDU ÜÇÜN NECƏ ƏLVERİŞLİ ŞƏKLƏ SALIB? İNDİ HƏR BİR HÜCEYRƏYƏ İLAH DEMƏLİYİK?

Bir kitab götürək. “Bu kitabı bir müəllif öz elmindən istifadə edərək yazmışdır,”–desək, fikrimiz sual doğurmaz. Əksinə, “Bu kitab bir mətbəədə öz-özünə çap olunmuşdur,”– desək, o zaman aşağıdakı sualları cavablandırmalı olacağıq:

Kitab çap edən o dəmir hərfləri ard-arda kim düzmüşdü? Yaxşı, tutaq ki, hərflər öz-özünə sıralanıb. Elə isə o dəmir hərfləri istehsal edən zavoda, o zavodu tikmək üçün başqa bir şirkətə və s-ə ehtiyac yoxdurmu?

Min ədəd dəmir hərf fiquru olan bir mətbəə təsəvvür edək. Bir nəfər durub desə ki, külək qalxdı və o hərflər yerə tökülüb öz-özünə mənalı sözlər meydana gətirdi, bəlkə də, bunu hardasa təsəvvür edə bilərsiniz. “On cümlə alındı,”–desə, (müşkül görünsə də) bunu da ehtimal edə bilərsiniz. Lakin “Bircə hərf səhv olmadan mənalı bir şeir alındı,”–desə, bu yerdə insaf axtarmalı olarsınız. Çünki on dənə rəqəmin bir-birinin ardınca düzülmək ehtimalı on milyonda birdir. Rəqəm sayı on ikiyə qalxsa, trilyonda bir ehtimal olar. İyirmi iki olsa, trilyon dəfə trilyonda bir ehtimal deməkdir. Elə isə min ədəd hərfin ÖZ-ÖZÜNƏ DÜZÜLÜB ŞEİR ƏMƏLƏ GƏTİRMƏSİNİN NƏ QƏDƏR MƏNTİQSİZ OLDUĞUNU ÖZÜNÜZ HAQQ-HESAB EDİN.

İnsanda altmış trilyon hüceyrə və hər hüceyrədə bir milyon protein var. Bir proteinin təsadüfən əmələ gəlməsi üçün 10+160 ədəd 0 (10^160) qədər ehtimal tələb olunur. Siz bu ədədi hüceyrənin yaranması üçün bir milyona, bir insanın yaranması üçün isə altmış trilyona vursanız, saysız-hesabsız ədədlərdən ibarət cavab alınar.

Üstəlik, hər bir hüceyrənin yerli-yerində olmasından ötrü digər ehtimallara da ehtiyac var. ÇÜNKİ GÖZÜN HÜCEYRƏSİ İLƏ QULAĞIN HÜCEYRƏSİ bir-birindən fərqlənir. Ən əsası da bu ehtimalların hamısı BİR MƏRKƏZ TƏRƏFİNDƏN idarə olunmasa, heç bir nəticə alınmaz.

Üstəlik, bütün bunları təsadüflərin ayağına yazmaq isə olduqca gülüncdür. (Ateizmin gülünc olan əsas tərəfi) TƏSADÜF DƏ OLSA-OLSA BİR DƏFƏ OLAR. EYNİ ŞEYLƏR MÜNTƏZƏM ŞƏKİLDƏ BAŞ VERİRSƏ, DEMƏK, ƏSLA TƏSADÜF DEYİL. TƏSADÜFÜN TƏKRARI MÜMKÜN OLURSA, ONUN HARASI TƏSADÜF OLDU??? Halbuki dünyada hər şeyin nizamlı olduğunu və bir qanunla idarə edildiyini, yəni təbiət qanunlarının mövcudluğunu görürük.

Əgər TƏSADÜF adlı bir şey olsa idi, o zaman QANUNDAN, NİZAMDAN SÖHBƏT GEDƏ BİLMƏZDİ. Bir nizam, bir qanun varsa, deməli, o nizamı quran, o qanunu qoyan vardır. Nəticə etibarilə, dünyadakı nizam və ahəng hər şeyi öz yerinə qoyan və hər şeyə gücü yetən ALLAHIN VARLIĞINI aşkar surətdə göstərir.