Bilindiyi kimi müsəlmanlar namazda Qurani-Kərimin bəzi hissələrini oxumaqla mükəlləfdirlər. Müsəlmanların ana dili və vətəni nə olursa-olsun, bu üsul Hz. Peyğəmbər(s.a.v) zamanından bəri dəyişməmişdir.
İlk olaraq möminə Allaha bildiyi və başa düşdüyü bir dildə qulluq etməsi daha təbii görsənir. Ancaq bir az incələyəndə başqa səbəblər ortaya çıxacaq.
Hər şeydən əvvəl bu mövzuda dua ilə namaz arsındakı fərqə baxmaq lazımdır. Namaz xaricindəki duada mömin ehtiyaclarını və istəklərini Rəbbinə istədiyi dildə bildirə bilər. Bu şəxsi məsələdir. Ancaq namaz kollektiv və ümumi bir ibadətdir və namazda iştirak edən digər möminlərin ehtiyacları da nəzərə alınmalıdır. Namazı təkbaşına da qılmaq olar, ancaq daha fəzilətli olduğu üçün bir qayda olaraq camaatla qılınar. Hər kəs istədiyi və başa düşdüyü bir dildə namaz qılsa, o zaman qabaqda namaz qıldıran namazı hansı dildə qıldıracaq? Azərbaycan dilində qıldırsa, bu zaman rus, rusca qıldırsa, türkiyəli başa düşməyəcək.
Əgər İslam hər hansı bir bölgənin, irqin və ya millətin dini olsaydı, heç şübhəsiz, sadəcə həmin yerin və ya millətin dilindən istifadə ediləcəkdi. Məsələn, çincə bilməyən bir azərbaycanlı Çinə getdiyində küçələrdə çincə çox səslər eşidəcək ancaq başa düşməyəcək. Əgər bu sözlər əzanın və ya “Allahu Əkbər”in tərcüməsidirsə, onu anlamayacaq və bəlkə də namazı vaxtında qıla bilməyəcəkdir. Eyni şəkildə Azərbaycandakı bir çinli bir müsəlmanın məsciddə namaz qılmağına baxmayaraq, öz dindaşıyla heç bir ortaq cəhəti olmayacaqdır. Ancaq universal bir dinin bəzi müştərək əsasları olmalıdır. Bu mövzuda əzan və qiraət iki əsas ünsürü təşkil edir.
Beynəlxalq konqres və toplantılarda da bu vəziyyətin misalı açıq şəkildə görülməkdədir. Məsələn, BMT-də hər kəs öz dilinə görə deyil, fransız və ingilis dili kimi icazə verilən dillərində çıxış edə bilər. Ümuminin mənfəəti üçün xüsusi fəda edilir.
Bunun başqa bir yönü də var. Hər tərcümə əsla orginalın yerini tuta bilməz. Ərəb dili çox zəngin dildir. Quranın o dildə nazil olmasının səbəblərindən biri də odur. ƏRƏB DİLİNDƏ 62 MİN KƏLİMƏNİN BAŞQA DİLLƏRDƏ TƏRCÜMƏSİ YOXDUR. MƏSƏLƏN, “RUBUBİYYƏT,” “ULUHİYYƏT” SÖZLƏRİ DƏ BUNLARDIR. TƏRCÜMƏ EDİLDİYİ ZAMAN EMOSİONALLIQ VƏ ECAZKARLIQ İTƏCƏKDİR VƏ İSTƏNİLƏN HAL HASİL OLMAYACAQ.
Namazı xüşu ilə qılmaq üçün namazın öz dilində tərcüməsini bilmək əsas deyil. Dediyini bilmək yaxşıdır, amma şərt deyil. Namazda xüşu, deyilən kəlmələri daha diqqətli, səhvsiz, təcvidə uyğun oxumaq və dünyəvi fikirləri beynindən atıb özünü Allahın(c.c) hüzurunda hiss etməklə əldə edilir.
Dünya işləri üçün cildlərlə lüğət əzbərləyənlər əbədi səadətin vəsiləsi olan ibadətlərimiz üçün Allah kəlamından bir səhifəlik əzbəri çox görürlərsə, bu həqiqəti xatırlasınlar: ALLAHIN BİZİM İBADƏTLƏRİMİZƏ EHTİYACI YOXDUR. ONA EHTİYACI OLANLAR SADƏCƏ BİZİK.