İslam terminologiyasında peyğəmbərlərin sözlərinin çatmadığı insanlara, qövmlərə fətrə əhli deyirlər. İslam dini bizə öyrədir ki, insanların dünyadakı adları heç də onların Axirətdəki adları ilə eyni olmasını gərəkdirməz. Yəni bu dünyada müsəlman adlandırdıqlarımızın hamısının Cənnətə girəcəyini demirik və bu dünyada kafirlər adlandırdıqlarımızın hamısı Cəhənnəmə daxil olmayacaq. Ona görə də alimlərimiz deyirlər ki, heç bir müsəlmana müəyyən olaraq – “o, cənnətlikdir” – deməyimiz doğru deyildir. İslam dini bu cəhətdən bütün şübhələrin cavabını verib. Bunun təfsilatını növbəti sətrlərdə izah etməyə çalışacam və fətrə əhli haqqında önəmli olan məlumatları paylaşacam.Allahu Təalə buyurur: “Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirik.” [əl-İsra, 15] Allahın bu sözlərindən iki möhtəşəm ədalət prinsipini öyrənə bilirik. Allah heç kəsə başqasının günahına görə cəza verməz və Allah heç kəsi haqq barədə xəbərdar etmədən əzaba tabe tutmaz. Allahın elçilərinin sözündən xəbərsiz olan insanlara biz yuxarıda dediyimiz kimi fətrə əhli deyirik.
Allahın elçisi – salləllahu aleyhi va səlləm – buyurur: “Qiyamət günü dörd qrup insan olacaq: heç bir şey eşitməyən kar insan, dəli insan, çox yaşlı insan və fətrə halında ölən insan; Kara gəldikdə deyəcək: “Rəbbim, İslam gəldi və mən bir şey eşitmirdim.” Dəli isə deyəcək: “Rəbbim, İslam gəldi və uşaqlar mənə təzək atırdılar.” Çox yaşlıya gəldikdə isə deyəcək: “Rəbbim, İslam gəldi və mənim ağlıma heç bir şey batmırdı.” Fətrə halında ölən isə deyəcək: “Rəbbim, sənin elçin mənə gəlmədi.” Allah onlardan daha sonra itaət etməklərinə dair söz alacaq, daha sonra onlara atəşə daxil olmaqlarını tələb etmək üçün adam göndərəcək. Muhəmmədin canı əlində olan Allaha and olsun ki, əgər daxil olsalar onlar üçün sərin olacaq və salamat olacaqlar.” Beləliklə də biz peyğəmbərin bu sözlərindən başa düşürük ki, qeyri-müsəlmanların arasında üzrlü olanlar vardır ki, onlar Qiyamət günü Ərasatda sınağa çəkiləcəklər. Biz həmin sınağın necəliyini tam dərk edə bilməsək də bu sınağın adil və müvazinətli bir sınaq olduğundan əminik, çünki dinimiz bizə Allahın adil olduğunu öyrədir.

Bütün bunlar kasıb ilə zənginin misalına bənzəyir. Kasıbın malı olmasa da ən kiçik şeylər belə kasıbı xoşbəxt edir, zəngin isə malı çox olduqca ən kiçik şeylərə sevinmək şansını itirir və gündəlik həyatında sevinməsi üçün kasıbdan çox mal xərcləməli olur və bu, ilahi müvazinətdir. Bu dünyada haqqı bilən müsəlman üçün sınaq o haqqın haqqını ödəməkdir, bu dünyada qeyri müsəlmanlar üçün sınaq isə haqqı axtarmaqdır və haqqı tapdıqdan sonra onu inkar edənə üzr yoxdur, axtarmağına rağmən haqqı tapa bilməyənlər üçün isə Qiyamət günü Ərasatda xüsusi sınaq olacaq və bu sınaq da dünyada müsəlmanların sınağı bərabərində bir sınaq olacaq.

Əlavə olaraq baxın:

http://www.sorularlaislamiyet.com/qna/160312/her-ummetin-bir-peygamberi-vardir-yunus-47-ayeti-gore-her-millete-bir-peygamber-gonderildigine-gore-fetret-devrinde-ummetlere-peygamberlerin-gelmemesi-bir-celiski-olmaz-mi.html