Sual: Ömür boyu çoxlu yaxşılıqlar etdiyi halda bir ateistin Allahı inkar etdiyi üçün Cəhənnəmə getməsi nə dərəcədə ədalətlidir?

Cavab:

Əvvəla, qeyd edək ki, bu sualın cavabının doğru şəkildə anlaşılması ilk növbədə Allah inancına bağlı vacib bir məsələdir. Əslində bu məsələnin mahiyyətini anlaya bilməkdə ateistlərə mane olan təməl problem ondadır ki, onlar Allahın varlığını ümumiyyətlə inkar edirlər. Və sonra da varlığını inkar etdikləri o Allahı ədalətsizlikdə ittiham edirlər. Burdakı aşkar paradoksu sezə bilirsinizmi?

Ateistlər Allahın varlığını və Onun hər şeyi yaratdığını, insana sonsuz nemətlər bəxş etdiyi həqiqətini qəbul etmədən kafirlərin niyə əbədi Cəhənnəm cəzasına məruz qalacaqları məsələsinin əsl mahiyyətinə heç vaxt varmış olmayacaqlar. Başqa sözlə, qəlbində Allah inancı olmayan və bütün kainatın, insanlığın təsadüfən yarandığına inanan bir ateistə bu sualın cavabını izah etmək çox-çox çətindir. Bəlkə də qeyri-mümkündür. Ona görə də cavaba keçməzdən öncə fərz edək ki, sualı verən şəxs özü dindardır, Allahın varlığını qəbul edir, lakin onun fikirlərini qarışdırdığı üçün bu sualın cavabını tapmağa çalışır.

Əslində buna bənzər sual Hz.Muhammədin (s.a.v) həyatında baş vermiş önəmli bir ibrətamiz hadisə ilə əlaqədardır. Ona görə də Allah Rəsulunun həyatından kiçik bir örnək verməklə sualın cavabına aydınlıq gətirməyə çalışacağıq. Söhbət Rəsullulahın doğmaca əmisi Əbu Talibdən gedir.

Bilindiyi kimi Hz. Muhamməd hələ anasının bətnində ikən atası Abdullah vəfat etdi. Sonra isə miladi 576-cı ildə anası Aminə də xəstələnib fani dünyaya gözlərini yumdu. Daha 6 yaşlı uşaq ikən həm ata, həm də anadan yetim qalan Hz.Muhammədi babası Abdulmuttalib öz himayəsinə alıb böyütdü. Babasının ölümündən sonra Hz.Muhammədə baxmaq vəzifəsi əmisi Əbu Talibin üzərinə düşür.

Beləliklə, Əbu Talib 8 yaşından etibarən Hz.Muhammədi himayəsində saxlayır, ona atalıq şəfqəti göstərir, çoxlu yaxşılıq edir və hətta peyğəmbərliyin ilkin ağır dönəmlərində belə ona arxa durur.

Bütün bunlara baxmayaraq əmisi Əbu Talib bütpərəstlikdən vaz keçib tək Allaha iman etməyi qəbul etmir. Hətta son nəfəsində belə əmisinin iman gətircəyinə ümid edən Hz.Muhamməd əlindən gələni etsə də, əmisini nə qədər dilə tutsa da öz istədiyinə nail ola bilmir. Qureyşin irəli gələnlərinin “ölümdən qorxduğu üçün Muhammədin Allahına iman etdi” deyəcəklərini qüruruna sığışdırmadığı üçün Əbu Talib tək Allaha iman etmədən küfr-əhli olaraq ölür.

İndi burada oxşar sual verilə bilər ki, əmisi Əbu Talib Hz.Muhammədə çoxlu yaxşılıqlar etdiyi halda ancaq Allaha iman etmədiyi üçün Cəhənnəmə getməsi doğru olarmı?

Əslində bu sualın cavabı elə sualın öz içində gizlidir. Suala diqqət edin.

Ateist suala belə başlayır ki, “Çoxlu yaxşılıqlar ETDİYİM halda”

Doğurdanmı belədir?
Həqiqətənmi insanın etdiyi yaxşılıqların gerçək və mütləq sahibi özüdürmü?

Adətən, insanoğlu hər zaman özünün yaxşılıq etdiyini düşünür. Elə düşünür ki, sanki yaxşılığı edən sadəcə o özüdür. Amma belə deyil. Çünki hər insan istənilən bir yaxşı əməli edərkən Allahın ona bəxş etdiyi fiziki (əllər, ayaqlar, ürək, gözlər, qulaqlar, beyin və s.) və əqli (ağıl, düşüncə, məntiq, yaddaş, iradə, vicdan və s.) nemətlərdən davamlı olaraq istifadə edir. Bəs Allahın insana verdiyi o varlıq nemətləri olmasa idi, insan hər hansı yaxşılıq etmək qüdrətində ola bilərdimi? Xeyr.

Aydındır ki, Allahın insana verdiyi bu nemətlər olmasaydı, insanoğlu nəinki heç bir yaxşı əməllər edə bilməz, hətta mövcud olmazdı. Yəni ki, ateist bir insan nəinki yaxşılıq etmək, hətta cismən və ruhən mövcudiyyət qazana bilmək üçün belə inkar etdiyi o Allahın verdiyi sonsuz nemətlərə möhtacdır.

Deməli, etdiyimiz yaxşılıqların mütləq mənada həqiqi sahibi biz yox, bizə varlıq və həyat verən, yaxşılıq etmək duyğusu və potensialını fitrətimizə yerləşdirən Allah Təaladır. Lakin küfr-əhli olan ateist bir insan Allahın ona qarşılıqsız olaraq bəxş etdiyi bu varlıq nemətlərindən hər an rahatca istifadə etməklə Allahın ona verdiyi cüzi iradəsi daxilində müəyyən yaxşılıqlar edib, sonra utanmadan “Yaxşılığı edən MƏN ÖZÜMƏM. Allah yoxdur” deyir.

Allahı inkar edərək yaxşılıq edən bir ateistin vəziyyəti qüdrətli və çox zəngin bir Sultanın mal-mülkündən doyunca faydalanıb, sonra “Sultan yoxdur, bu mülkün sahibi MƏNƏM” deyən lovğa və kibrli miskinin halına bənzəyir.

Hətta ateist bir insanın ömür boyu yaxşılıq etdiyini fərz etsək, Allahın ona anadangəlmə heç bir qarşılıq olmadan pulsuz bəxş etdiyi sadəcə bir göz, beyin və ya qəlb nemətinin borcunu qaytara bilərmi? Xeyr.

Deməli, bir insanın bu dünyada “yaxşılıq etməsi”, “yaxşılıq sahibi olması” nisbidir. Bu nisbilik yalnız Allaha iman edib yaxşılığın Həqiqi Sahibini tanımaqla mütləq anlam və dəyər qazanır.

Sürücülük vəsiqəsi və lisenziyası olmayan bir insan düşünün. Bu şəxs öz şəxsi avtomobili ilə insanlara pulsuz xidmət göstərir. Lakin bir gün polis bu şəxsi saxlayır və qanuni sənədləri olmadığı üçün onu cərimələyir, hətta avtomobilini cərimə meydançasına aparır. İndi həmin şəxs polisə “Mən insanlara yaxşılıq edirdim, məni niyə cəzalandırırsız?” deyə bilərmi? Xeyr. Çünki həmin şəxs dövlətin qanunlarını tanıyıb əməl etmədiyi üçün onun etdiyi yaxşılıqlar cəzadan yayınmaq üçün bir səbəb ola bilməz. Allahı inkar edən bir ateistin sonradan “Yaxşılıq etdiyim halda Allah niyə məni Cəhənnəmə atır?” deməsi də bir növ buna bənzəyir. İmansız insanın etdiyi yaxşılıq lisenziyası olmayan sürücünün pulsuz nəqliyyat xidməti göstərməsi kimidir.

Qanunu pozan sürücünün etdiyi göstərdiyi pulsuz nəqliyyat xidmətinin dövlət qarşısında bir dəyəri olmadığı komi küfr edən bir ateistin etdiyi yaxşılıqların da Allah nəzdində heç bir mütləq dəyəri yoxdur.

Beləliklə, cəhalət və təkəbbür bataqlığı üzündən Allahın varlığını inkar edən hər bir ateist əslində “Etdiyim yaxşılığın əsl sahibi ANCAQ MƏNƏM, Allah yoxdur” mesajını verərkən özünü bir növ ilahlıq mərtəbəsinə qaldırmaqla Rəbbinə və Onun yaratığı külli məxluqata qarşı ən böyük HAQSIZLIQ, NANKORLUQ və TƏKƏBBÜRLÜYÜ nümayiş etdirərək Cəhənnəm cəzasına layiq olur.

Bir də başqa sual yarana bilər ki, Allah Təala yaxşılıq etmək duyğusu ilə yanaşı insanı pis əməllərə sövq edən nəfsi də yaratmışdır. İnsanda nəfsani istəklərin olması onun imtahan edilməsi səbəbindəndir. Çünki insan fitrətən ancaq yaxşılıq edən bir varlıq olaraq xəlq edilsəydi, onda düşünüb yaxşını pisdən, haqqı batildən ayırd etməsinə ehtiyac olmazdı və onun düşünmədən qərarlar qəbul edən bir robotdan fərqi olmazdı. Burda diqqətə alınası əsas məsələ odur ki, Allah Təala insana verdiyi bütün sonsuz nemətlərin qarşılığında sadəcə ondan iman etməsini və yaxşı əməllər etməsini istəyir, pis əməllərdən isə uzaq durmasını əmr edir. Pis əməllərdən, nəfsani istəklərdən uzaq dura bilməsi üçün Allah Təala insanı dünya həyatında təkbaşına buraxmamış, onu ağıl, düşüncə, iradə, yaxşını-pisdən ayırd etmək qabiliyyəti kimi duyğularla təchiz etmiş, müxtəlif zamanlarda göndərdiyi peyğəmbərlər və kitablar vasitəsilə onlara doğru yolu göstərmişdir.