(Əziz və hörmətli oxucu! Növbəti yazımızda, öz-özünə əmələgəlmənin və təkamülün yaradıcı olmayan gücündən bəhs edəcəyik. Odur ki, sözü “FƏLSƏFƏYƏ” verərək sizi intizarda saxlamayaq. Yazı uzun olsada, sona qədər oxuyan hər kəsə əvvəlcədən minnətdarlığımızı bildiririk. Ümidvarıq ki, yazını oxuduqca, ateizmin və onun kökündə dayanan və ateizmin əsas dayağını, ayaqda saxlayan sütununu təşkil edən “TƏKAMÜL NƏZƏRİYYƏSİNİN” qeyri-elmi və absurd olduğuna şahid olacaqsınız!)

VARLIQ ÖZ-ÖZÜNƏ ƏMƏLƏ GƏLƏ BİLƏRMİ?
Varlıq haqqında mövcud mülahizələrdən biri də onun öz-özünə əmələ gəlməsi (inkişafı) nəticəsində indiki hala düşməsidir. “ÖZ-ÖZÜNƏ VARDIR” demək, materiyanın özünün özünü yaratması deməkdir. Bu iddianı irəli sürənlərin məqsədi əslində Allahı inkar etmək, əvəzində materiyanı əzəli və əbədi olduğunu qəbul etməkdir.
Bir şeyin əzəli olmasını iddia etmək onun həmişə var olduğunu təsdiq etmək deməkdir, bu isə nə məntiqə, nə də elmi nailiyyətlərə qətiyyən uyğun gəlmir. Əvvəla bunu nəzərdən qaçırmamaq lazımdır ki, əgər BİR ŞEY ÖZ-ÖZÜNƏ ƏMƏLƏ GƏLMİŞDİRSƏ, DEMƏK O, ƏVVƏLCƏ OLMAMIŞDIR. ƏVVƏLCƏ OLMAMIŞDIRSA, O ZAMAN SONRADAN OLMUŞDUR. ƏGƏR MATERİYA SONRADAN OLMUŞDURSA, DEMƏK ƏVVƏLCƏ YOX İMİŞ. ELƏ İSƏ, YERLİ-DİBLİ YOX OLAN BİR ŞEY SONRADAN ÖZ-ÖZÜNƏ ƏMƏLƏ GƏLƏ BİLƏRMİ? AXI BƏRİ BAŞDAN DEYİRİK Kİ, MADDƏ YOXDUR!
Fikrimizi daha sadə misalla təkrar edək: təsəvvür edək ki, masa adlı bir şey yoxdur. Masa adlı bir şey yoxdursa, deməli bu haqda anlayış da yoxdur. Başqa sözlə, masa olmadığına görə, nə onun haqqında təsəvvür, nə də belə bir söz də yerli-dibli yoxdur. Yox, əgər vardırsa, demək nə zamansa var olmuşdur, daha doğrusu, sonradan olmuşdur. Sonradan olmuşdursa, deməli nə əzəlidir, nə də əbədidir.

MATERİYA BİR-BİRİNƏ HAKİM, HƏM DƏ MƏHKUM OLA BİLƏRMİ?
Hər varlıq atomlardan təşkil olunmuşdur. Adi gözlə görünməyən bu kiçik varlıqlar kainatdakı cazibədən faydalanaraq bir-birləri ətrafında dayanmadan fırlanır, bir-birlərinə birləşir, bu birləşmə ilə də böyük varlıqlar əmələ gətirməyə çalışırlar.
Bütün vücudlar baş-başa verərək bir qübbə meydana gətirən daşlar kimi bir-birinə söykənən atomların təşkil etdiyi üzvlərdən meydana gəlmişdir. Əgər Allahın varlığını qəbul etməsək, o zaman üzvləri təşkil edən atomların həm əmr edən, həm də əmrə itaət edən, başqa sözlə, həm hakim, həm də məhkum vəziyyətində olduqlarını qəbul etməmiz lazım gələcəkdir. Bu ona bənzəyər ki, bir atom digərinə gəl, yanında durum, baş-başa verək, sən belə dayan, mən də keçib o tərəfdə dayanım, filan varlığı meydana çıxaraq deyir. Belə bir şeyi nəinki təsəvvür etmək, hətta düşünmək belə ağılsızlıq olar. Yaxud, eyni sözləri başqa bir atom deməlidir. Onlardan hansı dil açıb bu sözləri desə, o birilər ona tabe olmalıdır. Bir-birinə bənzər və bir-birinin eyni olan şeylər yenə də bir-birinin ya hakimi, ya da məhkumu olar. Eyni zamanda da hər bir atom kainatdakı bütün tarazlıqlara, qanunlara və şərtlərə uyğun olaraq istədikləri üzvü, istədikləri canlını meydana gətirə biləcək qədər sonsuz elmə, iradəyə və əhatəyə sahib olmalıdır.
Bu vəziyyətdə, əgər, Allahın(c.c) elmi, iradəsi və qüdrəti inkar edilib, bir-birinin eyni və bənzər şeylərin həm hakim, həm də məhkum ola biləcəyi qəbul edilsə belə, hər zərrəyə ağıl düha vermək lazım gələcəkdir. Bu isə Cənab-i Haqqa(c.c) layiq görülməyib, Ona verilməyən qüdrət, iradə, elm və hikmətin bu şüursuz, ruhsuz və cansız atomlara layiq görülməsi deməkdir. Belə bir cəfəngiyyat, əlbəttə, iradə, elm və şüurdan məhrum ağılsızlara layiq bir iddiadır.
Barmağınızın ucuna baxın. Oradakı başbaşa vermiş milyardlarla atom, bir növ qübbəni meydana gətirən daşlar kimidir. Barmağı təşkil edən sümük, dırnaq, qan damarları, sinirlər və s. hamısı atomların birləşməsilə meydana gəlmişdir. Eyni zamanda, qəlbinizdəki və beyninizdəki bir qisim atomlar müstəsna olmaqla (onlar da molekul halında dəyişir) BƏDƏNİMİZ DƏYİŞİLİR. Bütün insanlar hər an dəyişməkdədirlər. Beləliklə, bu dəyişmə prosesi ilə insan hər üç-dörd ildən bir tamamilə başqa bir bədənə sahib olur. Lakin, bu prosesində, bədən üzvlərimizi təşkil edən atomlar, müxtəlif yollarla ayrılıb yerlərini yeni gələnlərə təhvil verərkən, çox həssas bir hesab və plana uyğun olaraq hərəkət edirlər. Belə ki, qulağımız və ya bir başqa üzvümüz heç bir zaman nə kiçilir, nə də böyüyür. Gözlərinizin rəngi, çənənizin şəkli, qaşlarınızın qövsü də DƏYİŞMƏZ QALIR. Bəzi xəstəliklərin, qəzaların nəticəsində əmələ gələn dəyişikliklər müstəsna olmaqla vücudumuzda heç bir köklü DƏYİŞMƏ ƏMƏLƏ GƏLMİR.
Beləliklə, vücudumuz müntəzəm olaraq DƏYİŞMƏKDƏ OLSA DA, BU DƏYİŞİKLİK HEÇ VAXT ŞƏKİL, FORMA DƏYİŞİKLİYİ İLƏ NƏTİCƏLƏNMİR. İndi ki, bu inkar edilməz faktır, o zaman insanın bir zamanlar meymun olduğunu (meymunla ortaq atadan gəldiyini), sonra təkamül edərək indiki şəkli aldığını iddia edənlər nəyə əsaslanırlar?

TƏKAMÜL NƏDİR?
Təkamül sadədən mürəkkəbə, bəsitdən mükəmmələ doğru inkişaf edərək dəyişmək deməkdir. Bu nəzəriyyə təqribən iki əsr əvvəl Avropada meydana çıxmışdır. Bu nəzəriyyənin ən tanınmış nümayəndələri ingilis təbiətşünası Çarlz Darvin və alman filosofu Fridrix Engelsdir. Darvinizm adlanan bu nəzəriyyəyə görə ən başlanğıcda təkhüceyrəli olaraq bilinən canlı orqanizm sonradan çoxhüceyrəliyə çevrilmiş, sonra daha da inkişaf edərək suda yaşayana, sonra suda-quruda yaşayana, ondan sonra quruda yaşayana çevrilmişdir. Tədricən sürünən növdən məməliyə çevrilmiş, ağacdan-ağaca, daha sonra meymunabənzər növə çevrilmiş, ondan sonra da əmək prosesi onu insana çevirmişdir.
Əslində Darvinizm nəzəriyyəsi çoxdan, təqribən əlli il əvvəl NÖVÜN DƏYİŞMƏZLİYİ QANUNUNUN kəşf edilməsi ilə tam iflasa uğradı. Buna qədər də növün dəyişməzliyi məlum idi. Ən qədim zamanlardan hamı bilirdi ki, hər hansı bir ağaca vurulan calaq ağacın növünü müvəqqəti olaraq dəyişir, lakin onun nəslini davam etdirə bilmir. Məsələn, alma ağacına armud calaq etməklə yeni keyfiyyətdə armud almaq olur, lakin bu yeni keyfiyyətli armud növü nəslini davam etdirərkən yenə də əvvəlki şəklinə, almaya qayıdır. Atla ulağın cütləşməsindən qatır doğulur, lakin qatır öz növünü davam etdirə bilmir və s.
Yuxarıdakı fikirlərin heç birinin elmi izahı mümkün olmadığı kimi, onlar heç bir məntiqlə də izah edilə bilməzlər. Ən nəhayət, növün dəyişməzliyi qanununun kəşfi də bir növün başqa növə çevrilməsinin mümkünlüyünü rədd edir. İndiyədək heç bir ağac calaq nəticəsində növünü dəyişə bilməmişdir. Heç vaxt meymun insana çevrilməmişdir. Bunu genetika elmi də təsdiq edir.
Növü yaradıcı olaraq qəbul edən nəzəriyyənin tərəfdarlarına inansaq, o zaman qəbul etməliyik ki, kainatda olan hər bir növ özünü yaradır. Yəni belə deyək ki, almanı ona məxsus olan qanunlar, armudu da armuda məxsus olan qanunlar yaradır. Qarpızın yaranmasında bir qrup qanunlar, qovunun yaranmasında başqa qrup qanunlar iştirak edirlər. Belə olduqda hər bir meyvə, tərəvəz özü öz rəngini, dadını, böyüklüyünü, inkişaf yolunu və s üçün lazım olan yüzlərlə kimyəvi, bioloji, fiziki, riyazi qanunları özündə yaratmalıdır ki, bu qanunları işə salıb məqsədinə çatsın. Gəlin, bunlar üzərində düşünək.
1) BELƏ BİR TƏKAMÜLÜN (İNKİŞAFIN) BAŞ VERMƏSİNDƏ AĞIL VƏ ŞÜUR ROL OYNAMALIDIR;
2) YAXUD BELƏ BİR TƏKAMÜLÜN (İNKİŞAFIN) BAŞ VERMƏSİNƏ EHTİYAC OLMALIDIR;
3) NƏHAYƏT, BELƏ BİR TƏKAMÜLÜN (İNKİŞAFIN) BAŞ VERMƏSİNƏ ZƏRURƏT OLMALIDIR.

MADDƏDƏ AĞIL VƏ ŞÜURUN VARLIĞI MÜMKÜNDÜRMÜ?
Bir növün təkamül edərək (inkişaf edərək) başqa növə çevrilməsində ağıl və şüurun rolunu bəri başdan bir kənara qoymaq deməkdir, çünki heç bir mikroorqanizmdə ona məxsus şüur və ağıldan söz gedə bilməz. Maddəni təşkil edən zərrəciklərdə, yaxud təkhüceyrəlilərdə şüur, ağıl olsaydı, onlar təkhüceyrəli bəsit olmağın “qüsur” və “nöqsanını” dərk edib çoxdan cüthüceyrəli olmaq qərarına gələrdilər və bu gün YER ÜZƏRİNDƏ BİR DƏNƏ DƏ OLSUN TƏKHÜCEYRƏLİ KİMİ BƏSİT VARLIĞA RAST GƏLİNMƏZDİ.

TƏKAMÜL EHTİYACA GÖRƏ BAŞ VERƏ BİLƏRMİ?
Hansı ehtiyac balıqkimiləri suda-quruda yaşayana, yaxud hansı ehtiyac meymunu insana çevirmişdir? Əgər ehtiyac bir növdən başqasına çevirirsə, o zaman nə üçün ilan sürünməkdən bezib uçmaq ehtiyacı hiss etməyib? Nə üçün daim yırtıcı heyvanların təqibindən təngə gəlmiş dovşan öz ayaqlarını heç olmazsa bir metrədək uzada bilməmişdir? Nə üçün eşşək daha ləyaqətli olan at növünə keçmək barədə düşünmür? Nə üçün digər meymunlar daha mükəmməl varlıq olan insana çevrilmək istəmirlər? Məgər onların buna heç ehtiyacı yoxdur?
Bu mövzuda daha başqa bir sual: əgər varlıqların təkamül edərək dəyişməsi ehtiyacdan irəli gəlmişdirsə, o zaman bu ehtiyac nə üçün sonra dayanmışdır? Məsələn, deyək ki, balıq suda-quruda yaşayana, sonra sürünənə, sonra dördayaqlıya, sonra ikiayaqlıya çevrilmişdir. Bəs nə üçün indi dördayaqlılar cütayaqlıya çevrilmək ehtiyacı hiss etmir? Yaxud, insan həmişə quşa həsəd aparmış, uçmaq istəmişdir. O zaman onun bu ehtiyacına görə nə üçün onun qanadları çıxmamışdır?
Digər tərəfdən, əgər təkamülün ehtiyaca görə baş verdiyini qəbul etməli olsaq, o zaman qanunların da ehtiyaca görə dəyişməsini qəbul etməliyik. Axı heç bir hadisə ona aid qanunlar olmadan meydana çıxa bilməz! Halbuki, qanunlar dəyişməzdir və onları heç bir ehtiyac dəyişə bilməz. DEMƏLİ, TƏKAMÜLÜN EHTİYACA GÖRƏ DƏYİŞMƏSİ MÜLAHİZƏSİNİ DƏ QƏBUL ETMƏK MÜMKÜN DEYİLDİR.

TƏKAMÜL ZƏRURƏTƏ GÖRƏ BAŞ VERƏ BİLƏRMİ?
Əgər insan zərurətə görə, əmək prosesində meymundan insana çevrilmişdirsə, nə üçün digər meymunlar bu zərurəti hiss etmirlər? (Darvinə görə insan meymundan yaranmışdır. Lakin sonradan təkamülçülər və təkamüldən öz xeyrinə istifadə edən ateistlər, vəziyyətdən çıxış yolunu tapmaq üçün bu iddiaya düzəlişlər edərək “ortaq ata” iddiasını ortaya atdılar) Yaxud, insanın ən çox istifadə etdiyi bədən orqanları onun əlləri, ayaqları, barmaqları, dodaqları, qulaqlarıdır. Əgər zərurət onların inkişafına səbəb olursa, nə üçün barmaqlarımız uzanıb bir-iki metr olmur? Dodaqlarımız uzanmır, ayaqlarımız yoğunlamır və böyümür? Halbuki, bu zərurətdir, dırnaqlarımız, saçlarımız bizim iradəmizdən asılı olmayaraq uzanır. Dırnaqlarımıza “uzanma!” əmrini verib onları tutmaq əziyyətindən niyə qurtara bilmirik?

İNSAN VƏ HEYVANLARIN QURULUŞ FƏRQLİLİKLƏRİ. GENETİKA ELMİ TƏKAMÜLÜ RƏDD EDİR.
Allah, insanı və digər məxluqları bir-birindən fərlqənəcək, seçiləcək xüsusiyyətlərlə yaratmışdır. Bu fərqli xüsusiyyətlər özü Yaradanı inkar edənlərə bir cavabdır. Xüsusən də insanlarda və heyvanlarda olan irsən keçən xassələr. Məsələn, doğulan hər insanda onun valideynlərindən keçən oxşarlıqlar vardır. Hər bir insanın qaşı, gözü, burnu, yerişi, səsi onun valideynlərindən birininkinə, baba-nənəsinin, əmi-dayısının, xala-bibisininkinə bənzəyir. Bu zahiri oxşarlıqlarla yanaşı, bir də mənəvi oxşarlıqlar da olur ki, biz buna xasiyyət deyirik.
Xarakteristik quruluş və xüsusiyyətlərin nəsildən nəslə miras olaraq keçməsi vücudu təşkil edən hüceyrələrdəki xromosomlar və genlər vasitəsilə olur. İnsanla heyvanların genetik quruluşu fərqlidir və hər birinin öz sabit sayı vardır. Məsələyə sadəcə bu baxımdan, yəni varislik (genetik) baxımdan yanaşılsa, heç bir heyvan heç bir zaman çevrilib insan olmaz.
Genetika elmində saysız-hesabsız kəşflər, xüsusilə də XX əsrin son nailiyyəti olan gen xəritələrinin kəşfi bir daha göstərdi ki, hər bir yaradılışın həyat proqramı, hətta onun xasiyyət və davranışları, xəstəlik və müsibətləri belə bu genlərdə olduqca heyrətamiz dəqiqliklə dəqiqliklə toplanmış və düzülmüşdür. Canlılar bu plan və proqrama görə var olur, yaşayır və ölürlər. Onlara heç kəs nə müdaxilə edə bilir, nə də dəyişə bilir. Əgər cüzi dəyişiklik edilsə, hər addımda yüzlərlə əlavə müəmmalarla qarşılaşacaqdır.
Meymunun və insanın hüceyrəsindəki xromosom iplikciklərinin sayı eyni deyildir. Bundan başqa, xromosomlarda olan və yalnız çox həssas mikroskopla görünən genlərə öz əcdadına oxşarlıq proqramı yerləşdirilmişdir. Yeni doğulan körpənin də valideynlərindən, yaxud qohumlarından birinə bənzəməsi bu genlər sayəsində olur. Bu da onu sübut edir ki, meymundan insan, insandan da meymun törəyə bilməz.
Təkamülçüləri aldadan canlıların müəyyən zaman keçdikdən sonra cüzi dəyişikliyə məruz qalmasıdır. Məsələn, yumurtadan çıxan qurbağa əvvəlcə balığa oxşadığı və sudan kənara çıxmadığı halda, müəyyən müddətdən sonra, bədən quruluşu təkmilləşdikdən sonra o, balıqlardan kəskin şəkildə fərqlənən bir canlıya çevrilir. Üstəlik, qurbağa həm suda, həm də quruda yaşaya bilir. Ağcaqanad da belədir, sürfələrini su üzərində salır, yumurtadan çıxan balaları qanadları çıxaranacan suda yaşayırlar, qanad çıxardıqdan sonra isə sudayaşayandan uçanlara çevrilərək uçub gedirlər. Təkamülçülər bir şeyi unudurlar: axı insan da ana bətnində maye içərisində yaşayır, yalnız əsl vəzifəsini yerinə yetirəcək keyfiyyətlər qazandıqdan sonra yer üzünə gəlirlər. Bu və bunun kimi faktlar insanın təkhüceyrəlidən çoxhüceyrəliyə çevrilməsini yox, eyni quruluşa malik varlığın bir aləmdən başqa, tamamilə fərqli aləmə keçə biləcəyini sübut edir.
BURADAN DA AŞAĞIDAKI NƏTİCƏYƏ GƏLİRİK: İNDİ Kİ, VARLIQ:
TƏSADÜFƏN VƏ YA ÖZ-ÖZÜNƏ ƏMƏLƏ GƏLƏ BİLMƏZ;
ONU TƏBİƏT VƏ YA SƏBƏBLƏR YARATMIR;
ONLAR ƏBƏDİ DEYİLDİRLƏR VƏ NÖVÜN DƏYİŞMƏSİ MÜMKÜN DEYİLDİR.