O, orta əsr dünya elm tarixində özünəməxsus bir iz qoya, adını səma cismlərinin öyrənilməsi sahəsində türk islam dünyasının məşhur hökmdar-alimlərindən biri kimi yazdıra bildi.
Bir vaxtlar o özünü həm bacarıqlı dövlət xadimi, həm də mahir bir astronom kimi dünyaya tanıda, qurduğu dövlətin paytaxtı Səmərqəndi isə nəinki Asiyanın, həm də dünyanın sivil mədəniyyət mərkəzlərindən biri kimi tanıda bildi. İnşa etdirdiyi rəsədxanalarla astronomiyanın dünyada öyrənilməsini və tədqiqi sahəsində əvəzsiz xidmətlər göstərdi. Onun o dövrdə ulduzların öyrənilməsi ilə bağlı gördüyü işləri günümüzdə ancaq Amerikanın kosmosun tədqiqi ilə bağlı həyata keçirdiyi qlobal layihələrlə müqayisə etmək olar. O, elm aşiqi olan, elmi sevən, elm adamlarını qiymətləndirməyi bacaran qüdrətli bir hökmdar idi və ona görə də hələ gənc ikən bütün dünyada məşhurlaşmışdı.
Söhbət orta əsrlərin qüdrətli hökmdarlarından və məşhur astronomlarından olan Mirzə Uluğbəydən gedir.
Uluğbəy 1394-cü il, mart ayının 22-də nəinki Cənubi Azərbaycanın, həm də Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınan Sultaniyyə şəhərində anadan olub. Onun atası məşhur sərkərdə və dövlət xadimi Teymurləngin oğlu Şahruxdur. Uluğbəyin əsl adı Məhəmməd Taraqaydır. Anası Gövhərşad isə məşhur türk sərkərdə və dövlət xadimlərindən olan Qiyasəddin Tarxanın qızıdır. Amma gənc yaşlarında ikən Məhəmməd Taraqay xalq arasında Uluğbəy (böyük, uca bəy) adı ilə tanınmağa başladı. Bunun da səbəbi hələ gənc ikən onun özünü yaşlı adamlar kimi aparması, təmkinlə hərəkət etməsi oldu. Gənc Uluğbəyin mahir bir dövlət xadimi və məşhur astronom kimi formalaşmasında müəllimi şair və alim Arif Azəri böyük rol oynadı.
ELMƏ SONSUZ HƏVƏS:
Gələcəyin hökmdarı və məşhur astronomu hələ uşaq yaşlarından elmə böyük maraq göstərir, bu sahədə xüsusi istedadı ilə seçilirdi. 11 yaşında ikən Qurani-Kərimi əzbərləmiş və ərəb dilinə mükəmməl yiyələnmişdi. Eyni zamanda riyaziyyatı dərindən öyrənmişdi və ən çətin məsələləri belə asanlıqla həll edirdi. Uluğbəyin siyasi səhnəyə gəlməsi isə olduqca erkən baş verdi. Belə ki, 1405-ci ildə Əmir Teymur ( Teymurləng) haqqın rəhmətinə qovuşdu. Bunun ardınca Əmir Teymurun kiçik oğlu Şahrux özünə tabe olan qüvvələrlə Səmərqəndə daxil oldu. 1409-cu ildə isə Şahruxun böyük oğlu Uluğbəy paytaxtı Səmərqənd olan Mavarünnəhr dövlətinin başçısı oldu. Əvvəlcə, yaşca balaca olduğu üçün o, iki il ərzində ölkəni himayədarının vasitəsilə idarə etdi. 1411-ci ildən başlayaraq isə o, ölkəni təkbaşına idarə etməyə başladı. İlk vaxtlar ona müəyyən qədər çətin idi, çünki Əmir Teymurun vəfatından sonra onun oğlanları arasında taxt-tac davası gedirdi və belə bir vəziyyətdə Uluğbəyin hər an hakimiyyətdən salınması təhlükəsi vardı. Amma hakimiyyətinin ilk illərində o, hakimiyyətdaxili çəkişmələrdən müəyyən qədər qaça və bununla da ölkənin nahaq müharibələr meydanına çevrilməsinin və qardaş qanı tökülməsinin qarşısını ala bildi. Xarakter etibarilə olduqca yumşaq adam hesab edilən və qan tökülməsinin əleyhinə çıxan Uluğbəy şair təbiətli bir hökmdar idi. O hələ gənc yaşlarından ikən şeirlər yazırdı və buna paralel olaraq, onda göy cismlərinin öyrənilməsinə böyük maraq var idi. Hakimiyyəti təkbaşına idarə etməyə başlayan gündən o, tanınmış elm adamlarını, alimləri, məşhur riyaziyyatçıları və astronomları saraya toplamışdı. Bununla da Uluğbəyin sarayı ölkəni idarəetmə mərkəzindən daha çox, elmi akademiyaya çevrilmişdi.
Gənc hökmdar həmin dövrdə vaxtının çox hissəsini rəsədxanalarda keçirir, gecə-gündüz bilmədən ulduzları seyr və tədqiq edirdi. Ona görə də qısa müddətdə astronomiya elmini öyrənmiş və özü də göy cismlərini tədqiq edən alim kimi məşhurlaşmışdı. Onun qanlar tökən, işğalçılıq siyasəti yeridərək ölkələr fəth edən hökmdardan daha çox, elm aşiqi olmasını, elmə xüsusi zövqlə bağlanmasını bununla əlaqədar dediyi sözlər də bir daha sübut edir. O yazır: “ Elmin hakim olduğu bir ölkədə elmlə məşğul olmağı özümə şərəf bilən və bunu hökmdarlıqdan daha üstün tutan bir adamam”.
O vaxt hökmdarın elmlə məşğul olması və həyatını bu işə sərf etməsi düzgün hesab edilmir və bu, zəiflik əlaməti kimi qiymətləndirilirdi. Üstəlik, Uluğbəy Əmir Teymur kimi dünya şöhrətli bir dövlət xadimi və sərkərdənin nəvəsi idi. Aydın idi ki, ondan ilk növbədə Əmir Teymur varislərindən biri kimi ölkələr işğal etmək, babasının qəhrəmanlıq yolunu davam etdirmək, ona layiq olmağı gözləyirdilər. Amma Uluğbəy adı çəkilən sahədə ona olan ümidləri doğrultmamışdı və bu da ölkə daxilində və taxt- tac varisləri arasında narazılığı daha da artırmışdı. Bu narazılıqlar isə nəinki saray əyanları və taxt-tac varisləri, həm də ailə daxilində Uluğbəyə qarşı bir müxalifətin formalaşmasına yol açdı. Bu isə öz növbəsində Uluğbəyin, bu məşhur elm xadimi və astronomun, eyni zamanda ədalətli bir hökmdarın faciəsinə aparıb çıxardı. Uluğbəyin elmə və elm öyrənilməsinə verdiyi qiyməti onun bu sahədə həyata keçirdiyi tədbirlər də bir daha sübut edir. Belə ki, Uluğbəy hakimiyyətə gəldiyi ilk günlərdə əhalinin elmə yiyələnməsinə imkan yaradan və o dövr üçün mükəmməl elm verən mədrəsələrin inşa edilməsinə xüsusi diqqət yetirdi. Qısa müddətdə ölkədə onlarla mədrəsəxanalar tikildi, köhnələri isə yenidən bərpa edildi. Bu məqsədlə o, xəzinədən o dövr üçün astronomik məbləğ hesab edilə biləcək qədər maliyyə vəsaiti ayırmışdı. 1417-1420-ci illərdə isə Uluğbəy Səmərqənddə böyük bir elm mərkəzi – mədrəsə inşa etdirdi. Qısa müddətdə mədrəsə o dövrdə böyük bir elm mərkəzinə çevrildi. Uluğbəy oraya islam dünyasının tanınmış alimlərini, astronomlarını, riyaziyyatçılarını dəvət etdi. Mədrəsə bu gün bütün dünya incilərindən hesab edilən məşhur Registan arxitektura ansamblının ilk binası idi. Analoji iki mədrəsə isə Buxarada və Hicuvanda inşa edildi. Buxarada inşa edilən mədrəsənin portalında Uluğbəyin əmri ilə Məhəmməd Peyğəmbərə (s. ə. v) aid edilən hədislərin birindən bu sözlər həkk edilmişdir: “ELM ÖYRƏNMƏK VƏ BUNA CƏHD ETMƏK HƏR BİR MÜSƏLMAN KİŞİNİN VƏ QADININ MÜQƏDDƏS VƏZİFƏLƏRİNDƏN BİRİDİR ”.
YENİ RƏSƏDXANA:
Həmin dövrdə göy cismlərinin öyrənilməsi və bununla bağlı o dövr üçün müasir hesab edilən rəsədxanaların inşa edilməsi də Uluğbəyin ən sevimli işindən birinə çevrilmişdi. Uluğbəyin təşəbbüsü və rəhbərliyi ilə 1428-ci ildə o dövrdə tayı-bərabəri olmayan Uluğbəy Rəsədxanasının inşası başa çatdırıldı. Bu işdə ona həmçinin məşhur astronomlar Qazızadə ər-Rumi, Əl-Kaşi və Əl-Quşçu yardım etmişdilər. Bu rəsədxananın inşasında Marağa Rəsədxanası təcrübəsindən istifadə edilmiş və əldə edilən təcrübəyə əsasən, ondan da daha möhtəşəm və mükəmməl bir rəsədxana tikilmişdi. Bu rəsədxana Uluğbəyə islam dünyasında və astronomiya elmi sahəsində yeni bir şöhrət gətirdi. Rəsədxana ulduzları tədqiq etmək və göy cismlərini öyrənmək üçün mükəmməl cihazlarla təchiz edilmişdi. Bu məqsədlə oraya dövrünün məşhur astronomları cəlb edilmişdi. Bu da Səmərqəndin dünyada göy cismlərini öyrənən elm mərkəzinə çevrilməsi demək olmuşdu. Rəsədxanada çalışan alimlərin apardığı tədqiqatlar nəticəsində 1437-ci ildə göy cismlərinin, ulduzların kataloqu, Qurqan-zic tərtib edilmişdi. Kataloqda 1018 ulduz təsvir edilmiş və onların hər birinin özünəməxsus xüsusiyyətləri verilmişdi. Rəsədxanada aparılan tədqiqatlar nəticəsində həmçinin ulduz ilinin müddəti 365 gün müəyyən edilmiş və bu işdə cüzi səhvə yol verilmişdi.
Həmin dövrdə elmlə və göy cismlərinin öyrənilməsi ilə müntəzəm olaraq məşğul olmasına baxmayaraq, Uluğbəy ölkənin idarə edilməsinə də vaxt ayıra bilmişdi. O, 1428-ci ildə ölkədə pul islahatı həyata keçirmiş və bununla da qısa müddətdə iqtisadi sahədə böyük sıçrayışa nail ola bilmişdi.
Bununla belə, yuxarıda da qeyd etdiyimiz kimi, Uluğbəyin həddindən artıq elmlə məşğul olması babasının işğalçılıq siyasətini davam etdirməməsi ətrafındakılar tərəfindən zəif xarakterli dövlət xadimi kimi qiymətləndirilməsinə səbəb olmuşdu. Bu amil taxt-tac varisləri arasında hakimiyyət iştahasını daha da artırmış, hətta ailədə oğlu tərəfindən belə onun devrilməsi planı hazırlanmışdı. Düşmənlərinin taxt-tac iddiasına son qoymaq məqsədi ilə Uluğbəy Xorasana hərbi yürüş etdi. Lakin bu yürüş onun üçün uğursuz nəticələndi və döyüşdə Uluğbəy ağır məğlubiyyətə dükar oldu.
Bu məğlubiyyət saray daxilində Uluğbəyin əleyhinə olan qüvvələrin daha da sıx birləşməsinə və ona qarşı yeni bir cəbhə açmasına səbəb oldu.
Bu böyük elm fədaisinin düşmənləri Uluqbəyin böyük oğlu Abdul Lətifi öz tərəflərinə çəkə və onu atası əleyhinə qaldıra bildilər. Saray əyanlarını ən çox Uluğbəyin elmlə, xüsusi ilə ulduzların öyrənilməsi ilə məşğul olması və bu müstəvidə də onun guya islam dininə qarşı çıxması narahat edirdi. Abdul Lətifi də atasına qarşı onun guya islam dininin əleyhinə olması adı altında qaldırmışdılar. İslam dinini qorumaq qərarına gələn Abdul Lətif atasına qarşı üsyan qaldırmaq və onu taxt-tacdan salmaq qərarına gəlmişdi. Lakin o dövrdə hələ babası Şahrux Heratda hakimiyyətdə idi və o Uluqbəyi müdafiə edəcəyi halda Abdul Lətif məğlub olacaqdı. Ona görə də bir müddət üsyan planını təxirə salmalı oldu. 1447-ci ildə Şahrux vəfat etdi və bundan sonra Heratda da onun varisləri arasında hakimiyyət davası başladı. Bundan istifadə edən Abdul Lətif 1449-cu ilin payııznda Uluğbəyə qarşı üsyan qaldırdı. İlk döyüşdəcə Abdul Lətif atasının ordusunu darmadağın etdi. Onun qısa müddətdə Səmərqəndə daxil olacağı və oranı ələ keçirəcəyi gözlənilirdi. Bunu görən Uluqbəyin ətrafındakılar ona Mavarünnəhri tərk edərək Herata və ya Hindistana getməyi təklif etdilər. Ancaq Uluğbəy oğlunun ona əl qaldıra, ata qatili ola biləcəyinə inanmırdı. Çünki o, olduqca insanpərvər, şair təbiətli həssas və kövrək şəxsiyyət idi, övladlarını çox sevirdi və onlardan özünə qarşı pislik gələ biləcəyini ağlına belə gətirmək istəmirdi. Ona görə də ölkəni tərk etmək barədə ətrafındakıların təklifini qəbul etməyərək könüllü şəkildə oğluna təslim oldu. O rəsmi şəkildə taxt- tacdan əl çəkdiyini və bundan sonra da ömrünn qalan hissəsini rəsədxanada ulduzların öyrənilməsinə həsr edəcəyini bəyan etdi. Əvvəlcə Abdul Lətif atasının istəyini qəbul etdi və onu rahat buraxmaq qərarına gəldi.
ATA QATİLİ:
Saray əyanları Uluğbəyi sakit buraxmaq və onun rəsədxanada elmlə məşğul olmasına da imkan verməmək niyyətində idilər. Onlar Abdul Lətifə atasından gec-tez ona və guya islam dininə zərər gələcəyi barədə xəbərdarlıq etdilər. Sarayın ruhani liderləri isə öz aralarında Uluğbəyin ölümünə fitva vermişdilər. Abdul Lətif bundan xəbərsiz idi. Ancaq o artıq atasının sağ qalmasını arzulamırdı. Eyni zamanda öz əlini də atasının qanına batırmaq və tarixdə ata qatili kimi qalmaq istəmirdi. Bunu görən saray əyanları Abdul Lətifə atasını Həccə göndərməyi və yolda ələ alınmış muzdlu qatil vasitəsi ilə onu öldürtməyi təklif etdilər. Bu təklif Abdul Lətifin ağlına batdı. Ona görə də o atasına Həccə getməyi məsləhət gördü və hər şeydən xəbərsiz Uluğbəy oğlunun məsləhətini qəbul etdi. Bəzi məlumatlara görə Uluğbəy saray əyanlarının oğlu ilə birləşərək onu öldürtəcəyini öncədən bilmişdi, ancaq buna baxmayaraq heç bir tədbir görməmiş və özünü talenin hökmünə buraxmışdı. Bəzi məlumatlara görə isə atasının öldürülməsi ilə bağlı ruhanilərin çıxardığı fitvada Abdul Lətifin özü də iştirak etmişdi. Bu fitvaya saray ruhanilərindən yalnız Miskin soyadlı bir nəfər imza atmamışdı. Ölüm Uluğbəyi Həccə gedən yolda da yaxaladı və o müqəddəs yerə gedib çıxa bilmədi. Həccə yola düşəndən az sonra 1449-cu il oktyabr ayının 27-də türklərin tanınmış Sulduz soyundan olan Abbas adlı bir nəfər saray əyanlarının tapşırığı ilə Səmərqənddən bir az aralıda olan qışlaqda Uluğbəyi xaincəsinə öldürdü. O özünü təmizə çıxarmaq üçün vaxtı ilə guya atasının Uluğbəy tərəfindən öldürüldüyünü bildirdi və bununla da ondan qisas aldığını söylədi. Amma onun saray əyanlarının və Abdul Lətifin göstərişi ilə öldürüldüyü barədə əhali arasında söhbətlər dolaşırdı. Abdul Lətif atasının öldürülməsindən sonra təşvişə düşmüşdü. O tezliklə özünü də belə ölümün gözləyə biləcəyindən narahat idi. Ona görə də taxt- tac uğrunda özünə rəqib hesab etdiyi kiçik qardaşını da aradan götürtdü. Ancaq qardaşının ölümü gecəsi yuxuda özünün kəsilmiş başını sinidə gördü. Dərhal yuxudan ayıldı və saray alimlərindən və münəccimlərdən özünü hansı talenin gözlədiyini soruşdu. Onlar isə susurdular. Rəvayətə görə bundan əsəbiləşən Abdul Lətif Nizaminin əsərlərini oxumağa başlayır və oradan bu sətirləri tapır: “Atasının ölümüünə fitva verənlər hakimiyyətə gəlsələr də taxt- tacda altı aydan çox qala bilmirlər.”
Həqiqətən də Uluğbəyin öldürülməsindən 6 ay sonra, 1450-ci il may ayının 8-də saray daxilində hakimiyyət uğrunda mübarizə aparan bir qrup sui- qəsdçi Abdul Lətifi öldürdülər. Onun yerinə hakimiyyətə keçən qohumu Uluğbəyi babası Teymurun dəfn olunduğu Qur Əmir qəbristanlığında böyük dini mərasimlə dəfn etdirdi.
GEC DƏ OLSA HAQQ YERİNİ TAPIR:
Uluğbəyin öldürülməsindən sonra onun yaxın dostı astronom Əli Quşçu Abdul Lətifin ondan da intiqam alacağından ehtiyat edərək Ulduz cədvəlini, həmçinin dostunun yazdığı əsərlərin bəzilərini götürərək Həccə getmək adı altında Səmərqəndi tərk etdi. O İstanbula gəlir və burada dostunun və müəllimin ulduzlarla bağlı əsərlərini çap etdirməyə başlayır. Məhz onun səyləri nəticəsində Avropa Uluğbəylə yaxındna tanış olur və onun ulduzların öyrənilməsinə həsr edilən əsərlərini müxtəlif dillərə tərcümə edirlər. Bu əsərlər Uluğbəyə Avropada və dünyada böyük şöhrət gətirir. Əli Quşçu 1470-ci ildə İstanbulda Aya Sofiya mədrəsəsinə professor təyin edildi. Necə deyərlər, Uluğbəyin Türküstanda başlatdığı böyük elmi astronomik tədqiqatları o burada davam etdirməyə başladı.
Təssüflər olsun ki, Uluğbəyin özündən sonra qoyub getdiyi rəsədxana sonralar əhali tərəfindən dağıdıldı və onun qalıqlarını itirmək məqsədi ilə üstünə torpaq tökdülər. Yalnız xeyli sonralar 1908-ci ildə arxeoloq V.L. Vyatkin çox çətinliklə də olsa rəsədxananın yerini müəyyən edə bildi. Onun rəhbərliyi altında aparılan uzunmüddətli qazıntılar sonda öz bəhrəsini verdi rəsədxananın qalıqları aşkar edildi. SSRİ dövründə bu rəsədxana bərpa edildi və muzeyə çevrildi.
AVROPA ONA HEYRAN OLDU:
Uluğbəylə tanışlıq Avropa astronomları üçün yeni bir Amerika kəşfinə çevrildi. Onun əsərləri ilə tanışlıq Avropada astronomiya elminin inkişafına yeni bir təkan verdi. Uluğbəyin Avropada məşhur olmasını1648-ci ildə məşhur astronom Yan Hevel tərəfiindən nəşr edilən “Göy ulduzlarının kataloqu” adlı əsər də bir daha sübut edir. Adı çəkilən kataloqda dünyanın məşhur astronumlarının əksilri təsvir edilmiş qravura var. Həmiin məşhur astronomlar arasında Uluğbəyin də şəkli var.
Uluğbəyin astronom kimi əldə etdiyi böyük uğurlar Avropada o qədər böyük şöhrət gətirmişdi ki, 1830-cu ildə onun adının əbədiləşdirilməsi qərara alındı. Böyük alman astronomu və Uluğbəyi özünə ustad hesab edən İohann Henrix fon Medler ayda kəşf etdiyi krateri Uluğbəyin adı ilə adlandırdı. Uluqbəyin əsərləri dəfələrlə Avropada nəşr olunur və indinin özündə belə Avropa astronomları onu hörmətlə yad etməkdədirlər.
ULUĞBƏY İRSİ YAŞAMAQDA DAVAM EDİR:
Uluğbəy yalnız böyük astronom deyil, həm də mahir riyaziyyatçı idi. Bu günümüzdə belə dərslik kimi istifadə edilən triqonometrik əsərlər yazıb. Çünki astronomiya ilə triqonometriya əkiz qardaşlara bənzəyir. Məhz riyazi hesablamalar yolu ilə ulduzların hərəkət trayektoriyasını tədqiq etmək və öyrənmək mümkündür.
Uluğbəyin digər xidməti çoxsaylı kitabxanalar inşa etdirməsi ilə bağlı idi. O, bu kitabxanalara Çindən, Hindistandan, Ərəbistandan və digər yerlərdən çoxlu sayda elmi kitablar gətirtmiş, orada işləmək üçün ən məşhur alimləri ölkəsinə dəvət etmişdi. Bu da onun idarə etdiyi dövlətin nəinki Türküstanın, həm də dünyanın ən sivil inkişaf etmiş elm mərkəzlərindən birinə çevrilməsinə gətirib çıxarmışdı. Onun tərəfindən əsası qoyulan Səmərqənd məscidi o dövrdə məşhur elm mərkəzinə çevrilmişdi və Asiyanın hər yerindən oraya təhsil almağa gəlirdilər. Bu təhsil ocağına rəhbərliyi isə Uluğbəy Bursadan dəvət etdiyi məşhur şeyx və alim Bursalı Kadizadə Rumiyə tapşırmışdı.
Yeri gəlmişkən onu da deyək ki, Uluğbəyin sarayında çalışanlar içərisində Anadolunun müxtəlif yerlərindən, o cümlədən İstanbuldan çoxlu sayda elm adamları, memarlar, incəsənət nümayəndələri vardı. Yəni Uluğbəy Türküstanda yaşasa da onun bütün fəaliyyəti Anadolu və digər türk elləri ilə sıx bağlı idi. Təsadüfi deyil ki, onun ölümündən sonra sarayındakı elm adamları Anadoluya gələrək burada Osmanlının elmi inkişafına öz töhfələrini verdilər.
Uluğbəy bu gün türk-islam dünyasının, eləcə də bütün dünyanın ən məşhur astronomu, elm və dövlət xadimi kimi qalmaqda davam edir. Doğma vətəni Özbəkistanda onun adı əbədiləşdirilib və hər il doğum və ölüm günü xüsusi mərasimlə qeyd edilir