Bəşəriyyətin elm və mədəniyyət xəzinəsinə əvəzsiz töhfələrini verən məşhur müsəlman alimləri arasında tam adı Əbül Qasım Ələaddin Əli ibn Məhəmməd əl-Quşçu olan, elm dairələrində isə qısaca olaraq, Əli Quşçu kimi tanınan məşhur türk-özbək astronomu, riyaziyyatçı və dilçisinin adı böyük rəğbətlə və məhəbbətlə çəkilir.

Onun həyatı türk-islam dünyası üçün bir örnəkdir və bir vaxtlar Orta Asiya (Türküstan) ilə Anadolu arasında dostluq, elm, məhəbbət körpüsünə çevrilmişdi. Qeyri-adi biliyə malik idi və məntiqli danışığı ilə hamını özünə heyran edirdi. Məşhur sərkərdə Teymurun nəvəsi, böyük türk islam alimi Uluqbəyin yanında yetişdi, özünü olduqca sadə apardı, eyni zamanda qandan, qırğınlardan qaçdı. O dövrdə onun müasirlərindən birinin də dediyi kimi, əgər Teymur öz qılıncı ilə dünyanı fəth edərək adını tarixə məşhur sərkərdə kimi yazdırmışdısa, Əli Quşçu elm xəzinəsinin xəzinədarı, dünya alimlərinin başının tacı idi. O, görkəmli dövlət xadimi Teymurun qılıncı ilə yazdığı qəhrəmanlıq və rəşadət dastanına qələmi ilə yeni töhfələr vermiş, qısa müddət ərzində bütün dünyada məşhur astronom kimi məşhurlaşmışdı. Onun texniki elmlər, xüsusilə astronomiya sahəsinin daha da inkişaf etdirilməsi sahəsində gördüyü işlər bu sahənin, obrazlı şəkildə desək, 100 illər irəliyə getməsinə səbəb oldu. Türk-islam dünyasının bu böyük oğlu özündən əvvəlki şanlı türk alimlərinin yolunu şərəflə davam etdirdi və bununla da bəşəriyyətin elm, mədəniyyət xəzinəsinə adını qızıl hərflərlə yazdırdı.

Təsadüfi deyil ki, məşhur alim V. Bartold onu ON BEŞİNCİ YÜZİLLİYİN DÜNYA ELM XƏZİNƏSINƏ YETİŞDİRİB VERDİYİ ƏN BÖYÜK ALİM ADLANDIRARAQ: “Onun elmi biliklərinə, texniki elmləri olduqca yaxşı bilməsinə heyran olmamaq olmur. O, astronomiya və riyaziyyata aid yazdığı əsərlərilə nəinki Şərqdə və Osmanlıda, həmçinin Avropada bu elmlərin inkişafına yeni təkan verdi. Bu böyük insan o dövrdə Avropada yetişən elm adamlarının müəllimi oldu və ölümündən yüz illər sonra belə onların müəllimi olaraq qalmaqda davam etdi. Onun qədər böyük alimə dünyada az rast gəlmək olar”,-demişdi.

UŞAQLIQ İLLƏRİ:
1403-cü ildə qədim Türküstanın elm və mədəniyyət, sivilizasiya mərkəzlərindən biri kimi bütün dünyada tanınan Səmərqənddə anadan olan Əli Quşçunun atası olduqca elmli bir insan kimi tanınırdı. Atasi məşhur sərkərdə Teymurun nəvəsi olan Uluqbəyin şahin saxlayanı idi. Ona görə, Əlibəyin atası sarayda və ətraf əhali arasında quşçu kimi tanınırdı. Sonra bu ləqəb onların soy adına əlavə olundu və onlar Quşçu olaraq bütün bölgədə tanındılar, bu adla şöhrət qazandılar. Uluqbəyin elmə bağlılığını görən və hərdən onunla bərabər rəsədxanaya girərək göy üzünü seyr edən Əli Quşçunun atası oğlunun da elmli insan kimi yetişməsini istəyirdi. Ona görə də oğlu Əlinin o dövrdə Səmərqənddə məşhur olan ən yaxşı elm adamlarının yanında dərs almasını, onlardan öyrənməsini istəyirdi. Atasının astronomiya elminə olan məhəbbəti və tez-tez ailədə Uluqbəyin rəsədxanasında göy cismlərini seyr etməsindən həvəslə danışması balaca Əlidə də bu sahəyə böyük həvəs oyatmışdı. Kiçik yaşlarından etibarən riyaziyyat və astronomiyaya maraq göstərməsi atası tərəfindən də rəğbətlə qarşılandı. Atasının yardımı və təşəbbüsü ilə Əli Quşçu dövrünün ən böyük elm adamları olan Bursalı Qadızadə Rumi, Qiyasəddin Cəmşid (Qiyas əl-Kaşi) və Muinuddin Kaşidən riyaziyyat və astronomiya elmlərini öyrəndi. Onun astronomiya elminə olan böyük marağı və bu sahədə qeyri-adi istedada malik olduğunu nümayiş etdirməsi müəllimləri tərəfindən də tez-tez təriflənməsinə gətirib çıxarmışdı. Deyilənə görə, müəllimlərindən Qiyasəddin Cəmşid balaca Əli haqqında: “Bu uşaq göyləri yerə endirəcək, ulduzları gah yerlərdə, gah da göylərdə öyrənəcək və sonda böyük alim olacaq. Onun göy cismlərinə olan marağına heyran qalmamaq mümkün deyil, imkanı olsaydı, quş kimi göylərə uçar, ulduzlara qonaq gedərdi”,-demişdi.

Əlinin digər bir müəllimi olan Muinəddin Kaşi də sevimli şagirdinin riyaziyyata olan marağına heyran olduğunu gizlədə bilməmiş və onun haqqında: “Bu uşaq Səmərqəndi bir daha bütün dünyaya tanıdacaq”,-demişdi.
Əlinin astronomiyaya olan böyük marağı o dövrdə Şərqin və türk-islam dünyasının ən böyük astronom alimi olan Uluqbəyə də gedib çatmışdı. Uluqbəy Əlini atasının vasitəsilə rəsədxanaya yanına çağırmış, ona göy cismləri haqqında məlumat vermiş və xüsusi himayəsinə götürmüşdü. Bir dəfə Əlinin təkbaşına göy cismlərini seyr etməsinin şahidi olmuş və ona dəyib-dolaşmadan maraqla bu işin sonunu gözləmişdi. Balaca Əli yatmadan dan yeri ağarana kimi göy cismlərini seyr etmiş və arabir də qeydlər etmişdi. Yalnız səhər açılanda o böyük ustadı Uluqbəyin yatmadan yanında dayandığını və səbirlə onu gözlədiyini görmüşdü. Bundan bir neçə gün sonra isə Uluqbəy o dövrün məşhur elm adamlarının toplaşdığı bir yığıncaqda: “Məndən sonra bu rəsədxana yalnız balaca Əliyə əmanət edilə bilər. Mən özümdən sonra rəsədxananı idarə etməyi Əliyə tapşırdım. O məndən çox-çox uzaqlara gedəcək, yeni dünyalar tapacaq”,-demişdi.

Əli isə öz biliyini daha da artırmaq üçün düşünürdü. Bu məqsədlə də təhsilini artırmaq üçün Uluqbəydən icazəsiz Kirmana getdi. Burada “Hall-ü Eşkal-i Qəmər” (Ay səhifələrinin açıqlanması) adlı risalə ilə “Şərhi-Təcrid” adlı əsərini yazdı. Kirmanda təhsilini tamamlayıb, Səmərqəndə döndü və Uluqbəyə Kirmanda dərc etdiyi risalələri təqdim edərək, ona yardımçı oldu. Əlinin ustadı Uluqbəydən icazə almadan Səmərqəndi tərk edərək Kirmana getməsi o dövr üçün qəbuledilməz və bağışlanmaz bir iş hesab edilirdi. Ancaq Uluqbəy Əlinin bu addımı biliyini artırmaq məqsədi ilə atdığını nəzərə alaraq, onu bağışladı. 33 yaşı olanda Əli artıq görkəmli, məşhur bir astronom və riyaziyyatçı kimi yetişmişdi. O 1436-1439-cı illərdə Uluqbəy rəsədxanasına müdir oldu. Həmin dövrdə Əli Quşçu bütün türk-islam dünyasında yaxından tanınırdı. Uluqbəy məşhur azərbaycanlı alim və astronom Nəsirəddin Tusinin “Tecrid-ül Kəlam” adlı əsərinə yazdığı şərhlə bu sahənin tamamlanmasına böyük xidmət göstərmiş oldu.

SƏMƏRQƏNDDƏN İSTANBULA:
Əli Quşçunun şöhrətinin artması o dövrdə bölgədə hökmdarlıq edən Teymurilər hökmdarı Əbdüllətifin xoşuna gəlmirdi. Onun ətrafındakılar da hökmdarda Əli Quşçu haqqında mənfi rəy formalaşdırmışdılar. Əbdüllətif Əli Quşçunu edam etdirmək üçün bəhanə axtarırdı. Hökmdarın soyuq münasibətindən sarayda özü barədə məkrli planların hazırlanmasından şübhələnən Əli Quşçu sonda özünü gözləyən təhlükələrdən xilas etmək üçün Həccə getmək niyyətinə düşdü. Bu məqsədlə də Həccə getmək üçün hökmdardan icazə istədi. Lakin Əbdüllətif ona Həccə getməyə icazə vermədi. Bunun özü üçün edam hökmü ola biləcəyi anlamına gəldiyini anlayan Əli Quşçu gecə ikən gizlicə Səmərqənddən çıxdı. Ertəsi gün Əbdüllətif Əli Quşçu haqqında edam hökmü verdi. Əli Quşçunu həbs etmək üçün evinə gələn saray silahlıları onu orada tapmayaraq əliboş geri qayıtdılar.

Səmərqənddən qaçan Əli Quşçu 1449-cu ildə Təbrizdə Azərbaycanın Ağqoyunlu türklərinin hökmdarı Uzun Həsənə sığındı. Uzun Həsən Əli Quşçunu böyük ehtiramla qarşıladı. Həmin dövrdə Ağqoyunlularla Qsmanlılar arasında ziddiyyətlər kəskinləşmişdi. İki türk hökmdarı arasındakı ziddiyyətləri aradan qaldırmaq vəzifəsini isə Uzun Həsən Əli Quşçuya tapşırdı. Uzun Həsən Əli Quşçunu Osmanlı sultanı Mehmet Fatehin yanına sülh danışıqlarına göndərdi. Əli Quşçu Uzun Həsənlə Mehmet Fatehin arasındakı ziddiyyətləri aradan qaldırmaq üçün bütün imkanlarını işə saldı. Nəticədə iki böyük türk hökmdarı arasında düşmənçilik tədricən aradan qaldırılmağa başladı. Əli Quşçunun elminə, qabiliyyətinə heyran olan Fateh onu az sonra onu İstanbula dəvət etdi.

Osmanlı – Ağqoyunlu sərhəd boyunda II Mehmedin əmri ilə böyük bir mərasimlə qarşılanan Əli Quşçu Ayasofya mədrəsəsinə 200 axça maaşla müdərris təyin edildi.

İstanbulda Əli Quşçu yeni nəsil Osmanlı alimlərinin yetişməsinə öz töhfəsini verdi. Onun yetişdirdiyi məşhur Osmanlı alimləri arasında günümüzdə belə elm aləmində adları hörmətlə xatırlanan Hoca Sinan Paşa, Molla Lütfi və Əli Quşçunun oğlu Mirim Çələbi (Mahmud B. Muhammed B. Muhammed B. Musa Qadızadə), Takiyüddin kimi alimlər var..

Əli Quşçunun hazırladığı plan əsasında o dövrdə nəinki Şərqdə, həm də dünyada məşhur olan Fateh Universiteti quruldu. Əli Quşçunun bir xidməti də Osmanlı türkcəsini bütün islam dünyası üçün elm dilinə çevirməsi oldu.

Əli Quşçu astronomiyaya və riyaziyyata aid iki əsər yazıb. Onlardan biri Otluqbeli savaşından sonra bitirilərək Osmanlı sultanına təqdim edildiyi üçün Fəthiyə adlanır. Astronomiyaya aid edilən bu əsər üç bölümdən ibarətdir. Birinci bölümdə planetlərdən, ikinci bölümdə Yer kürəsindən, üçüncü bölümdə isə Yer kürəsinin ölçülərindən və planetlərin Yerə olan məsafəsindən bəhs edilir. Əli Quşçunun ikinci kitabı riyaziyyatdır və bu kitab uzun əsrlər Avropada və Şərqdə dərslik kimi istifadə edilib.

Əli Quşçunun digər əsərləri isə bunlardır: “Risale-i fi’l Heyə” (Astronomiya Risaləsi) “Risalə-i fi’l” Fəthiyə (Fətih Risaləsi),” Risale-i Hisap” (Aritmetik Risaləsi), “Tecrid’ül Kəlam” (Sözün Tecridi), “Risale-i Adudiyə”, “Unkud-üz zvehir fi Man-ül Cəvahir”, “Vaaz”, “İstiarad”.

Qeyd edək ki, “Risalə Fil-Heyə”DƏN (1457-ci ildə Səmərqənddə, fars dilində yazmışdır) Osmanlı İstanbul Mühəndisxanasında (İstanbul Texniki Universiteti) XIX əsrin əvvəllərində dərs kitabı olaraq istifadə edilirdi.
Bu böyük insan 16 dekabr 1474-cü ildə İstanbulda vəfat etdi. Məzarı Eyyub Sultandadır.
Üstündən illər ötsə də, əsrlər keçsə də, Əli Quşçunun adı dünya elm tarixində ən böyük alimlərdən biri kimi xatırlanmaqda davam edi