BİZİM MÜŞAHİDƏMİZ: Bir nəfər pəncərənin qarşısında dayanıb həyətə baxırdı. Bu zaman bir futbol topu sürətlə pəncərənin önündən keçdi. Topun ötüb keçdiyini görən adam nə düşünə bilərdi? Cavab aşağıdakılardan biridir:
1) Top öz-özünə havaya qalxmış və uçaraq pəncərənin önündən keçmişdir. 

Bu fikir heç kəsin ağlına gəlməz, çünki topun öz-özünə hərəkət etməsi, yerindən qalxıb havaya uçması mümkün deyildir.

2) Topda onu hərəkətə gətirən bir güc, enerji vardır. Bu güc topu hərəkətə gətirmişdir. 

Bu fikir məntiqsizdir, çünki heç bir güc, enerji öz-özünə topa təsir göstərə bilməz və belə fikir heç vaxt heç kəsin ağlına gəlməz. 

3) Kimsə kənardan güc tətbiq etmiş, topa hərəkət etmək, yerdən havaya qalxmaq, havada uçmaq enerjisi verən zərbə vurmuşdur. Top ona tətbiq edilən gücdən asılı olaraq havaya qalxmışdır və bir müddət bu enerji ilə uçacaqdır. Bu enerji tükəndikdən sonra yerə düşəcəkdir.

Bu fikirlə hamı razıdır, çünki bunun isbata ehtiyacı yoxdur. O zaman:

1) Hər hansı cismə hərəkət vermək üçün lazımi miqdarda enerji tələb olunur. 

2) Bu enerji həmin cismə mütləq kənardan tətbiq edilməlidir. 

3) Cismə xaricindən enerji tətbiq edən varlıq, hərəkət verdiyi əşyadan daha üstün və daha mükəmməl olmalıdır. 

4) Enerjinin tətbiq edildiyi an hərəkətin başlanğıcıdır. 

Məlumdur ki, 1kq ağırlığında cismi (topu) A nöqtəsindən 1m məsafədə olan B nöqtəsinə hərəkət etdirmək üçün müəyyən bir enerji (güc) tətbiq etmək lazımdır. Fizikada belə bir iş üçün lazım olan enerji miqdarına “1 Coul” adı verilmişdir. Əgər həmin top 2 kq-dırsa və 2 metr məsafəyə hərəkət etdirilmişsə, o zaman enerji 2 Coulla, 10 metr hərəkət etmişsə, demək 10 Coula bərabərdir. 

Biz hərəkətin sürətini təyin etdikdən sonra ona sərf edilən enerjinin miqdarını da tapa bilərik. Tətbiq edilən enerjinin miqdarı nə qədərdirsə, cisim də ona uyğun müddətdə hərəkət edəcəkdir, enerji bitdiyi anda cismin hərəkəti də dayanacaqdır. Demək, kənardan güc, enerji vermədən heç nə yerindən tərpənə, hərəkət edə bilməz.

İndi isə üzümüzü Kainat Kitabına çevirək və orada cərəyan edən hərəkətə baxaq. 

MÜŞAHİDƏLƏRİMİZİN ELMİ İSTİNADGAHLARI:

XX əsrin əvvəllərində astronomlar növbəti dəfə heyrətamiz hadisə ilə rastlaşdılar. Məlum oldu ki, bu sakit, ilk baxışda sabit görünən kainat özü daim genişlənməkdədir. Ulduzlar, qalaktikalar böyük sürətlə bir-birlərindən uzaqlaşırlar. Lakin kainat o qədər böyükdür ki, bəzi ulduzların işığı bizə bir neçə milyon işıq ilinə gəlib çatır. Təsəvvür edirsiniz? Bir neçə milyon işıq ilinə! Buna görə də oradakı hərəkət, genişlənmə nəzərə çarpmır. 

Alimlərin Böyük partlayış (big bang) adı verdikləri bu kəşf nədən xəbər verir, nələri izah edirdi? Bir neçə milyard il əvvəl kainat sıxılmış qazlardan ibarət nəhəng top kimi imiş. Çox nəhəng partlayış nəticəsində həmin “top” partlamış, ondan ətrafa alovlar dağılmışdır. Sizin çoxunuz bayram gecələri göyə atılan fişəngləri seyr etmisiniz. “Böyük partlayış” hadisəsi həmin fişəngin partlayışını xatırladan, ancaq təsəvvür edilə bilməyəcək dərəcədə böyük bir partlayış idi. 

Milyard illər boyunca həmin alov parçaları ətrafa uçmuş, getdikcə soyumağa başlamış, tədricən soyuyub bərkiyərək bizə məlum olan planetləri, günəşləri, ayları, sistemləri əmələ gətirmişdir. Bu gün də səmada çox sayda həmin partlayışın qalıqları olan meteoritlər vardır və onlardan bəziləri ara-sıra yerə də düşür, alimlər onları tədqiq edərək kainatın yaradılışı haqqında daha çox məlumat almağa çalışırlar.

Astronomlar bu gün də kainatda yeni sistemlərin əmələ gəldiyini, digər sistemlərin isə sönüb getdiyini müşahidə edirlər. Heyrətamiz olan budur ki, kainatdakı hərəkət, genişlənmə prosesi özbaşına, kortəbii deyildir, əksinə, bu proses çox ciddi nizam və intizam altında baş verir və davam edir. Makroaləmdəki bir qum dənəsi belə kor-koranə hərəkət etməməkdədir. Onların hər biri, eyni mikroaləmdə olduğu kimi, öz hərəkətlərini ciddi qayda-qanun ilə, nizam və intizam daxilində davam etdirirlər. 

O zaman onlar belə bir sualla üz-üzə qaldılar: indi ki kainat durmadan genişlənir, deməli, bu hadisənin bir başlanğıcı vardır. Başlanğıcı olan hadisənin isə mütləq sonu vardır. Bu isə maddənin əzəli və əbədi olması haqqında materialist dünyagörüşünə daha bir zərbə, həm də ən ağır zərbə idi. Çünki bu kəşflə maddənin maddə olmaqdan əvvəlki dövrünə, maddənin pərdə arxasına bir qapı açılırdı. 

Demək maddəni yaradan və ona hərəkət verən var! Həm də O, bu qədər nəhəng bir aləmi yaratmış və ona hərəkət vermişdirsə, demək çox böyük, hətta sonsuz güc, qüdrət sahibidir. Kainatdakı qanun-qayda, nizam-intizam içərisində davam edən hərəkətsə Onun sonsuz elmə sahib olmasından xəbər verirdi.

Alimləri isə hələlik başqa məsələ düşündürürdü. Əgər maddənin hərəkət anı, hərəkətinin başlanğıc anı vardırsa, onu bu hərəkətə vadar edən bir güc, enerji də vardır. İndi bu nəhənglikdə kainata həyat verən enerjinin Sahibinin qüdrətini, gücünü azacıq da olsa təsəvvür edə bilirsinizmi? 

ELM DƏ, MƏNTİQ DƏ ALLAHIN VARLIĞINI TƏSDİQ EDİR:

Qarşımızda bir rəsm əsəri vardırsa, biz onu çəkən bir rəssam olduğunu inkar edə bilmərik, rəsm əsəri rəssamın varlığına və onun ustalığına sübutdur. Qarşımızdakı kitab onu yazanın varlığına sübutdur. Eləcə də bizi əhatə edən aləmlər, təbiət, səma, kainat onları var edənin varlığına dəlillərdir.

Qarşımızda kainat adlanan ucu-bucağı görünməyən bir aləm vardır. O aləmdə futbol topundan milyard dəfələrlə böyük “toplar”- planetlər uçmaqdadır. Əgər bir futbol topu kənardan tətbiq edilən enerji olmadan yerindən tərpənə bilmirsə, o zaman bu nəhənglikdə kainata hərəkət verən, genişləndirən, həm də bütün bu ağlagəlməz dərəcədə nəhəng işləri necə gəldi yox, çox ciddi qanunlar, qaydalar, nizam və intizam içərisində həyata keçirməsini təmin edən birinin olmadığını necə iddia etmək olar? 

BELƏLİKLƏ DEDİKLƏRİMİZDƏN AŞAĞIDAKI NƏTİCƏ ÇIXIR:

1) Maddənin var olmasını təmin edən hərəkətdir. Əgər hərəkət vardırsa, demək onu təmin edən enerji də vardır. 

2) Enerji vardırsa, demək onun başlanğıcı da vardır. Bir şeyin ki, başlanğıcı vardır, demək onun sonu da vardır. O şeyin ki, əvvəli və sonu vardır, demək o, nə əzəlidir, nə də əbədidir, müvəqqətidir. 

3) Əbədi deyil, müvəqqətidirsə, demək yaradılmışdır. Əgər yaradılmışdırsa, demək onu YARADAN vardır.