İslamofob ateistlərə görə Quran kimi mükəmməl kitabı heç bir məktəb oxumayan, oxuma-yazma bilməyən Hz Muhamməd özündən yazmışdır. Üstəlik peyğəmbərimiz (s.a.v) Quranı yazarkən antik yunan və çin fəlsəfəsini mənimsəmiş, bir sözlə bütün şumer və babillərin əsərlərini oğurlayaraq Qurana yazmışdır.
Üstəlik heç bir texnikanın inkişaf etmədiyi dövrdə insan ruşeyminin inkişaf mərhələlərini, kainatın genişlənməsini, nisbilik nəzəriyyəsini (zamanın nisbiliyi), dəmirin yer elementi olmadığını və s-nı da bilmiş və Qurana köçürmüşdür.

Ateistlərin bu iddialarını görəndə adamın onların udaraq sərf etdiyi oksigenə heyfi gəlir. Çünki, Allah-Təalanın yaratdığı oksigeni udan, suyunu içən, hər cür naz-nemətlərini mənimsəyən ateistlər, utanmadan Allahı və Onun kitabını saxta və gülüncdoğuran fərziyyələrlə inkar edirlər.

Beləliklə, növbəti yazımızda Quranın Allah kəlamı olmasını sübut edən əsas doqquz fakta toxunmuşuq. Oxuyan hər kəsə əvvəlcədən təşəkkür edirik!)

1. HEÇ TƏHSİL VƏ TƏLİM GÖRMƏMİŞ ADAMIN KİTAB, HƏM DƏ QURANİ KƏRİM KİMİ BİR MÖCÜZƏ KİTAB YAZMASI MÜMKÜNDÜRMÜ?

Quranın səmavi kitab olmasının, onun Allah Kəlamı olmasının ən təkzibedilməz sübutu elə Quranın özüdür. Qurani Kərimdə peyğəmbərimizə (s.a.v) xitabən Allahın (c.c) buyurduqlarından birinin mənası belədir: ƏGƏR QULUMUZA ENDİRDİYİMİZ (BU QURANA AZACIQ DA OLSA) ŞÜBHƏNİZ VARSA, BUYURUN, ONUN KİMİ BİRCƏ SURƏ GƏTİRİN. ALLAHDAN BAŞQA ŞAHİDLƏRİNİZİ (KÖMƏKÇİLƏRİNİZİ) DƏ ÇAĞIRIN. ƏGƏR İDDİANIZDA DOĞRU İSƏNİZ” (BƏQƏRƏ, 2/23)

Tarixdən hamıya yaxşı məlumdur ki, Peyğəmbərimiz hələ anadan olmamış atası, anadan olandan bir müddət sonra isə anası vəfat etmiş, qohum-əqrabasının himayəsində böyümüşdür. Ömrü boyu təhsil görməmiş, nə yazmaq, nə də oxumaq bacarmışdır. Qurani Kərimdə bu barədə olan Ayədən də bunu öyrənirik: “SƏN BUNDAN ÖNCƏ NƏ BİR KİTAB (YAZI) OXUYAR, NƏ DƏ ƏLİNLƏ ONU YAZARDIN. ELƏ OLSAYDI, BATİLƏ UYANLAR, ŞÜBHƏ EDƏRDİLƏR.” (ƏNKƏBUT, 29/48)

“SƏN (ÖNCƏDƏN) KİTAB NƏDİR, İMAN NƏDİR BİLMƏZDİN” (ŞURA, 42/52) deyərək, Onun oxuyub yazmasının olmadığını bəyan və elan etməkdədir. Peyğəmbərimizin tarixindən də bildiyimiz və tarixi faktların da təsdiq etdiyi kimi, müşriklər belə onların arasında böyüyüb başa çatan həz Muhammədin (s.a.v) heç bir təhsil görmədiyi, oxuma-yazma bilmədiyini etiraf etmişlər.

2. OXUMAQ-YAZMAQ BİLMƏYƏN BİR ADAMIN QURANİ KƏRİM KİMİ BÜTÜN ELMLƏRDƏN BƏHS EDƏN BİR KİTAB YAZMASI İNANDIRICIDIRMI?

Heç elə bir yazıçı olarmı ki, tarixi hadisələrdən bəhs etsin, hadisələri bütün təffərrüatı ilə şərh etsin, sonra da “mən bunları izah edirəm, amma nə o hadisələrin içində olmuşam, nə də o haqlarında heç nə oxumamışam,” desin? Belə bir şey heç mümkündürmü? HALBUKİ, QURANİ-KƏRİM HƏM PEYĞƏMBƏRİMİZİN (s.a.v) SAVADININ OLMADIĞINI, ƏVVƏLLƏR ƏLİNƏ BİR KİTAB ALIB OXUMADIĞINI, HƏR HANSİ BİR KİTAB YAZMADIĞINI BİLDİRİR (ƏNKƏBUT, 29/48), çox-çox qədimdə baş vermiş hadisə və əhvalatlar haqqında xəbər verə-verə peyğəmbərliyindən əvvəl o hadisələr haqqında heç bir məlumatı olmadığı bildirir. (Al-i İmran, 3/44, Hud, 11/49, Kasas, 28/44). Bunlar Quran nazil olanadək də Məkkəlilərə yaxşı məlum idi. Hz Muhamməd (s.a.v) onların gözü qarşısında böyüyüb 40 yaşına çatmışdı.

Oxuma yazması olmayan, əvvəllər əlinə kitab almayan, beləliklə də, uzaq keçmişdə baş verən hadisələrdən xəbərsiz olan bir adamın elmin hər sahəsində çox dəqiq məlumatlar verməsi, həm də təkcə öz dövrünə və ona yaxın əsrlərə aid olanı deyil, min, min beş yüz il sonra ediləcək kəşflər barədə məlumatlar verməsi O şəxsin Allah tərəfindən məlumatlandırıldığını və Allahın Rəsulu (s.a.v) olduğunu sübut etmirmi?

3. BUNDAN BAŞQA, DİLÇİLİK ELMİ İLƏ AZ-ÇOX TANIŞ OLAN, ƏRƏB DİLİNƏ BƏLƏD OLAN HƏR KƏS QURANİ KƏRİMİN İFADƏ VƏ BƏYAN TƏRZİ İLƏ PEYĞƏMBƏRİMİZİN (s.a.v) İFADƏ VƏ BƏYAN TƏRZİ ARASINDA KƏSKİN FƏRQ OLDUĞUNU DƏRHAL GÖRÜR VƏ HİSS EDİR.

Quranın ifadə və bəyan tərzi ilə hz. Muhəmmədin (s.a.v) ifadə və bəyan tərzi arasındakı fərq asanlıqla sezilir. QURANIN BƏLAĞƏT (xitab etdiyi kəslərə görə uyğun və tam yerində düzgün həqiqət olan gözəl söz söyləmə sənəti) VƏ FƏSAHƏTİNƏ (doğru və düzgün söyləyiş. Açıq və gözəl danışmaq) ÜSTÜN İFADƏ GÜCÜNƏ HEÇ BİR İNSANIN YETİŞMƏSİ MÜMKÜN DEYİLDİR. Onun digər yönləri kimi, bu yönünü də izah etmək üçün əsrlər boyu elmi tədqiqatlar aparılmış, cild-cild elmi əsərlər yazılmışdır. Məsələn, sadəcə bir “ƏLHƏMDULİLLAH” sözünün izahı ilə əlaqədar neçə-neçə kitablar yazılmışdır.

Qurani-Kərimdə seçilən hər bir kəlimə və hərfin yeri, sayı, səs və daxili musiqi ahəngi, yerləşdiyi yer və bütün QURANLA OLAN MÜNASİBƏT VƏ BAĞLANTI O QƏDƏR RƏNGARƏNG, O QƏDƏR MÜXTƏLİFDİR Kİ, ONLAR BİR RƏSM ƏSƏRİNDƏ EYNİ RƏNGLƏRİN MÜXTƏLİF ÇALARLAR İFADƏ ETMƏSİNƏ BƏNZƏYİR. Belə olan halda, on beş əsrə yaxın dövrdə həm müsirlərinin, həm də bugünədək yaşamış nəhəng elm adamlarını, ədibləri, filosofları, siyasətçiləri heyrətə salan Qurani-Kərim kimi bir kitabı savadsız biri necə yaza bilərdi?

4. QURANIN ƏVƏZSİZ ŞERİYYƏTİ O DÖVRDƏ VƏ İNDİYƏDƏK YAŞAYAN BÜTÜN ŞAİRLƏRİ HEYRƏTƏ SALMIŞDIR.

Quranın nazil olduğu dövrdə şer o qədər geniş yayılmışdı ki, insanlar bir-birləri ilə söhbətlərində, hətta mübahisələrində belə bir-birlərinə az qala şerlə müraciət edir, şerlə cavab verirdilər. Məkkə şəhəri və onun ətrafında hər il şer müsabiqələri keçirilir, bəyənilən şerlər qızılı hərflərlə yazılıb, Kəbə divarına asılırdı. Milli qəhraman səviyyəsində qəbul edilən şairlərin sözlərinin təsiri ilə bəzən qəbilələr bir-birinə qılınc çəkir, vuruşur və ya barışırdılar.

Məkkəlilərin gözü qarşısında boya-başa çatmış hz. Muhəmmədin (s.a.v) o zamanacan nə şerlə, nə qafiyə ilə, nə də nəsrlə məşğul olmaması hamıya bəlli idi. Halbuki, onun dilindən ifadə edilən Quranın möcüzəvi və ecazkar ifadələri nə Onun, nə də başqasının ifadələrinə bənzəmir, nə şerin, nə qafiyənin, nə də nəsrin ölçülərinə uyğun gəlməməklə yanaşı, öz orijinallığı ilə hər kəsi bir növ sehrləyirdi. Buna görə də o dövrün ən məşhur şairləri də Quran haqqında danışanda etiraf edib deyirdilər: “Şer desək, şer deyil, qafiyə desək, qafiyə deyil, kahin sözü desək, o da deyil, cinlərin əsərinə heç bənzəmir.”

İş o yerə çatdı ki, o zamanın məşhur şairlərindən Xansa və Ləbid kimi haqpərəstlər müsəlmanlığı qəbul etdikdən sonra şer yazmaqdan birdəfəlik əl çəkdilər. Onlardan şer oxumağı xahiş edənlərə Qurandan bir surə yazıb göndərir və Quranı oxuduqdan sonra “mən şer yazmaqdan həya edirəm,” cavabını verirdilər.

5. QURANIN NAZİL OLMASI İLƏ ƏRƏB DİLİNDƏ ELƏ BİR SIÇRAYIŞ, ELƏ BİR İNQİLAB BAŞ VERDİ Kİ, İNDİYƏDƏK DÜNYA DİLLƏRİNİN HEÇ BİRİNDƏ BELƏ BİR HADİSƏYƏ RAST GƏLİNMƏMİŞDİR.

Çox qəribədir ki, şeriyyətin çox geniş yayılmasına baxmayaraq, o zaman ərəb dili metafizik mənalar, elmi, dini və fəlsəfi məfhum və ifadə şəkillərindən, mədəni bir lüğətdən məhrum idi. Sadəcə çöl bədəvisinin duyğu və düşüncələrini onun dar həyatını ifadə etməyə yarayan bu dil Quranla birdən-birə elə bir qiymət və zənginlik qazandı ki, elmi, iqtisadi, hüquqi, ictimai, siyasi, idari və metafizik-bütün mövzu və məsələləri ifadə edə biləcək bir səviyyəyə çatdı.

Dil tarixində belə bir hadisəyə rast gəlmək mümkün deyildir. Belə bir FİLOLOJİ İNQİLABI nəinki məktəb üzü görməmiş birisindən, heç yüzlərlə DİLÇİ ALİMDƏN DƏ GÖZLƏMƏK MÜMKÜN DEYİLDİR.

6. ƏRƏB DİLİ VƏ DİLÇİLİK ELMİNDƏN AZACIQ XƏBƏRDAR OLAN HƏR KƏS QURANİ KƏRİMİN DİL VƏ İFADƏ BAXIMINDAN BƏNZƏRSİZLİYİNİN ŞAHİDİ OLA BİLƏR.

Ərəb dili və dilçilik elmindən azacıq xəbərdar olan hər kəs Qurani-Kərimi diqqətlə tədqiq edərsə, onun dil və ifadə baxımından heç bir kitaba bənzəmədiyinin şahidi olacaqdır. Digər tərəfdən, üslub, məna və məzmun baxımından da Quranın bənzərinə, ya da onunla müqayisə edilə biləcək ikinci bir kitaba rast gəlmək mümkün deyildir. O zaman belə bir fərqli qənatə gəlmiş oluruq: Quran indiyədək yazılmış bütün kitablardan üstündür.

İndi ki, on beş əsrə yaxın dövrdə insan Quranın bir surəsinin belə bənzərini yaza bilməmişdir, buna gücü çatmamışdır, o zaman Quran insan ağlının, istedadının məhsulu deyildir. Allah kəlamı olan Qurani-Kərim bunun əksi olan fikrin müəlliflərinə meydan oxuyur: “YOXSA DEYİRLƏR ONU (MUHAMMƏD) UYDURDU? DE Kİ: ƏGƏR SİZLƏR DOĞRU İSƏNİZ ALLAHDAN BAŞQA (ÇAĞIRMAĞA) GÜCÜNÜZÜN ÇATDIQLARININ HAMISINI ÇAĞIRIN, HEÇ OLMAZSA, ONA BƏNZƏYƏN SURƏ GƏTİRSİNLƏR” (YUNİS, 10/38)

7. İNDİYƏDƏK QURANIN BİR SÖZÜNÜN BELƏ YANLIŞ, XƏTALI OLDUĞUNU BİR AYƏNİN DİGƏR AYƏNİ TƏKZİB ETDİYİNİ SÜBUT EDƏN BİRCƏ FAKTA DA RAST GƏLMƏK MÜMKÜN OLMAMIŞDIR.

Yenə də Qurani Kərimə müraciət edək: “HƏLƏ DƏ QURAN HAQQINDA LAZIMINCA DÜŞÜNMÜRLƏRMİ? ƏGƏR O, ALLAHDAN BAŞQASI TƏRƏFİNDƏN GƏLMİŞ OLSAYDI, ONDA BİR ÇOX UYĞUNSUZLUQLAR TAPARDILAR” (NİSA, 4/82) ayəsində də Allah (c.c) Quranın insan sözü olmadığını sübut edən bu həqiqəti nəzərimizə çatdırır.

Doğrudan da, tarix boyu yüzlərlə, minlərlə, bəlkə milyonlarla, milyardlarla fikirlərin, nəzəriyyələrin sonradan tamamilə yanlış, yaxud qüsurlu, xətalı olduğu meydana çıxmışdır. Fizika, kimya, biologiya kimi təbiət elmlərinin inkişafı prosesində onların daha əvvəl irəli sürdükləri bir çox sübutların, nəzəriyyələrin sonradan yanlış olduğu aydın olmuşdur.

Lakin indiyədək Quranın bir sözünün belə yanlış, xətalı olduğunu, bir ayənin digər ayəni təkzib etdiyini sübut edən bircə fakta da rast gəlmək mümkün deyildir.

8. QURAN ALLAH TƏRƏFİNDƏN MÜHAFİZƏ EDİLİR, BUNA GÖRƏ DƏ İNDİYƏDƏK ONA HEÇ BİR DƏYİŞİKLİK, ƏLAVƏ VƏ YA DÜZƏLİŞ ETMƏK MÜMKÜN OLMAMIŞDIR.

Heç bir yazıçı əsərində, özünün və əsərinin qorunacağını və bəhs etdiyi həqiqətlərin bir gün bütün dünyaya yayılacağını dəqiq bir dillə ifadə edə bilməz. Çox məqalələr, kitablar, mahnılar bir müddət dillər əzbəri olmuş, sonra isə unudulub getmiş, yerlərinə başqaları gəlmişdir. Zaman keçdikcə, onlar da köhnəlir və bu proses həmişə belə davam edir. Halbuki Quranın özündə: “ALLAH SƏNİ İNSANLARDAN QORUYACAQDIR” (MAİDƏ, 5/67) və “QURANI BİZ ENDİRDİK VƏ ONUN QORUYUCULARI DA BİZİK” (HİCR, 15/9) deyilərək, peyğəmbərimiz də, Quranın da hər cür təhlükə, köhnəlmə, sui-qəsd və ağıla gələ biləcək maddi-mənəvi hücum və hiylələrdən qorunacağı, mühafizə olunacağı açıq-aydın elan edilir və bu elan qüvvəsinin on beş əsrə yaxındır ki, saxlayır və Qiyamətə qədər də saxlaycaqdır.

9. BÜTÜN PROBLEMLƏRƏ HƏLLEDİCİ DÜSTURLAR GƏTİRMƏSİ VƏ DÜNYA SƏADƏTİ İLƏ YANAŞI, AXİRƏT SƏADƏTİNİ ƏHATƏ EDƏN PRİNSİPLƏR QOYMASI BAXIMINDAN DA QURANIN BƏŞƏR KƏLAMI OLMADIĞI GÖZ QABAĞINDADIR.

İnsanı maddi-mənəvi bütün cəhətləri ilə izah etməsi, həyatın hər sahəsinə aid mövzulardan bəhs etməsi, ictima, iqtisadi, hüquqi, siyasi bütün problemlərə həlledici düsturlar gətirməsi və dünya səadəti ilə yanaşı Axirət səadətini əhatə edən prinsiplər qoyması baxımından da Quranın bəşər kəlamı olmadığı göz qabağındadır. Doğrudan da, bir insanın bütün sahələrdə rəhbər və mütəxəssis olması mümkün deyildir. Hər əsrdə, hər cür şərtlər altında və hər səviyyədə ortaya insanın problemlərini həll edə biləcək prinsiplər qoymağa heç vaxt bir insanın gücü çatmaz.

İlahi Kitaba, vəhyə istinad etməyən bəşəri sistemlərin heç biri dəyişikliyə, yeniləşməyə məruz qalmadan heç 50 il də yaşaya bilməz. İnsan ağlının məhsulu olan qaydalar, qanunlar, sistemlər, fikirlər, düşüncə və ideologiyalar sonradan köhnəlir, bir müddət keçdikdən sonra gərəksiz olur, hətta mənfi təsir göstərməyə də başlayır. Zaman keçdikcə belə sistemlər dəyişdirilir, təzələnir.

Dünyanın bütün ölkələrinin Parlamentlərinə baxın. Yüz illərdir, hətta min illərdir, insanlar, hətta ən seçkin insanlar yığışıb qanunlar, qaydalar düşünür, yazır, müzakirə edir, səsə qoyurlar. Bu gün qəbul edirlər, bir müddət sonra isə ona ya əlavə və düzəlişlər edir, ya da yenisini yazırlar.

Halbuki, Quranın heç bir mövzusunda, heç bir məsələsində dəyişilmək zərurəti tapmaq mümkün deyildir.