Bir canlı hüceyrəsinin təsadüflərlə əmələ gəldiyini düşünən bir insan aşağıda izah edəcəyimizə bənzər hekayəyə də asanlıqla inanmalıdır. Bu, bir şəhər haqqında qısa hekayədir.
Fərz edək ki, bir gün qeyri-münbit bir ərazidə qayaların arasında qalmış bir miqdar gilli torpaq yağan yağışlar nəticəsində palçığa çevrilir. Palçıq günəş çıxdıqda qayalarında arasında quruyub bərkiyir və təsadüfən müəyyən forma alır. Daha sonra onun üçün qəlib vəzifəsini yerinə yetirən qayalar ovulub dağılırlar və ortaya düzgün formalı, möhkəm kərpic çıxır. Bu kərpic illərlə eyni təbii şərtlər daxilində özü kimi başqa kərpiclərin də əmələ gəlməsini gözləyir. Bu gözləmə eyni kərpicdən eyni yerdə yüzlərlə, minlərlə kərpicin əmələ gəlməsinə qədər əsrlərlə, min illərlə davam edir. Bu zaman böyük təsadüf nəticəsində əvvəlcə əmələ gələn kərpiclər də dağılıb pozulmur. Min illərlə fırtınalara, yağışlara, küləklərə, yandırıcı günəş şüalarına, dondurucu soyuğa məruz qalan kərpiclər parçalanmır, çatlamır, başqa yerlərə sovrulub dağılmır, eyni yerdə və eyni möhkəmlikdə digər kərpiclərin əmələ gəlməsini gözləyirlər.

Kərpiclər lazımi miqdarda olduqda külək, fırtına, siklon kimi təbii amillərin təsiri ilə sovrulur və təsadüf nəticəsində yan-yana və üst-üstə planlı şəkildə düzülüb bir bina tikirlər. Eyni zamanda kərpicləri bir-birinə yapışdıran sement, suvaq kimi məmulatlar da “təbii amillərlə” əmələ gəlib qüsursuz plan daxilində kərpiclərin arasına girir və onları bir-birinə bərkidirlər. Bütün bu proseslər başlayarkən torpağın altındakı dəmir filizləri də “təbii amillərlə” formaya düşüb torpağın üstünə çıxaraq kərpiclərin əmələ gətirdiyi binanın bünövrəsini qoyurlar. Nəticədə hər cür məmulatı, taxtası, texniki qurğuları ilə birlikdə bütöv bir bina ortaya çıxır.

Əlbəttə, bina təkcə bünövrədən, kərpicdən və suvaqdan ibarət deyil. Elə isə digər çatışmazlıqlar necə tamamlanmışdır? Cavab sadədir: binanın ehtiyacı olan hər cür məmulat torpaqda var. Şüşələr üçün lazım olan silisium, elektrik kabelləri üçün lazım olan mis, simlər, şalbanlar, mismarlar, su boruları və s. üçün lazım olan dəmir torpağın altında bol miqdarda mövcuddur.

Bütün bu məmulatların formalaşıb binanın içinə yerləşmələri də “təbii amillərin” hünəri ilə baş verir. Əsən külək, yağan yağış, bir az fırtına və yeraltı təkanın da köməyi ilə bütün texniki vəsait, taxta, aksesuarlar kərpiclərin arasında yerli-yerində oturur. İşlər o qədər yolunda getmişdir ki, kərpiclər sonradan təbii şərtlər daxilində şüşə adlı bir şeyin əmələ gələcəyini bilirmiş kimi lazımi pəncərə yerlərini qoyaraq düzülmüşdürlər. Hətta sonradan yenə təsadüflərlə meydana gələn su, elektrik, mərkəzi istilik sistemi qurğuları üçün yerləri də qoymağı unutmamışlar. Bütün işlər o qədər yolunda getmişdir ki, “təsadüflər” və “təbii amillər” qüsursuz dizayn meydana gətirmişdir.

Bu hekayəyə inanan bir şəxs bu qədər açıqlamadan sonra şəhərdəki digər binaların, qurğuların, tikililərin, yolların, xiyabanların, kanalizasiya sisteminin, rabitə və nəqliyyat sistemlərinin necə əmələ gəldiyini də düşünərək tapa bilər. Hətta mövzu ilə bir az əlaqəlidirsə, şəhərin “kanalizasiya sisteminin təkamül prosesi və mövcud tikililərlə uyğunluğu” haqqındakı nəzəriyyələrini açıqladığı bir neçə cildlik “elmi” əsər belə yaza bilər. Bu üstün fəaliyyətlərinə görə akademik mükafata belə layiq görülə bilər, özünü bəşəriyyət tarixini aydınladan düha olduğunu zənn edə bilər.

Darvin öz dövründə hüceyrənin olduqca sadə quruluşa malik olduğunu zənn edirdi. Darvini dəstəkləyən E.Hekel dənizin dibindən çıxardığı üstdəki palçığın öz-özünə canlanacağı fikrini də ortaya atmışdı.

Canlıların təsadüflərlə əmələ gəldiyini irəli sürən təkamül nəzəriyyəsi elə bu qədər, bəlkə bundan daha çox həqiqətdənkənardır. Çünki tək başına bir hüceyrə bütün iş sistemi, rabitə, nəqliyyat və idarəetməsilə birlikdə böyük bir şəhərə bənzəyən kompleksliyə malikdir. Məşhur molekulyar bioloq Maykl Denton “Təkamül: Böhran içində nəzəriyyə” (Evolution: A theory in crisis) adlı kitabında hüceyrənin bu kompleks quruluşundan belə bəhs edir:

Həyatın molekulyar biologiyası tərəfindən üzə çıxarılan reallığını qavramaq üçün bir hüceyrəni təqribən bir milyon dəfə böyütməliyik, ta ki diametri 20 km-ə çatsın. Belə olduqda hüceyrə Nyu York və ya London kimi böyük şəhər qədər nəhəng ölçüdəki kosmik gəmiyə bənzəyəcəkdir. Qarşımızda bənzərsiz dərəcədə kompleks sistem və qüsursuz dizayn olduğunu görərik. Hüceyrəni lap yaxından nəzərdən keçirsək, üzərindəki milyonlarla kiçik qapı ilə qarşılaşarıq. Eynilə kosmik gəmidəki avtomatik qapılar kimi bu qapılar daima açılıb-bağlanaraq hüceyrənin içinə və ya xaricinə keçən maddə axınını tənzimləyirlər. Əgər bu qapıların hər hansı birindən içəri girsək, qeyri-adi texnologiya və heyrətamiz kompleksliklə qarşılaşarıq. İnsanların istehsal etdiyi hər şeydən çox üstün olan bu texnologiya bizim yaradıcı zəkamızın həddindən artıq fövqündə durur. Bu sistem “təsadüf” anlayışının hər mənada tamamilə “antitezisini” təşkil edir.