Möhtərəm müsəlmanlar! Uca Rəbbimiz belə buyurur:“Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım” (Zariyat,56) 

Demək ki, cinlər kimi bizlər də yalnız ibadət etmək üçün yaradılmışıq. Bəs ibadət sadəcə namaz, oruc, həcc, zəkat və sairdənmi ibarətdir. Xeyir. İbadət sözü geniş mənadadır. Məsələn: Doğru söyləmək, əmanəti əhlinə təslim etmək, ata-anaya yaxşılıq etmək, qohum əqrabanı, dost tanışları ziyarət etmək, müqaviləni pozmamaq, yaxşılığı əmr etmək və pisliklərdən çəkindirmək, qonşuya, yetimə, kasıba yaxşılıq etmək ibadətdir. Dua, zikr, Quran oxumaq ibadətdir. Allah və Rəsulunu sevmək, Allaha tövbə etmək ibadətdir. Allahın hökmlərinə, qədərə səbr etmək, nemətlərinə şükr etmək, bağışlamasını ümid etmək və əzabından qorxmaq, bütün bunların hamısı ibadətdir. 

Uzun tarixlər boyunca müsəlmanların başına gələnlər və bu gün bizim başımızda olan bir çox müsibət, sadəcə ibadət anlayışındakı azma səbəbinə görədir. Çünki bir çoxusu ibadətin sadəcə namaz, oruc, həcc, zəkat kimi şeylərdən ibarət olduğunu fikirləşir. Ona görə də ibadət edərkən, başqa saleh əməlləri tərk edər. Saleh bir əməl edərkən də ibadəti tərk edər. Belələri bəzən “özəl həyatımıza, qadının geyiminə, faizlə alış-verişə din niyə qarışmalıdır ki?” deyər. İslamın bütün bəşəriyyətə Allah tərəfindən göndərilmiş bir həyat tərzi olduğunu unudar və dini sadəcə məscidin divarları arasında olduğunu zənn edər. Buna görə də, namaz qılan, oruc tutan və Quran oxuyan bir müsəlmanın saxtakarlıq etməkdən, faizlə alverdən və ya zülm etməkdən uzaq durmadığını, namaz qılan, oruc tutan bir çox kişi və qadının şəriətə müxalifət etdiyinin də şahidi oluruq. 

Əziz Müsəlmanlar! Yaşamaq üçün lazım olan əməllər, saleh niyyətlə böyüyür və ibadət oluncaya qədər yüksəlir. Eyni şəkildə mübahlar da əməl dəftərinə ibadət olaraq yazılır. Əkinçi tarlasında, fəhlə fabrikində, tacir dükanında, məmur iş yerində, həkim xəstəxanada, müəllim məktəbdə və ya hər hansı bir işin sahibi öz işini, ibadət halına gətirə bilər. Əgər iş ibadət olarsa, o zaman əkinçi də, fəhlə də, tacir də və ya hər hansı bir iş sahibi işinə məsuliyyətlə yanaşar, xəyanət etməz. Bu zaman həm də keyfiyyətli iş və xalqa xidmət ortaya çıxmış olar. Usta “Əşi bas getsin, onsuz da öz evimiz və ya maşınımız, qapı-pəncərəmiz, telefonomuz deyil ki” deməz! Müəllim dərsinə gecikməz, dərsə zəngdən neçə dəqiqə sonra girib, dərsdən də zəngdən neçə dəqiqə əvvəl çıxmaz. Dərsdə şagirdlərə və ya tələbələrə faydalı olmağa çalışar, onların qızıl kimi vaxtını lağ-lağa ilə israf etməz. Yoxsa aldıqları maaşın bir hissəsi haram olar və axirətdə hesaba çəkilərlər. İçimizdə belələri varsa qazanclarının bir hissəsini sədəqə versinlər ki, haram yemiş olmasınlar. 

Bu ibadətin geniş mənasıdır. Bu cür saleh niyyət müsəlmanı xeyir və rəhmət, fayda və bərəkət fışqıran bir bulaq halına gətirər. Müsəlmanın Allaha ibadət, xalqa və millətə xidmət üçün əzmini artırar. Gözü yaşlı olanların gözünü silər, sıxıntıda olanın sıxıntısını azaldar, fəlakətə düçar olanın yarasını sarıyar, ac olanın qarnını doydurar, zülmə məruz qalanı müdafiə edər, üzr istəyənin xətasını əfv edər, ağır bir borc altında olanın borcunu ödəyər, yolunu azana yol göstərər, bilməyənə öyrədər, yoldan əziyyət verən şeyləri qaldırar, daima insanlara yaxşılığı əmr edər və pisliklərdən çəkindirər və o bunların hamısını ibadət duyğusu içində, Rəbbinin razılığını, cənnətini qazanmaq üçün edər. 

Əziz Möminlər! Hər gün ümmətin, xalqın, millətin binasına sağlam bir kərpic qoya bilərsiniz. İbadət və yaxşılıq xananıza sizə adi və tərəzidə yüngül görünən, amma, axirət tərəzisində ağırlığı və dəyəri olan əməllər əlavə edə bilərsiniz. Allah Rəsulu s.a.v: “Sizə orucun, namazın və sədəqənin dərəcəsindən daha üstün bir əməl bildirimmi? demiş, səhabələr də bəli ey Allahın Rəsulu demişdilər. Allah Rəsulu “İki adamın arasını düzəltməkdir. İki adamın arasını vurmaq isə (dini) kökündən qazıyar” buyururmuşdur. (Əbu Davud)

Başqa bir hədisdə: “Kim Allah üçün bir xəstəni və ya qardaşını ziyarət edərsə, bir carçı ona belə sözləyər: Sən də, yürüyüşün də qəbul oldu və cənnətdə özünə bir yer hazırladın”(Tirmizi). 

Muslim səhihində Əbu Hureyrə (r.a) Allah Rəsulunun belə dediyini rivayət etmişdir. “Bir adam yolda gedərkən tikanlı bir budaq gördü və onu alıb yoldan kənara atdı. Etdiyinin əvəzi olaraq Allah onu bağışladı” 

Ey Müsəlmanlar! Allahdan haqqı ilə qorxun. İbadəti pozan və savabını yox edən şeylərdən çəkinin. Bunlardan birisi də Allaha şirk qoşmaqdır. Riya və göstərişdir. Rabbimiz belə buyurur: “Əgər onlar Allaha şirk qoşsaydılar, etdikləri əməlləri boşa gedərdi”. (Muslim)

İnsanlara zülm etmək, canlarına, mallarına, və namuslarına təcavüz etmək də, savabları boşa çıxaran əməllərdəndir. 4 şahid olmadığı halda bir adama zinakar demək də belədir. Uca Allah Kitabında bir kəsə zinakar demək üçün 4 şahidin gətirilməsini istəyir. Kamerada görmək, kimlərinsə deməsi, onları yan-yana çılpaq yatdıqlarını görmək belə keçərli deyildir. 4 şahidin dördünün də eyni anda, hadisəni gözləri ilə görmələri şərtdir. Uca Allah bunu belə çətin şərtlərə bağlamışdır ki, möminlər görmədikləri bir şeyi ətrafa yaymasınlar. Allah şübhəsiz bunun hesabını axirətdə mütləq soruşqcaqdır. Çünki, Quranda heç bir hökm boş-boşuna endirilməmişdir.Bir kəsə zinakar deyib 4 şahid gətirə bilməyənlərin cəzasını Uca Allah belə bildirir: “İsmətli qadınlara zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt (əbədiyyən) qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir. Bundan sonra tövbə edib özlərini islah edənlər istisnadır. Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir! (Nur, 3-4)

Rasulullah s.a.v belə buyurmuşdur: “Ümmətimdən iflas edən kimsə odur ki, qiyamət günündə namazla, orucla, zəkatla gələcək. Haqsız yerə birinə söymüş, birinə iftira etmiş, birinin haqqını yemiş, birinin qanını tökmüş, bir digərini isə döymüşdür. Bu adamın savablarından alınıb onlara verilir. Savabları qurtarar, ancaq yenə üzərində haqlar qalarsa, onların günahlarından alınıb buna yüklənir. Sonra da cəhənnəmə atılır”(Muslim) 

Başqa bir hədisdə “İnsan, heç bir problem görməyərək Allahı qəzəbləndirən bir söz söyləyər və bu söz səbəbi ilə cəhənnəm atəşində 70 illik bir məsafəyə aşağı enər”(İbn Macə)

İbadəti pozan və savabını yox edən şeylərdən birisi də Uca Allahın yerinə höküm verməkdir. Allah Rasulu belə buyurmuşdur: “Bir adam belə deyər: Allaha and olsun ki, Allah flankəsi bağışlamaz. Allah t. belə buyurar: Flankəsi bağışlamayacağam deyə mənim adıma and içən kimdir? Şübhəsiz mən flanı bağışladım və sənin əməlini boşa çıxardım” deyər.(Muslim) 
Ey Möminlər! Bütün bədən üzvlərinizlə Allaha qulluq edin. Allah üçün baxın, Allah üçün qulaq asın. Dilinizi daim zikirlə və Allahın sevdiyi gözəl sözlərlə məşğul edin. Yalan şahidlikdən, başqasını ayıblamaqdan və qeybətdən uzaq durun. Yaxşılığı əmr etmək, pisliklərdən çəkindirmək və insanların arasını barışdırmaq kimi gözəl əməllər edin. Əllərinizi və ayaqlarınızı Allahın razılığını qazandıracaq işlərdə istifadə edin. Çünki Yasin surəsində Uca Allah buyurmuşdur ki, “Onların elədiklərinə ayaqları şahidçilik edəcək” (Yasin 65) Ayaqlarınızla, cümə və camaat namazına, halal ruzi qazanma dalınca gedin. Qiyamətdə ayaqlarınız məscidə namaz üçün getdiyinizə və digər saleh əməllər üçün yeridiyinizə şəhadət versin. Günah iş üçün yürüyən ayağınızı sındırın və bu ayəni tez-tez təkrarlayın De:”Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!”