●Yığılan qənimətlər Peyğəmbərin keyfi üçünmü xərclənirdi?

Ateistlər Allah Rəsulunun qənimət düşgünü və zəngin birisi olduğunu iddia edərək aşağıdakı ayəni dəlil gətirirlər:

(Ya Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşarlar. De: “Qənimətlər Allahın və Peyğəmbərinindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin! (Ənfal-1)

Doğurdan da ilk baxışdan çox maraqlı görünən bu ayə islam düşmənləri və qəlbində fəsad olanlarda “Muhəmməd tamahkar və zənginliyə düşgün birisi olub” iddiasını oyadır. Halbuki ayəni dəlillərlə araşdırsaq əslində kimin “tamahkar” olduğu asanlıqla ortaya çıxacaqdır.

Ayə, bütün qənimətləri Peyğəmbərə vermək barədə yox, onun bölüşdürülməsində Peyğəmbərin başçılıq etməsi barədə enib.Bunu sübut üçün təfsirlərə baxmaq kifayətdir:

“Onlara de ki: “Qənimət sizin deyil, Allah’ın və Rəsulunundur. Onu dilədiyi yerə verər.” (Təbəri təfsiri, Ənfal 1-izahı) 

İkrimə, Mücahid, Dəhhak, Abdullah b. Abbas və İbn-i Zeydə görə ayədəki məqsəd qənimətlərin bölüşdürülməsinin Peyğəmbərin öhdəliyində olmasıdır. Çünki həmin ayə Bədr döyüşü zamanı müsəlmanların bir hissəsinin düşməni qovmaq, bir hissəsinin isə qənimət malları yığmaqla məşğul olmaları səbəbi ilə döyüş sonrası onların bölüşdürülməsində çıxan problemlərə görə enmişdir. Bu barədə Ubadə bin Sabidin rəvayət etdiyi hədisə baxıla bilər. (Əhməd b. Hənbəl, Müsnəd, Cild: 5, Səh: 324)

Ateistlər öz səhifələrində dəfələrlə sanki, qənimətləri Peyğəmbərin yığmasını sübut edərcəsinə sevinirlər. Halbuki qənimətin 5-də biri Peyğəmbər və onun yaxınlarına, kasıblara çatırdı. Çünki Ənfal surəsinin 1-ci ayəsindəki qənimətlərin bölünməsi barədə hökm tətbiq edilərkən qənimətlər Mədiəyə yaxın olan bir yerdə döyüşdə iştirak etmiş mücahidlər arasında bərabər və yerli-yerində bölünmüşdü.

📚(Əhməd, I ,178; V 323-324 ; Əbu -Davud , “Cihad” 144-145, 2737-2744)

Dediyimiz qənimətin 5-də birinin Peyğəmbər və onun yaxınlarına, kasıblara, yetimlərə, yolda qalmış müsafirlərə çatması haqqında ayə isə belədir: 

“(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!” (Ənfal , 41)

Allahın Rəsulu , onun qohumları, yetimlər, yoxsullar və yolda qalmışlara paylanandan sonra geriyə qalan qənimət Beytül-mala (xəzinəyə) qoyulmuş və bu müsəlmanların və ordunun ehtiyaclarına xərclənmişdir. 

📚(Buxarı, “Fəraiz” 3, “Xüms” 1, “Nafaqat” 3 ; Müslim “Cihad” 49 )

#DİQQƏT edilməsi gərəkən ən vacib məqam isə bundan sonraki hissədir.

Amr bin Abbas-nun dediyinə görə “Rəsullullah qiblə istiqamətində bir qənimət dəvəsini sütrə saxlayıb bizə namaz qıldırdı. Namaz qılındıqdan sonra heyvanın yanından bir tük xətt çəkdi( və əlində tutub göstərərək):

“-Qənimətlərinizdən xümsdən başqa bu qədəri belə mənə halal deyil. Əslində xüms də sizə xərclənir, – ” buyurdu.

📚(Əbu Davud , “Cihad” , 149, 2755)

Bəhreyndən gələn malları isə Peyğəmbərimiz istəyənlərə paylamış, onu 1 dirhəm qalmayanadək malın hamısını paylamadan oradan ayrılmazdı. 📚(Buxari,”Səlat” 42, “Cizyə” 4, “Cihad” 172)

Gördüyünüz kimi, Allah rəsulu qəniməti yığaraq özünə saraylar tikməmiş, daim yoxsulları doyurmaq, onların dərdlərinə vaxt ayırmaq uğrunda malını xərcləmişdir. Ateistin Peyğəmbərimizi sərvətpərəst göstərməyə çalışması, onun qənimətlərlə kef etməsi kimi iddialarını çürüdəcək dəlilləri yazdıq. Bunların sayını artırmaq da olar. Son olaraq isə bu barədə olan başqa bir hədislə bitirmək istəyirəm.

Həzrət Ömər bir gün Allah Rəsulunun hüzuruna girdi. Peyğəmbərimiz həsirin üstündə uzanmış, üzündə də həsirin izləri qalmışdı. Otağının bir tərəfində işlənmiş bir dəri, bir başqa küncündə də, içində bir neçə ovuc arpa olan kiçik bir kisə vardı. Allah Rəsulunun otağında olan əşyalar bundan ibarət idi. Həzrət Ömər (r.a.) bu mənzərə qarşısında riqqətə gəldi və ağladı. Allah Rəsulu nə üçün ağladığını soruşanda : 

“Ya Rəsulullah! İndi kəsralar, padşahlar saraylarında quş tükündən yataqlarda yatır, Sən quru bir həsir üstündə yatırsan və üzündə həsirin izi qalır. Gördüklərim məni ağlatdı, cavabını verdi.

Allah Rəsulu Ömərə (r.a.) belə buyurdu: “İstəmirsənmi, ya Ömər! Dünya onların, axirət də bizim olsun?! 

📚(Buxari, Təfsir (66) 2; Müslim, Talaq 31.)