Ateistlər həcc ibadəti vaxtı müsəlmanların Kəbədəki qara daşı (hacərül-əsvəd) öpməsini bütpərəstliklə müqayisə edirlər. Guya müsəlmanlar o daşa sitayiş edirlər.

Cavab:

Kəbədəki o daşı (hacərül-əsvəd) öpmək həcc ibadəti baxımından vacib bir şey deyil və sadəcə bir sünnədir. Yəni o daşı öpüb-öpməməyin bir müsəlman üçün elə də əhəmiyyəti yoxdur və o daşı öpmək həcc ziyarətinin vacib əməllərindən deyil. Həcc ziyarətini tam şəkildə qüsursuz yerinə yetirmək üçün hacərül-əsvəd daşına toxunmaq yaxud öpmək kimi bir məcburiyyət yoxdur. O daşı öpən heç bir müsəlman ona ibadət yaxud sitayiş məqsədi ilə öpməz. Yəni heç bir müsəlman qara daşa əl açıb yalvarmaz, ondan kömək və şəfa diləməz, bir sözlə ona xüsusi müqəddəslik statusu aid edib ilahiləşdirməz. Bütün bunlar onu göstərir ki, Kəbədəki qara daş müsəlmanlar üçün sitayiş edilən müqəddəs bir büt yox, adi daşdır.

Hətta bu barədə hədis də var:

Abis İbnu Rabiə (rahiməhullah) rəvayət edir: “Mən Hz.Ömər (radıyallahu anh)-ı Həcərül-Əsvədi öpəndə gördüm. Onu həm öpdü, həm də: “Bilirəm ki,sən bir daşsan nə bir faydan nə də bir zərərin vardır. Mən Rəsulullah -sallallahu aleyhi vəsəlləmi- səni öpəndə görməsəydim, səni əsla öpməzdim” dedi.”

[Buxari, Həc 50, 57, 60; Müslim Həc, 248, 251, 120; Muvatta, Həc 36, (1367); Tirmizî, Həc 37, (860); Əbu Davud, Mənasiq 47, (1873); Nəsai, Həc 147, (5, 227); İbn Macə, Menasiq, 27, (2943). Əhmed b. Hənbəl, Müsnəd, I, 17, 26, 34, 35, 36, 53, 54. ; Kutubi sittə . 4564]

Hədisdən də açıqca göründüyü kimi Kəbədəki hacərül-əsvəd (qara daş) müsəlmanlar üçün xüsusi müqəddəslik və yaxud ilahilik rəmzi daşıyan bir daş deyil. Başqa sözlə, müsəlmanlar heç vaxt o daşı ilahi bir səcdə və sitayiş niyətilə öpməzlər. Çünki elə etmək şirkdir.

Bunu ən sadə dildə belə izah edə bilərik. Necə ki, andiçmə mərasimində yaxud başqa ali dərəcəli rəsmi tədbirlərdə bir dövlət başçısının hörmət əlaməti olaraq dövlətin əsas atributu sayılan bayrağı öpməsi o bayrağa sitayiş etmək mənasına gəlmədiyi kimi bir müsəlmanın da Hz.peyğəmbərin (s.a.v) sünnəsi olaraq qara daşı öpməsi heç bir halda sitayiş anlamına gəlməz.