Tövbə surəsi 29-cu ayədə deyilir:

“Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarının haram bilməyən və haqq dini (islamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.” (Tövbə/29)

Əksər hallarda din düşmənləri bu ayəni əllərində bayraq edərək guya İslamın əhli-kitab və digər qeyri-müsəlmanlara qarşı zorakı və düşmən mövqedə olduğu fikrini təlqin etməyə cəhd edirlər. Guya bu ayədə Allah Təala əhli-kitabı zorla İslam dinini qəbul etdirməyə çalışır. Əlbəttə ki, bu cür saxta anti-İslam təbliğatının heç bir ciddi əsası yoxdur. Çünki Mümtəhinə surəsi 8-9-cu və Bəqərə 190-cı ayələrdə Rəbbimiz müsəlmanlara qarşı düşmənçilik etməyən qeyri-müsəlmanlarla necə rəftar etmək lazım olduğu barəsində belə buyurur:

(60 – MUMTEHİNE) الممتحنة / 8– Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!

(60 – MUMTEHİNE) الممتحنة / 9– Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!

(2 – BAKARA) البقرة / 190– (Ey mö’minlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!

Göründüyü kimi bu ayələrdə İslamda savaş anlayışı açıq şəkildə ortaya qoyulmuşdur. Buna görə kim olursa olsun, savaşmaq istəyənlərə qarşı savaşmaq, sülh istəyənlərlə barışmaq əsas şərtdir.

Tövbə 29-cu ayənin izahına keçməzdən öncə onu da vurğulamaq lazımdır ki, Qurandakı əksər ayələrin mənasının doğru anlaşılması üçün onların vahid konteksdən çıxarılaraq tək-tək ələ alınması yanlış metoddur. Adətən, xəbis İslam düşmənləri bu taktikadan tez-tez istifadə etdikləri üçün ayələrin mənasını öz istədikləri şəkildə yozaraq və təhrif edərək bu sahədə məlumatsız insanları çaşdırmağa çalışırlar. Təəssüf ki, bəzən buna nail olurlar.

Əvvəla, hər müsəlmanın bilməli olduğu vacib xüsusiyyət odur ki, Quranın düzgün anlaşılması üçün təməl prinsip ayələrin bir-birilə əlaqəli şəkildə, kontekst daxilində və bütöv halda oxunulmasıdır. Çünki sadəcə bir tək ayəyə baxaraq ortaya hər hansı iddia atmaq çox vaxt yanlış anlaşılmaya və məna pozulmasına yol aça bilər. Ayə və hədislərin incəliklərini, nüzul və vürud (ortaya çıxma) səbəblərini, ayənin endiyi dövrə aid  tarixi gerçəkliyi bilmədən, İslamın təməl məqsədinə vaqif olmadan Quran ayələri haqqında bir hökm çıxarmaq heç də asan məsələ deyil.

Bütün bu deyilənləri nəzərə alaraq Tövbə surəsi 29-cu ayənin izahına keçək. Qeyd edilən ayənin hicrətin 9-cu ilində (miladi 630) nazil olduğu faktını göz önünə aldığımızda bu ilahi mesajın müharibə dövrünə aid olduğunu anlamaq olar. Həqiqətən də bu ayənin nazil olduğu tarixi dönəmə diqqətlə nəzər saldığımızda həmin vaxt Bizans imperiyasının hakimiyyəti altında olan Suriya bölgəsində və bu yol üzərində yerləşən istər yəhudi, istərsə xristian topluluqlar ilə müsəlmanlar arasında hicri 5-6-cı ilindən bəri davam edən gərginliklər və hüquqi baxımından düşmən siyasi münasibətlərin mövcudluğunu görürük.

Eyni zamanda əhli-kitabdan olan Bəni Nadir və Bəni Qureyzə yəhudiləri müsəlmanlara qarşı Məkkə müşrikləriylə gizli iş birliyinə girmiş və müsəlmanlarla olan sülh razılaşmasına namərdcəsinə xəyanət etmişdilər. Bu hal Tövbə 29-cu ayədən sonra gələn hissədə, xüsusilə Tövbə 32-ci ayədə həm yəhudi, həm də xristianların İslama qarşı mənfi münasibət bəsləmələri və İslamı aradan qaldırmaq niyətilə ciddi bir fəaliyyətdə olmalarının bildirilməsi ilə təsbit edilmişdir:

(9 – TEVBE) التوبة / 32– Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Qur’anı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər.

Yuxarıda da göstərdiyimiz kimi Tövbə  surəsinin 29-cu ayəsindəki ifadələr savaş dövrünə aid bir əmrdir. Bu ayənin Hz. Peyğəmbərə (s.a.v) Bizanslılarla savaşmasını əmr etmə ərəfəsində nazil olduğu və bu ayənin enməsindən sonra müsəlmanların Təbuq səfərinə çıxdığı söylənmiş olub bu görüş Mücâhid’dən rəvayət edilmiştir. (Bedreddin Çetiner, Esbab-ı Nüzul, Çağrı Yayınları: 1/446)

Həmin vaxt Məkkənin fəthindən sonra Bizanslılar, həmçinin Şam bölgəsində yaşayan və onların himayəsindəki xristian Qassanilər müsəlmanlara hücum etmək üçün planlar cızmış və böyük ordu hazırlamışdılar. Belə ki, xristian ərəblər Bizans kralı Herakla yazdıqları məktubda: “O peyğəmbərlik iddiası ilə ortaya çıxmış  adam var  ha, həmin adam öldü və yoldaşları da qıtlıqdan qırılır. Mal və mülklərindən əsər-əlamət qalmadı! Əgər onları da öz dininə daxil etmək fikrin varsa, bu işin əsl vaxtıdır!” – deyir, onu müsəlmanlara qarşı mübarizəyə təşviq edirdilər.

Bu arada Lahm, Cüzam, Amilə və Qassan kimi qəbilələr də baş qaldırmış, Bizansın gələcəyi təqdirdə onunla birgə hərəkət etməyə söz vermişdilər. Digər tərəfdən Allah Rəsulunun elçisini öldürüb Mutədə qarşısına çıxan Qassan məliki  Şurahbil ibn Amr Mədinəyə hücum etmək üçün fürsət axtarırdı!

Görünür, ortada ümumi bir ssenari vardı. Belə ki, bu yandan da yəhudilər Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlib: – Ya Əbal Qasım, – deyirlər, – əgər söylədiklərin doğrudursa, onda Şam tərəfə get. Çünki oralar peyğəmbərlər diyarıdır! [“İsra” surəsinin 76-cı ayəsinin bu fəaliyyətlər barədə nazil oması haqqında fikirlər var. Bax: Taberî, el-Câmiu’l-Beyân, 15/132; Vâhidî, Esbâbu Nüzûli’l-Kur’ân, 1/197; Süheylî, Ravdu’l-Unf, 4/293 və b.]

Zaman seçimi baxımından bunların hamısı başa düşüləndir. İslama kin-küdurət bəsləyən əhli-kitab mənsubları özləri bacarmadıqları üçün o dövrün ən güclü dövlətlərdən biri olan Bizansı hərəkətə gətirmək istəmiş və iştirak etmədən uzaqdan tamaşa ilə məqsədə çatmaq üçün planlarını qurmuşdular. Hadislərin qarşısını ala bilməyən düşmənlər bu son vasitəyə əl atmışdılar.

Bu ərəfədə Şam tərəfdən Mədinəyə gələn bəzi tacirlər Bizansın öncül qüvvələrinin Bəlkaya çatması barədə xəbər gətirmişdilər. Bir cəhətdən bu, onsuz da gözlənilən bir sonluq idi, çünki Bizans o dövrdə dünyaya hökm edən iki dövlətdən biri idi və bu gün olmasa da, sabah mütləq qarşı-qarşıya gələcəkdilər. Çünki İslam yalnız öz ayaqları, öz bünyəsi üzərində inkişaf edirdi və bunu görən “aktyorlar” bu qədər müstəqil bir inkişafı elə asanlıqla həzm etmirdilər.

Burdan anlaşıldığı üzrə Tövbə 29-cu ayənin nüzul olma səbəbi yəhudilər, xristian ərəblər və Bizans dövlətinin Ərəbistan yarımadasında yenicə güclənməkdə olan İslama qarşı savaş açmaq və fitnə-fəsad çıxarmaq niyəti ilə əlaqəlidir. Bu səbəbdən də Allah Təala həmin ayədə “zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər onlarla vuruşun” deyə müsəlmanlara əmr etməkdədir. Belə bir vəziyyətdə həmin ayənin enməsindən sonra Allah Rəsulu (s.a.v) müsəlmanlara döyüşə hazırlıq əmrini vermiş və miladi 630-cu ildə Təbuq səfəri gerçəkləşmişdir.