Fransanın dünyaca məşhur “Le Figaro” dərgisində 19/11/2014 tarixində dərc edilmiş “Fransız cihadçıların gözlənilməz profili” adlı məqalədə “İslamda Məzhəb Ayrılıqlarına qarşı Mərkəz”-in (Centre de prévention contre les dérives sectaires liées à l’islam) hazırladığı hesabatın nəticələri barədə bir sıra maraqlı faktlar öz əksini tapmışdır.

Belə ki, Fransada fəaliyyət göstərən və tədqiqatçı-antropoloq Dounia Bouzar tərəfindən əsası qoyulmuş araşdırma mərkəzinin 2014-cü ildə hazırladığı 90 səhifəlik hesabatın nəticələri Suriya və İraqda savaşmağa gedən fransız cihadçılar haqqında cəmiyyətdə formalaşmış bütün fikirləri alt-üst edib.

“Yeni terrorçu çağırışlar vasitəsilə gənclərdə edilən dəyişikliklər” adlı bu hesabatın hazırlanması zamanı müəlliflər (Dounia Bouzar, Christophe Caupenne, Sulayman Valsan) tərəfindən 160-dan çox ailədən alınmış məlumatlar və şahid ifadələrindən istifadə edilmişdir. Hesabatda qeyd olunur ki, Suriya və İraqda savaşa gedənlərin böyük əksəriyyəti (67%) orta sinfə məxsus ailələrdən çıxır ki, onların da arasında depresiyadan əziyyət çəkən 15-21 yaşlı gənclər çoxluq təşkil edir.

Lakin hesabatın gəldiyi ən maraqlı nəticə ondan ibarətdir ki, əksər insanların düşündüyünün əksinə olaraq radikal təşkilatlara qoşulan gənclərin çoxu öz dininə bağlı olan müsəlman ailələrdən çıxmır. Onların böyük əksəriyyəti (80%) ateist ailələrdə böyümüş və sonradan radikal qruplaşmaların təsirinə düşmüş gənclərdir. Sadəcə 10%-i isə immiqrant ailələrin payına düşür. Bu araşdırma bir daha onu göstərir ki, adətən terrorçu təşkilatlar din adı altında ateist ailələrdən çıxan gəncləri daha asan aldadıb öz sıralarına çəkə bilirlər, nəinki müsəlman gəncləri. Araşdırmanın nəticəsinə əsasən ateist ailədə böyümüş uşağı İslam adı ilə terrorizmə cəlb etmək asandır. Çünki uşağın İslam haqqında təsəvvürü demək olar ki, ya az olur və ya heç olmur. Ancaq müsəlman ailədə böyümüş və İslamı  daha yaxşı anlamış uşaq İslamı bildiyi üçün onu aldatmaq daha çətindir.

Mənbələr:

1. http://www.lefigaro.fr/actualite-france/2014/11/18/01016-20141118ARTFIG00158-le-profil-inattendu-des-djihadistes-francais.php

2. http://www.bouzar-expertises.fr/metamorphose

image