Bir çox dindarların düşündüyünün əksinə olaraq insanı küfrə, Allahı inkara sövq edən əsas səbəb təkcə savadsızlıq, bilgisizlik və ya cəhalət deyildir, başlıca amil həm də yüksək təkəbbürdür. Təkəbbür insanı küfr bataqlığına sürükləyən ən əsas səbəblərdən biridir. Bunu hardan öyrənirik?
Çünki Quran bizə bunu deyir. Diqqət edin. Şeytan Allaha qarşı üsyan etdi və əbədi kafirlərdən oldu. Halbuki Şeytan savadsız, bilgisiz birisi deyildi, heç cahil də deyildi. Şeytan Allahın varlığını dəqiq bilirdi, hətta uzun illər Allaha ibadətlə məşğul olmuşdu. Lakin sonda küfrə düşdü.
Bəs əsas səbəb nəydi?
Quranda bu barədə buyrulur:
(7 – A’RÂF) الأعراف / 11- Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı.
(7 – A’RÂF) الأعراف / 12- (Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi.
Göründüyü kimi səbəb yüksək təkəbbür və özünübəyənmədir, yəni məl’un şeytanın özünü başqasından (Hz. Adəmdən) üstün görməsi.
Bu gün biz əksər ateist alimlərin timsalında məhz bunun şahidi oluruq. Sırf Allahın varlığını inkar etmək və bilərəkdən haqqı gizləmək üçün onların ağzından hər cür bəhanələr və yalanlar, gülünc iddialar eşidə bilərsiz. Məgər bu insanlar savadsız və bilgisizdirlərmi? Xeyr.
Lakin onları kafir edən səbəb bilgisizlik və cəhalət yox, öz təkəbbürləridir. Eynən şeytanın etdiyi kimi.
Şeytanın əqidədaşı olan bu ateist alimlər və onların neo-ateist tərəfdarları özlərini o qədər ağıllı, intellektual hesab edirlər ki, Allaha inanan insanları geridə qalmış, primitiv, xurafatçı görürlər. İlahi varlığa və ya hansısa dinə inanan kəsləri doqmatik, dəlil və sübutun dəstəkləmədiyi bir şeyə inanan xurafatçılar hesab edirlər. Və öz mövqelərini daha da ağırlaşdırmaq üçün iddialarına bir qədər istehza da əlavə etməyi unutmurlar.
Lakin işin ən qəribə tərəfi budur ki, bu ateistlər, hətta aqnostiklər özləri də elə batil şeylərə inanırlar ki, bu inanc da onların standartlarına görə doqma hesab edilə bilər, çünki bu inancların da hələ ki, elmi yollar ilə hər hansı bir sübutu yoxdur.
Burada bəzi misalları qeyd etmək istəyirəm:
Lawrence Krauss və onun kimi bir çox təbii elmlər üzrə alimlər inanırlar ki, kainat öz-özünə heçlikdən yaranıb. Türkiyəli ateist alim Cəlal Şengör də kainatın təsadüfən yarana biləcəyinə inanır.
Craig Venter və onun bənzərləri inanırlar ki, laborotoriyada cansız maddələrdən canlı həyat yaratmaq mümkündür. Baxmayaraq ki, bu günə qədər belə bir canlı varlıq yaratmaq mümkün olmayıb, bu, onlara bunun mümkünlüyünə inanmağa mane olmur.
Tanınmış ateist bioloq Lewis Wolpert isə xristian teoloq Dr.Craiglə debatlarından birində Yaradanı inkar edərək kainatı super komputerin yarada biləcəyi kimi gülünc ifadələr səsləndirir.
Amerikalı araşdırmaçı jurnalist Ben Steinlə müsahibəsi zamanı ateist bioloq Richard Dawkins açıq-aşkar etiraf edir ki, biokimya və molekulyar biologiyanın detallarını incələdiyinizdə, orda bir Dizaynerin imzasını görə bilərsiz. Yəni bunu deyərkən əslində Dawkins dolayı yolla Ali Şüura sahib bir Yaradan qüvvənin, Dizaynerin mövcud olduğunu etiraf edir. Amma sonra o boyda dünya şöhrətli alim nə desə yaxşıdı? Deyir ki, yer üzündəki canlı həyatı Allah yox, bəlkə də yadplanetlilər yaradıb. Yəni Dawkins qətiyyətlə ilahi varlığın mövcudluğunu inkar etmək üçün Yer üzündəki həyatın ayrı planetlərdəki daha intelektual varlıqlar tərəfindən əkilməsi ehtimalını mümkün hesab edir, bu ehtimalın zəif olduğunu desə də bunun mümkün olduğuna inanır. Halbuki yadplanetlilərin varlığına dair heç bir real elmi fakt tapılmayıb. Nə vaxtsa, tapılsa belə bu yenə də Allahın yox olduğu mənasına gəlməz. Çünki o zaman ortaya belə sual çıxacaq ki, “bəs yadplanetliləri kim yaradıb?”. Qısaca desək, Dawkins burda “kim olursa-olsun, bircə Allah olmasın” düşüncəsi ilə elmi əsası olmayan və sadəcə fərziyyələr üzərində qurulmuş inkarçı bir mövqe tutur.
Bu gün dünyanın ən zəki alimlərindən biri ateist Stephen Hawking sayılır. Stephen Hawking və ona uyanlar inanırlar ki, kainatda heç bir şey olmasa da cazibə qüvvəsi özü-özünü heç bir şeydən yarada bilər, belə bir şey mümkündür. Deməli, Stephen Hawking daha əvvəlki kitablarında Allahın var olub olmaması sualını cavabsız buraxırdı. Lakin “The Grand Design” kitabında bu suala konkret bir cavab vermək qərarına gəlir və görün nə cavab verir:
“Because there is a law like gravity, the universe can and will create itself from nothing.”
Tərcüməsi: “Cazibə kimi qanun mövcud olduğu üçün kainat özünü heçnədən yarada bilər və yaradacaq.”
İndi siz təsəvvür edin ki, belə böyük bir alimdən bu qədər absurd, bu qədər gülünc, bu qədər safsata olan bir cümlə çıxa bilər. Özünüz cümlənin üzərində düşünün. Bu alim deyir ki, “kainat özünü heçnədən yarada bilər”. Nə üçün? “Çünki cazibə kimi bir qanun vardır.” Əgər cazibə kimi bir qanun varsa deməli burada “heçnə” sözü mənasız olur. Əgər bir şey mövcud deyilsə, o zaman cazibə qanunu da yoxdur, kainat da yoxdur. Belə çıxır ki, kainat həm yaradıcı olur, həm də yaradılan. Bu söz əslində birinin belə deməyinə bənzəyir: “Mənim anam özü özünü doğub.” Bu qədər absurd bir fikir dünyanın ən zəki və ən daha bir beyindən çıxır. Nə üçün? Çünki bunun adı küfrdür. Bu əlil, fiziki qüsurlu fizika alimi yaradılışın əzəmətini, möhtəşəmliyini görsə də təkəbbür səbəbindən öz dəhasını, zəkasını daha üstün bilir və böyüklənir, boyun uzadır, bu möhtəşəmlik qarşısında həqiqi mənada boyun əymək istəmir.
Bu bilim adamlarının bir çoxu inanır ki, təbii elmlər kainatda baş verən və bizə fövqəl-təbii olaraq görünən hər bir şeyi izah etməyə qadirdir. Bu inanc da heç bir elmi sübuta dayanmır, lakin təbii elmlərin qüdrətinə inanmaqdan başqa bir şey deyildir.
Bu misalları artırmaq olar. Lakin burada görülməsi lazım olan tərəf budur ki, elmi yollar ilə sübut olunmamış, empirik sınaqlardan keçməmiş bir şeyə inanmaq əgər insanın xurafatçı, primitiv olmasını tələb edirsə o zaman müasir dövrümüzün ateist bilim adamlarına da bu primitivliyin, xurafatçılığın çox yaxşı bir payı düşür.