Mənəvi dəyərlər arqumenti Yaradıcının obyektiv mənəvi dəyərlər və öhdəliklər üçün yeganə ontoloji əsas ola biləcəyini irəli sürərək Onun varlığını isbat etməyə çalışır. Bu arqument aşağıdakı kimi təqdim oluna bilər:

1. Əgər Yaradıcı mövcud deyilsə, o zaman obyektiv mənəvi dəyərlər və öhdəliklər mövcud deyil.
2. Obyektiv mənəvi dəyərlər və öhdəliklər mövcuddur.
3. Beləliklə, Yaradıcı mövcuddur.

İlk öncədən obyektiv dəyərlər ilə nəyi qəsd etdiyimizi izah edək. Obyektiv mənəvi dəyərlər ilə biz zamandan və məkandan, insanların istəkləri və seçimlərindən asılı olmayan, daima doğru olan dəyərləri və öhdəlikləri qəsd edirik. Bu dəyərlərə zidd əməl etmək isə obyektiv şərdir. Misal üçün, İslamdan əvvəlki ərəb cəmiyyətində qız uşaqlarını dir-diri basdırmaq adət halını almışdı. Lakin biz hamımız bilirik ki, bu nə o zaman nə də bizim dövrümüzdə, nə də heç bir vaxt doğru bir şey ola bilməz. Hətta bu adət bütün dünyada yayılsa belə, yer üzündə yaşayan hər bir kəs bu əməlin doğru olduğunu desə belə, biz yenə də bunun doğru olmadığını anlayırıq. Bura həmçinin günahsız insanları öldürməyi, zorakılığı və pedofiliyanı əlavə edə bilərik. Mənəvi dəyərlər arqumentini istifadə edənlər deyirlər ki, əgər Yaradıcı mövcud deyilsə, o zaman sizin bu əməlləri həqiqətən də obyektiv olaraq şər əməl saymanızın heç bir əsası yoxdur. Siz ərəblərin öz uşaqlarını öldürməklərini səhv hesab edə bilərsiz. Lakin onlar belə hesab etmirdilər. Sizin fikrinizin onların fikrindən daha üstün olduğunu necə deyə bilərsiz? Bunu demək üçün bizə bu əməlləri mühakimə edəcək və insan subyektivliyindən üstün olacaq bir instansiya lazımdır. Teistlər bu instansiyanın Yaradıcı olduğunu deyirlər.

Yuxarıda qeyd olunan arqumentasiya xətti tamamilə məntiqlidir, beləliklə əgər ilk iki fərziyyə doğru olarsa, o zaman nəticə də doğrudur. İlk əvvəl ikinci fərziyyədən başlayaq.

1. Obyektiv mənəvi dəyərlər və öhdəliklər mövcuddur
İnsanların əksəriyyəti obyektiv mənəvi dəyərlərin və öhdəliklərin mövcud olduğunu qəbul edirlər. Hətta ateistlərin əksəriyyəti bir növ mənəvi dəyərlərin mövcudluğunu inkar etmirlər. Lakin Jan Pol Sartr kimi məsələni dərindən düşünən bəzi səmimi ateistlər Yaradıcının mövcud olmadığı təqdirdə dəyərlərin də mövcüd olmayacağını etiraf ediblər. Az bir qism olsa da, bəzi ateistlər obyektiv mənəvi dəyər və öhdəlikləri inkar ediblər.
Biz buna etik subyektivizm deyə bilərik. Bu dünya görüşünə görə obyektiv mənəvi dəyərlər mövcud deyil, əksinə mənəvi dəyərlər insandan insana dəyişir. Sənin üçün doğru olan sənin üçün doğrudur, mənim üçün doğru olan mənim üçün doğrudur! Bu dünya görüşün çürük olması açıq aydındır. Bu dünya görüşünə sahib olan insan heç bir zaman qəsdən məsum adam öldürməyə və ya zorakılığa şər deyə bilməz. Maksimum edə biləcəyi: “bu mənə görə şərdir” deməsidir. Bu cür insanları açıq aydın misallar ilə ifşa etmək mümkündür. Balaca uşaqlara sadəcə əyləncə üçün işgəncə vermək doğru deyil, ağlı başında olan insan bunun mütləq bir şər olduğunu qəbul etməlidir. Lakin etik subyektivizm prinsipinə inanan bunu deyə bilməz. Bu əməldən xoşlanmaya bilər, lakin bunu edən birisinə şər etdiyini deyə və onun əməlinin qarşısını ala bilməz, çünki bunu edənin dünya görüşünə görə bu doğru bir əməldir! Bu sistemin ərəsəyə gətirəcəyi insanları təsəvvür edin. Bu insanlar zorakılığa uğrayan qadının yanından keçməli və heç bir şey etməməlidirlər! Həmçinin siz bu cür düşünən insana qarşı bir işgəncə tətbiq edib, heç bir etiraz etməməsini gözləməlisiniz.

Obyektiv mənəvi dəyərləri inkar edən birisinə nə deyə bilərik? Yuxarıda qeyd olunan açıq aşkar misallardan başqa bir şey deyə bilmərik. Obyektiv mənəvi dəyərləri inkar etmək bizim yaşadığımız və hisslərimiz ilə dərk etdiyimiz real dünyanı inkar etmək kimi bir şeydir. Sonunda bu dəyərləri inkar edən hansısa bir alim tərəfindən ixtira edilən robot olmadığını, sadəcə bu dünyada yaşadığını təsəvvür etməyə məcbur edilmədiyini necə isbat edə bilər? Matriks filminə baxanlar nə dediyimizi anlayar. Ateist Piter Keyv bunu anlayaraq deyir: “Günahsız birinin öldürülməsi şərdir inancımıza qarşı istənilən arqument gətirilsin. Biz daim bu arqumentin doğruluğundan daha çox günahsız birinin öldürülməsinin şər olduğuna inanacayıq. Uşaqlara sadəcə əyləncə üçün işğəncə vermək doğru deyil!” (Peter Cave, Humanism, Oxford: OneWorld, 2009, p.146).

2. Əgər Yaradıcı mövcud deyilsə, o zaman obyektiv mənəvi dəyərlər və öhdəliklər mövcud deyil.
Obyektiv mənəvi dəyərlərin bizə Yaradıcı tərəfindən verildiyini hardan bilə bilərik?
İlk növbədə, yuxarıda da ya qeyd edildiyi kimi, bu mənəvi dəyərlər insan şüurundan daha üstün, dəyişməz standartlara əsaslanmalıdır, çünki bunlar insan faktorundan asılı deyil, zaman və məkan ilə dəyişməz. Bunun üçün Yaradıcıdan daha yaxşı alternativ yoxdur.
Həmçinin mənəvi dəyərlər direktiv şəkil daşıyır. Misal üçün, biz bir fiziki obyekti yüksəklikdən atdığımız zaman bu obyekt yerə düşür və yerə düşməsinin səbəbi cazibə güvvəsidir. Bu əşya cazibə qanununa əsasən yerə düşür, yəni cazibə qanunu onun düşməsinin səbəbidir. Lakin biz deyə bilmərik ki, bu əşya yerə düşməyə borcludur. Burada fiziki qanun izahedici xarakter daşıyır. Lakin mənəvi qanun belə deyil, o mənim nəyi edib etməməyə borclu olduğumu əmr edir. Mən cazibə qanununa qarşı heç bir zaman çıxa bilmərəm, lakin mənəvi qanuna qarşı çıxıb doğru olanı etməyə bilərəm. Francis J. Beckwith və Greg Koukl deyirlər: “Bir əmr yalnız iki şüur arasında olduğu təqdirdə bir məna daşıyır: biri əmr verir, digəri isə bu əmri qəbul edir (Moral Relativism: Feet Firmly Planted in Mid-Air, Grand Rapids, Michigan: Baker, 1998, p.166.). Əgər obyektiv mənəvi qanunlar əmr olunmaq kimi bir xüsusiyyət daşıyırsa, o zaman biz bu əmri insan dərrakəsindən üstün və şüurlu Varlıqdan almalıyıq. Həmçinin, bu mənəvi dəyərlər zaman və məkan, insan tərcihləri və seçimlərindən asılı olmadığına görə, bu qanunlar İnsan şüurundan daha üstün, mükəmməl mənəvi şüurdan gəlməlidir. Mənəvi dəyərlər eyni zamanda xüsusi məqsəd daşıdığına görə, bu dəyərlərin İradə sahibi tərəfindən əmr olunması lazımdır. Son olaraq, mənəvi dəyərlər əmiranə xarakter daşıyır. Deməli bu qanunları əmr edən bizə bu qanunları qəbul etdirmə gücünə sahibdir, və beləliklə Qüdrət sahibidir. Qeyd etdiyimiz bütün bu xüsusiyyətlər teistlərin inandığı Yaradıcı məfhumunda mövcuddur.

Biz müəyyən bir mənəvi öhdəliyimizi yerinə yetirmədiyimiz təqdirdə mənəvi günah hissi keçiririk. Bəzi hallarda biz kimə qarşı günah hiss etdiyimizi açıq aydın bilirik. Lakin bəzi hallarda kimin qarşısında günah sahibi olduğumuzu bilməsək belə, günah hiss keçiririk. Diqqət yetirin: kimin, nəyin qarşısında deyil. Abstrakt, şüursuz varlıqlara qarşı günah hissi keçirmək heç cür ağıla sığmaz. Misal üçün yeniyetmə əsəbləşib telefonununu sındıranda, bu telefonu ona alan valideynlərinə qarşı günah hissə keçirə bilər, lakin telefonun özünə qarşı günah hissə keçirilməz.

Bütün bunlar obyektiv mənəvi dəyərlərin Yaradıcı tərəfindən gəldiyini açıq aydın izah edir. İki fərziyyənin doğru olduğu isbat edildiyi halda, nəticə məntiqi olaraq doğru qəbul edilməlidir.

Mənəvi dəyərlər arqumentinə qarşı tez-tez gətirilən iradlardan biri insanın mənəvi dəyərlərinin din ilə formalaşmadığı, əksinə dinlərin mövcudluğundan daha öncə də mövcud olması iddiasıdır. Bunu deyənlər sizə yaxşı işlər ilə məşğul olan bir çox ateisti də örnək olaraq göstərə bilərlər. Bu məsələnin ontoloji tərəfi ilə epistomoloji tərəfini qarışdırmaqdır. Biz demirik ki, Yaradıcıya inanmayan bir insan müəyyən mənəvi dəyərlərə sahib olaraq onlara əməl edə bilməz. Əksinə, ateistlərin belə bu dəyərləri bilməsi və bəzən onlara əməl etməsi yalnız bizim arqumenti gücləndirir. Lakin biz deyirik ki, Yaradıcı məfhumu olmadan, bu obyektiv mənəvi dəyərlər üçün ontoloji əsas mövcud olmur. Yəni, Yaradıcı olmadan mənəvi dəyərlərin heç bir qaynağı ola bilməz. Bu ikisi arasında fərqə diqqət yetirmək lazımdır.

Qarşılaşdığımız digər etiraz mənəvi dəyərlərin cəmiyyətin təsiri nəticəsində formalaşmasıdır. Yəni, bəzi ateistlərə görə nəyin doğru, nəyin doğru olmadığını təyin edən cəmiyyətdir. Çoxluq qaydası – mənəvi dəyərlər sadəcə qanuni olanlardır. Buna kanvensiolizm adını verirlər. Lakin bu prinsipin doğru olmadığı aşkardır. Bu prinsipə görə, əgər bir cəmiyyət yeni doğulmuş sarı saçlı uşaqları öldürməyə qərar verərsə, bunu cəmiyyətin rifahı üçün ən sağlam yol görərsə, o zaman bunda heç bir problem olmamalıdır, əksinə, sarı saç ilə doğulmaq özü mənəviyatsızlıq olacaq. Lakin bu prinsipin absurd olmasını göstərmək üçün belə qəribə hipotetik cəmiyyət haqda fikirləşmək lazım deyil. Keçən əsrin otuz-qırxıncı illərində Almaniyada hakim olan prinsip kanvensiolizm prinsipi idi. Heç bir səbəb olmadan yəhudiləri öldürmək qanuni bir şey idi. Həmçinin keçən yazıda qeyd etdiyimiz kimi, bu prinsipə əsasən İslamdan əvvəlki ərəblərin qız uşaqlarını diri-diri basdırmaqlarında bir problem olmamalıdır, çünki onların cəmiyyətində bu məqbul bir əməl idi.

Açıq aydındır ki, cəmiyyət heç bir zaman obyektiv mənəvi dəyərlər üçün əsas ola bilməz. Cəmiyyətlər dəyişir, beləliklə bu dəyərlər də dəyişikliyə uğraya bilər. Lakin biz qeyd etdik ki, obyektiv dəyərlər insanlardan, cəmiyyətdən, zaman və məkan məfhumlarından asılı deyil. Uşaqlara əyləncə üçün işgəncə vermək şərdir və şər olaraq qalacaq, bütün Kainat bunun doğru olduğuna dair konsensus halına gəlsə belə.

Advertisements