Ateistlər tərəfindən mənəvi dəyərlərin əsası kimi daha çox istifadə edilən alternativ isə təkamül nəzəriyyəsidir. Bu prinsipə görə, təbii seleksiya nəticəsində insanlarda insan cinsinin qorunması və genlərinin gələcək nəsillərə ötürülməsi üçün ən əlverişli davranış şəkilləri onların mənəvi dəyərlərinə çevrilib. Qısacası, Stalin ilə Tereza Ana arasındakı fərq sadəcə və sadəcə genlərin və xromosomların tərtibidir. Amma biz sırf genlərinə görə Stalini pis adam adlandıra bilərik mi? Bu prinspin bir neçə ciddi zəifliyi var:

1. İlk növbədə təkamül nəzəriyyəsinin mənəvi dəyərləri formalaşdırması intuisiyaya ziddir. Bəli, deyə bilərlər ki, mənəvi dəyərlərin bir hissəsi, misal üçün insest, canlılar arasında mənfi nəticələrə gətirdiyi üçün təkamül nəticəsində tabu olub. Lakin mənəvi dəyərlərin bir hissəsi belə deyil. Biz hamımız bilirik ki, ananın öz həyatını balası üçün fəda verməsi gözəl və intuitiv bir şeydir. Lakin təbii seleksiyanın qaydası heyvanların özlərini qoruması və həyatlarını davam etdirmələridir. Nəyə görə ana öz canından keçməlidir ki, başqa bir can yaşasın? Təbii seleksiyanın qaydası odur ki, canlı ilk növbədə özünü düşünməlidir. Dişi aslan yeməyə bir şey tapmayanda öz balaların yeyir. Əgər insan sadəcə inkişaf etmiş heyvandırsa, nəyə görə insan belə edə bilməz? Üstəlik Adolf Hitler yahudilərə qarşı soyqırım təşkil edəndə insan cinsinin daha da inkişaf etməsinə, güclülərin sağ qalıb öz genlərini gələcək nəsillərə ötürməsini əsas alırdı. Mayn Kampf kitabını oxuyan, Hitlerin necə də Darvinin nəzəriyyəsindən təsirləndiyini görə bilər.

2. Təkamülün obyektiv mənəvi dəyərlərin əsası olması üçün üzləşdiyi ən böyük problem isə, təkamülün daim dəyişikliyə uğramasıdır. Biz bilirik ki, təkamül nəzəriyyəsinə görə, canlılar dəyişən təbii şəraitlərə daim adaptasiya olaraq sağ qalmağa çalışırlar. Bu o deməkdir ki, teoritik olaraq, bizim bu gün obyektiv şər hesab etdiyimiz hər hansı bir şey, misal üçün zorakılıq, keçmişdə müəyyən şərtlər altında doğru bir şey ola bilərdi, və ya gələcəkdə nə zamansa doğru ola bilər. Həmçinin ola bilər ki, öz yaşamını təmin etmək üçün insan öz balasını öldürməli olsun. Bu prinsipə əsasən, o zaman biz bu əməlləri şər adlandıra bilmərik. Lakin biz dedik ki, obyektiv dəyərlər vaxt və məkandan asılı deyil. Hər bir insan bilir ki, nə zorakılıq nə də balaca uşaq öldürmək doğru bir şey ola bilməz. Beləliklə, təkamül obyektiv mənəvi dəyər və öhdəliklərin əsasını təşkil edə bilməz. Bu prinsipə əsasən biz heç bir zaman müəyyən qrup insanlarda mövcüd olan və bizim mənəviyatsızlıq hesab etdiyimiz əməlləri qınaya bilmərik. Misal üçün, pedofiliya ilə məşğul olan bir qrup insan bunu təbii seleksiyanın nəticəsi olaraq izah edə bilər.

3. Bu prinsipin qarşılaşdığı üçüncü problem təkamülün izahedici xarakter daşımasıdır. Təkamül nəzəriyyəsinə görə, insan müəyyən funksiyaları müəyyən səbəblərə görə əldə edib. Lakin mənəvi qanunlar izahedici xarakter daşımır, onlar əmiranə xarakter daşıyır. Bu yöndən, təkamül nəyə görə yəhudilərin soyqırımının bu vaxta qədər insan növü üçün mənfi rol oynayacağını izah edir, lakin gələcəkdə insan növü üçün nəyin xeyir olacağını izah edə bilmir. Ona görə də, bu prinsipə əsasən, biz Hitlerin yəhudiləri öldürməməlidir deyə bilmərik, çünki gələcəkdə bunun nə nəticə verəcəyindən bixəbərik.

Məsələnin ironik tərəfi isə odur ki, əgər ateizm doğru bir şeydirsə, və obyektiv mənəvi dəyərlərin mənbəsi təkamüldürsə, o zaman insanlar nəyə görə mənəvi həyat yaşamalıdırlar? Əgər müəyyən qədər gücü olan insan bu mənəvi dəyərlərə qarşı çıxar, və istədiyi həyatı yaşayarsa, bunu nəyə görə etməməlidir? Həyat qəbirdə bitəcəksə Stalin, Hitler, Pol Pot, Kim İr Sen və əlləri milyonlarca insanın qanına bulaşmış digər diktatorlar nəyə görə öz rifahı və sağ qalmasını təmin etmək üçün insan öldürə bilməzdi? Ateizm buna cavab verə bilməz. Qeyd etdiyimiz bütün insanların ateist olması da diqqətimizdən qaçmamalıdır.

Deyilə bilər ki, son tədqiqatlar heyvanlarda rudimentar mənəvi dəyərlərin mövcudluğunu göstərir. Aparılan sınaqda bir qrup şimpanze öz bananlarını qrup ilə bölüşdürmək istəməyən şimpanzeni yeməkdən məhrum edərək “cəzalandırır”. Şimpanzelərin bu cür davranışı onlarda mövcud olan rudimentar mənəvi dəyərlər ilə əlaqələndirilir.
Bu dəyərləndirmədə bir neçə problem var. İlk növbədə burada mənəvi dəyərlər sadəcə xarici davranış ilə sınırlandırılmışdır. Şimpanzelərin bu davranışı sadəcə və sadəcə bu halda daha yaxşı sağ qaldıqları ilə izah oluna bilər. Lakin bu heç cür bu şimpanzenin öz yeməyini bölüşdürməyə borclu olduğunu, etmədiyi təqdirdə isə mənəviyyatsız davrandığını bizə göstərmir.
Mənəvi dəyərlər sadəcə xarici davranışı deyil, əksinə niyyət və motivi də ehtiva edir. Misal üçün bilmədən yaşlı xanımı itələyən ilə bunu qəsdən edən arasında fərq var. Biz adətən birinci halda olanı günahlandırmasaq da, ikincisinin əməlini mənəviyatsızlıq hesab edirik. Üstəlik motiv də önəmlidir. Yaşlı xanımı qatarın altına düşməkdən xilas etmək üçün qəsdən itələyən insan mənəvi cəhətdən pis bir şey etməmişdir. Qeyd olunan hallarda xarici davranış eynidir, lakin niyyət və motivə görə əməl ya mənəvi cəhətdən doğru ya da səhv olur. Bəzən isə bir insan heç bir əməl etmədən də mənəviyyatsız ola bilir: insanlara qarşı şər düşünmüş, lakin bunu yerinə yetirməyə gücü çatmayan birisi buna misal ola bilər.

Bütün bunlar bizə göstərir ki, mənəviyyat sadəcə xarici davranışdan ibarət deyil, və sadəcə xarici davranışla izah oluna bilməz. Buna görə də şimpanzenin bu cür hərəkətini mənəviyatsızlıq adlandırmaq doğru deyil.

Advertisements