• Haqqımızda

Dini suallar

~ Dini mövzularda sual-cavablar

Dini suallar

Kateqoriya Arxivləri: Allah Təala (c.c) haqqında suallara cavablar

Allahsız həyatın mənası yoxdur

14 Cümə Apr 2017

Posted by science1985 in Allah Təala (c.c) haqqında suallara cavablar

≈ Bir şərh yazın

Amerikalı anropoloq, filosof, təbiət elmləri barəsində kitab yazarı Loren Eiseley (1907-1977) “The Saturday Review” jurnalının 1974-cü il, 23 fevral buraxılışında maraqlı bir məqalə dərc edib. “Kosmik Yetim” adlanan bu məqalədə Loren Eiseley insaniyyət üçün önəmli olan bir halı çox bədii şəkildə oxucularına çatdırır.

“Mən, bir kəsin “mən kiməm?”, “mən nə üçün buradayam?”, “mənim varlığımın mahiyyəti nədir?”, “böyümək nə deməkdir?”, “dünya nədir?”, “nə qədər burada yaşayacam?”, “görəsən sonra mənə nə olacaq” suallarını verməyə başladığı o qeyri-müəyyən, lakin önəmli yaşda bir gənc olduqda kiçik yoldaşımla çay üzərindən keçən körpünün üstündə tez-tez gəzərdim. Körpünün hissələri arasından təxminən on beş metr aşağıdakı parıltılı su səthini görmək olurdu. O halda valideynlərimizin haqqında xəbərdarlıq etdikləri təhlükəli bir işi görürdük. O qara körpünün üstündə tutulsaydın heç də yaxşı olmazdı. Orada çox faciəvi bir şey, ölüm adlanan bir şey baş verə bilərdi.”

Loren bu sözləri ilə məqaləsinə başlayır. İki nöqtəyə diqqət çəkir; İnsanların daim axtarışda olmasına və ölümdən çəkinməsinə. Məqalənin adı da maraqlıdır: “Kosmik Yetim”. Bunu atası ilə uşaqlıqda etdiyi söhbətindən xatırlayırdı. Atasına insanların bura necə gəldiyini soruşduqda atası ona insanları yetim olaraq vəsf etmişdi: “Bir vaxtlar kasıb bir yetim var idi ki, ona necə yaşamağı, özünü necə aparmağı öyrədən heç kim yox idi. Bəzən ona heyvanlar, bəzən də fövqəl-təbii varlıqlar kömək etdilər. Lakin hər şeydən öncə bir şey aşkar idi; Yer kürəsinin digər sakinlərindən fərqli olaraq ona birilərinin kömək etməsi lazım idi. O öz yerini bilmirdi, onu tapması lazım idi. Bəzən təkəbbürlü idi, ona görə də təvazökarlığı öyrənməli idi, bəzən qorxaq idi, ona kimsə cəsurluğu öyrətməli idi…” Lorenin atası insanın necə yetim olduğunu ona izah edirdi. Loren daha sonra bu düşüncələrini böyükdükdən sonra da davam etdirdi. Ona görə biz sadəcə təbiətdə yetim varlıqlar deyilik, ümumiyyətlə kosmosda yetim olan varlıqlarıq. İnsan kainatda yeganə varlıqdır ki, “mən kiməm?”, “mən burada nə edirəm?”, “mənim sonum nə olacaq” suallarını verib durur. İntibah dövründən, yəni dinlərin cəmiyyətlərdən sıxışdırılıb çıxarılmağa başlandığı zamandan bəri insanlar bu suallara Allah məfhumunu unudaraq cavab tapmağa çalışırlar. Allahı bu suallarla bağlamaq istəməyənlər axtardıqları və tapdıqlarını güman etdikləri cavablar ilə sevinmədilər, əksinə aldıqları cavablar çox üzücü və faciəvi idi. “Sən, ey insan, təbii proseslərin təsadüfü törətdiyi kənar bir məhsulsan, maddə, vaxt və təsadüfün cəmindən əmələ gəlmiş bir məhsulsan. Sənin mövcud olmağının heç bir məqsədi/mahiyyəti yoxdur. Sənin bütün inancın/imanın ölüdür.”

Müasir avropalı insan Allahdan “qurtulduqdan” sonra ona təzyiq edən, onu əsarətə salan hər bir şeydən qurtulduğunu güman edirdi. Əksinə “ilah” məfhumunu öldürməklə özünü də öldürdüyünü dərk etdi, çünki əgər Allah yoxdursa o zaman insanın həyatı mənasız olur.

Əgər Allah mövcud deyilsə o zaman insan və bütün kainat ölümə məhkumdur. İnsan da digər bioloji varlıqlar kimi mütləq ölməlidir. Ölümsüzlük, əbədilik ümüdü yoxdur, insanın həyatı onu sadəcə və sadəcə qəbirə götürür. İnsanın həyatı qaranlıq zülmətdə ani çıxan bir qığılcım kimidir, anidən parıldayır, işıq saçır və həmişəlik solub gedir. Ona görə də hər bir fərd “mövcud olmamaq təhlükəsi” ilə üzbəüz gəlir. Bu gün var olduğumu, yaşadığımı bildiyim halda nə zamansa var olmayacağımı, yaşamayacağımı bilirəm.

Uşaq zamanında pak kimliyimiz ölüm reallığını qəbul etmir, çünki fitrətimizə ziddir, fitrətimiz əbədiyyat tələb edir. Lakin allahsız insanlar böyüdükcə bu “reallıqla” barışırlar. Ölüb yox olmağı qəbul edirlər, özlərini buna alışdırırlar. Lakin təhrif olunmamış uşaq saflığı bunu qəbul edə bilmir. Fransız filosofu Jean-Paul Sartre bununla bağlı deyir ki, “ədəbiyyatı itirdikdən sonra sənin üçün bir neçə saat ilə bir neçə il arasında fərq qalmır.”

Yox olmaq təhlükəsi sadəcə hər bir fərdi ayrıca təhdid etmir. Bütün bəşəriyyət bu qaçınılmaz sonluğa doğru gedir. Müasir elmin vardığı ən son nəticəyə görə kainat genişlənir və genişləndikcə soyuqlaşır və enerjisi səpələnir, yayılır. Sonunda bütün ulduzlar yanıb qurtaracaq və sönəcəklər, bəşəriyyət məhv olub gedəcək. Bəşəriyyət üçün bir qurtuluş axtarmaq mənasızdır, çünki bəşəriyyətin ölümünə doğru inanılmaz sürətlə genişlənən bu nəhəng kainatı durdurmaq imkansızdır. O zaman sadəcə olaraq insanlar ayrı-ayrılıqda yox, bir varlıq olaraq yox olmaqla üz-üzə durublar.

Əgər Allah yoxdursa o zaman bu həyat tamamilə mənasızdır. Bu, ölümə məhkum olunmuş məhbuslar kimi edam olunmağı gözləməyə bənzəyir. O zaman bizim bu yaşadığımız həyatın önəmli bir dəyəri yoxdur, bir məqsədi yoxdur. “Önəmli olan özündən sonra ad buraxmaqdır”, “önəmli olan tarixə düşməkdir” şəklində təsəlli üçün istifadə olunan sözlər də əslində absurd görünür, çünki əgər bəşəriyyət məhv olacaqsa, heç bir canlı qalmayacaqsa o zaman tarix də olmayacaq. O zaman ümumiyyətlə nəyinsə kainatda var olmasının bir mənası qalmayacaq. Başqa sözlə kainatın və canlıların ümumiyyətlə əmələ gəlməsi ilə əmələ gəlməməsi arasında heç bir fərq qalmır.

Allahsız həyatın bir mənası yoxdur. Allahsız həyat absurddur!

Mənə Allahdan danış

13 Cümə axşamı Apr 2017

Posted by science1985 in Allah Təala (c.c) haqqında suallara cavablar

≈ Bir şərh yazın

ALLAHI NİYƏ GÖRMÜRƏM?

Allahı görmək istəyirsən? Heç çəkinmə! “Bəli, mən Allahı görmək istəyirəm!”- de. Sənin istəyini başa düşürəm. Sənə haqq verirəm. Çünki, mən də Allahı görmək istəyirəm.

Parlaq Günəşi göydən çıraq kimi asan Allahı mən də tanımaq istəyirəm.

Qaranlıq gecəni Ay və ulduzlarla aydınladıb bəzəyən Allahı kim görmək istəməz?!

Planetimiz Yerə bir bax! Nəhəng bir top kimi fəzada durur. Xeyr, xeyr, səhv dedim. Durmur, Günəşin ətrafında fırlanır. Həm də öz ətrafında dövr edir. Özü də çox sürətlə… Həqiqətən, mən də Yer planetini səma boşluğunda fırladan Allahı görmək istəyirəm.

Dünyanın üstünü mavi bir səma ilə örtən Allahı kim tanımaq istəməz?!

Nəhəng buludları mavi səmada gəmi kimi üzdürən, üstəlik, o iri buludlarla göllər, dənizlər qədər su saxlayan Allahı tanımaq, bilmək arzusu kimin ürəyindən keçməz?!

Buludlardan damcı-damcı yağış yağdıran, bir-birindən fərqli saysız-hesabsız qar dənələrini yaradan Allahı tanımaq və görmək istəyirsənsə, burada qəribə nə var?!

Ağaclara bir bax! Kökləri ilə palçıqlı suyu içir, amma bal kimi gilaslar, şipşirin almalar, ləziz armudlar, turşməzə limonlar, meyxoş narlar yetirir.

Bütün bunları yaradan Allahı görməyi kim arzu etməz?!

Sual verirsən ki, “ALLAHI NİYƏ GÖRMÜRƏM?!” Haqlısan. Onu görmək istəməkdə yerdən göyəcən haqqın var.

Səni başa düşürəm.

Mən də Allahı görmək istəyirəm. Onu daha çox tanımaq və daha çox sevmək istəyirəm.

Çiçəklərə bir bax! Laləyə, bənövşəyə, qərənfilə, qızılgülə bir bax.

Bir-birindən gözəl, rəngarəng, ətirli çiçəkləri yaradan Allahı tanımaq və görmək sənin haqqındır.

Az qala unutmuşdum!

Ağacların budaqlarında civildəyən sərçələrə bax! Leyləkləri düşün! Parkda dən tökdüyün göyərçinləri fikirləş.

Gözlərini yum və tanıdığın bütün quşları gözünün önündə canlandır. Gör nə gözəl qanad çırpırlar. Havada necə məharətlə süzürlər?!

Nə gözəl səsləri var!

Nə gözəl lələkləri var!

Nə gözəl yuva qururlar.

Balalarını necə şəfqətlə yemləyirlər!

Bu quşları yaradan, onlara sivri dimdiklər, mükəmməl qanadlar, iti caynaqlar və gözəl səs verən Allahı hər şeydən, hər kəsdən çox tanımaq istəyirəm. Sən də mənim kimi görmək istəyirsən və “Niyə görmürəm?”-deyə soruşursan.

Haqlısan, çox haqlısan. İkimiz də haqlıyıq.

Sən balaca bir hüceyrə idin. Sonra bu hüceyrə ana bətnində bölünərək çoxaldı. Böyüdü, böyüdü və beləcə, sən dünyaya gəldin. Səncə, bu möcüzə deyilmi?

Əllərin, barmaqların, üzün, gözlərin, ağzın, dilin, qulaqların, saçların və qaşların bu bircə hüceyrədən əmələ gəldi.

Zahirən sadə görünən bu işlər, əslində, o qədər qarışıq, o qədər mürəkkəbdir ki?!

Ürəyin, ağciyərlərin, böyrəklərin, beynin və digər orqanların öz yerinə qoyuldu və işləməyə başladı. İndi sən Allahı tanımaq istəyirsən və: “MƏNİ VƏ KAİNATI YARADAN ALLAHI NİYƏ GÖRMÜRƏM?”-deyirsən.

Haqlısan, çox haqlısan.

Sənə izah etməyə çalışacağım, amma əvvəlcə sənə bir şeyi xatırlatmalıyam. Səbirli ol və məni axıracan dinlə.

Çünki, bu sualın cavabı elə də asan deyil.

Unutma ki, çətin sualların cavabı da uzun olur.

HƏR ŞEYİN SƏRHƏDİ VAR

Hər şeyin bir sərhədi vardır. Məsələn, sən ən çox neçə kiloqram yük qaldıra bilərsən? Deyək ki, iyirmi, iyirmi beş və ya otuz… Amma yüz kiloluq yükü heç vaxt qaldıra bilməzsən. İki yüz kiloluq yükü isə heç vaxt… Çünki, qollarındakı və bədənindəki əzələlərin ancaq müəyyən qədər yük qaldırmağa gücü çatır. Ondan artığını qaldıra bilməzsən. Qaldırmaq istəsən, ya əl-ayağın sınar, ya da yükün altında qalıb əzilərsən.

Qulaqlarına da bir sərhəd qoyulmuşdur. Sinifdəki müəllimin səsini eşidirsən. Ancaq qonşu otaqda vurmanı izah edən müəllimənin səsini eşitmirsən.

Səsin də bir sərhədi var. Var gücünü toplayıb qışqır, kənddə yaşayan nənən səsini eşitməz. Danışmaq istəyirsənsə, ya zəng etməlisən, ya da kəndə getməlisən. Yaxud da nənən sizə gəlməlidir.

Ayaqlarına baxaq!

Sürətin nə qədərdir?

Bəbirə çata bilərsən?

Ayaqlarının sürətinə də hədd qoyulmuşdur.

İstər sürətli qaç, istər yavaş addımla, fərqi yoxdur, əvvəl-axır yorulub dayanacaqsan.

Bir dəfəyə neçə stəkan su içə bilərsən? İki və ya üç…
Çünki, mədənin də bir tutumu var.

İndi sualıma cavab ver: “ÜÇ VUR BEŞ, NEÇƏ EDİR?”

Yaxşı, yaxşı gülmə! Bilirəm, asan sualdır.
Yaxşı onda bu suala cavab ver:

2134594 × 777 =?

NƏ OLDU?!

Kalkulyator olmasa, çətin hesablayarsan. Eybi yoxdur. AXI AĞILIN DA BİR SƏRHƏDİ VAR.

Bəzi şeyləri asan anlayırsan.

Bəzi suallara o saat cavab verirsən.

Bəzi məsələləri o dəqiqə başa düşmürsən. Hər suala dərhal cavab verə bilmirsən.

Bəzi şeyləri heç vaxt özün öyrənə bilməzsən.

Bilənlərdən soruşmalısan mütləq. Bəzi şeyləri isə ömür boyu dərk etməyəcəksən. Dediyim kimi, ağılın da bir sərhədi var.

Düz tapdın, növbə çatdı gözlərinə.

Səncə, onların da sərhədi var?

Hər istədiyini görə bilərsən?

Əslində, gözlərin gördükləri ilə görmədiklərini müqayisə etsək, deyərsən ki, insan məgər kor imiş.

Qəribə baxma, həqiqətən, elədir!

Elmi hesablamalara görə, yaşadığımız kainatın radiusu təxminən 15 milyard işıq ilinə bərabərdir.

Gördüyün kimi, kainat çox böyükdür. Ancaq onun böyüklüyünü qavramaq olduqca çətin məsələdir.

Radiusu 15 milyard işıq ili olan kainatımızın 70%-ini gözlə görə bilmirik. Ona görə də alimlər bu 70%-ə “qara enerji” adını veriblər.

Yerdə qalan 30 %-in 25%-i “qara maddə”dir. Biz insanlar bu “qara maddə”ni də görə bilmirik.

Yerdə qaldı 5%.

Hal-hazırda insanın gördükləri bu 5%-in içindədir.

“Nə yaxşı” deməyə tələsmə!

Çünki insan 5%-ə daxil olan cisimlərin də hamısını görmür. Biz 5%-in yalnız kiçik bir hissəsini görürük.

Qeyd etdiyimiz kimi, insan gördükləri ilə görmədiklərini müqayisə etsə, özünü kor sanar.

Qısası, gözümüzün gördükləri kainatla müqayisədə yerdə gəzən qarışqanın bir ayaq izindən kiçikdir.

Madam ki, yaşadığımız kainatı belə düz-əməlli görə bilmirik. O HALDA BƏS BU KAİNATI YARADAN VƏ YARATDIĞI HEÇ BİR MƏXLUQA BƏNZƏMƏYƏN ALLAHI NECƏ GÖRƏ BİLƏRİK? SƏNCƏ, BU, MÜMKÜNDÜR?

Davamı növbəti yazımızda…

Mənəvi dəyərlər arqumenti haqqında ateist iddiaya cavab

19 Şənbə Noy 2016

Posted by science1985 in Allah Təala (c.c) haqqında suallara cavablar

≈ Bir şərh yazın

Ateistlər tərəfindən mənəvi dəyərlərin əsası kimi daha çox istifadə edilən alternativ isə təkamül nəzəriyyəsidir. Bu prinsipə görə, təbii seleksiya nəticəsində insanlarda insan cinsinin qorunması və genlərinin gələcək nəsillərə ötürülməsi üçün ən əlverişli davranış şəkilləri onların mənəvi dəyərlərinə çevrilib. Qısacası, Stalin ilə Tereza Ana arasındakı fərq sadəcə və sadəcə genlərin və xromosomların tərtibidir. Amma biz sırf genlərinə görə Stalini pis adam adlandıra bilərik mi? Bu prinspin bir neçə ciddi zəifliyi var:

1. İlk növbədə təkamül nəzəriyyəsinin mənəvi dəyərləri formalaşdırması intuisiyaya ziddir. Bəli, deyə bilərlər ki, mənəvi dəyərlərin bir hissəsi, misal üçün insest, canlılar arasında mənfi nəticələrə gətirdiyi üçün təkamül nəticəsində tabu olub. Lakin mənəvi dəyərlərin bir hissəsi belə deyil. Biz hamımız bilirik ki, ananın öz həyatını balası üçün fəda verməsi gözəl və intuitiv bir şeydir. Lakin təbii seleksiyanın qaydası heyvanların özlərini qoruması və həyatlarını davam etdirmələridir. Nəyə görə ana öz canından keçməlidir ki, başqa bir can yaşasın? Təbii seleksiyanın qaydası odur ki, canlı ilk növbədə özünü düşünməlidir. Dişi aslan yeməyə bir şey tapmayanda öz balaların yeyir. Əgər insan sadəcə inkişaf etmiş heyvandırsa, nəyə görə insan belə edə bilməz? Üstəlik Adolf Hitler yahudilərə qarşı soyqırım təşkil edəndə insan cinsinin daha da inkişaf etməsinə, güclülərin sağ qalıb öz genlərini gələcək nəsillərə ötürməsini əsas alırdı. Mayn Kampf kitabını oxuyan, Hitlerin necə də Darvinin nəzəriyyəsindən təsirləndiyini görə bilər.

2. Təkamülün obyektiv mənəvi dəyərlərin əsası olması üçün üzləşdiyi ən böyük problem isə, təkamülün daim dəyişikliyə uğramasıdır. Biz bilirik ki, təkamül nəzəriyyəsinə görə, canlılar dəyişən təbii şəraitlərə daim adaptasiya olaraq sağ qalmağa çalışırlar. Bu o deməkdir ki, teoritik olaraq, bizim bu gün obyektiv şər hesab etdiyimiz hər hansı bir şey, misal üçün zorakılıq, keçmişdə müəyyən şərtlər altında doğru bir şey ola bilərdi, və ya gələcəkdə nə zamansa doğru ola bilər. Həmçinin ola bilər ki, öz yaşamını təmin etmək üçün insan öz balasını öldürməli olsun. Bu prinsipə əsasən, o zaman biz bu əməlləri şər adlandıra bilmərik. Lakin biz dedik ki, obyektiv dəyərlər vaxt və məkandan asılı deyil. Hər bir insan bilir ki, nə zorakılıq nə də balaca uşaq öldürmək doğru bir şey ola bilməz. Beləliklə, təkamül obyektiv mənəvi dəyər və öhdəliklərin əsasını təşkil edə bilməz. Bu prinsipə əsasən biz heç bir zaman müəyyən qrup insanlarda mövcüd olan və bizim mənəviyatsızlıq hesab etdiyimiz əməlləri qınaya bilmərik. Misal üçün, pedofiliya ilə məşğul olan bir qrup insan bunu təbii seleksiyanın nəticəsi olaraq izah edə bilər.

3. Bu prinsipin qarşılaşdığı üçüncü problem təkamülün izahedici xarakter daşımasıdır. Təkamül nəzəriyyəsinə görə, insan müəyyən funksiyaları müəyyən səbəblərə görə əldə edib. Lakin mənəvi qanunlar izahedici xarakter daşımır, onlar əmiranə xarakter daşıyır. Bu yöndən, təkamül nəyə görə yəhudilərin soyqırımının bu vaxta qədər insan növü üçün mənfi rol oynayacağını izah edir, lakin gələcəkdə insan növü üçün nəyin xeyir olacağını izah edə bilmir. Ona görə də, bu prinsipə əsasən, biz Hitlerin yəhudiləri öldürməməlidir deyə bilmərik, çünki gələcəkdə bunun nə nəticə verəcəyindən bixəbərik.

Məsələnin ironik tərəfi isə odur ki, əgər ateizm doğru bir şeydirsə, və obyektiv mənəvi dəyərlərin mənbəsi təkamüldürsə, o zaman insanlar nəyə görə mənəvi həyat yaşamalıdırlar? Əgər müəyyən qədər gücü olan insan bu mənəvi dəyərlərə qarşı çıxar, və istədiyi həyatı yaşayarsa, bunu nəyə görə etməməlidir? Həyat qəbirdə bitəcəksə Stalin, Hitler, Pol Pot, Kim İr Sen və əlləri milyonlarca insanın qanına bulaşmış digər diktatorlar nəyə görə öz rifahı və sağ qalmasını təmin etmək üçün insan öldürə bilməzdi? Ateizm buna cavab verə bilməz. Qeyd etdiyimiz bütün insanların ateist olması da diqqətimizdən qaçmamalıdır.

Deyilə bilər ki, son tədqiqatlar heyvanlarda rudimentar mənəvi dəyərlərin mövcudluğunu göstərir. Aparılan sınaqda bir qrup şimpanze öz bananlarını qrup ilə bölüşdürmək istəməyən şimpanzeni yeməkdən məhrum edərək “cəzalandırır”. Şimpanzelərin bu cür davranışı onlarda mövcud olan rudimentar mənəvi dəyərlər ilə əlaqələndirilir.
Bu dəyərləndirmədə bir neçə problem var. İlk növbədə burada mənəvi dəyərlər sadəcə xarici davranış ilə sınırlandırılmışdır. Şimpanzelərin bu davranışı sadəcə və sadəcə bu halda daha yaxşı sağ qaldıqları ilə izah oluna bilər. Lakin bu heç cür bu şimpanzenin öz yeməyini bölüşdürməyə borclu olduğunu, etmədiyi təqdirdə isə mənəviyyatsız davrandığını bizə göstərmir.
Mənəvi dəyərlər sadəcə xarici davranışı deyil, əksinə niyyət və motivi də ehtiva edir. Misal üçün bilmədən yaşlı xanımı itələyən ilə bunu qəsdən edən arasında fərq var. Biz adətən birinci halda olanı günahlandırmasaq da, ikincisinin əməlini mənəviyatsızlıq hesab edirik. Üstəlik motiv də önəmlidir. Yaşlı xanımı qatarın altına düşməkdən xilas etmək üçün qəsdən itələyən insan mənəvi cəhətdən pis bir şey etməmişdir. Qeyd olunan hallarda xarici davranış eynidir, lakin niyyət və motivə görə əməl ya mənəvi cəhətdən doğru ya da səhv olur. Bəzən isə bir insan heç bir əməl etmədən də mənəviyyatsız ola bilir: insanlara qarşı şər düşünmüş, lakin bunu yerinə yetirməyə gücü çatmayan birisi buna misal ola bilər.

Bütün bunlar bizə göstərir ki, mənəviyyat sadəcə xarici davranışdan ibarət deyil, və sadəcə xarici davranışla izah oluna bilməz. Buna görə də şimpanzenin bu cür hərəkətini mənəviyatsızlıq adlandırmaq doğru deyil.

Mənəvi dəyərlər arqumenti – Allahın varlığı

26 Çərşənbə Okt 2016

Posted by science1985 in Allah Təala (c.c) haqqında suallara cavablar

≈ Bir şərh yazın

Mənəvi dəyərlər arqumenti Yaradıcının obyektiv mənəvi dəyərlər və öhdəliklər üçün yeganə ontoloji əsas ola biləcəyini irəli sürərək Onun varlığını isbat etməyə çalışır. Bu arqument aşağıdakı kimi təqdim oluna bilər:

1. Əgər Yaradıcı mövcud deyilsə, o zaman obyektiv mənəvi dəyərlər və öhdəliklər mövcud deyil.
2. Obyektiv mənəvi dəyərlər və öhdəliklər mövcuddur.
3. Beləliklə, Yaradıcı mövcuddur.

İlk öncədən obyektiv dəyərlər ilə nəyi qəsd etdiyimizi izah edək. Obyektiv mənəvi dəyərlər ilə biz zamandan və məkandan, insanların istəkləri və seçimlərindən asılı olmayan, daima doğru olan dəyərləri və öhdəlikləri qəsd edirik. Bu dəyərlərə zidd əməl etmək isə obyektiv şərdir. Misal üçün, İslamdan əvvəlki ərəb cəmiyyətində qız uşaqlarını dir-diri basdırmaq adət halını almışdı. Lakin biz hamımız bilirik ki, bu nə o zaman nə də bizim dövrümüzdə, nə də heç bir vaxt doğru bir şey ola bilməz. Hətta bu adət bütün dünyada yayılsa belə, yer üzündə yaşayan hər bir kəs bu əməlin doğru olduğunu desə belə, biz yenə də bunun doğru olmadığını anlayırıq. Bura həmçinin günahsız insanları öldürməyi, zorakılığı və pedofiliyanı əlavə edə bilərik. Mənəvi dəyərlər arqumentini istifadə edənlər deyirlər ki, əgər Yaradıcı mövcud deyilsə, o zaman sizin bu əməlləri həqiqətən də obyektiv olaraq şər əməl saymanızın heç bir əsası yoxdur. Siz ərəblərin öz uşaqlarını öldürməklərini səhv hesab edə bilərsiz. Lakin onlar belə hesab etmirdilər. Sizin fikrinizin onların fikrindən daha üstün olduğunu necə deyə bilərsiz? Bunu demək üçün bizə bu əməlləri mühakimə edəcək və insan subyektivliyindən üstün olacaq bir instansiya lazımdır. Teistlər bu instansiyanın Yaradıcı olduğunu deyirlər.

Yuxarıda qeyd olunan arqumentasiya xətti tamamilə məntiqlidir, beləliklə əgər ilk iki fərziyyə doğru olarsa, o zaman nəticə də doğrudur. İlk əvvəl ikinci fərziyyədən başlayaq.

1. Obyektiv mənəvi dəyərlər və öhdəliklər mövcuddur
İnsanların əksəriyyəti obyektiv mənəvi dəyərlərin və öhdəliklərin mövcud olduğunu qəbul edirlər. Hətta ateistlərin əksəriyyəti bir növ mənəvi dəyərlərin mövcudluğunu inkar etmirlər. Lakin Jan Pol Sartr kimi məsələni dərindən düşünən bəzi səmimi ateistlər Yaradıcının mövcud olmadığı təqdirdə dəyərlərin də mövcüd olmayacağını etiraf ediblər. Az bir qism olsa da, bəzi ateistlər obyektiv mənəvi dəyər və öhdəlikləri inkar ediblər.
Biz buna etik subyektivizm deyə bilərik. Bu dünya görüşünə görə obyektiv mənəvi dəyərlər mövcud deyil, əksinə mənəvi dəyərlər insandan insana dəyişir. Sənin üçün doğru olan sənin üçün doğrudur, mənim üçün doğru olan mənim üçün doğrudur! Bu dünya görüşün çürük olması açıq aydındır. Bu dünya görüşünə sahib olan insan heç bir zaman qəsdən məsum adam öldürməyə və ya zorakılığa şər deyə bilməz. Maksimum edə biləcəyi: “bu mənə görə şərdir” deməsidir. Bu cür insanları açıq aydın misallar ilə ifşa etmək mümkündür. Balaca uşaqlara sadəcə əyləncə üçün işgəncə vermək doğru deyil, ağlı başında olan insan bunun mütləq bir şər olduğunu qəbul etməlidir. Lakin etik subyektivizm prinsipinə inanan bunu deyə bilməz. Bu əməldən xoşlanmaya bilər, lakin bunu edən birisinə şər etdiyini deyə və onun əməlinin qarşısını ala bilməz, çünki bunu edənin dünya görüşünə görə bu doğru bir əməldir! Bu sistemin ərəsəyə gətirəcəyi insanları təsəvvür edin. Bu insanlar zorakılığa uğrayan qadının yanından keçməli və heç bir şey etməməlidirlər! Həmçinin siz bu cür düşünən insana qarşı bir işgəncə tətbiq edib, heç bir etiraz etməməsini gözləməlisiniz.

Obyektiv mənəvi dəyərləri inkar edən birisinə nə deyə bilərik? Yuxarıda qeyd olunan açıq aşkar misallardan başqa bir şey deyə bilmərik. Obyektiv mənəvi dəyərləri inkar etmək bizim yaşadığımız və hisslərimiz ilə dərk etdiyimiz real dünyanı inkar etmək kimi bir şeydir. Sonunda bu dəyərləri inkar edən hansısa bir alim tərəfindən ixtira edilən robot olmadığını, sadəcə bu dünyada yaşadığını təsəvvür etməyə məcbur edilmədiyini necə isbat edə bilər? Matriks filminə baxanlar nə dediyimizi anlayar. Ateist Piter Keyv bunu anlayaraq deyir: “Günahsız birinin öldürülməsi şərdir inancımıza qarşı istənilən arqument gətirilsin. Biz daim bu arqumentin doğruluğundan daha çox günahsız birinin öldürülməsinin şər olduğuna inanacayıq. Uşaqlara sadəcə əyləncə üçün işğəncə vermək doğru deyil!” (Peter Cave, Humanism, Oxford: OneWorld, 2009, p.146).

2. Əgər Yaradıcı mövcud deyilsə, o zaman obyektiv mənəvi dəyərlər və öhdəliklər mövcud deyil.
Obyektiv mənəvi dəyərlərin bizə Yaradıcı tərəfindən verildiyini hardan bilə bilərik?
İlk növbədə, yuxarıda da ya qeyd edildiyi kimi, bu mənəvi dəyərlər insan şüurundan daha üstün, dəyişməz standartlara əsaslanmalıdır, çünki bunlar insan faktorundan asılı deyil, zaman və məkan ilə dəyişməz. Bunun üçün Yaradıcıdan daha yaxşı alternativ yoxdur.
Həmçinin mənəvi dəyərlər direktiv şəkil daşıyır. Misal üçün, biz bir fiziki obyekti yüksəklikdən atdığımız zaman bu obyekt yerə düşür və yerə düşməsinin səbəbi cazibə güvvəsidir. Bu əşya cazibə qanununa əsasən yerə düşür, yəni cazibə qanunu onun düşməsinin səbəbidir. Lakin biz deyə bilmərik ki, bu əşya yerə düşməyə borcludur. Burada fiziki qanun izahedici xarakter daşıyır. Lakin mənəvi qanun belə deyil, o mənim nəyi edib etməməyə borclu olduğumu əmr edir. Mən cazibə qanununa qarşı heç bir zaman çıxa bilmərəm, lakin mənəvi qanuna qarşı çıxıb doğru olanı etməyə bilərəm. Francis J. Beckwith və Greg Koukl deyirlər: “Bir əmr yalnız iki şüur arasında olduğu təqdirdə bir məna daşıyır: biri əmr verir, digəri isə bu əmri qəbul edir (Moral Relativism: Feet Firmly Planted in Mid-Air, Grand Rapids, Michigan: Baker, 1998, p.166.). Əgər obyektiv mənəvi qanunlar əmr olunmaq kimi bir xüsusiyyət daşıyırsa, o zaman biz bu əmri insan dərrakəsindən üstün və şüurlu Varlıqdan almalıyıq. Həmçinin, bu mənəvi dəyərlər zaman və məkan, insan tərcihləri və seçimlərindən asılı olmadığına görə, bu qanunlar İnsan şüurundan daha üstün, mükəmməl mənəvi şüurdan gəlməlidir. Mənəvi dəyərlər eyni zamanda xüsusi məqsəd daşıdığına görə, bu dəyərlərin İradə sahibi tərəfindən əmr olunması lazımdır. Son olaraq, mənəvi dəyərlər əmiranə xarakter daşıyır. Deməli bu qanunları əmr edən bizə bu qanunları qəbul etdirmə gücünə sahibdir, və beləliklə Qüdrət sahibidir. Qeyd etdiyimiz bütün bu xüsusiyyətlər teistlərin inandığı Yaradıcı məfhumunda mövcuddur.

Biz müəyyən bir mənəvi öhdəliyimizi yerinə yetirmədiyimiz təqdirdə mənəvi günah hissi keçiririk. Bəzi hallarda biz kimə qarşı günah hiss etdiyimizi açıq aydın bilirik. Lakin bəzi hallarda kimin qarşısında günah sahibi olduğumuzu bilməsək belə, günah hiss keçiririk. Diqqət yetirin: kimin, nəyin qarşısında deyil. Abstrakt, şüursuz varlıqlara qarşı günah hissi keçirmək heç cür ağıla sığmaz. Misal üçün yeniyetmə əsəbləşib telefonununu sındıranda, bu telefonu ona alan valideynlərinə qarşı günah hissə keçirə bilər, lakin telefonun özünə qarşı günah hissə keçirilməz.

Bütün bunlar obyektiv mənəvi dəyərlərin Yaradıcı tərəfindən gəldiyini açıq aydın izah edir. İki fərziyyənin doğru olduğu isbat edildiyi halda, nəticə məntiqi olaraq doğru qəbul edilməlidir.

Mənəvi dəyərlər arqumentinə qarşı tez-tez gətirilən iradlardan biri insanın mənəvi dəyərlərinin din ilə formalaşmadığı, əksinə dinlərin mövcudluğundan daha öncə də mövcud olması iddiasıdır. Bunu deyənlər sizə yaxşı işlər ilə məşğul olan bir çox ateisti də örnək olaraq göstərə bilərlər. Bu məsələnin ontoloji tərəfi ilə epistomoloji tərəfini qarışdırmaqdır. Biz demirik ki, Yaradıcıya inanmayan bir insan müəyyən mənəvi dəyərlərə sahib olaraq onlara əməl edə bilməz. Əksinə, ateistlərin belə bu dəyərləri bilməsi və bəzən onlara əməl etməsi yalnız bizim arqumenti gücləndirir. Lakin biz deyirik ki, Yaradıcı məfhumu olmadan, bu obyektiv mənəvi dəyərlər üçün ontoloji əsas mövcud olmur. Yəni, Yaradıcı olmadan mənəvi dəyərlərin heç bir qaynağı ola bilməz. Bu ikisi arasında fərqə diqqət yetirmək lazımdır.

Qarşılaşdığımız digər etiraz mənəvi dəyərlərin cəmiyyətin təsiri nəticəsində formalaşmasıdır. Yəni, bəzi ateistlərə görə nəyin doğru, nəyin doğru olmadığını təyin edən cəmiyyətdir. Çoxluq qaydası – mənəvi dəyərlər sadəcə qanuni olanlardır. Buna kanvensiolizm adını verirlər. Lakin bu prinsipin doğru olmadığı aşkardır. Bu prinsipə görə, əgər bir cəmiyyət yeni doğulmuş sarı saçlı uşaqları öldürməyə qərar verərsə, bunu cəmiyyətin rifahı üçün ən sağlam yol görərsə, o zaman bunda heç bir problem olmamalıdır, əksinə, sarı saç ilə doğulmaq özü mənəviyatsızlıq olacaq. Lakin bu prinsipin absurd olmasını göstərmək üçün belə qəribə hipotetik cəmiyyət haqda fikirləşmək lazım deyil. Keçən əsrin otuz-qırxıncı illərində Almaniyada hakim olan prinsip kanvensiolizm prinsipi idi. Heç bir səbəb olmadan yəhudiləri öldürmək qanuni bir şey idi. Həmçinin keçən yazıda qeyd etdiyimiz kimi, bu prinsipə əsasən İslamdan əvvəlki ərəblərin qız uşaqlarını diri-diri basdırmaqlarında bir problem olmamalıdır, çünki onların cəmiyyətində bu məqbul bir əməl idi.

Açıq aydındır ki, cəmiyyət heç bir zaman obyektiv mənəvi dəyərlər üçün əsas ola bilməz. Cəmiyyətlər dəyişir, beləliklə bu dəyərlər də dəyişikliyə uğraya bilər. Lakin biz qeyd etdik ki, obyektiv dəyərlər insanlardan, cəmiyyətdən, zaman və məkan məfhumlarından asılı deyil. Uşaqlara əyləncə üçün işgəncə vermək şərdir və şər olaraq qalacaq, bütün Kainat bunun doğru olduğuna dair konsensus halına gəlsə belə.

Kosmoloji arqument – Allahın varlığı

22 Şənbə Okt 2016

Posted by science1985 in Allah Təala (c.c) haqqında suallara cavablar

≈ Bir şərh yazın

Müsəlman alimlərinin Allahın varlığını isbat etmək üçün istifadə etdikləri arqumentlərdən biri Kosmoloji arqumentdir. Bu arqument aşağıdakı kimidir:
1. Başlanğıcı olan hər bir şeyin səbəbi vardır.
2. Kainatın başlanğıcı vardır.
3. Beləliklə, Kainatın bir səbəbi vardır.
Bu arqumentasiya xəttinin tam məntiqə uyğun olmasında heç bir şəkk ola bilməz. Əsas məsələ ilk iki fərziyyənin doğru olub-olmamasını yoxlamaqdır. Doğru olduqları halda nəticə də doğru qəbul edilməlidir.

Birinci fərziyyə.

Bu fərziyyənin doğru olması danılmazdır. Çünki bu insanların bildikləri zəruri şeylər siyahısına daxildir. Bunu inkar etmək, bir şeyin bütünün yarısından daha çox olduğunu inkar etmək kimidir. Həmçinin, bu fərziyyəni inkar etsək, yoxluqdan nəyinsə əmələ gəldiyi qəbul etməliyik. Bu isə sehrbazlığa inanmaqdan daha betərdir. Çünki, sehrbazlıqda ən azından sehrbaz mövcuddur. Digər məsələ isə budur ki, əgər səbəbsiz bir şeyin mövcud olması mümkündürsə, o zaman nəyə görə hər şey və ya bir qisim şeylər səbəbsiz ərsəyə gəlmir? Elm, sağlam düşüncə və bizim gündəlik müşahidələrimiz birinci fərziyyənin danılmaz həqiqət olduğunu göstərir. Doktor Vilyam Leyn Kreyq buna gözəl bir misal verir: “Fərz edin ki, səhrada yürüyərkən birdən qarşınıza uşaq şarı çıxır. Əgər sizin dostunuz bu şarın heç bir səbəb olmadan burada mövcud olduğunu desə, bunu heç bir zaman qəbul etməzsiniz. Sadəcə bu şarı götürüb Kainat ölçüsünə gətirmək, səbəbin lazım olmamasını gərəkdirmir, əksinə bu məsələni daha da qəlizləşdir.”

İkinci fərziyyə.

Kainatın səbəbsiz var olduğunu iddia edən bir çox ateist, Kainatın başlanğıcı olmadığını iddia etməkdədirlər. İkinci fərziyyənin isbatı üçün həm fəlsəfi, həm də elmi arqumentləri istifadə edə bilərik.

Fəlsəfi arqument – faktiki sonsuzluğun mümkünsüzlüyünə dayanır. Misal üçün, əgər bir insan sıfırdan başlayaraq sonsuza qədər saymaq qərarına gələrsə, bunu heç bir zaman edə bilməz. Çatdığı rəqəm nə qədər böyük olsa belə, daima onun üzərinə bir əlavə etmək mümkün olacaq. İndi bunun əksini düşünün. Mənfi sonsuzluqdan sıfıra qədər saymaq istəyən buna nail ola bilərmi? Fərz edək ki, biz Kainatın sıfırıncı ilində yaşayırıq. Əgər Kainatın əvvəli olmasa idi, yəni sonsuz keçmişi olsa idi, heç bir zaman illərin sayı sıfıra gəlib çata bilməzdi, lakin bizim mövcud olmağımız Kainatın əvvəlinin olduğuna dəlalət edir. Əgər Kainatın sonsuz keçmişindən xüsusi aparat hər keçən il üçün mənfi sonsuzluqdan sıfıra qədər saysaydı, sıfıra heç bir zaman çata bilməzdi. Çünki mənfi sonsuzluqdan nə qədər sayırsan say, sıfıra çatmaq mümkün deyildir. Qeyd edək ki, sıfır il sadəcə bir misaldır, mənfi sonsuzluqdan sayaraq mənfi milyona və ya milyarda çatmaq da mümkün deyil. Bütün bunlar göstərir ki, mənfi sonsuzluq məfhumu faktiki Kainatda mövcud deyil. İndiki hala çatmaq üçün, Kainatın mütləq bir başlanğıcı olmalıdır.
Digər bir misal verək: Fərz edin ki, siz dostunuzdan borc almaq istəyirsiniz. Amma sizin dostunuzda pul yoxdur və o, öz növbəsində öz dostundan borc alır. Lakin onun dostunda da pul yoxdur və o, başqa bir adama müraciət edir. Əgər biz bu silsiləni sonsuza qədər davam etsək, pul sizin əlinizə heç bir zaman çatmaz. Əlinizə pulun çatması ona dəlildir ki, sonda kimdəsə pul tapılıb. Kainatda bir-birini izləyən səbəblər də belədir. Ateistlərin inancına görə, sizin səbəbiniz sizin valideynlərinizdir, onların səbəbi isə öz valideynləridir və beləcə ilk adamlara, sonra meymunlara sonra bir hüceyrəli varlıqlara, sonra günəş sisteminə, ilk qalaktikalara.. və bu cür davam edir. Əgər ilkin səbəb olmasaydı və bu səbəblər sonsuza qədər – keçmişə davam etsəydi, siz mövcud ola bilməzdiz, necə ki əgər pulu olan bir nəfər tapılmadığı təqdirdə pul sizə heç bir zaman ulaşmayacaqdır. Burada da sizin mövcudluğunuz sadəcə bir misal idi. Bu gün mövcud olan istənilən əşyanın bir səbəbi vardır, onun səbəb silsiləsini də misal vermək olar. Səbəblərin sonsuza qədər – keçmişə getməsi mümkün deyil, ilkin səbəbin olması labüddür.
Fəlsəfi yanaşmanın güclü tərəfi odur ki, sonsuz səbəblər silsiləsinin mümkünsüzlüyü bizim Kainatdan kənarda da doğrudur. Günümüzdə bir çox ateist sonsuz Kainat teoriyasının dəstəklənilməsinin mümkünsüzlüyünü görüb multikainat və ya digər teoriyalara əl atırlar. Lakin multikainat teoriyası da sonsuz səbəblər silsiləsinin mümkünsüzlüyünü atlaya bilməz, onun da mütləq ilkin səbəbi olmalıdır.

Elmi arqumenti isə iki hissəyə bölə bilərik. Əgər məsələnin kosmoloji tərəfinə nəzər salsaq, o zaman görərik ki, Kainatın başlanğıcı haqda genişcə qəbul edilmiş teoriya – Böyük Partlayış (Big Bang) teoriyasıdır. Bu teoriyaya əsasən Kainat sözün əsl mənasında yoxluqdan əmələ gəlib. Şübhəsiz ki, kosmik başlanğıc problemindən yaxa qurtarmaq üçün digər teoriyalar irəli sürülmüşdür, lakin bu teoriyalardan heç biri elmi dairələr tərəfindən Big Bang teoriyasından daha inandırıcı olaraq qəbul edilməmişdir. Bundan əlavə, termodinamikanın ikinci qanununa əsasən, Kainat müəyyən bir zaman mövcud olduqdan sonra soyuq, qaranlıq və həyat təmin etməsi mümkün olmayacaq bir hala gələcək. Əgər Kainat başlanğıcsız mövcud olsa idi, o zaman Kainatın çoxdan bu hala gəlməsi lazım olacaqdı. Bunun baş verməməsi, Kainatın bir başlanğıcı olduğuna açıq-aşkar sübutdur.

Bu iki fərziyyədən Kainatın bir səbəbi olduğu nəticəsinə gəlirik. Məşhur ateist Deniel Dennet bu nəticə ilə razılaşır. Lakin Kainatın səbəbinin Kainatın özü olduğunu deyir. Bu isə açıq-aydın bir cəfəngiyatdır. Diqqət yetirmək lazımdır ki, Dennet Kainatın özü özünü yaratmasından qabaq mövcud olduğunu demir. Əksinə, Kainat mövcud olmadığından qabaq özünü yaradıb. Lakin bir şeyə səbəb olmaq üçün mövcud olmaq lazımdır. Qısası, Dennetə görə Kainat mövcud olmaqdan qabaq mövcud olmalı idi! Bu isə açıq-aşkar nonsensdir.

Lakin Kainatın ilkin səbəbinin hansı xüsusiyyətləri olmalıdır? İlk növbədə bu Varlıq bizim anladığımız zaman, materiya və məkan məfhumlarından üstün olmalıdır, onların qanunlarına tabe olmamalıdır, çünki zaman, məkan və materiya məfhumu Kainatın xüsusiyyətlərindəndir. İkinci isə, bu Varlıq özü səbəbsiz mövcud olmalıdır, çünki yuxarıda göstərildiyi kimi sonsuz səbəblər silisiləsi mümkün deyil, səbəblər silsiləsinin hansısa bir nöqtəsində ilkin səbəbin olması labüddür. Sonra, bu ilkin səbəb nəhəng bir gücə və intellektə sahib olmalıdır. Çünki ilkin materiya olmadan bu qədər nəhəng və dəqiq Kainatı yaratmışdır.

Və son olaraq, bu Varlıq İradə sahibi olmalıdır, çünki Kainatı yaradıb-yaratmamaq arasında seçim etmək iradənin mövcudluğuna işarədir. Deyilə bilər ki, nəyə görə iradə sahibi olmalıdır, bəzi səbəblər iradəsiz belə təsir edir. Misal üçün, od yandırır, lakin bilirik ki, o heç bir iradə sahibi deyil. Buna cavab olaraq deyəcəyik ki, ilk növbədə Kainat kimi bir varlığın iradəsiz varlıq tərəfindən yaradılması inandırıcı deyil. Əgər bir saat götürsək və onun iradəsiz bir varlıq tərəfindən icad olunduğunu desək, ateistlər bu sözə gülərlər. Kainat isə saatdan qat-qat daha mürəkkəb, gözəl və nəhəng varlıqdır. Cavabımızın ikinci tərəfi odur ki, iradəsiz səbəbin öz nəticəsindən ayrı olması təsəvvür edilə bilməz. Doktor Kreyq bu məsələdə də gözəl misal verir. Biz bilirik ki, temperaturun sıfır dərəcədən aşağı olması suyun buza dönməsinə səbəbdir. Əgər temperatur əbədi olaraq sıfır dərəcəsindən aşağı olsa idi, orada olan su da ədəbi olaraq buz şəklində olardı. Sıfır altından olan temperatur iradə sahibi deyil. Ona görə özü ədəbi olduğu halda, nə zamansa suyu buza döndərməyə başlaya bilməz. Lakin əbədi olaraq oturan insanı təsəvvür edin. Bu insan istədiyi an ayağa dura bilər və beləliklə nəticənin səbəb ilə bir yerdə əbədi mövcud olması gərəkməz. Buradan anlayırıq ki, əgər Kainatın səbəbi iradəsiz bir Varlıq olsa idi, Kainat da o Varlıq kimi əbədi olaraq mövcud olmalı idi, lakin biz bunun belə olmadığını bilirik. İradəli varlıq isə, özü əbədi mövcud olmasına baxmayaraq, istədiyi an sonlu keçmişi olan Kainatı yarada bilər.

Kosmoloji Arqument çox sadə və güclü arqumentdir. Onun nəticəsində biz Kainatın bizim anladığımız zaman, materiya və məkan məfhumlarından üstün, əbədi, səbəbsiz, inanılmaz dərəcədə qüdrətli olan, intellekt və iradə sahibi olan bir Varlıq tərəfindən ərsəyə gətirildiyini başa düşürük.

ALLAHIN VARLIĞININ VƏ TƏKLİYİNİN MƏNTİQİ VƏ ELMİ DƏLİLLƏRİ: (elmi, fəlsəfi, dini yazı)

29 Cümə Yan 2016

Posted by science1985 in Allah Təala (c.c) haqqında suallara cavablar

≈ Bir şərh yazın

BİZİM MÜŞAHİDƏMİZ: Bir nəfər pəncərənin qarşısında dayanıb həyətə baxırdı. Bu zaman bir futbol topu sürətlə pəncərənin önündən keçdi. Topun ötüb keçdiyini görən adam nə düşünə bilərdi? Cavab aşağıdakılardan biridir:
1) Top öz-özünə havaya qalxmış və uçaraq pəncərənin önündən keçmişdir. 

Bu fikir heç kəsin ağlına gəlməz, çünki topun öz-özünə hərəkət etməsi, yerindən qalxıb havaya uçması mümkün deyildir.

2) Topda onu hərəkətə gətirən bir güc, enerji vardır. Bu güc topu hərəkətə gətirmişdir. 

Bu fikir məntiqsizdir, çünki heç bir güc, enerji öz-özünə topa təsir göstərə bilməz və belə fikir heç vaxt heç kəsin ağlına gəlməz. 

3) Kimsə kənardan güc tətbiq etmiş, topa hərəkət etmək, yerdən havaya qalxmaq, havada uçmaq enerjisi verən zərbə vurmuşdur. Top ona tətbiq edilən gücdən asılı olaraq havaya qalxmışdır və bir müddət bu enerji ilə uçacaqdır. Bu enerji tükəndikdən sonra yerə düşəcəkdir.

Bu fikirlə hamı razıdır, çünki bunun isbata ehtiyacı yoxdur. O zaman:

1) Hər hansı cismə hərəkət vermək üçün lazımi miqdarda enerji tələb olunur. 

2) Bu enerji həmin cismə mütləq kənardan tətbiq edilməlidir. 

3) Cismə xaricindən enerji tətbiq edən varlıq, hərəkət verdiyi əşyadan daha üstün və daha mükəmməl olmalıdır. 

4) Enerjinin tətbiq edildiyi an hərəkətin başlanğıcıdır. 

Məlumdur ki, 1kq ağırlığında cismi (topu) A nöqtəsindən 1m məsafədə olan B nöqtəsinə hərəkət etdirmək üçün müəyyən bir enerji (güc) tətbiq etmək lazımdır. Fizikada belə bir iş üçün lazım olan enerji miqdarına “1 Coul” adı verilmişdir. Əgər həmin top 2 kq-dırsa və 2 metr məsafəyə hərəkət etdirilmişsə, o zaman enerji 2 Coulla, 10 metr hərəkət etmişsə, demək 10 Coula bərabərdir. 

Biz hərəkətin sürətini təyin etdikdən sonra ona sərf edilən enerjinin miqdarını da tapa bilərik. Tətbiq edilən enerjinin miqdarı nə qədərdirsə, cisim də ona uyğun müddətdə hərəkət edəcəkdir, enerji bitdiyi anda cismin hərəkəti də dayanacaqdır. Demək, kənardan güc, enerji vermədən heç nə yerindən tərpənə, hərəkət edə bilməz.

İndi isə üzümüzü Kainat Kitabına çevirək və orada cərəyan edən hərəkətə baxaq. 

MÜŞAHİDƏLƏRİMİZİN ELMİ İSTİNADGAHLARI:

XX əsrin əvvəllərində astronomlar növbəti dəfə heyrətamiz hadisə ilə rastlaşdılar. Məlum oldu ki, bu sakit, ilk baxışda sabit görünən kainat özü daim genişlənməkdədir. Ulduzlar, qalaktikalar böyük sürətlə bir-birlərindən uzaqlaşırlar. Lakin kainat o qədər böyükdür ki, bəzi ulduzların işığı bizə bir neçə milyon işıq ilinə gəlib çatır. Təsəvvür edirsiniz? Bir neçə milyon işıq ilinə! Buna görə də oradakı hərəkət, genişlənmə nəzərə çarpmır. 

Alimlərin Böyük partlayış (big bang) adı verdikləri bu kəşf nədən xəbər verir, nələri izah edirdi? Bir neçə milyard il əvvəl kainat sıxılmış qazlardan ibarət nəhəng top kimi imiş. Çox nəhəng partlayış nəticəsində həmin “top” partlamış, ondan ətrafa alovlar dağılmışdır. Sizin çoxunuz bayram gecələri göyə atılan fişəngləri seyr etmisiniz. “Böyük partlayış” hadisəsi həmin fişəngin partlayışını xatırladan, ancaq təsəvvür edilə bilməyəcək dərəcədə böyük bir partlayış idi. 

Milyard illər boyunca həmin alov parçaları ətrafa uçmuş, getdikcə soyumağa başlamış, tədricən soyuyub bərkiyərək bizə məlum olan planetləri, günəşləri, ayları, sistemləri əmələ gətirmişdir. Bu gün də səmada çox sayda həmin partlayışın qalıqları olan meteoritlər vardır və onlardan bəziləri ara-sıra yerə də düşür, alimlər onları tədqiq edərək kainatın yaradılışı haqqında daha çox məlumat almağa çalışırlar.

Astronomlar bu gün də kainatda yeni sistemlərin əmələ gəldiyini, digər sistemlərin isə sönüb getdiyini müşahidə edirlər. Heyrətamiz olan budur ki, kainatdakı hərəkət, genişlənmə prosesi özbaşına, kortəbii deyildir, əksinə, bu proses çox ciddi nizam və intizam altında baş verir və davam edir. Makroaləmdəki bir qum dənəsi belə kor-koranə hərəkət etməməkdədir. Onların hər biri, eyni mikroaləmdə olduğu kimi, öz hərəkətlərini ciddi qayda-qanun ilə, nizam və intizam daxilində davam etdirirlər. 

O zaman onlar belə bir sualla üz-üzə qaldılar: indi ki kainat durmadan genişlənir, deməli, bu hadisənin bir başlanğıcı vardır. Başlanğıcı olan hadisənin isə mütləq sonu vardır. Bu isə maddənin əzəli və əbədi olması haqqında materialist dünyagörüşünə daha bir zərbə, həm də ən ağır zərbə idi. Çünki bu kəşflə maddənin maddə olmaqdan əvvəlki dövrünə, maddənin pərdə arxasına bir qapı açılırdı. 

Demək maddəni yaradan və ona hərəkət verən var! Həm də O, bu qədər nəhəng bir aləmi yaratmış və ona hərəkət vermişdirsə, demək çox böyük, hətta sonsuz güc, qüdrət sahibidir. Kainatdakı qanun-qayda, nizam-intizam içərisində davam edən hərəkətsə Onun sonsuz elmə sahib olmasından xəbər verirdi.

Alimləri isə hələlik başqa məsələ düşündürürdü. Əgər maddənin hərəkət anı, hərəkətinin başlanğıc anı vardırsa, onu bu hərəkətə vadar edən bir güc, enerji də vardır. İndi bu nəhənglikdə kainata həyat verən enerjinin Sahibinin qüdrətini, gücünü azacıq da olsa təsəvvür edə bilirsinizmi? 

ELM DƏ, MƏNTİQ DƏ ALLAHIN VARLIĞINI TƏSDİQ EDİR:

Qarşımızda bir rəsm əsəri vardırsa, biz onu çəkən bir rəssam olduğunu inkar edə bilmərik, rəsm əsəri rəssamın varlığına və onun ustalığına sübutdur. Qarşımızdakı kitab onu yazanın varlığına sübutdur. Eləcə də bizi əhatə edən aləmlər, təbiət, səma, kainat onları var edənin varlığına dəlillərdir.

Qarşımızda kainat adlanan ucu-bucağı görünməyən bir aləm vardır. O aləmdə futbol topundan milyard dəfələrlə böyük “toplar”- planetlər uçmaqdadır. Əgər bir futbol topu kənardan tətbiq edilən enerji olmadan yerindən tərpənə bilmirsə, o zaman bu nəhənglikdə kainata hərəkət verən, genişləndirən, həm də bütün bu ağlagəlməz dərəcədə nəhəng işləri necə gəldi yox, çox ciddi qanunlar, qaydalar, nizam və intizam içərisində həyata keçirməsini təmin edən birinin olmadığını necə iddia etmək olar? 

BELƏLİKLƏ DEDİKLƏRİMİZDƏN AŞAĞIDAKI NƏTİCƏ ÇIXIR:

1) Maddənin var olmasını təmin edən hərəkətdir. Əgər hərəkət vardırsa, demək onu təmin edən enerji də vardır. 

2) Enerji vardırsa, demək onun başlanğıcı da vardır. Bir şeyin ki, başlanğıcı vardır, demək onun sonu da vardır. O şeyin ki, əvvəli və sonu vardır, demək o, nə əzəlidir, nə də əbədidir, müvəqqətidir. 

3) Əbədi deyil, müvəqqətidirsə, demək yaradılmışdır. Əgər yaradılmışdırsa, demək onu YARADAN vardır.

49.267370 2.453255

Allahdan başqa Yaradanlar varmı? (Muminun 12/14)

23 Bazar ertəsi Noy 2015

Posted by science1985 in Allah Təala (c.c) haqqında suallara cavablar

≈ Bir şərh yazın

Quranda deyilir ki, “Yaradanların ən gözəli Allahdır” Bu nə deməkdir?

Məgər Allahdan başqa Yaradanlar var?
CAVAB:

İslam inancının təməl prinsiplərindən biri də Allahdan başqa yaradanın olmaması prinsipidir. Lakin Qurani Kərimə nəzər saldığımız zaman orada cəm halda “yaradanlar” sözünün keçdiyini görürük.
Bu yazıda haqqında danışmaq istədiyim ayə Muminun surəsində “yaradanlar” sözünün keçdiyi ayədir. Uca Allah belə buyurur:
“Biz (ilk) insanı süzülmüş palçıqdan yaratdıq. Sonra onu(n nəslinin yaranma şəklinin ilk mərhələsini) sağlam bir yerdə nütfə halında etdik. Sonra o nütfəni laxtalanmış qana, qanı da kiçik ət parçasına çevirdik. Daha sonra o kiçik ət parçasını sümüyə çevirərək üzərini ətlə örtdük. (Dünyaya gəldikdən) sonra onu (inkişaf mərhələlərindən keçirərək) başqa bir yaradılışa saldıq. Yaradanların ən gözəli olan Allah necə də ucadır”.[1]
Ayənin sonundakı “Yaradanların ən gözəli” sözüylə nə qəsd olunur? Bu ayənin təvili nədir? Allahdan başqa yaradan varmı? Bu kiçik yazıda məhz buna toxunacağam. Müvəffəqiyyət Allahdandır.
Təfsir alimləri bu ayənin bir neçə yöndə anlaşıla biləcəyini qeyd etmişlər. Əhli Sünnənin şeyxi Əbu Mansur əl Maturidi öz təfsirində bu təvillərdən bəzilərini qeyd edir. [2] Elə biz də məzmun olaraq məhz bu üç təvili qeyd etməyi uyğun gördük. Bu ayəni bir neçə cür təvil etmək mümkündür:
1. Burada müşriklərin Allahla birlikdə yaradan hesab etdikləri qəsd olunur. Baxmayaraq ki, Qurani Kərimə görə Allahdan başqa yaradan yoxdur. Lakin müşriklər digərlərini də yaradan gördükləri üçün Allah onların qəsdini ifadə edib. Bunun örnəyi Qurani Kərimdə var. Misal üçün bir ayədə uca Allah belə buyurur:
“(İbrahim) gizlicə onların ilahlarının yanına getdi”.[3]
Sözsüz ki, o bütlər həqiqətdə ilah deyildilər. Lakin müşriklər onları ilah hesab etdiyi üçün Allah onların qəsdini ifadə edir.
Eləcə də bu ayədə. Həqiqətdə Allahdan başqa yaradan olmasa da Allah müşriklərin qəsdini ifadə edir.
2. Qeyri mümkün olan bir şeyi “olsaydı belə” şəklində ifadə etmək. Yəni Allahdan başqa yaradanlar olsaydı belə Allahın yaratması onların yaratmasından yenə də üstün olardı. Misal üçün Qurani Kərimin bir başqa ayəsində belə keçir:
“Əgər Allah övlad edinəcək olsaydı yaratdıqları arasından dilədiyini seçərdi”.[4]
Allahın övlad edinməsi əqlən qeyri mümkündür. Lakin Allah bu qeyri mümkün halı bu ayədə “olsaydı belə” şəklində ifadə edir.
Eləcə də bu ayədə bildirir ki, Allahdan başqa yaradan olsaydı belə yenə Allah yaradanların ən üstünü olardı.
Ümumiyyətlə Qurani Kərimdə bəzən olmayan bir şey (istər əqlən mümkün olsun istərsə də qeyri mümkün) fərziyə mənasında varmış kimi ifadə edilir. Misal üçün bir ayədə uca Allah belə buyurur:
“Onlara şəfaətçilərin şəfaəti fayda verməz”.[5]
Halbuki biz bilirik ki, kafirlərə ümumiyyətlə şəfaət edilməyəcək. Yəni şəfaət olmayacaq. Lakin Allah fərziyyə mənasında olmayan bir şəfaəti varmış kimi göstərərək bildirir ki, şəfaətin olacağı fərz edilsə belə onlara bu heç bir fayda verməz.
Çox güman Allahdan başqa yaradan olduğu inancını mənimsəyənlər xristyanlar idi. Ola bilsin onlar İsanın -əleyhissalam- palçıqdan quş fiquru düzəldərək Allahın izni ilə ona həyat verməsini əsas alaraq onu da həqiqi yaradan hesab edirdilər. Misal üçün İbn Cərir ət Tabəri öz təfsirində İbn Cureycdən bu ayə haqda “İsa da yaradırdı” dediyini nəql edir.[6]
Burada İbn Cureycin bu təfsiri onun İsanı -əleyhissalam- həqiqi yaradan görməsi mənasına gəlməz. İbn Cureyc sadəcə bu ayənin nəyə cavab olaraq nazil olduğunu qeyd edir. İnancın isə xristyanlara aid olması ehtimalı böyükdür.
3. Ayədəki yaradan sözü düzəldən mənasındadır. Ərəblər arasında düzəltmənin yaratma kimi ifadə edilməsi məşhurdur. Baxmayaraq ki, düzəltmək həqiqi mənada yox, məcazi mənada yaratmaqdır. Hətta Qurani Kərimdə belə bu keçməkdədir. Misal üçün uca Allah İsanın -əleyhissalam- belə dediyini buyurur:
“Mən sizə palçıqdan quş fiquru yaradacağam”.[7]
Məlum məsələdir ki, İsa -əleyhissalam- sadəcə bir düzəldən idi. Bu səbəbdən onun düzəltməsi məcazi mənada yaratmaq kimi ifadə edilir.
Eləcə də bu ayədə nəsə düzəldənlər məcazi mənada yaradanlar adlanır. Bildirilir ki, Allah yaradanların ən üstünüdür. Çünki onun yaratması həqiqi, digərlərinin yaratması isə məcazi bir yaratmadır. Həqiqi olan bir şey məcazidən daha üstündür.
Bu son təvil Mücahiddən gəlmişdir və Tabəri də bu təvili seçmişdir.[8]
Hər üç təvil məqul bir təvildir və hər üç təvili dəstəkləyəcək misallar var. Ən əsası isə hər üç təvilin ifadə etdiyi bir ortaq məna var: Allahdan başqa həqiqi yaradan yoxdur.
Yazdı: Rüstəm Mehdi Qubavi
____________________­____
[1] Muminun: 12-14.
[2] Maturidi, Təvilətu Əhlis Sunnə, 3/396-397.
[3] Saffət: 91.
[4] Zumər: 4.
[5] Muddəssir: 48.
[6] Tabəri, Camiul Bəyan, 17/25.
[7] Ali İmran: 49.
[8] Tabəri, Camiul Bəyan, 17/25.
Mənbə : ehlirey.com -saytı

Allahın varlığı haqqında semantik və mexaniki baxış açısı

06 Cümə axşamı Avq 2015

Posted by science1985 in Allah Təala (c.c) haqqında suallara cavablar

≈ Bir şərh yazın

Kainatda gördüyümüz hər şey 2 cür ifadə edilə bilər:

1. Semantik yöndən.

2. Mexaniki, yəni sadələşdirilmiş yöndən.

Mexaniki baxış açısı nədir? Bir şey mexaniki yöndən incələnərkən onu tərkib hissələri, yəni təşkil olunduğu molekulları, atomları, hüceyrələri ələ alının tədqiq edilər. Məsələn, mexaniki yöndən incələndikdə hər bir insan təbiətdə zatən mövcud olan zülalların və müxdəlif fiziki-kimyəvi maddələrin birləşməsidir, yəni mexaniki yöndən incələyərkən insan təbiətdə mövcud olan maddələrin kompleks (qarışıq, mürəkkəb) şəkildə birləşməsindən başqa bir şey deyildir. İnsanı fərqli qılan tək şey bu maddələrin kompleks və mükəmməl şəkildə bir araya gətirilməsidir.

Bəs semantik baxış açısı nədir? Bir şey semantik yöndən incələnərkən həmin şeyin “məqsədi və daşıdığı məlumat” ələ alınar, yəni semantik yöndən incələnərkən insan təkcə atomlardan və ət-sümük parçasından ibarət bir canlı deyil. Semantik baxış açısından insan “məqsədləri olan, sevən, qorxan, nifrət edən, gələcəyini planlayan, ümid bəsləyən, xəyallar quran, kiçik beyni ilə bütün kainatı araşdıran, məntiqli, yeri gələndə sevdikləri üçün özünü fəda edəcək qədər cəsur” varlıqdır.

Mexaniki yöndən insan DNT-si sadəcə atom və zülalların birləşməsidir. Semantik yöndən isə insan DNT-si 3,5 milyon hərflik məlumat daşıyan inanılmaz bir programdır, əsrarəngiz bir kitabdır. Yəni semantik yöndən insan atomlardan üstün bir varlıqdır. Semantik yöndən insan “şüurlu” varlıqdır, insan beyni atomlardan ibarətdir, yəni beynimiz də hər hansı bir stol və ya bir stəkan kimi atomların yan-yana gəlməsi ilə meydana gəlmiş maddə yığınıdır. Taxta stolda necə atomlar müəyyən nizam içində bir yerə gətirilibsə, sizin beyninizdəki atomlar da müəyyən bir nizam içində bir yerə gətirilmişdir. Stolun atomları düşünə bilmədiyi kimi, beyninizdəki atomlar da düşünə bilməzlər. Və ya beyniniz də dırnağınız kimi hüceyrələrdən ibarətdir, amma dırnağınız düşünə bilmir. Bu da onu göstərir ki, semantik yöndən şüurunuz beyninizdəki atomlardan, molekullardan, hüceyrələrdən daha fərqli bir mənbədən gəlir.

Yəni hər şey 2 səviyyədə mövcuddur. Misal üçün hansısa kitabı mexaniki yöndən incələyək. Mexaniki yöndən hər bir kitab sadəcə onu təşkil edən mürəkkəb və kağızdan, mürəkkəbi və kağızı təşkil edən karbon atomundan başqa bir şey deyil. Ancaq bu həqiqətən həmin kitabın sadəcə kağıız və yaxud mürəkkəbdən ibarət olduğu mənasını verərmi? Xeyr. Əgər sizə “Tarixi-Nadir kitabı haqqında məlumat ver” desələr, siz cavab olaraq bu kitab hansısa növ mürrəkəblə hansısa kağız növünün birləşməsidir” deyə bilərsinizmi? Əlbəttə ki, yox! Çünki mexaniki yöndən baxış heç bir zaman kitabın əslində nə olduğunu üzə çıxarmaz, çünki semantik yöndən kitab müəyyən informasiyalar və yazarın oxucuya çatdırmaq istədiyi mesajlar toplusudur.

Eyni şey mahnılar üçün də keçərlidir. Mexaniki yöndən ”Sarı Gəlin ” musiqisi sadəcə havada uçan atom molekullarıdır, amma mexaniki izah həqiqətən “Sarı Gəlin” musiqisinin nə olduğunu bizə deyirmi? Əlbəttə ki, yox !  “Sarı Gəlin” musiqisinin əslində nə olduğunu anlamaq üçün musiqinin mahiyyətinə ancaq semantik yöndən baxmalıyıq. Belə olduğu halda “Sarı Gəlin ” musiqisi müəllifin və ya bəstəkarın dinləyiciyə çatdırmaq istədiyi mesajlar və tarixi məlumatlardır .

Semantik yöndən baxdıqda biz asanlıqla Yaradıcını, Onun yaratdıqları vasitəsiylə verdiyi mesajları, kainatdaki sənət əsərini və canlıların sadəcə maddədən ibarət olmadığını düşüncə və ağıl gözümüzlə görə bilərik.

Yəni kainat və canlılar 2 hissədən ibarətdir: mexaniki (hüceyrələr, atomlar və molekullar) və semantik (Yaradan, Yaradanın yaratdıqları ilə verdiyi mesajlar, canlılardakı sənət əsəri və məlumat, canlılarda olan məqsədlər). Beləliklə, materiyanı əsas tutan ateistlərin müsəlmanlardan əsas fərqi odur ki, onlar canlılara sadəcə mexaniki yöndən baxırlar. Buna görə də Yaradanı və Onun məqsədlərini görə bilmirlər!

Ay tanrısı iddialarına cavab

31 Cümə İyl 2015

Posted by science1985 in Allah Təala (c.c) haqqında suallara cavablar

≈ Bir şərh yazın

Qaraqan kitabında yazır:

“…Təkcə Kəbə deyil, bütün Ərəbistan yarımadası boyu yüzlərlə müqəddəs daşa ərəblər inanır və tapınırdılar. Kəbənin içində isə 300-dən çox büt var idi. Uzza, Lat, Manat adlı bütlər Allahın qızları kimi adlanırdı və onlara ibadət olunurdu. Ərəblər səma cisimlərini ilahiləşdirirdilər. Bu bütlərin içində güc və əzəmətinə görə digərlərindən daha böyüyü də var idi. Onun adı Hubal idi. Baxın bu Hubalın işarəsi aypara idi. Bütpərəstlər ayparaya səcdə edərək Hubala ibadət edirdilər. Bədr savaşında Məhəmməd peyğəmbərə qarşı gələn bütpərəstlər Hubala dua edərək qışqırırdılar ki, “Hubal hər kəsdən yüksəkdir.” Çox qəribədir ki, sanki İslam qalib gələndən sonra, bütün bütlər Kəbədən çıxarılandan sonra da əsas büt, hamısından vacib və zəhmli olan Ay para tanrısı Kəbədən çıxarılmadı. Əksinə “Hubal hər kəsdən yüksəkdədir” sözlərinə uyğun olaraq məscidlərin ən yüksək yerinə, minarəsinə yerləşdirildi. Nə üçün? Bu günə kimi bütün müsəlman qardaşlardan soruşanda nə üçün minarənin üstündə aypara var bir şey deyə bilmirlər. Sizə bu qəribə gəlmirmi? İslamın döyüşdüyü, bütpərəstlərin, cahillərin, din düşmənlərinin ibadət etdiyi, müqəddəs saydığı Ayparanı gətirib ən yüksək yerdə yerləşdirməyimiz?”

Qaraqan bu sözlərini yazdıqdan sonra kitabına bir şəkil yerləşdirib. Şəkil gil lövhənin üzərində təsvir edilmiş, taxt üstündə oturmuş bir kişini və qarşısında duran üç qadını əks edir və lövhənin sağ tərəfində yazılar var. Taxtda oturan kişi ilə qadınların arasında yuxarı tərəfdə aypara təsvir olunub. Kitabı oxuyanın ilk təəssüratı budur ki, bu şəkil Hubal ilahını təsvir edir və sanki Qaraqanın yazdıqlarının əyani bir sübutudur.

7

İlk öncə bu şəkil haqqında danışaq. Qaraqanın kitabında yerləşdirdiyi və gil lövhəni xatırladan bu şəkil həqiqətdə silindr formasında olan bir möhürün əksidir, yəni kağız üzərinə çıxarılmış əksidir. Bu möhür miladdan öncə 2100-cü ilə aiddir və möhürün üzərində Ur şəhərinin kralı Ur-Nammu oturmuş halda təsvir olunur. Onun qarşısında isə inanca görə mühafizə ilahəsi durur və İskun-Sin’ şəhərinin valisi Haşamer’ə valiliyin necə verildiyi təsvir edilir. Yəni mühafizə ilahəsi əli ilə Haşamerin əlindən tutub Ur-Nammu’nun qabağına gətirir və Ur-Nammu ona valilik verir. Bu silindr formasındakı möhür də Haşamerin valiliyini təsdiq edən möhürdür. Burada təsvir edilən aypara isə Mesopotamiyada yaşamış akkad, assur və babillilərin inandığı ay ilahıdır və adına Sin və ya Nanna deyidilər. Bir sözlə bu şəklin cahiliyyə ərəblərdəki Hubal ilə heç bir əlaqəsi yoxdur.

O zaman Hubal haqqında danışaq. Hubal haqqında hicri 204-cü ildə vəfat etmiş Əbul-Munzir Hişəm bin Muhəmməd əl-Kəlbi’nin “Kitəbul-Əsnəm” (Bütlər haqqında kitab) adlı kitabında (səh: 27-28) məlumat əldə etmək olar. əl-Kəlbi yazır: “Onlara (ərəblərə) görə ən əzəmətlisi Hubal idi. Mənə çatan məlumatlara görə qırmızı aqiq’dən (aqat mineralı) sağ əli qırılmış insan surətində düzəldilmişdi. Qureyşlilərə də bu şəkildə çatmışdı və ona qızıldan əl düzəltmişdilər. Onu ilk yerləşdirən Xuzeymə bin Mudrikə bin İlyas bin Mudar olub və (buna görə də) bütə (bəzən) Xuzeymənin Hubalı deyirdilər. Kəbənin içində idi və qarşısında yeddi qədəh (fal oxları) var idi; birincisinin üstündə “sarih”, “ikincisinin üstündə “mulsaq” yazılmışdı. Doğulmuş uşaqda şikayət etmək istədikdə ona hədiyyə verərdilər və fal oxu ilə vurardılar…” Daha sonra digər qədəhin ölü üçün, o birinin nikah üçün olduğunu, yerdə qalan üçü haqqında isə məlumatının olmadığını deyir. əl-Kəlbi’nin dediklərinin bənzəri İbn İshaq (vəfatı hicri 151) “əs-Siyər val-Məğazi” kitabında və Əbu Abdilləh əl-Vaqidi’nin (vəfatı hicri 207) “əl-Məğazi” kitabında keçir.

əl-Kəlbi, İbn İshaq, əl-Vaqidi və cahiliyyə ərəblərinin adətləri haqqında yazmış digər müsəlman tarixçi alimlərdən heç biri Hubal’ın ayla, aypara ilə əlaqəsinin olduğunu yazmırlar. Bəs bu aypara məsələsi hardan qaynaqlanır? Bu barədə hər hansı bir sübut varmı? Bəzi müstəşriqlər, yəni orientalistlər iddia ediblər ki, Hubal ay ilahı olub. Hər kəsə bunu nəyə əsasən dedikləri maraqlı olmalıdır. İşin qəribə tərəfi budur ki, bu iddianı edən orientalistlər iddialarında nə bir arxeoloji tapıntıya, nə tarixi bir rəvayət əsaslanırlar. Lakin bu iddialarının əsası bəzi arxeoloqların israr etdikləri kimi ərəblərin bir “ay ilahı” olması mifinə dayanır. Müsəlmanların dinini gözdən salmağa çalışmış bu orientalistlər heç bir əsas olmadan cahiliyyə ərəblərinin ən əsas ilahlarının “ay ilah” olduğunu deyiblər. Beləliklə də Hubal bütlər içində ən böyük büt olduğu üçün deyiblər ki, həmin ay ilahının bu Hubal olması lazımdır. Bundan başqa heç bir əsasları yoxdur. Bunların hamısı bəzi orientalistlərin iddia etdikləri və daha sonra xristian missionerlər tərəfindən məşhurlaşdırılmış “Moon-God” (Ay İlah) əsfanəsi ilə bağlıdır. Bu fikri ən çox məşhurlaşdıran və xristiyan oxucular arasında yayan Robert Morey adlı xristiyan fundamentalist olub və onun iddiasına görə müsəlmanların Allahı əslində müşriklərin inandıqları Hubal olub. Bu fikir əslən iyirminci əsrin əvvəllərində alman şərqşünas və bibliyaşünas Julius Wellhausen (1844-1918) tərəfindən spekulyasiya edilib. həmçinin digər alman arxeoloq və şərqşünas Hugo Winckler (1863-1913) isə iddia edib ki, Hubal ərəblərin ay ilahı olub. Hubal’ın ay ilah olduğunu deyən də ilk olaraq Hugo olub. Hugo isə bu fikrini öz növbəsində danimarkalı arxeoloq Ditlef Nielsen’in (1874-1949) nəzəriyyəsindən götürmüşdür ki, Ditlef’ə görə Cənubi Ərəbistandakı ərəblərin ibadət etdiyi ilahlar Ata Ay, Ana Günəş və Oğul Venera olub. Lakin müasir tarixçi alimlər və arxeoloqlar bu nəzəriyyəni rədd edirlər və bunun üçün tutarlı səbəblər göstərirlər. Üstəlik Ditlef’in bu nəzəriyyəsi çox bəsit səbəblərə dayanır, misal üçün “şəms” sözü ərəblərdə qadın cinsində olduğu üçün Ditlef günəşi ana ilahə hesab edib. Bu barədə müasir tarixçilərin ətraflı analizləri vardır. D. A. Brown “The Deities Worshipped in Central and North-Western Arabia at The Advent of Islam” adlı tezisində (1. cild, səh: 188; 1965-ci il) deyir:

“Ryckmans, Les Noms, p. 9, tentatively associates Hubal with the moon, but there is no necessary evidence for this association in the name…”

“Ryckman “Les Noms” kitabında (səh: 9) ilk olaraq Hubalı ay ilə əlaqələndirir, lakin adda bunun üçün lazımi dəlil yoxdur…”

Beləliklə də müasir orientalist akademik dairələrdə bu fikir tamamilə rədd olunur, çünki heç bir əsası yoxdur. Həqiqətdə cahiliyyə ərəbləri aya və ya günəşə ibadət etmirdilər. Aya, günəşə, ulduzlara ibadət başqa bölgələrdə yayılmış səbailik fikirləri ilə bağlı idi.

Bütün bunlardan sonra Hubalın işarəsinin aypara olduğunu görəsən bu Qaraqan haradan çıxarıb? Hubalın ümumiyyətlə ayla əlaqəsi olmasına dair nə bir arxeoloji sübut var, nə də bu barədə bir tarixi rəvayət vardır, o zaman görəsən bu Qaraqan belə bir işarəni haradan çıxırır? Yoxsa bu onun öz torbasındandır?! Bütpərəstlərin ayparaya ibadət etməklərinin də heç bir əsası yoxdur. Bütpərəstlər Hubalın qarşısındakı fal oxları ilə nikah, uşaq doğumu və bənzər işlərdə qərar qəbul edirdilər, Hubalın yanındakı İsaf və Nailə adlı bütlərə də qurban kəsirdilər.

Daha sonra “hədisləri və əlyazmaları araşdırmış” Qaraqan yazır:

“Bədr savaşında Məhəmməd peyğəmbərə qarşı gələn bütpərəstlər Hubala dua edərək qışqırırdılar ki, “Hubal hər kəsdən yüksəkdir.”

İlk öncə burada bir düzəliş edək. Bu, Bədr savaşında deyil, Uhud savaşında olub və bu hədisi bir çox müsəlman alimi kitabında qeyd edir. əl-Buxari “əs-Sahih” kitabında səhabə əl-Bəra bin Azib’dən rəvayət edərək deyir: “O gün müşriklər ilə qarşılaşdıq və Allahın elçisi – salləllahu aleyhi va səlləm – oxçulardan ibarət bir ordu saxladı və dedi: “Yerinizdən ayrılmayın! Onlara üstün gəldiyimizi gördükdə yerinizdən ayrılmayın! Onların bizə üstün gəldiklərini görsəniz yerinizdən ayrılmayın!” Onlarla üzləşdikdə qaçdılar, hətta dağdakı qadınların sürətlə yeridiklərini gördüm, ətəklərini qaldırmışdılar və ayaqlarındakı bilərziklər görünürdü. (Oxçular) – “qənimət, qənimət!” – deməyə başladılar. Abdullah (bin Cubeyr) dedi: “Sizin yerinizdən ayrılmayacağınıza dair Allahın elçisi – salləllahu aleyhi va səlləm – məndən əhd aldı. Lakin boyun qaçırdılar. İmtina etdiklərində üzləri döndərildi və yetmiş nəfər öldürüldü. Əbu Sufyan qarşıya çıxaraq dedi: “Muhamməd aranızdamı?” Dedi: “Cavab verməyin!” (Sufyan) dedi: “Bəs İbn Əbi Quhafə aranızdamı?” Dedi: “Cavab verməyin!” Dedi: “Bəs İbnul-Xattab aranızdamı?” (Cavab almadıqda) dedi: “Bunlar öldürülüblər, əgər sağ olsaydılar cavab verərdilər.” Bu zaman Ömər özünü tuta bilmədi və dedi: “Yalan danışdın, ey Allahın düşməni, Allah səni üzəcək şeyi üzərində saxlayıb.” Əbu Sufyan dedi: “Ucaldın, ey Hubal!”, “Ucaldın, ey Hubal!”…” Qaraqan kitabında bu son sözləri qeyd edir. Bu son sözləri fərqli tərcümə etmək olar, lakin məna cəhətdən hamısı eynidir. Yəni Əbu Sufyan öz ilahı Hubalı ucaldır, onu tərifləyir, onun qalib gəldiyinə işarə edir. Lakin Qaraqan əgər bu hədisi həqiqətən də öz qaynağından oxuyubsa o zaman hədisi tam qeyd etməməsi çox təəccüblüdür. Çünki hədisin davamı belə cərəyan edir: “…peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Ona cavab verin!” Dedilər: “Nə deyək?” Dedi: “Deyin ki, Allah daha uca və qədri daha əzəmətlidir!”…” Bu hədisi əl-Buxari “əs-Sahih” kitabında (4043) rəvayət edir. Tək bu hədis ağıl sahibləri üçün kifayət etməlidir ki, müsəlmanların etiqadında, əməllərində Hubal üçün heç bir yer yoxdur, olmayıb, olmayacaq və olması imkansızdır. Bunu dərk etmək üçün “dahi” olmaq lazım deyildir, İslamla və onun ilkin qaynaqları ilə tanış olanlar bunu gözəl dərk edirlər.

Qaraqan daha sonra deyir:

“Çox qəribədir ki, sanki İslam qalib gələndən sonra, bütün bütlər Kəbədən çıxarılandan sonra da əsas büt, hamısından vacib və zəhmli olan Ay para tanrısı Kəbədən çıxarılmadı.”

Bu isə artıq həyasızcasına, utanmadan deyilmiş bir yalandır. Kitabında yazdığı bu yalanları çox ehtimal ki, xristiyan missionerlərin yazılarından araşdırmadan götürüb. Peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – ömrünü bütlərə qarşı vuruşmağa həsr edəcək və Məkkəni fəth etdikdən sonra bütlərin böyüyünü saxlayacaqdımı?! Bu, nə qədər çirkin bir yalandır?!?!?!

Əbul-Valid əl-Əzraqi (vəfati hicri 250) “Əxbəru Məkkə” kitabında (1/121) isnadı ilə rəvayət edir ki, İbn Abbas deyir: “…Allahın elçisi – salləllahu aleyhi va səlləm – çubuğu ilə bütə işarə edən kimi büt üzü üstə yıxılırdı. Allahın elçisi – salləllahu aleyhi va səlləm – miniyi üzərində yeddi dəfə tavaf etdi və (hər dəfə) əsası ilə qara daşa toxunurdu. Yeddincini qurtardıqda miniyindən düşdü və Allahın elçisi – salləllahu aleyhi va səlləm – sonra (İbrahim) məqamına gəldi. Məmər bin Abdilləh bin Fadlə gələrək miniyi apardı, zirehini, dəbilqəsini çıxardı və əmmaməsi iki çiyni arasına düşürdü. Namaz qıldı, sonra zəmzəm suyunun yanına getdi və ona baxmağa başladı. Dedi: “Abdulmuttalib oğullarının haqqına girilmiş olmasaydı ordan bir qab su çıxarardım.” Bu sözünə görə əl-Abbas bin Abdilmuttalib onun üçün bir qab su çıxardı və o da içdi. Daha sonra Hubal’ın sındırılmasını əmr etdi və o, başı üstündə durub baxdığı halda sındırıldı. əz-Zubeyr bin əl-Avvam bu zaman Əbu Sufyan bin Hərbə dedi: “Ey Əbu Sufyan, Hubal sındırıldı. Sən isə Uhud günü onunla fəxr edirdin ki, sənə zəfər bəxş etmişdi.” Əbu Sufyan dedi: “Burax bu söhbətləri, ay İbnul-Avvam, mən indi görürəm ki, əgər Muhəmmədin ilahı ilə yanaşı bir ilah olsaydı işlər heç də bu cür olmazdı.” əl-Əzraqi’nin rəvayəti burada bitir. Buradan görürük ki, peyğəmbərimiz – aleyhissalətu vassələm – Hubal’ı da digər bütlər kimi sındırıb.

Qaraqan daha sonra deyir:

“Əksinə “Hubal hər kəsdən yüksəkdədir” sözlərinə uyğun olaraq məscidlərin ən yüksək yerinə, minarəsinə yerləşdirildi. Nə üçün? Bu günə kimi bütün müsəlman qardaşlardan soruşanda nə üçün minarənin üstündə aypara var bir şey deyə bilmirlər.”

Bu oxuduğum ən gülünc və ən absurd fikirlərdən biridir. Tarix boyu müsəlmanların ağlından Hubalı və ya onunla bağlı hər hansı bir şeyi yad etmək keçməyib. Minarələrin və qübbələrin üzərindəki ayparaya gəldikdə isə bu barədə fərqli fikirlər mövcuddur. Lakin bunların hamısı bir nöqtədə razılaşır ki, aypara simvolu tarixin sonrakı hissəsində minarələr və qübbələr üzərində yerləşdirilib. Bunu anlamaq çox bəsitdir. Çünki minarələrin özləri daha sonra tikilib. əl-Bələzuri (vəfatı hicri 245/miladi 859) “Futuhul-Buldən” kitabında deyir ki, “İslamda tikilmiş ilk minarə Müaviyə bin Əbi Sufyan’ın valisi Ziyad bin Əbih tərəfindən hicri 45-ci ildə Basra şəhərində tikilib.” Digər tarixçi əl-Məqrizi isə ilk tikilən minarənin Amr bin əl-As camisinin dörd minarəsi olduğunu deyir; Əməvilərin hökmü dövründə Misirin valisi Məsləmə bin Məxləd tərəfindən tikdirilib. İslamda tikilmiş ilk qübbə isə əməvi xəlifəsi Abdulməlik bin Mərvan’ın hicri 72-ci ildə Qüdsdə tikdirdiyi əs-Saxra məscidinin qüvvəsi olub. Təbii ki, İslamda tikilmiş ilk minarələr sadə üslubda olub, üstündə bər-bəzək olmayıb və üzərində heç bir aypara rəmzi olmayıb. Aypara rəmzi daha sonradan əlavə edilib və ilk dəfə əlavə edilməsi tarixi bilinmir. Çar rusiyasında yaşamış məşhur tarixçi müsəlman tatar alimi Şihəbuddin Mərcani (hicri 1233-1306/ miladi 1818 –1889) özünün “Vafiyətul-Əsləf va Təhiyyətul-Əxləf” kitabında deyir: “Məscidlərin minarələrinin başlarında hilal (aypara) formasını qoymaq bidətdir, onu sadəcə olaraq Osmanlı dövlətinin sultanları (bizans) imperatorlarından götürüblər və rəsmi əlamət kimi istifadə edirlər.” Bu, bizə təxminən məscidlərin minarələri üstündə aypara formasının nə vaxt əmələ gəlməsi barəsində bir təsəvvür yaradır. Lakin bunun bidət olmasına gəldikdə isə bu məsələ bir qədər mübahisəlidir. Əbu Said Abdurrahmən bin Yunus əs-Sadəfi (vəfatı hicri 347) Misrin tarixi haqqında yazdığı kitabında deyir: “Said bin Ufeyr (kitabında) Amr bin Zuheyr bin Əsmər bin Əbil-Kənud’dan rəvayət edir ki, Əbul-Kənud peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına nümayəndəlik ilə gəldi və (peyğəmbər) onun üçün – qövmü üzərində – bir qara bayraq düzəltdi, üstündə ağ hilal (aypara) var idi. (Əbul-Kənud) Misirin fəthində iştirak edib və onun orada nəsli vardır.” [“Tərix İbn Yunus əl-Misri”, 1/202] Bu rəvayətin isnadı səhih, yəni sağlam olmasa da tarixçi müsəlman alim Abdulhəyy əl-Kəttəni (hicri 1302-1382/miladi 1884-1962) “ət-Təratib əl-İdəriyyə” (1/265) adlı kitabında bu rəvayəti zikr edir və deyir: “İslami bayraqlardakı aypara forması bu kökdən gəlir.” Ümumən deyə bilərik ki, ayparanın bayraqlarda və məscidlərin üstündə simvol kimi götürülməsinin birdən çox səbəbi ola bilər. İbn Yunus’un tarixində, İbn Abdilbərr’in “əl-İsabə” kitabında və İbn Asəkir’in “Tarixu Diməşq” kitabında keçən bu rəvayətlərin bir rolunun olması mümkündür. Lakin məşhur fikir budur ki, müsəlmanlar hilalın müsəlmanların həyatında oynadığı əhəmiyyətli roluna görə onu simvol ediblər. İslamda hilal, ayların təyinində, ramazan orucu, həcc kimi ibadətlərdə bəzi hökmlərin təyinində rol oynayır. Ona görə də tarixin müəyyən mərhələsində islam dövlətlərindən biri qeyri-müsəlmanlardan seçilmək üçün belə bir simvol götürmüş ola bilər. Bir çox tarixçiyə görə bunu edənlər osmanlı türkləri olublar. Doğrusunu Allah bilir!

“Müsəlmanlar 3999 Tanrını inkar edir, ateistlər isə 4000 tanrını” iddiası

31 Cümə İyl 2015

Posted by science1985 in Allah Təala (c.c) haqqında suallara cavablar

≈ Bir şərh yazın

Ateistlərin adətən irəli sürdükləri qəribə bir argument var: “Dünyada 4000 Tanrı (ilah) var, hər dinin mənsubu öz ilahını qəbul edir və digər 3999-nu rədd edir, biz ateistlər isə sadəcə sizdən 1 tanrı artıq inkar edirik. (Yəni müsəlmanlar 3999 Tanrını inkar edir, biz ateistlər isə 4000 tanrını)”.

Bu ateistlərdə bir alışqanlıqdır ki, onlar həmişə mövzu Yaradana gəldikdə elmi yöndən Yaradanın varlığını inkar edə bilmədikləri üçün dünyada var olan saxta tanrıların sayının çoxluğunu bir arqument kimi ortaya atırlar. Bununla da öz aləmlərində guya Yaradanın yoxluğunu “sübut” etmiş olurlar. Əslində bu iddia heç bir elmi-məntiqi mühakiməyə və ya hər hansı ciddi elmi dəlilə əsaslanmır. Bu sadəcə Yaradanın varlığını inkar etmək uğrunda ateistlərin sırf emosional düşüncəsindən başqa heç nə deyil. Ateist düşüncəyə görə çoxlu sayda ilahlar varsa, deməli heç bir ilah yoxdur. Bu düşüncə tamamən səhvdir. Çünki çoxlu yalanlar bir həqiqəti dəyişmədiyi kimi çoxlu saxta ilahların olması da həqiqi bir İlahın olmadığına əsla dəlil sayıla bilməz. 

Əslində mövzu bir Tanrı artıq inkar etmək qədər sadədir mi? Yəni ateistlər 1 tanrı artıq inkar edərək sanki məntiqli bir şey mi edirlər? Əlbəttə ki, yox! Vəziyyət tam olaraq belədir:

Ortada bir kitab təsəvvür edin. Kitabın içində çox dəyərli bilgilər və məlumatlar var, həmçinin kitabın üzərindəki bəzəklərlə çox gözəl sənət əsəri olmuşdur. Lakin kitabın üstündə Yazarın adı yazılmamışdır. Kitabın ətrafında isə 4000 nəfər təsəvvür edin və həmin 4000 nəfər kitabın müəllifini axtarır və hər biri “Kitabın yazarı O yazıçıdır, yox kitabın yazarı bu yazıçıdır” deyərək hər biri kitaba fərqli müəlliflər təyin edərək bir-birinin təxminlərini inkar edir. Lakin ateistlər neyləyir bilirsiniz mi? Ateistlər ümumiyyətlə bu kitabın bir yazarı olmadığını deyir. Ateistlər həmin kitabdakı məlumatların sahibi olmadığını və kitabı heç kimin yazmadığını iddia edirlər! Yəni ki, bu kitab mürəkkəbin təsadüfən kağız üzərinə tökülməsi və sonra kağızların təsadüfən üst-üstə yığılıb cildlənməsi nəticəsində öz-özünə meydana çıxıb. Deməli, burda məsələ 1 tanrı artıq inkar etmək deyil. Məsələ ümumiyətlə Yaradanı, yəni kainatdakı bilginin, məlumat və sənət əsərinin sahibini tamamən inkar etmək və bunları kor-təbii, şüursuz təbiət qüvvələrinə aid etməkdir!

Yuxarıda qeyd etdiyimiz misala uyğun olaraq çıxaracağımız nəticə budur: Əgər bir kitab olsa və hər kəs özünün həmin kitabın müəllifi olduğunu iddia etsə, bu kitabın heç bir müəllifi olmadığı mənasına gəlməz. Kitab varsa, Katib də vardır. Həqiqi Katibi tapmaq isə insan düşüncəsinə həvalə edilib. Quran isə bununla bağlı bizə bunları deyir:(21 – ENBİYÂ) الأنبياء / 22- Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!

← Əski Yazılar

Çolaq Addım

Çolaq Addım

Mövzular

  • Adəm peyğəmbər haqqında iddialara cavab
  • Allah Təala (c.c) haqqında suallara cavablar
  • Alın yazısı haqqında suallara cavablar
  • Ateist iddialarına cavablar
  • Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar
  • Digər peyğəmbərlər və dini suallar haqqında
  • Fəlakətlər: aclıq və xəstəliklər
  • Kainat və astrofizika – Yaradılış dəlilləri
  • Köləlik və cariyəlik
  • Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar
  • Musa peyğəmbər (a.s) haqqında iddialara cavab
  • Namaz, oruc, həcc ziyarəti ilə bağlı suallar
  • Niyə İslam?
  • Nuh peyğəmbər (a.s) haqqında iddialar
  • Qadınlar haqqında suallara cavablar
  • Quran ayələrindəki möcüzələr
  • Qurana qarşı iddialara cavablar
  • Ruh haqqında
  • Süleyman peyğəmbərlə bağlı iddialara cavablar
  • Terror və müharibə
  • Təsadüf haqqında
  • Yaxşılıq, xeyriyyəçilik
  • İnsan və təbiət – Yaradılış dəlilləri
  • İsa peyğəmbər (a.s) haqqında iddialar
  • İslam və müsəlmanlar
  • İslamda elm və mədəniyyət
  • İslamın zorla yayılmasına dair iddialara cavablar

Bloq Statistikası

  • 102. 292 hits
Follow Dini suallar on WordPress.com

Ən Populyar Yazılar & Səhifələr

  • "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
    "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
  • MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
    MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
Follow Dini suallar on WordPress.com

Son şərhlər

İskəndəriyyə kitabxanasının ya… üçün Ləman
“Nəhəng kainatdakı kiçik… üçün Ləman
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün science1985
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün Zaur
İddia: Quranda Kəhf surəsinin… üçün Qorxmaz
İsa peyğəmbərin (a.s) yaşaması… üçün Məmmədzadə Sədail

WordPress.com Bloqu. Mövzu: Chateau tərəfindən Ignacio Ricci.

Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here: Cookie Policy
  • İzlə İzlənir
    • Dini suallar
    • Already have a WordPress.com account? Log in now.
    • Dini suallar
    • Özəlləşdir
    • İzlə İzlənir
    • Qeydiyyatdan keçin
    • Giriş
    • Bu mühtəviyyat barəsində raport ver
    • View site in Reader
    • Manage subscriptions
    • Bu çubuğu daralt
 

Şərhlər Yüklənir...