• Haqqımızda

Dini suallar

~ Dini mövzularda sual-cavablar

Dini suallar

Kateqoriya Arxivləri: Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar

Yaxşılıq edən ateistlər niyə Cəhənnəmə gedir?

19 Çərşənbə axşamı Yan 2016

Posted by science1985 in Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar

≈ Bir şərh yazın

Sual: Ömür boyu çoxlu yaxşılıqlar etdiyi halda bir ateistin Allahı inkar etdiyi üçün Cəhənnəmə getməsi nə dərəcədə ədalətlidir?

Cavab:

Əvvəla, qeyd edək ki, bu sualın cavabının doğru şəkildə anlaşılması ilk növbədə Allah inancına bağlı vacib bir məsələdir. Əslində bu məsələnin mahiyyətini anlaya bilməkdə ateistlərə mane olan təməl problem ondadır ki, onlar Allahın varlığını ümumiyyətlə inkar edirlər. Və sonra da varlığını inkar etdikləri o Allahı ədalətsizlikdə ittiham edirlər. Burdakı açıq-aşkar paradoksu sezə bilirsinizmi?

Ateistlər Allahın varlığını və Onun hər şeyi yaratdığını, insana sonsuz nemətlər bəxş etdiyi həqiqətini qəbul etmədən kafirlərin niyə əbədi Cəhənnəm cəzasına məruz qalacaqları məsələsinin əsl mahiyyətinə heç vaxt varmış olmayacaqlar. Başqa sözlə, qəlbində Allah inancı olmayan və bütün kainatın, insanlığın təsadüfən yarandığına inanan bir ateistə bu sualın cavabını izah etmək çox-çox çətindir. Bəlkə də qeyri-mümkündür. Ona görə də cavaba keçməzdən öncə fərz edək ki, sualı verən şəxs özü dindardır, Allahın varlığını qəbul edir, lakin onun fikirlərini qarışdırdığı üçün bu sualın cavabını tapmağa çalışır.

Əslində buna bənzər sual Hz.Muhammədin (s.a.v) həyatında baş vermiş önəmli bir ibrətamiz hadisə ilə əlaqədardır. Ona görə də Allah Rəsulunun həyatından kiçik bir örnək verməklə sualın cavabına aydınlıq gətirməyə çalışacağıq. Söhbət Rəsullulahın doğmaca əmisi Əbu Talibdən gedir.

Bilindiyi kimi Hz. Muhamməd hələ anasının bətnində ikən atası Abdullah vəfat etdi. Sonra isə miladi 576-cı ildə anası Aminə də xəstələnib fani dünyaya gözlərini yumdu. Daha 6 yaşlı uşaq ikən həm ata, həm də anadan yetim qalan Hz.Muhammədi babası Abdulmuttalib öz himayəsinə alıb böyütdü. Babasının ölümündən sonra Hz.Muhammədə baxmaq vəzifəsi əmisi Əbu Talibin üzərinə düşür.

Beləliklə, Əbu Talib 8 yaşından etibarən Hz.Muhammədi himayəsində saxlayır, ona atalıq şəfqəti göstərir, çoxlu yaxşılıq edir və hətta peyğəmbərliyin ilkin ağır dönəmlərində belə ona arxa durur.

Bütün bunlara baxmayaraq əmisi Əbu Talib bütpərəstlikdən vaz keçib tək Allaha iman etməyi qəbul etmir. Hətta son nəfəsində belə əmisinin iman gətircəyinə ümid edən Hz.Muhamməd əlindən gələni etsə də, əmisini nə qədər dilə tutsa da öz istədiyinə nail ola bilmir. Qureyşin irəli gələnlərinin “ölümdən qorxduğu üçün Muhammədin Allahına iman etdi” deyəcəklərini qüruruna sığışdırmadığı üçün Əbu Talib tək Allaha iman etmədən 87 yaşında ikən vəfat edir. (Ibni Hişam, A.g.e., c. 1, s. 60.dJ Kasas, 56.)

Buna rəğmən peyğəmbər əfəndimizin  mübarək qəlbi onu candan sevən əmisinin, ona hər cür əziyyət və həqarəti rəva görən müşriklərlə eyni aqibətə uğramaqdan dərin izdirab duyur və “Ey əmi!.. Onu bilməlisən ki, Allah tərəfindən bağışlanıncayadək sənin əfv edilməni istəyəcəm!” deyirdi. (Buxari, A.g.e., c. 2, s. 326; Təbəri, A.g.e., c. 2, s. 219220.

Bunun üzərinə Cənâbı Haqq nazil etdiyi bu âyəti kəriməylə, Rəsulullahın şəxsində bütün möminlərə xitab etdi:

(28 – KASAS) القصص / 56- Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları daha yaxşı tanıyır.

İndi burada oxşar sual verilə bilər ki, əmisi Əbu Talib Hz.Muhammədə çoxlu yaxşılıqlar etdiyi halda ancaq Allaha iman etmədən öldüyü üçün Cəhənnəmə getməsi doğru olarmı?

Əslində bu sualın cavabı elə sualın öz içində gizlidir. Suala diqqət edin.

Ateist suala belə başlayır ki, “Çoxlu yaxşılıqlar ETDİYİM halda”

Doğurdanmı belədir?
Həqiqətənmi insanın etdiyi yaxşılıqların gerçək və mütləq sahibi özüdürmü?

Adətən, insanoğlu hər zaman özünün yaxşılıq etdiyini düşünür. Elə düşünür ki, sanki yaxşılığı edən sadəcə o özüdür. Amma belə deyil. Çünki hər insan istənilən bir yaxşı əməli edərkən Allahın ona bəxş etdiyi fiziki (əllər, ayaqlar, ürək, gözlər, qulaqlar, beyin və s.) və əqli (ağıl, düşüncə, məntiq, yaddaş, iradə, vicdan və s.) nemətlərdən davamlı olaraq istifadə edir. Bəs Allahın insana verdiyi o varlıq nemətləri olmasa idi, insan hər hansı yaxşılıq etmək qüdrətində ola bilərdimi? Xeyr.

Aydındır ki, Allahın insana verdiyi bu nemətlər olmasaydı, insanoğlu nəinki heç bir yaxşı əməllər edə bilməz, hətta mövcud olmazdı. Yəni ki, ateist bir insan nəinki yaxşılıq etmək, hətta cismən və ruhən mövcudiyyət qazana bilmək üçün belə inkar etdiyi o Allahın verdiyi sonsuz nemətlərə möhtacdır.

Deməli, etdiyimiz yaxşılıqların mütləq mənada həqiqi sahibi biz yox, bizə varlıq və həyat verən, yaxşılıq etmək duyğusu və potensialını fitrətimizə yerləşdirən Allah Təaladır. Lakin küfr-əhli olan ateist bir insan Allahın ona qarşılıqsız olaraq bəxş etdiyi bu varlıq nemətlərindən hər an rahatca istifadə etməklə Allahın ona verdiyi cüzi iradəsi daxilində müəyyən yaxşılıqlar edib, sonra utanmadan “Yaxşılığı edən MƏN ÖZÜMƏM. Allah yoxdur” deyərək yaxşılığın mütləq Sahibini inkar etmiş olur.

Allahı inkar edərək yaxşılıq edən bir ateistin vəziyyəti qüdrətli və çox zəngin bir Sultanın mal-mülkündən doyunca faydalanıb, sonra “Sultan yoxdur, bu mülkün sahibi MƏNƏM” deyən lovğa və kibrli miskinin halına bənzəyir.

Hətta ateist bir insanın ömür boyu yaxşılıq etdiyini fərz etsək, Allahın ona anadangəlmə heç bir qarşılıq olmadan pulsuz bəxş etdiyi sadəcə bir göz, beyin və ya qəlb nemətinin borcunu qaytara bilərmi? Xeyr.

Deməli, bir insanın bu dünyada “yaxşılıq etməsi”, “yaxşılıq sahibi olması” nisbidir. Bu nisbilik yalnız Allaha iman edib yaxşılığın Həqiqi Sahibini tanımaqla mütləq anlam və dəyər qazanır.

Sürücülük vəsiqəsi və lisenziyası olmayan bir insan düşünün. Bu şəxs öz şəxsi avtomobili ilə insanlara pulsuz xidmət göstərir. Yəni yaxşılıq edir. Lakin bir gün polis bu şəxsi saxlayır və qanuni sənədləri olmadığı üçün onu cərimələyir, hətta avtomobilini cərimə meydançasına aparır. İndi həmin şəxs polisə “Mən insanlara yaxşılıq edirdim, məni niyə cəzalandırırsız?” deyə bilərmi? Xeyr. Çünki həmin şəxs dövlətin qanunlarını tanıyıb əməl etmədiyi üçün onun etdiyi yaxşılıqlar cəzadan yayınmaq üçün bir səbəb ola bilməz. Allahı inkar edən bir ateistin sonradan “Yaxşılıq etdiyim halda Allah niyə məni Cəhənnəmə atır?” deməsi də bir növ buna bənzəyir. İmansız insanın etdiyi yaxşılıq lisenziyası olmayan sürücünün pulsuz nəqliyyat xidməti göstərməsi kimidir.

Qanunu pozan sürücünün göstərdiyi pulsuz nəqliyyat xidmətinin dövlət qarşısında bir dəyəri olmadığı kimi haqqa qarşı küfr edən bir ateistin etdiyi yaxşılıqların da Allah nəzdində heç bir mütləq dəyəri yoxdur.

Beləliklə, cəhalət və təkəbbür bataqlığı üzündən Allahın varlığını inkar edən hər bir ateist əslində “Etdiyim yaxşılığın əsl sahibi ANCAQ MƏNƏM, Allah yoxdur” mesajını verərkən özünü bir növ ilahlıq mərtəbəsinə qaldırmaqla Rəbbinə və Onun yaratığı külli məxluqata qarşı ən böyük HAQSIZLIQ, NANKORLUQ və TƏKƏBBÜRLÜYÜ nümayiş etdirərək Cəhənnəm cəzasına layiq olur.

Allah Təala buyurur:

(3 – ÂLİ İMRÂN) آل عمران / 91- Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır. Onlara ağrılı-acılı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olmayacaqdır.

Bir də başqa sual yarana bilər ki, Allah Təala yaxşılıq etmək duyğusu ilə yanaşı insanı pis əməllərə sövq edən nəfsi də yaratmışdır. İnsanda nəfsani istəklərin olması onun imtahan edilməsi səbəbindəndir. Çünki insan fitrətən ancaq yaxşılıq edən bir varlıq olaraq xəlq edilsəydi, onda düşünüb yaxşını pisdən, haqqı batildən ayırd etməsinə ehtiyac olmazdı və onun düşünmədən qərarlar qəbul edən bir robotdan fərqi olmazdı. Burda diqqətə alınası əsas məsələ odur ki, Allah Təala insana verdiyi bütün sonsuz nemətlərin qarşılığında sadəcə ondan iman etməsini və yaxşı əməllər etməsini istəyir, pis əməllərdən isə uzaq durmasını əmr edir. Pis əməllərdən, nəfsani istəklərdən uzaq dura bilməsi üçün Allah Təala insanı dünya həyatında təkbaşına buraxmamış, onu ağıl, düşüncə, iradə, yaxşını-pisdən ayırd etmək qabiliyyəti kimi duyğularla təchiz etmiş, müxtəlif zamanlarda göndərdiyi peyğəmbərlər və kitablar vasitəsilə onlara doğru yolu göstərmişdir.

 

 

YOXLUQ VƏ ÖLÜM. ÖLÜM YOXLUQDURMU?

29 Şənbə Avq 2015

Posted by science1985 in Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar

≈ Bir şərh yazın

İnsan əbədiyyətə vurğunudur, o, əbədi var olmaq istəyir. İstək insanın öz əlində deyildir və o, bu istəyi özü qazanmamış, özü almamışdır. İndi ki, istək onda vardır və bu hiss, bu duyğu ona verilmişdir, demək onun qarşılığı da vardır. Məsələyə bu məntiqlə baxanda görürük: indi ki, insan əbədiyyət aşiqdir, yox olmaq, heç olmaq istəmir, əbədi var olmaq istəyir, demək onun istəyinin də qarşılığı vardır. Bunun isbatı asandır, lakin gəlin əvvəlcə ölümün və yoxluğun mahiyyətini araşdıraq.

ƏSLİNDƏ YOXLUQ ÖZÜ YOXDUR: Doğrudanmı, hər şeyin sonu yoxluqdur? Bunun məntiqi və elmi izahına baxaq. Məsələn, çörək yoxdur, su yoxdur, adam yoxdur deyə bilərik. Bu dediklərimiz həmin şeylərin mütləq yoxluğu demək deyildir. Vardır, amma mənim üçün, bu saat, bu yerdə yoxdur. Bir dəmir kürənin içərisindən havanı sorub çıxarsanız onun içərisində heç nə yoxdur deyə bilməzsiniz. Çünki, boş dəmir kürənin həcmi vardır, onun içi mütləq boşluğu təmsil etmir. Bu baxımdan, fəzanın dərinliklərində də boşluq yoxdur. O, “əsir təbəqə” və ya ionlar dediyimiz varlıqlarla doludur. Riyaziyyatda sıfır rəqəmi (0) yoxluğu göstərir. Lakin sıfır yoxluq olduğu qədər də varlıqdır. Belə ki, sıfırı iki rəqəmin sağına və soluna qoysaq, iki fərqli (məs, 02 və 20) riyazi dəyər əldə edəcəyik. Əgər yoxluq özü yoxdursa, o zaman ölən insan hara gedəcək? Yoxluğa getməyəcək, çünki yoxluq yoxdur! Yoxluq, varlığın ziddidir. Dünyamız izafi bir aləmdir. Bu o deməkdir ki, bir şey öz ziddinə görə ya vardır, ya da yoxdur. Məsələn, gündüz gecəyə görə vardır, gecə də gündüzə görə vardır. Əgər biz daim qaranlıqda qalsaydıq, işığın nə olduğunu bilməzdik. Bu halda “Bizdə xüsusi bir işıq var, onu qaranlığa saldıqda hər şey görünür,” desəydilər, bizim işığın varlığı haqqında, görmək haqqında heç bir təsəvvürümüz olmadığından bu sözlərdən heç nə anlamazdıq. Anlamadığımıza görə də deyilən sözlərə inanmazdıq. Əgər biz daim şirin şeylər yemiş olsaydıq, acı haqqında, daim duzsuz şeylər yesəydik, duz haqqında hər hansı təsəvvürə malik olardıqmı? Eləcə də, bu gün dənizin dərinliklərində üzən bir balığı bir nə qədər inandırmağa çalışsan ki, çıx buradan, yer üzü çox maraqlıdır, o var, bu var, balıq inanmaz, çünki onda sudan xaricdə bir varlıq olduğu anlayış yoxdur. Bir də bunu ana bətnindəki hələ doğulmamış körpə haqqında düşünə bilərik: əgər ana bətnindəki körpəyə “gəl dünyaya çıxaq, ora işıqlıdır, hər tərəf güllər və çiçəklər, meşələr, dənizlər, dağlar, dərələrdən ibarət gözəlliklərdir. Orada rahat evlər var, elektrik, televizor, kino, konsert var, yaxşı, dadlı yeməklər var və s. bu kimi sözlərlə onu inandırmağa çalışaq, o körpə bizim bir kəlməmizə belə inanmazdı, çünki bu dünyanı görməyib, nə onun haqqında, nə də bəhs etdiklərimiz haqqında onda heç bir təsəvvür yoxdur. Halbuki, onun buna inanıb-inanmaması dünyanın var olmadığı demək deyildir ki! Bu məntiqi müqayisələrdən bunu anlayırıq ki, hər şey öz ziddi ilə dəyər qazanır. Buna izafi aləm, zidlər aləmi deyilir. Əbədiyyət sifətinə malik olan Allah yaratdığı bəzi şeylərə əbədilik verə bilir. Bununla Axirət aləmi izafilikdən çıxıb əbədiyyət vəsfi qazanır.

ÖLÜM HEÇLİKDİRMİ? Bildiyimiz kimi, varlıqlar maddi və mənəvi olaraq iki yerə ayrılırlar. Məsələn, acmaq, qorxmaq, xəyala dalmaq, ağrı hiss etmək, sevinmək və s. bütün bunlar mənəvi varlıqlardırlar. Bunlar vardırlar, lakin maddi olmadıqlarından onları görmək, onlara toxunmaq mümkün deyildir. Mənəvi varlıqlar gördükləri işlərlə özlərini bəlli edirlər. Yuxu görməyən insana yuxunun nə olduğunu başa salmaq mümkün olmadığı kimi, diş ağrısı çəkməyən birisinə də bu ağrını başa salmaq mümkün olan iş deyildir. Buna görə də “psixoloji hadisələr yaşanmaqla bilinir” deyilir. Bunlar kimi ölüm də mənəvi varlıqdır, özünü görə bilməsək də, gördüyü iş bizə yaxşı məlumdur. Bir varlıq olduğundan insanın və ya hər hansı bir canlının ölməsi onun yoxluğa getməsi demək deyildir. Çünki yoxluq özü yoxdur, əvəzində ölüm adlanan varlıq vardır. Bizə görə ölüm bu dünyadan gedişdir. Daha doğrusu, ölüm və doğum eyni bir hadisənin müxtəlif adlarıdır. Bunu belə bir misalla anlaya bilərik. Bakıdan Nyu-Yorka gedən bir səyyah vardır. Onu yola salanlar üçün o, Bakını tərk edir, ortada ayrılıq, bir müddət görüşməmək vardır. Buna görə də onu yola salanlar darıxır, ağlayır, onun gedişindən kədərlənirlər. Onlar üçün səyyahı gördüyü iş gedişdir. Bir də onu Nyu-Yorkada qarşılayanlar vardır. Onlar çoxdan həsrətini çəkdikləri adama qovuşduqlarından sevinir, şənlənirlər. Onu qarşılamaq üçün gül-çiçək tədarük etmiş, evi təmizləmiş, çay-çörək hazırlamışlar. Eyni hadisə səyyahı qarşılayanlar üçün gəlişdir. Başqa misal: Təsəvvür edək ki, ana bətnində əkiz uşaqlar vardır. Ana bətnindəki ikinci uşaq üçün qardaşının (bacısının) bu gedişi ölümdür. Çünki, hələlik ana bətnində həyatını davam etdirən ikinci uşaq üçün dünya haqqında heç bir anlayış, təsəvvür yoxdur. Uşağın qədəm basdığı dünyanın sakinləri üçünsə bu hadisə doğuşdur. Tanıdığımız, bildiyimiz bir insanın bu dünyadan köçməsi onun haraya getdiyini bilməyənlər, onun getdiyi yer haqqında heç bir təsəvvürü olmayanlar üçün ölüm, bilənlər üçünsə bir doğuşdur. Deməli, yoxluq məfhumu nisbidir. Bizim üçün vardır. Əbədi olan üçün isə belə bir anlayışın özü yoxdur. Dünyamızda əbədiyyətin izlərini, əlamətlərini özündə daşıyan çox şey var ikən yoxluğun əlamətini daşıyan heç bir şey yoxdur. Yoxluq xəyal edilə bilməz. ÖLÜM QANUNDUR, QANUNDURSA, O ZAMAN… Əgər bütün var olanlar hamısı insan üçündürsə, bütün qanunlar insanın kamilləşməsi və əbədiyyətə qovuşmasına xidmət edirsə, o zaman yaranış, dünyaya gəlmə, doğum bir qanun olduğu kimi, ölüm də, Qiyamət də bir qanundur və insanın əbədiyyəti üçün vardırlar. Qanunlar bizim istəyib-istəmədiyimizdən asılı olmayaraq vardır, mövcuddur. Bundan əvvəlki mövzuda da öyrəndiyimiz kimi, qanunlar özbaşına, gərəksiz və lüzumsuz olaraq var olmurlar, onlar var olan varlıqla birlikdə vardırlar. Ümumiyyətlə isə, qanun bir haldan başqa hala keçməyin, bir şəkildən başqa şəkilə düşməyin nizam və intizamı, sistemli, ardıcıl keçidi deməkdir. Varlıq yoxdursa, qanun da yoxdur, qanun vardırsa, varlıq da vardır. Bu baxımdan, əgər doğulmaq, dünyaya gəlmək bir qanundursa, ölmək də başqa qanundur. Var olmaq qanunları insanın bir aləmdən digər aləmə-dünya həyatına gəlişinə xidmət edirsə, o zaman ölüm qanunları, insanın bu dünyadan, axirətə, əbədiyyətə gedişinə xidmət edir.

CƏHƏNNƏMİN YARADILMASINDA HİKMƏT NƏDİR?

22 Şənbə Avq 2015

Posted by science1985 in Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar

≈ Bir şərh yazın

(Ateistlər Allaha üsyan edərək: “Allah-Təala niyə inkarçı qullarını cəhənnəmə atır? sualını verərək özlərini təmizə çıxarmağa çalışırlar. Bu yazımızda həmin mövzuya bir neçə misalla aydınlıq gətirməyə çalışmışıq!)

 Gəlin mövzuya bir misalla başlayaq. Kiçik bir şəhəri idarə edən izzətli, şərəfli adil bir hakim təsəvvür edək. Ədəbsiz, asi bir məmur bu hakimin qarşısına çıxır və kobud şəkildə: “Mən sənin əmrlərini eşitmirəm, qanunlarını tanımıram. Bir də ki, sən mənə heç nə edə bilməzsən, cəzalandıra bilməzsən,”-deyir. Həm xalqın haqqını yeyir, hüquqlarını tapdalayır, həm də israrla hakimin şərəfinə, izzətinə toxunur. Həmin hakim o ədəbsiz adamı həbs etdirməzmi? Əlbəttə ki, həbs etdirər, hətta orada həbsxana yoxdursa da, sırf onun üçün bir həbsxana tikdirər.

 Bunun kimi küfr də Allaha üsyandır. Allah insanı yoxdan var edib bir süfrə kimi süslədiyi yer üzünü, günəşi, ayı, ulduzları onun əmrinə (istifadəsinə) verir, nemətlərini yağış kimi insanın başından tökür. Sonra da deyir ki: “Ey insan, Mən sənin Rəbbinəm, sən də Mənim qulumsan. Bu qədər saysız-hesabsız nemətlərimin müqabilində səndən bircə şey istəyirəm: Məni Rəbb olaraq tanı və yalnız Mənə ibadət et. Sənə verdiyim ağıl, vicdan, şüur kimi qabiliyyətlər göyləri, yeri və bu ikisi arasında bütün varlıqları yaradan rəhməti sonsuz bir Yaradana işarə edir. Bununla yanaşı, mərhəmətim səni özbaşına, rəhbərsiz də buraxmamışdır. Sənə doğru yolu göstərmək üçün seçilmiş qullarından peyğəmbərlər göndərmiş, onlarla yanaşı haqq və həqiqəti açıq-aşkar bəyan edən səhifələr, kitablar nazil etmişəm. Əgər Məni bilsən, Məni tanısan və Mənə itaət etsən, sənə dünyada rahatlıq və xoşbəxtlikdən başqa sonsuz bir səadət də vəd edirəm. Yox, əgər inkar və üsyan etsən, səni sonsuz əzab, əbədi cəhənnəm gözləyir.”

 

 Kafir isə Allahı, axirət gününü, peyğəmbərləri, kitabları inkar edərək Rəbbinə üsyan edir. “Sənə də, cəzana da inanmıram. Mən istədiyim (ağlım kəsən kimi) yaşayıram,”–deyərək Allaha qarşı çıxır. “Əlbəttə, Allah o hakimdən dəfələrlə Əzizdir (izzətlidir) və ədəbsizcəsinə Ona üsyan edən asiləri şanına yaraşan şəkildə cəzalandıracaqdır. MƏHZ BU SƏBƏBƏ GÖRƏ DƏ KÜFR VƏ İNKAR CƏHƏNNƏMİN VARLIĞINI HƏM İSBAT, HƏM DƏ ZƏRURİ EDİR.
 Bu, məsələnin bir tərəfidir. Digər tərəfini də başqa bir misalla açıqlamağa çalışaq. Bir ölkə fərz edək. Bu ölkədə qanunlara əməl edən, dövlətinə sadiq, vəzifələrini, öhdəliklərini layiqincə yerinə yetirməyə çalışan dürüst, namuslu vətəndaşlar bu işlərinin, əməllərinin qarşılığını ala bilmir. Digər tərəfdən də qanun, nizam tanımayan, hökümətə, polisə, əsgərə (orduya) üsyan edən, onun-bunun haqqını yeyən asilər cəzalandırmır. Elə bir ölkədə dinclik, əmin-amanlıq və asayişdən əsər-əlamət qalarnmı? Burada ədalətdən, qanundan, nizamdan danışmaq mümkündürmü?
 Əgər bir ölkədə yaxşı idarəetmə vardırsa, qanunlara hörmətlə yanaşan, dürüst və çalışqan (zəhmətkeş) vətəndaşlar mükafatlandırılacaq, dövlətə üsyan edən, məsum insanlara zülm verən, təxribat törədən asi və zalımlar da cəzalarını alacaqlar. Onun üçün də bütün ölkələrdə haqq tapdalayan, təxribat törədən insanlar, oğrular, qatillər üçün xeyli miqdarda pul xərcləyib həbsxanalar tikirlər. Ağlı başında olan heç bir insan: “Bu həbsxanalar üçün niyə bu qədər xərc çəkilir? Buna nə ehtiyac var?–demir. Hətta nəfsinə və şeytana aldanıb cinayət işləmiş insanlar da: “Mən cinayət etdim, cəzamı çəkməyə razıyam,”–deyib təslim olurlar.
 Dövləti idarə edənlər bir kənara qalsın. Kiçik bir mağaza və ya fabrik sahibi belə dürüst və çalışqan işçilərini mükafatlandırır, iş rejiminə riayət etməyənləri və işin normal gedişinə mane olanları hansısa formada cəzalandırır. Əlbəttə ki, mütləq ədalət sahibi olan Uca Allah da Ona itaət edən, ömür boyu ibadət edən, xeyirxah işlər görüb yaxşılıq edən qullarını cənnətlə mükafatlandıracaqdır. Bununla yanaşı, bitib-tükənməz nemətlərin müqabilində daim nankorluq, haqsızlıq edən, haram yeyən, qul haqqını tapdalayan, nahaqq qan tökən və adam öldürən, asi, zalım, qəddar, qatil adamları da cəhənnəmlə cəzalandıracaqdır. Ölkələri idarə edənlər və digər insanlar da nə qədər yaxşı olsalar da, dünyada qüsursuz (nöqsansız, şəffaf) ədalət bərqərar ola bilməz. Hətta bəzən ədalət adı altında qəsdən və ya bilməyərəkdən haqsızlıq da edilir. Ancaq Mütləq Adil olan Allah-Təala heç kimə haqsızlıq etməz. O biri dünyada zərrə qədər yaxşılıq və ya pislik mükafat və ya cəzasız qalmayacaq.
 Əlbəttə, həbsxanalar insanları cinayətlərdən müəyyən qədər çəkindirir. Dövlət vətəndaşlarına deyir ki: “Qanunlara riayət et, başqalarının haqqına hörmətlə yanaşı, sənə düşən vəzifələri yerinə yetir, hüzur və əmin-amanlıq içində yaşa. Yox əgər qanunlara tabe olmasan, haqsızlıq etsən, cəza var, həbsxana var.” Beləcə onları cinayət işləməkdən uzaqlaşdırmağa çalışır. Bunun kimi Allah-Təala da qullarını əvvəlcə mərhəmətinə cəlb edir: “Mənə itaət edin, əmrlərimə tabe olun, qadağalarımdan uzaq durun, beləcə həm dünyada rahatlıq içərisində qardaşcasına yaşayan, həm də axirətdə sizi əbədi cənnətimə daxil edim,”–deyə buyurur. Cənnət kimi bir mükafat bəzilərinə yaxşılığa təşviq və pisliklərdən uzaq durmaq üçün kifayət etmədikdə, bu səfər qəzəbi ilə cəhənnəmlə xəbərdar edir ki, asi qulları üsyandan əl çəkib yola gəlsinlər. Bəli, bu məqamda güc və sərvət sahiblərini, ağıldan çox nəfs və həvəsi ilə hərəkət edən gəncləri yalnız cəhənnəm fikri cilovlaya bilər. Beləcə cəhənnəmin varlığı həm onların dünyanı dözülməz hala gətirməsinə, həm də əbədi səadəti itirməsinə mane olur.

 Yuxarıdakı misalla davam edək. Bəzən dövlət nə qədər cəhd göstərsə də, zülmün qarşısını ala bilmir. Bəzən də bilavasitə idarə edənlər və ya güclü olanlar zalımlıq və qəddarlıq edirlər. Bu zaman zəif, gücsüz, məsum insanlar daim haqsızlığa məruz qalır, əzilir, zülm və işgəncədən əziyyət çəkir. Məhz burada məsum insanlar üçün ilahi ədalət ən böyük təsəlli yeri olur. Yer üzündə elə zülmlər edilir, elə cinayətlər törədilir ki, insan istər-istəməz: “CƏNNƏT UCUZ, CƏHƏNNƏM DƏ LAZIMSIZ DEYİL,”–deyir.
 Cəhənnəmin yaradılmasında bir çox başqa hikmətlər də var. Ancaq burada çox önəmli bir məsələni vurğulamadan keçməyək. Əslində, Allah-Təala heç bir qulunun cəhənnəmə getməsini istəmir. ASİ VƏ GÜNAHKAR QULLARINA DƏFƏLƏRLƏ FÜRSƏT VERİR, ONLARA BƏZƏN MÜSİBƏTLƏR GÖNDƏRMƏKLƏ XƏBƏRDARLIQ EDİR, BƏZƏN NEMƏTLƏRLƏ QULLUĞA DƏVƏT EDİR. SON NƏFƏSİNƏDƏK DƏ TÖVBƏ QAPISINI AÇIQ SAXLAYIR. AMMA NANKOR İNKARÇI BU FÜRSƏTLƏRƏ GÖZ YUMUR, GÜNAH İŞLƏMƏKDƏ, KÜFR ETMƏKDƏ, RƏBBİNƏ ÜSYAN ETMƏKDƏ DAVAM EDİR VƏ SONRADA SUAL VERİRKİ: “ALLAH KAFİR QULLARINI NİYƏ CƏHƏNNƏMƏ GÖNDƏRİR? EY KÜFR EDƏN İNKARÇI BƏS SƏNƏ VERİLƏN FÜRSƏTDƏN NİYƏ YARARLANMADIN? SƏNƏ TÖVBƏ QAPILARI AÇILDI, NİYƏ TÖVBƏ ETMƏDİN? BƏLA VƏ MÜSİBƏTLƏRDƏN NİYƏ NƏTİCƏ ÇIXARMADIN? HƏLƏ ÜSTƏLİK KÜFRƏ, ÜSYANA VƏ İNKARA DAVAM ETDİN VƏ SƏNİN BUNA İXTİYARIN VARMI?
 Rəbbimizin qullarına sonsuz mərhəmətini göstərən onlarla ayədən birinə baxaq:

De ki” “EY MƏNİM (GÜNAH TÖRƏTMƏKLƏ) ÖZLƏRİNƏ ZÜLM ETMƏKDƏ HƏDDİ AŞMIŞ BƏNDƏLƏRİM! ALLAHIN RƏHMİNDƏN ÜMİDSİZ OLMAYIN. ALLAH DİLƏYƏRSƏ, (TÖVBƏ ETDİKDƏ) BÜTÜN GÜNAHLARI BAĞIŞLAYAR. HƏQİQƏTƏN, O BAĞIŞLAYANDIR, RƏHM EDƏNDİR!” (“Zumər” surəsi, 53)

 

 Şəfqət Peyğəmbəri Həzrəti Məhəmməd (s.a.v) də Allah-Təalanın qullarına sonsuz mərhəmətini gözəl bir misalla anladır:

 

 “Bir adam səfərdədir. Susuz səhrada dəvəsini itirmiş, onu axtarır. Nəhayət, yorulub əldən düşən adam (susuzluq və istinin təsiri ilə ölümcül halda yerə yıxılır), paltarını başına çəkir. Məhz bu vaxt dəvəsini itirdiyi yerdə heyvanın ayaq səslərini eşidir. Örtüyü başından çəkəndə qarşısında dəvəni görür. Allah qulunun tövbəsinə həmin adamın bu məqamda sevinməsindən daha çox sevinir (yəni razı olur).” (Kütubi-Sittə, Tövbə:7271)

 Allah-Təalanın bu qədər ehsanına, lütf və bağışlamasına baxmayaraq, küfr və üsyandan əl çəkməyən, zülm və özbaşınalığını davam etdirən bədbəxtlər, əlbəttə, əbədi cəhənnəmə layiqdirlər.

Axirətin isbatı haqqında

26 Bazar Okt 2014

Posted by science1985 in Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar

≈ Bir şərh yazın

Ateizmə görə kainatın yaranmasının və mövcudiyyətinin heç bir məqsədi yoxdur. Çünki məqsədin olması bir Yaradıcının olduğunu göstərir, lakin ateistlər Yaradanı inkar etdikləri üçün iddia edirlər ki, kainat məqsədsiz şəkildə, öz-özünə, təsadüfən meydana çıxmışdır. Məşhur təkamülçü ateist professor R.Dokinz yazır:

“Müşahidə etdiyimiz dünya məhz bizim ondan gözləməli olduğumuz xüsusiyyətlərə sahibdir: dizaynsız, məqsədsiz, nə pis, nə də yaxşı, heç nə, sadəcə kor və qəddar eyniyyət. DNA nə bilir, nə də onun üçün fərq etmir. O, sadəcə DNA-dır. Və biz də onun çaldığı hava ilə oynayırıq.” (Richard Dawkins, River out of Eden, 1996)

Əslində bu həm də o deməkdir ki, kainatın kiçik bir parçası olan insan və onun var olma səbəbi məqsədsiz şəkildə meydana çıxmışdır. Başqa sözlə, kainatın məqsədi yoxdursa, o zaman insan həyatınn da heç bir məqsədi yoxdur.

Həyatımızın standart qısa tərifi təxminən belədir: doğuluruq, böyüyürük, təhsil alırıq, işləyib karyera qururuq, ailə sahibi oluruq, qocalırıq, ölürük, çürüyüb torpağa qarışırıq… Bunun üçün mü burdayıq?

Ateistlərin iddia etdiyi kimi əgər həqiqətən də bizim bu dünyaya gəlişimizin bir məqsədi yoxdursa və öldükdən sonra tamailə yox olub gediriksə, onda fəlsəfi baxımdan bu dünyada niyə və necə yaşadığımız bizim üçün o qədər də önəmli deyil. Çünki “bu həyata niyə gəlmişdim və niyə də gedirəm?” kimi insanlıq tarixindəki ən vacib sualın cavabı ateizmdə yoxdur.

Əgər həyatımız boyu etdiyimiz yaxşı və pis əməllərə görə sonunda heç bir məsuliyyət daşımadan sadəcə bir ovuc torpağa dönüb yox olub gedəcəyiksə, əgər kainat məqsədsiz şəkildə ortaya çıxdığı kimi sonunda məqsədsiz şəkildə məhv olub gedəcəksə, onda mövcud olan hər şey boş və əbəsdir, mütləq mənada məqsədsizdir.

Amma əsla elə deyildir. Çünki sağlam düşüncə və məntiq bunun əksini deyir. Gəlin bir anlıq düşünək:
“Əgər çox bacarıqlı bir kimyagər böyük bir zəhmət və çalışma sayəsində hər yarpağı on milyon manat dəyərində olan son dərəcə gözəl və əsrarəngiz çiçəklər hazırlasa və sonra onları adi bir saman çöpü kimi keçilərə yedirsə, nə qədər əbəs və məntiqsiz olardı, deyilmi?
Əgər Axirət olmasaydı, insanların aqibəti də məhz bu cür olardı.
O halda hər bir əzası on milyonlarla manatdan daha qiymətli olan bu insanları, əlbəttə ki, Hakim-i Zülkəmal olan Allah (c.c) sadəcə və sadəcə torpaq altındakı qurd və böcəklərə yedirtmək üçün yaratmamışdır.”

Müsəlman olmayanlar Cənnətə gedəcəkmi? (ateist iddiasına cavab)

17 Bazar Avq 2014

Posted by science1985 in Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar

≈ Bir şərh yazın

Ali İmran surəsi 85-ci ayədə deyilir: “Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!”

Bəqərə surəsi 62-ci ayədə deyilir: “İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.”

Ateistlər iddia edirlər ki, guya yuxarıdakı iki ayə arasında ziddiyyət var. Birinci ayəyə görə qeyri-müsəlmanlar Cənnətə gedə bilməzlər, ikinci ayəyə görə isə gedə bilərlər.

Əvvəla, qeyd edək ki, bu ayələr qətiyyən bir-birinə zidd deyildir. Çünki bu ayələrdən birinin (Bəqərə, 62) hökmü İslamdan əvvəlki dövrə, digərinin (Ali İmran, 85) hökmü isə İslamdan sonrakı dövrə aiddir.

Bildiyimiz kimi Hz. Məhəmməd peyğəmbərdən (s.a.v) əvvəl də çoxlu peyğəmbərlər yaşamış və dini təbliğlə məşğul olmuşlar. Bütün peyğəmbərlərin öz qövmlərinə gətirdikləri ilahi təbliğin əsasında hənif inancı (monoteizm) dururdu. Hənif – doğru inanan, haqq yolda olan, İslamiyyətə sarılan, Allaha şərik qoşmayan deməkdir. Bunula bağlı Ali İmran surəsi 67, 68 və 95-ci ayələrdə deyilir:

67. İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan deyildi.

68. Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah mö’minlərin dostudur!

95. (Ya Rəsulum!) De: “Allah doğru buyurmuşdur. Ona görə də hənif olan İbrahim dininin ardınca gedin, çünki o, (Allaha) şərik qoşanlardan deyildi”

Beləliklə, aydın olur ki, Bəqərə surəsinin 62-ci ayəsindəki hökm yalnız İslam dini gəlməzdən əvvəlki dövrdə yaşamış və öz peyğəmbərlərinin gətirdiyi dinə tabe olmuş, Allaha şərik qoşmayan, Axirətə iman edən ümmətlərə aiddir.

Bəs sonuncu peyğəmbər Hz.Məhəmməd (s.a.v) gəldikdən sonra insanlar hansı dinin ardınca getməlidirlər?
Bu sualın cavabı isə Ali İmran surəsi 85-ci ayədə verilir: 
“Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Ali İmran, 85)

Deməli, Ali İmran surəsinin 62-ci ayəsindəki hökm yalnız İslam dini gəldikdən sonrakı dövrdə yaşayan bütün insanlara aiddir.

Kafirlərin sonsuz cəhənnəm əzabı görəcək olmasının hikməti nədir?

13 Çərşənbə Avq 2014

Posted by science1985 in Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar

≈ Bir şərh yazın

Sual: Kafirlərin sonsuz cəhənnəm əzabı görəcək olmasının hikməti nədir?  Ortalama 65 illik bir küfr həyatının cəzasının sonsuz və heç bitməyəcək bir əzab olmasının hikmətini açıqlaya bilərsinizmi? 

Cavab: Bir insanın silahıyla çaxmağa basaraq başqa bir insanı öldürməsi sadəcə 2 saniyəlik bir işdir. İki saniyəlik bir cinayət qarşısında bu insan hüquq sistemlərinə görə ortalama 30 il həbs cəzası alar. İndi hesablayaq:

30 il vur 365 gün vur 24 saat vur 60 dəqiqə vur 60 saniyə = 946.080.000 saniyə.

Yəni ki, bir insanın iki saniyəlik bir xətası üzündən ona doqquz yüz qırx altı milyon, səksən min saniyə cəza verilər və heç bir hüquq sistemi bunun ədalətsizlik olduğunu qəbul etməz. Bəşəriyyətin 2 saniyəlik bir cinayət qarşısında 946.080.000 saniyə cəza verməsi necə ağla zidd görünmürsə, kainatda yaradılmış saysız atom hüceyrələrindən saysız canlılara, saysız ulduzdan saysız nemətə qədər hər birinin varlıq məqsəd və hüququna təcavüz edib bunlara, baxaraq Allahın sənət və yaradışını xor görmək və ona böhtan ataraq yaradılmışların hüququna təcavüz etmək əlbəttə ki sonsuz bir Cəhənnəm əzabını haqlı edər.

Çünki var olan ən kiçik zərrədən tutmuş nəhəng ulduzlara qədər hər bir şey Allahın varlığını bəyan edib, Onun mövcudluğunu göstərir. Bütün bu dəlillərin varlığını hər gün gördüyü və üstəlik bunlardan istifadə etdiyi halda təkəbbürə qapılaraq yenə də ateist olmağı seçən bir insan bununla da nəinki Allahın varlığını inkar etmiş olur, həm də bütün yaradılmış külli məxluqatın meydanagəlmə səbəb və məqsədinə hücum edərək onları da inkar etmiş olur.

Üstəlik bu hücumuyla o, başqa insanların imanlarının sönməsinə səbəb ola bilir. İçində min nəfər olan bir gəmiyə hücum edib gəmiyə balta zərbəsi vuran insan yalnız özünü öldürməz, eyni zamanda gəmidəki min nəfər və həmin min adamın 10 min qohumuna da hücum etmiş olar. Elə isə saysız və həddsiz cinayətə saysız və həddsiz cəza əlbəttə ədalətin bərpasıdır. Bu adam yaxşı bir insan olsa da nəticə dəyişməz. Çünki necə ki, bir insan çox yaxşı biri olsa, lakin bir gəncə zina böhtanına görə həbs edilsə, yalnız gənc deyil, həmin gəncin anası, atası, qardaşı və qohumları da bu zülmdən təsirlənər. Və bu insanın nə qədər başqa yaxşı işləri olsa da, yaxşılığına etimad edilməz.

Kainatı yaradan Allah, öz varlığının dəlillərini ortaya qoyaraq saysız varlıqlar yaratmış və öz İsimlərini kainatda təcəlli etdirmişkən, bu varlıqların Yaradıcısını inkara cəhd edib, Allahın varlığına və saysız dəlilin varlıq səbəbinə təcavüz edən adam nə qədər yaxşı olursa-olsun bu yaxşılıqları axirətdə boşa çıxacaq. Qaldı ki, “Dünya möminin cəhənnəmi kafirin cənnətidir” hədisindən də aydın olduğu kimi kafirlərin yaxşılıq və gözəl işlərinin mükafatı dünyada verilməkdədir, ya da dünyada özünə verilənlər bu yaxşılıqlarına əvəz olmuşdur. Ancaq axirətdə bir nəsibləri olmayacaq. 

Bütün bunların yanında da əbədi Cəhənnəm imanla ölməyənlər üçün etibarlıdır və Allah kimin axirətə imanla gəlib gəlməyəcəyi mövzusunda da əlbəttə ədalətlə hökm verəcək. Müsəlmanların imanla getməsinin də bir zəmanəti olmadığı kimi Allahın kafirə də son nəfəsində iman nəsib etməyəcəyini kimsə bilə bilməz. Ürəklərə hakim olan ancaq Allahdır. Ona görə bu cür məsələlər haqqında vəsvəsəyə düşmək bizi yalnız gedəcəyimiz yoldan saxlayar və həyatımızı maraqlandıran bir məktəbin imtahanına hazırlanarkən görəsən işləməyənlərin halı nə olacaq deyə düşünüb işimizlə çalışmaqdan bizi saxlayar. Biz imanla gedəcəyikmi ki, başqaları üçün baş yoruruq!!! Hər kəs səyinin qarşılığını alacaq, haqq edən layiq olduğunu alacaq, kimsəyə haqsızlıq edilməyəcək və əgər bir insanın bir şeyə gücü çatmırsa, Allah qatında gücünün çatmadığı bir şeydən məsul tutulmayacaq. Allah qatında hər şey ədalətlə hökm tapacaq və kimsəyə zərrə ağırlığın tərəfindən haqsızlıq edilməyəcək.

Ölüm sonrası həyat (çantacı Necmi abinin xatirələrindən)

06 Çərşənbə Avq 2014

Posted by science1985 in Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar

≈ Bir şərh yazın

Ateist: Mən öldükdən sonra dirilməyə inanmıram. Boş şeydir.

Necmi abi: Axı niyə inanmırsan?

Ateist: Məsələn, öldükdən sonra bədənim çürüyəcək və mənim molekullarım torpağa qarışacaq. Artıq mən bir torpaq olacam. Sonra mənim torpağımda otlar bitəcək və mənim atomlarım torpaqdan ota keçəcək. Sonra bir inək gəlib otlarımı yeyəcək və mənim atomlarım artıq inəkdə funksiya göstərməyə başlayacaq. Yəni ki, mən insandan torpağa, torpaqdan ota, otdan inəyə çevriləcəm və s.

Necmi abi: Doğru deyirsən. Amma bir de görək indi sənin neçə yaşın var?

Ateist: 25 yaşım var.

Necmi abi: Bəs 26 il əvvəl harda idin?

Ateist: Yoxuydum.

Necmi abi: Təbii ki, var idin. Amma xatırlamırsan. Çünki 26 il əvvəl sən bir ispanaq (ot) idin, bir inək idin, bir keçi idin. Sənin atan həmin ispanağı yedi, inək ətindən küftəni yedi, keçi ətindən qızartmanı yedi, beləcə sən atanın bədəninə keçib onun damarında bir spermaya çevrildin. Sonra sən atandan anana keçdin. Məsələn, anan da doşab yedi, şokolad yedi, Amerikadan gələn nescafe-ni içdi və sən də ananın bətnində dönüb oldun insan. Heç bunlardan xəbərin oldumu?
Gördünmü o qədər fərqli yerlərdən sənin molekullarını bir yerə toplayıb insan şəkilnə salan Allah vaxtı gələndə əlbəttə ki, yenidən toplar və səni yenidən yaradar. Bir işi birinci dəfə etmək mi daha çətindir yoxsa ikinci dəfə etmək mi?

Ateist: Təbii ki, birinci dəfə.

Necmi abi: Birinci dəfə səni yaradan Allah ikinci dəfə daha asan yaradar. Onun üçün hər şey asandır.

Cənnət rüşvətdirmi? (ateist iftirasına cavab)

06 Çərşənbə Avq 2014

Posted by science1985 in Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar

≈ Bir şərh yazın

Ateist iddiası: Mən həmişə “Qurana əməl et – Cənnəti qazan, əməl etmə – Cəhənnəmə get” məntiqini rüşvətə bənzətmişəm.

Allah Təalanın (c.c) möminlərə Cənnəti vəd etməsi rüşvətdirmi?

Cavab: İlk baxışdan aydın olur ki, bu iddianı irəli sürən şəxs rüşvət anlayışının mahiyyəti haqqında tamamilə yanlış təsəvvürə sahibdir.
Ona görə də əvvəlcə “Rüşvət nədir?” sualına qısa tərif verək.
Rüşvət – layiq olmadığı halda müəyyən bir qazancı haqsız olaraq əldə etmək məqsədilə bir tərəfin digər tərəfə pul yaxud natura formasında qeyri-leqal ödəniş etməsidir.
Deməli, rüşvəti verən tərəf verdiyi rüşvət müqabilində haqsız olaraq müəyyən bir maddi qazanc əldə etmiş olur. Başqa sözlə, rüşvət verən şəxsin əsas məqsədi bu və ya digər formada haqsız yerə qazanc yaxud üstünlük əldə etməkdir.

O zaman sual olunur:
1. Əgər haşa Allah bizə Cənnəti “rüşvət” olaraq verirsə, o zaman bu “rüşvət”in müqabilində Allahın əldə etdiyi hər hansı bir qazancı varmı? Əlbəttə ki, yoxdur. Çünki İxlas surəsində də bildirildiyi kimi Allah Təala (c.c) heç kimə və heç nəyə möhtac deyildir, əksinə hər kəs və hər şey yalnız Ona (c.c) möhtacdır.
2. Əgər haşa Allah bizə Cənnəti “rüşvət” olaraq verməsə, o zaman Allahın itirəcəyi hər hansı bir şey varmı? Əlbəttə ki, yoxdur.

Deməli, “Cənnətin rüşvət olaraq bizə verilməsi” iddiası tamamilə əsassızdır və ateistlərin növbəti iftirasından başqa bir şey deyildir.
Bəs Qurani-Kərimdə Allah Təalanın (c.c) bizlərə Cənnəti vəd etməsinin hikməti nədir?

Suala belə cavab vermək olar:
Hazırda dünyada mövcud olan bütün sekyular hüquq sistemlərində qanunların pozulmasına görə müxtəlif növ cəzalar nəzərdə tutulur.
Qanunların pozulmasına görə cəza verilməsi mexanizmi Quranda da tətbiq olunur. Çünki Qurani Kərim İslamın təməl kitabı olmaqla ilahi qanunlar toplusunu özündə əks etdirir. Əgər ateistlər sekyular sistemdə qanun pozuntusuna görə cəza verilməsi prinsipini sözsüz qəbul edirlərsə, eyni prinsipin İslamda da tətbiqini normal qarşılamalıdırlar. Ona görə də ateistlərin çox vaxt verdikləri “Allah niyə Cəhənnəmi yaratdı?” sualı mənasızdır. Beləliklə, sekyular sistemdə olduğu kimi İslam şəriətində də insanların qanunları pozduqları təqdirdə cəzalandırılması normaldır.

Yuxarıda qeyd edilən oxşarlığa baxmayaraq sekyular hüquq sistemi ilə İslam dini arasında bəzi mühüm fərqlər var:

1. Sekyular hüquq sistemində qanun pozuntusuna görə cəza verildiyi halda həmin qanunlara əməl edilməsinə görə demək olar ki, heç bir mükafat nəzərdə tutulmur. Lakin bundan fərqli olaraq İslamda nəinki qanunların pozulmasına görə cəza verilir, eyni zamanda həmin qanunlara əməl edilməsinə görə insanların ikiqat (dünya və axirətdə) mükafatlandırılacağı deyilir. Ən önəmli olan isə möminlərin əbədi olaraq qalacağı Cənnət mükafatıdır. Əslində mükafat olaraq vəd edilən Cənnət – ilahi qanunlara riayət edilməsinə, xoş əməllərə, dünyada çəkilmiş əziyyətə və sərf edilmiş əməyə görə Allah Təalanın (c.c) insanlara lütf etdiyi misli olmayan mükafat və bonusdur.

2. Digər tərəfdən İslam şəriətinə görə mükafat verilməsi həm də insanları yaxşı əməllərə təşviq etməyə və bütövlükdə cəmiyyətin mənəvi-əxlaqi səviyyəsini yüksəltməyə xidmət edir. İslam dini nəinki ilahi qanunlara əməl edilməsinə görə, hətta bizə xırda görünən yaxşılıqlara görə də insanlara mükafat vəd edir. Məsələn, müsəlman olan şəxs adi bir təbəssümlə yaxud xurma dənəsini sədəqə verməklə Allah Təalanın (c.c) rizasını və mükafatını qazana bilər. Amma sekyular hüquq sistemində belə mənəvi-əxlaqi cəhətdən xoş olan əməllərə təşviqetmə mexanizmi yoxdur. Fərq budur.

3. Həm də digər bir nüans da var ki, İslam burada da öndədir. Deməli, sekyular hüquq sistemində hər hansı qanunu bilməmək səni cəzadan xilas etmir, yəni sən yolu səhv keçsən, daha deyə bilməzsən ki, mən bilmirdim buradan keçmək olmaz və cəza ödəməlisən. Amma İslamda əgər bilmədən günah edirsənsə, tövbə edib davam edə bilərsən, yani hökmü bilmədiyinə görə sənə ziyan gəlməz. Məhz budur İslamın gözəlliyi.

Allah mərhəmətlidirsə, onda Cəhənnəmi niyə yaratdı?

01 Cümə Avq 2014

Posted by science1985 in Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar

≈ Bir şərh yazın

Allah Cəhənnəmi niyə yaratdı

Əgər Allah Təala (c.c.) bizim Cənnətə yaxud Cəhənnəmə gedəcəyimizi əvvəlcədən bilirsə, onda niyə bizi bu dünyaya göndərir?

28 Bazar ertəsi İyl 2014

Posted by science1985 in Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar

≈ Bir şərh yazın

 

Qurani Kərimdə Allah Təala (c.c) buyurur ki, insanlar bu dünyaya imtahan olunmağa gəlirlər. (Ənkəbut 2; Bəqərə 155).

Allah Təala (c.c) insanoğlunu imtahan meydanında tək buraxmamış və imtahanı keçə bilmək üçün ona bir çox nemətlər (zəka, iradə, məntiq, hafizə, təfəkkür, qavrayış və s.) bəxş etmiş və doğru yol göstərən köməkçilər (kitablar, peyğəmbərlər) göndərmişdir.

Bəs imtahan olunmadan insanlar birbaşa Cənnətə yaxud Cəhənnəmə göndərilsəydi necə olardı?

Cavabı iki sadə misal ilə izah etməyə çalışaq.

Misal 1. Fərz edək ki, bu dünyada imtahan olunmadan Həsən birbaşa Cənnətə, Arif isə birbaşa Cəhənnəmə göndərilir. Bu, Arifə qarşı haqsızlıq olmazmı? Onda Arif etiraz edər ki, mənim heç bir pis əməlim olmadan birbaşa Cəhənnəmə gedirəm, Həsənin isə heç bir yaxşı əməli olmadan birbaşa Cənnətə gedir. Axı bu necə ilahi ədalətdir?

Deməli, əgər insanlar imtahan olunmadan birbaşa Cəhənnəmə göndərilsələr, onlara qarşı haqsızlıq olunar və insanlar Allah Təalaya (c.c) qarşı etiraz edərlər.

Allah Təala (c.c.) isə ədalətlidir və heç kəsə zərrə qədər haqsızlıq etməz (Zumər surəsi, 69).

Misal 2. Tutaq ki, sən universitetdə tarix imtahanı verirsən. Səndən əvvəl imtahana girən tələbə yoldaşlarının əksəriyyəti artıq həmin imtahandan kəsiliblər. Bu səbəbdən də tarix müəllimi qərara gəlir ki, sən də imtahanı keçə bilməyəcəksən və ona görə də əvvəlcədən səni imtahadan kəsir. Bu sənə qarşı haqsızlıq olmazmı? Müəllimin imtahan etmədən səni kəsməsinə etiraz etməzsənmi?

Beləliklə, Allah Təala (c.c.) insanları bu dünyada imtahan etməklə, onlara şans verir ki, öz düşüncə və iradələri əsasında seçim etsinlər və öz əlləri ilə qazandıqları nəticəyə sonradan etiraz etməsinlər.

Bunula bağlı Qurani Kərimdə deyilir:

“Elə isə (vaqe olacağına) şübhə edilməyən bir gündə (qiyamət günündə) onları (bir yerə) topladığımız zaman (onların) halı necə olacaq? (O gün) hər kəsə qazandığının (tutduğu əməllərin) əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.”  (Ali İmran, 25)

Çolaq Addım

Çolaq Addım

Mövzular

  • Adəm peyğəmbər haqqında iddialara cavab
  • Allah Təala (c.c) haqqında suallara cavablar
  • Alın yazısı haqqında suallara cavablar
  • Ateist iddialarına cavablar
  • Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar
  • Digər peyğəmbərlər və dini suallar haqqında
  • Fəlakətlər: aclıq və xəstəliklər
  • Kainat və astrofizika – Yaradılış dəlilləri
  • Köləlik və cariyəlik
  • Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar
  • Musa peyğəmbər (a.s) haqqında iddialara cavab
  • Namaz, oruc, həcc ziyarəti ilə bağlı suallar
  • Niyə İslam?
  • Nuh peyğəmbər (a.s) haqqında iddialar
  • Qadınlar haqqında suallara cavablar
  • Quran ayələrindəki möcüzələr
  • Qurana qarşı iddialara cavablar
  • Ruh haqqında
  • Süleyman peyğəmbərlə bağlı iddialara cavablar
  • Terror və müharibə
  • Təsadüf haqqında
  • Yaxşılıq, xeyriyyəçilik
  • İnsan və təbiət – Yaradılış dəlilləri
  • İsa peyğəmbər (a.s) haqqında iddialar
  • İslam və müsəlmanlar
  • İslamda elm və mədəniyyət
  • İslamın zorla yayılmasına dair iddialara cavablar

Bloq Statistikası

  • 102. 292 hits
Follow Dini suallar on WordPress.com

Ən Populyar Yazılar & Səhifələr

  • "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
    "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
  • MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
    MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
Follow Dini suallar on WordPress.com

Son şərhlər

İskəndəriyyə kitabxanasının ya… üçün Ləman
“Nəhəng kainatdakı kiçik… üçün Ləman
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün science1985
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün Zaur
İddia: Quranda Kəhf surəsinin… üçün Qorxmaz
İsa peyğəmbərin (a.s) yaşaması… üçün Məmmədzadə Sədail

WordPress.com Bloqu. Mövzu: Chateau tərəfindən Ignacio Ricci.

Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here: Cookie Policy
  • İzlə İzlənir
    • Dini suallar
    • Already have a WordPress.com account? Log in now.
    • Dini suallar
    • Özəlləşdir
    • İzlə İzlənir
    • Qeydiyyatdan keçin
    • Giriş
    • Bu mühtəviyyat barəsində raport ver
    • View site in Reader
    • Manage subscriptions
    • Bu çubuğu daralt
 

Şərhlər Yüklənir...