• Haqqımızda

Dini suallar

~ Dini mövzularda sual-cavablar

Dini suallar

Kateqoriya Arxivləri: İsa peyğəmbər (a.s) haqqında iddialar

İsa peyğəmbərin (a.s) yaşaması haqqında tarixi qaynaqlar varmı

10 Bazar May 2015

Posted by science1985 in İsa peyğəmbər (a.s) haqqında iddialar

≈ 1 Şərh

“Qərb dünyasındakı heç bir kollecdə, heç bir universitetdə klassik fənləri, qədim tarixi, Yeni Əhdi, ilkin xristianlıq tarixini və əlaqəsi olan istənilən fənni öyrədən elə bir alim yoxdur ki, İsanın mövcud olmasında şübhə etsin.”    Professor Bart D. Ehrman

Qeyd: Doktor Ehrman hal-hazırda Şimali Karolina Universitetində dərs verən tarix və bibliya üzrə professordur və New York Times Bestseller siyahısına düşmüş beş kitabın müəllifidir. Öz sahəsində aparıcı mütəxəssislərdən sayılır. O, “Did Jesus Exist?: The Historical Argument for Jesus of Nazareth” (İsa mövcud olubmu? Nazaretli İsanın leyhinə tarixi arqument) adlı kitabın müəllifidir. Doktor Bart D. Ehrman etiqad baxımından xristian deyildir, lakin aqnostikdir.)

Qaraqan yazır:  “Maraqlısı odur ki, bizim bu günkü tariximiz də İsanın doğuluşundan eramızın birinci ilindən götürülür. amma qəribə bir məsələ var,Roma imperiyasında o qədər tarixçi ,dövlət xadimi və yazarlar olmasına baxmayaraq, həqiqətən İsa adlı birisinin yaşaması haqda dəqiq məlumat yoxdur. O dövrün ən məşhur 15 tarixçisinin əlyazmalarında belə bir insana rast gəlinmir.Halbuki bu tarixdən bizim sivilizasiyanın təqvimi başlayırsa necə olur bunu o qədər tarixçi hiss etmir? Peyğəmbərin xaça çəkilməsi sonra da qeyb olması sizcə adi bir məsələdir? Məsələ orasındadır ki, isa adlı bir şəxs heç vaxt mövcud olmayıb. Heç vaxt doğulmayıb, peyğəmbər olmayıb və heç vaxt çarmıxa çəkilməyib. İsa və xristianlıq sadəcə köhnə dinlərin qarışığından yaradılıb və uydurulub .” Qaraqanın kitabındakı iddialarından və ya şübhələrindən biri də budur. İddia edir ki, İsa peyğəmbər tarixi bir şəxsiyyət kimi mövcud olmayıb, lakin əslində mifik bir fiqur olub. Başqa cür desək Kral Artur, Robin Hud kimi hekayə uyduranların uydurduğu və məşhurlaşmış bir hekayənin qəhrəmanıdır. Doğrudur ki, bu gün bunu iddia edən bəzi tarixçilər vardır və bu fikir keçmiş Sovet dövlətlərindəki akademiklər yanında sevilən bir fikir idi, xüsusilə də ateist düşüncəli tarixçilər bu fikri dəstəkləməkdə maraqlı idilər. Həmçinin bu fikir Skandinaviya ölkələrində də dəstəkçilərini tapır. Lakin fakt budur ki, bu fikri dəstəkləyən tarixçilər bu fikri rədd edən tarixçilərə nəzərən bir göldəki damcı miqyasındadır, çünki tarixçilər İsanın tarixi bir şəxsiyyət kimi mövcud olmasında az qala ittifaq halındadırlar. Nazi Almaniyasının yəhudiləri kütləvi qırmağa çalışmadığını, lakin xüsusi dərman sayıla biləcək dərman vasitəsi ilə onları xilas etməyə çalışdığını söyləyən tarixçilər də vardır. Aradakı fərq budur ki, İsanın tarixdə mövcud olmaması fikri ateist dairələr tərəfindən maraqla qarşılanır və ciddi şəkildə dinə qarşı propoqanda hərəkatının posterlərindən birinə çevrilir, lakin yəhudi qətliamını rədd edənlər isə həbsə atılır. İddia budur ki, İsanın yaşadığı dövrdən sonra səksən il ərzində heç bir qeyri-xristiyan mənbə İsanın adını qeyd eləmir. Əgər İsa belə mühim və məşhur bir şəxsiyyət olubsa necə olur ki, birinci əsrin tarixçilərindən günümüzə qədər gəlib çatmış mənbələrdə onun haqqında heç bir məlumat yoxdur?! Etiraf edək ki, İsa peyğəmbərin tarixdə mövcud olduğunu təsdiq edəcək hissi fiziki bir sübut yoxdur, yəni əlimizdə hər hansı bir arxeoloji sübut yoxdur. Lakin bunun olmaması çox təbiidir, çünki o dövrdə tarixən mövcud olduğunu bildiyimiz çox şəxsiyyət üçün arxeoloji sübut tapılmayıb. Arxeoloji sübutlar yalnız aristokratik yuxarı sinif nümayəndələrindən bir-iki nəfər üçün sabit olub. Bildiyimiz kimi İsa peyğəmbər bu sinifə aid olmayıb. Yəhudi tarixçi İosifus’un (miladdan sonra 37-100+) xəbər verdiyi kimi o dövrdə (miladdan sonra 26-36) Fələstini idarə edən roma prefekturu Ponti Pilat olub və on il idarə edib. Bu o deməkdir ki, Ponti Pilat bu on il ərzində fələstinin ən önəmli şəxsiyyəti olmalıdır. Lakin ondan bizə gəlib çatan bir iki sikkə və bir yazı parçasıdır. Onun əmrləri, fərmanları, sərəncamları və onunla bağlı başqa tarixi qalıqlardan bu dediklərimizdən başqa bir şey bizə gəlib çatmayıb. Bu qədər önəmli bir şəxsdən bizə çox az bir tarixi sübutun qalması onu göstərir ki, hər bir şəxs üçün arxeoloji sübutu şərt qoymaq ağılsızlıqdır. Burada maraqlı bir məqam vardır. Tarixi qaynaqlarda Ponti Pilat’ın adını qeyd edənlər yalnız yəhudi tarixçi İosefus və həmçinin romalı tarixçi Tasit Korneli (58-117) olub. Bir də miladdan sonra 25-ci ildə doğulmuş İskəndəriyyəli yəhudi-yunan filosof Filon tərəfindən zikr olunur. Bunlardan başqa birinci əsrdə yaşamış heç bir tarixçi, filosof və ya qeyrisi tərəfindən bu qədər önəmli bir şəxsiyyət haqqında başqa bir məlumat bizə gəlib çatmayıb. Buradakı maraqlı məqam isə budur ki, İsanı da məhz İosefus və Tasit Korneli öz kitablarında qeyd edirlər. Ponti Pilatdan bizə bir iki sikkənin və bir yazı parçasının qalması, İsadan isə bunlardan heç birinin qalmaması çox təbii haldır. Nə üçün? Çünki İsanın adına heç bir pul vahidi basılmırdı, həm də İsanın yazı yazdığına dair heç bir iddia olmayıb. O dövrdə yazı yazmaq xüsusilə aristokratların imtiyazı olub. Daha bir maraqlı məqam elə İosefus’un özü ilə bağlıdır. İosefus aristokrat ailədən olub, yaxşı təhsil alıb, roma vətəndaşı olub və o dövrün yəhudi tarixi ilə bağlı ən əhəmiyyətlə tarixi kitabları yazıb. Lakin görəsən İosefus özü dövrünün başqa tarixçiləri tərəfindən neçə yerdə yad edilir? Heç bir yerdə, faktiki olaraq İosefus haqqında o dövrün heç bir tarixçisi məlumat vermir. Bütün bunlar bir daha isbat edir ki, İsa peyğəmbər haqqında o dövrün tarixçilərinin geniş şəkildə yazmaması onun mövcud olmadığını isbat etməz. İsanın mövcud olduğunun ən bariz sübutlarından biri də Həvari Pavelin yazdığı məktublardır. Pavelin həqiqi adı Tarsuslu Saul olub və miladı 3-cü və ya 4-cü ilində Tarsus şəhərində doğulub. Roma şəhəri olan Tarsusda doğmuş Pavel yəhudi qanunu üzərində tərbiyyə görmüş qatı fariseylərdən olub və ilkin məsihiləri təqib edənlər arasında idi. Pavel özü məktublarında yuxuda İsanı gördüyünü və buna görə o da İsanın “təlimini” qəbul etməyə qərar verdiyini yazır. Təxminən miladi 40-cı ildən sonra, yəni İsanın ölümündən qısa bir müddət sonra bu baş verib. Tarixçilər Pavelin tarixi bir şəxsiyyət olduğunda və ən azından ona nisbət edilmiş məktublardan yeddisinin bir nəfər tərəfindən, yəni onun tərəfindən yazıldığını qəbul edirlər. Bu məktublarının birində Pavel səfərində İsanın qardaşı ilə iki dəfə görüşdüyünü qeyd edir. Onu da qeyd edək ki, tarixçilər bunu möhkəm bir sübut hesab edirlər, çünki Pavel məktubunda belə bir yalan uydursaydı o dövrdəki məsihilər üçün bunu yoxlamaq çətin olmazdı və Pavel yalançı kimi etibardan düşərdi. Buradan bilirik ki, İsanın qardaşı olub. (Yəhudilərdə qardaş həm də əmi uşaqlarına, qardaş uşaqlarına da deyilib.) Yuxarıda da qeyd edildiyi kimi tarixçilər arasından İosifus adlı yəhudi tarixçi kitabında İsanı zikr edir. Lakin bu gün tarixçilər həmin hissənin daha sonrakı əsrlərdə xristianlar tərəfindən daxil edilməsi haqqında az qala yekdil rəyə gəlsinlər. Lakin onlar – bəziləri istisna olmaqla – bu hissənin tamamının kitaba daxil edildiyini iddia etmirlər, lakin İsa üçün yazılmış fövqəladi vəsflərin daxil edildiyini söyləyirlər. Bununla yanaşı İosifus’un “Antiquitates Judaicae” kitabında belə qısa bir cümlə keçir: “Məsih adlanan İsanın qardaşı, o kəs ki adı Yaqub idi…” Kitabın bu hissəsini müzakirə edən amerikalı yəhudi professor Louis Feldman “Josephus, Judaism and Christianity” adlı kitabında bu sözləri deyir: “…(bu hissənin) səhihliyi az qala yekdillik ilə qəbul edilmişdir…”.Kitabdan həmin hissənin surətini daha sonra təqdim edəcəm. Həmçinin İsa haqqında biz böyük roma tarixçisi Tasit’in də (Tacitus) kitabında yazdığını yuxarıda qeyd etdik. Tasit üç imperatorun dövründə yaşayıb və hər birinin himayəsində olmuş bir şəxsiyyət olub. Onun yazısı tarixi qaynaq kimi əvəzsiz sayılır. O, “Annallar” kitabında imperator Neronun Roma şəhərini yandırması və bunun günahını məsihilərin üstünə yıxması haqqında bunları yazır: “Neron təqsiri möhkəmləndirdi və əhali tərəfindən “məsihilər” adlanan, rəzilliklərinə görə nifrət edilən bir sinifə ən ağır işgəncələri tətbiq etdi. Məsih ki, onun adından bu ad qaynaqlanır, Tiberius’un hökmranlığı dövründə prokurorlarımızdan biri Ponti Pilat’ın əli ilə həddindən artıq ağır bir cəzaya məruz qaldı.” Tasit’in kitabındakı bu sözlər yekdilliyə yaxın bir ittifaq ilə alimlər tərəfindən səhih sözlər olaraq qəbul edilir. Bəzi din əleyhdarı radikal tarixçilər bunun da sonrakı əsrlərdə xristianlar tərəfindən kitaba daxil edildiyini iddia etsə də sözlərin zahiri bunun əksini sübut edir. Çünki bu sözləri xristianlara kitaba daxil etmiş olsaydılar orada xristianları cəmiyyətin rəzil bir sinfi kimi təqdim etməzdilər, əksinə ilkin xristianlar haqqında müsbət bir vəsf istifadə edərdilər. Ona görə də tarixçilər kitabdakı bu sözlərin Tasit tərəfindən yazılmasında şübhə etmirlər. Tasit’in kitabı haqqındakı maraqlı tərəf budur ki, Tasit özü roma senatoru olub və müasir tarixçilərdən bir çoxu inanır ki, Tasit’in kitabında yazdığı çox zaman rəsmi qeydlərə əsaslanan məlumatlardır. ★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★ 2002-cü ilin 21 oktyabrında Discovery kanalı və Bibliya Arxeologiya Cəmiyyətinin birgə sahibliyi altında Vaşinqton mətbuat konfransında ilk dəfə “Yaqubun sərdabəsi” nümayiş olundu. Bu sərdabənin sahibi yəhudi mühəndis və əntiq əşyalar toplayıcısı Oded Qolan idi. Bu təbaşir tərkibli sərdabənin üstündə belə bir yazı var idi: “Ya’akov bar Yosef axuyi di Yeşua”. Yazının bizim dilə tərcüməsi “Yusufun oğlu, İsanın qardaşı Yaqub” kimi səslənir. Yazı arami dilindədir, yəni o dövrdə istifadə olunan dildə idi. Sərdabələrə sümüklərin qoyulması isə miladi iyirminci ildən başlayaraq əməl edilən bir adətdir. Qeyd edək ki, 2004-cü ilin sonunda İsrailin Əntiq əşyalar üzrə idarəsi Oded Qolanı saxtakarlıqda ittiham elədi və yeddi il çəkən məhkəmə prosesindən sonra onun saxtakarlığı sübuta yetirilə bilmədi. Bu günə qədər alimlər bu sərdabənin səhihliyini şübhə altına alacaq heç bir əsasın olmadığını deyirlər. Ona görə də bu arxeoloji tapıntı İsanın qardaşının mövcud olmasına dair mövcud sübutlardan biridir. Tarixçilər qeyd edirlər ki, sərdabə üzərində bu şəkildə adın yazılması yalnız insanlar tərəfindən tanınan şəxsiyyətlər üçün yazılardı və o dövrdə bu adla tanınan yalnız bir şəxsiyyət olub. Bu sərdabə haqqında növbəti linklərdən məlumat almaq olar: http://jamesossuarytrial.blogspot.se/ http://en.wikipedia.org/wiki/James_Ossuary http://articles.latimes.com/2012/jun/13/science/la-sci-sn-jesus-brother-ossuary-20120613 Sərdabənin şəklini də aşağıda təqdim edəcəm. ★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★ İsa peyğəmbərin sübutunu isbat edən daha bir maraqlı fakt vardır. Əlimizdəki incil kitablarında İsanın çarmıxa çəkildiyi qeyd edilirdi. Bizə məlumdur ki, o dövrdə yəhudilər arasında hakim olan inanca görə çarmıxa çəkilənlər lənətlənmiş sayılırdılar. Ona görə də ilkin məsihilər bu problemlə uzun müddət mübarizə aparıblar və bu gün bir çox tarixçinin izahına əsasən ilkin məsihilər bunu özlərinə qələbə anına çevirmək üçün bəzi hekayələr uydurdular, yəni bunu müsbət bir məzmuna salmağa çalışdılar. Həvari Pavel bu işin öhdəsindən ustalıqla gəldi və çarmıxa çəkilməyi insanların günahları üçün ölmək olaraq insanlara inandırmağa çalışdılar. Məsələnin maraqlı tərəfi budur ki, əgər İsa tarixi bir şəxsiyyət kimi mövcud olmasaydı, yəni ilkin məsihilər tərəfindən uydurulmuş əfsanəvi bir fiqur olsaydı o zaman özləri üçün problem olacaq “çarmıxa çəkilmək” epizodunu uydurmazdılar. [Bir müsəlman kimi biz çarmıxa çəkilənin İsa – əleyhissələm – olmadığına inanırıq, lakin Allah buyurur: “Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. ” (ən-Nisə, 157) Müsəlmanlarda bu ayənin izahı ilə bağlı bir neçə təfsir vardır. əl-Məvardi “ən-Nukət val-Uyun” adlı təfsirində üç təvilin olduğunu deyir. Birinci: Onlar İsanı şəxsən tanıyırdılar, lakin Allah İsaya bənzər surəti başqasına verdi və onlar həmin adamı İsa zənn edərək öldürdülər. İkinci: Onun özünü şəxsən tanımırdılar, lakin adı aralarında məşhur idi və onların arasından bir yəhudi otuz dirhəm rüşvət aldı və onlara Məsih olduğunu yalandan söyləyərək bir başqa adama işarə etdi və onlar çaşqınlığı düşürüldülər. Üçüncü: Onlar İsanı şəxsən tanıyırdılar, lakin kütlənin qəzəbindən qorxduqları üçün əvəzində başqasını öldürərək Məsihi öldürdüklərini iddia etdilər. əl-Məvardi’nin təqdim etdiyi birinci təfsir daha məşhurdur, lakin ikinci təfsir israiliyyata daha uyğundur, çünki mövcud İncillərdə yazılana əsasən İsanın öldürülməsini istəyən yəhudi hahamları onu şəxsən tanımırdılar, ona görə də İsanın kim olduğunu onlara göstərmək üçün Yəhudaya rüşvət veriblər. əl-Məvardi’nin zikr etdiyi təfsiri həmçinin əs-Səm’ani, əl-Qurtubi də zikr edir. Birinci təfsir sələfdən bir çox zatdan varid olsa da Əbu Həyyən əl-Əndəlusi “əl-Bəhr əl-Muhit” təfsirində onu qəbul etməmiş və bunun Allahın elçisindən – salləllahu aleyhi va səlləm – sabit olmadığını demişdir. Hər bir halda İslam da təsdiq edir ki, yerli kütlə arasında İsanın çarmıxa çəkilməsinə dair xəbərlər yayılmışdı.] Sonunda bir məsələ ilə söhbəti qurtarmaq istəyirəm. Qaraqan yazır: “O dövrün ən məşhur 15 tarixçisinin əlyazmalarında belə bir insana rast gəlinmir.Halbuki bu tarixdən bizim sivilizasiyanın təqvimi başlayırsa necə olur bunu o qədər tarixçi hiss etmir?” Bu Qaraqan başa düşə bilmir ki, İsanın doğumunun təqvimin başlanğıcı kimi götürmək daha sonrakı əsrlərdə ortaya çıxıb, yoxsa birinci əsrdə romalı tarixçilər romalıların təqvimi ilə, yəhudi tarixçilər də yəhudi tarixi ilə gedirdilər. Bu barədə bununla kifayətlənmək istəyirəm, düşünürəm ki, bu yazımızı maraqla oxudunuz və bilmədiyinizi öyrəndiniz. Bir daha əmin oldunuz ki, Qaraqan kimi qeyri-peşəkar yazıçılar, həvəskar şou-biznes adamlarına aldanmamaq lazımdır.  İsanın qardaşı Yaqubun sərdabəsindəki yazı  Yuxarıda İosifus’un kitabındakı referens haqqında Louis Feldman’ın dediyi sözləri öz kitabından: 

Hz. İsa (a.s) peyğəmbərin həyatı və Horus hekayəsi arasında bənzərlik varmı?

10 Bazar May 2015

Posted by science1985 in İsa peyğəmbər (a.s) haqqında iddialar

≈ Bir şərh yazın

Qaraqan yazır:
“İsa peyğəmbərin hekayəsini biz keçmiş miflərə baxanda o qədər yerdə görürük ki . Adicə İsanın doğulduğu ildən 3000 il əvvəl Misirlilər artıq bu hekayəni bilirdilər .Onların tanrılarından olan Qorun hekayəsi İsanın hekayəsinə çox bənzəyir .
Qor (Misir e.ə 3000)
25 dekabrda anadan olub. Anası bakirə qadın İsida Maria. Doğulanda şərqdə ulduz parlayıb. Bu ulduzun köməyi ilə 3 şah onun doğulduğu yeri tapıb.30 yaşında peyğəmbərliyi başlayıb. 12 şagirdi olub .Onlarla səyahətə çıxıb və möcüzələr göstərib. Möcüzələri: xəstələri sağaltmaq, suyun üzərində gəzmək, korun gözlərini açmaq, suyu şəraba çevirmək, ölünü diriltmək. Qorun müxtəlif adları olub: “Allahın oğlu”, “Allahın çobanı”, “Allahın quzusu”.
Tifon ona xəyanət edib onu satandan sonra Qor Xaçda asılıb, 3 gün basdırıldıqdan sonra dirilib və göyə ucalıb. Bu hekayə təkcə Qora aid deyildir, bir çox miflərdə bu rəvayətə rast gəlir.”

Bu gördüyünüz sözləri Qaraqan ateistin cavabı olaraq kitabında təqdim edir. Görünür ki, Qaraqan bu cür məlumatların təsirindən şübhəyə düşüb və qərara gəlib ki. bu şübhələri Azərbaycanın oxucu kütləsinə çatdırıb onları da şübhəyə salsın. Lakin problem budur ki. Qaraqanın qeyd etdiyi bu iddiaların hamısı heç bir ciddi araşırmanın nəticəsi deyildir. Bu fikirləri ilk dəfə məşhurlaşdıran internetdə yayılmış “Zeitgeist” adlı video çarx olub və bu videonu hazırlayanların qatı din əleyhdarı radikallar olduğu çoxuna məlumdur. Hətta “Zeitgeist” filmi bunu öz araşdırmalarından deyil. lakin Acharya S. ləqəbi altında tanınan Dorothy Milne Murdock adlı bir qadın yazıçının 1999-cu ildə nəşr olunmuş “The Christ Conspiracy: The Greatest Story Ever Sold“ adlı debüt kitabından və 2009-cü ildə nəşr olunmuş “Christ in Egypt: The Horus-Jesus Connection and The Gospel According to Acharya S” adlı kitabından götürüblər.

Mətləbə keçmədən öncə qeyd etməliyəm ki, biz müsəlmanlar İsa peyğəmbərin dekabrın 25-ində doğulduğunu demirik, onun çarmıxa çəkilərək üç gün basdırılmış halda qaldığını, daha sonra dirilərək göyə çəkildiyini demirik. Bunu oxucuların diqqətində saxlamaqlarını istəyirəm. Bu yazımızda sadəcə olaraq xristianların dini inancları ilə Misir mifologiyasındakı ilahlar arasında bir bənzərliyin olmadığını göstərəcəm.

Zeitgeist filmindən sonra məşhurlaşmış bu təsəvvürlərə bir-bir nəzər salaq. Birinci bənzərlik doğum tarixləri üzərindədir. Əvvəla ilkin xristianlar heç bir zaman İsanın dekabrın 25-ində doğulması barədə bir inanca sahib olmayıblar. Bu, nə kanonik incillərdə, nə də qeyrilərində qeyd edilməyən bir tarixdir. Irenaeus (130-200), Tertullian (160-225), Iskəndəriyyəli Origen (165-264) və başqa ilkin xristian yazıçıların heç biri İsa Məsihin bu tarixdə doğulduğunu və ya bu tarixin milad bayramı kimi qeyd edildiyini zikr etmirlər. Hətta İskəndəriyyəli Klement (150-215) “Stromata” kitabında müxtəlif xristian qrupların İsa Məsihin doğum tarixi haqqında qəbul etdikləri fərqli görüşləri müzakirə edir və bunların heç birində dekabrın 25-inin onun doğum tarixi kimi hər hansı bir xristian qrup tərəfindən qəbul edildiyi qeyd edirlmir. O yazır:

“Elələri vardır ki, rəbbimizin nəinki doğum ilini, hətta gününü belə təyin ediblər və onlar deyirlər ki, bu, avqustun 28-i baş verib və (misir ayı) paxonun 25-i baş verib…”

25 paxon isə miladi təqvim ilə mayın 20-sinə düşür. Daha sonra başqa tarixlər də qeyd edir və bunların arasında 21 mart, 21 aprel, 15 aprel kimi tarixləri sayır. Lakin bunların heç birində dekabrın 25-i İsanın doğum tarixi kimi qeyd olunmur. Lakin artıq dördüncü ilk dəfə olaraq 25 dekabr bu versiyalardan birinə çevrilmiş və məşhurlaşmışdı. Dördüncü əsrin sonlarında iki tarix xristianlar tərəfindən İsanın doğum günü kimi qəbul edilirdi. 25 dekabr Qərbi Roma İmperiyasında, 6 yanvar isə Şərqdə, xüsusilə Misir və Kiçik Asiyada qəbul olunurdu. Bu gün isə xristian aləminin böyük əksəriyyəti 25 dekabr olaraq İsanın doğum gününü qeyd edirlər, yalnız erməni kilsəsi hələ də 6 yanvar gününü qəbul edir. Tarixçilər qeyd edirlər ki, 25 dekabrın ilk dəfə İsanın doğum günü kimi qəbul edilməsi dördüncü əsrin ortalarına aid bir roma almanax’ında keçir. Həmin almanax xristian rahibləri və şəhidlərinin ölüm tarixlərini qeyd edir və dekabrın 25-i qeyd edildikdə həmin gün üçün yazılıb: “natus Christus in Betleem Judeae”, yəni “Məsih Cudeya’nın (Yəhuda’nın) Betlehem şəhərində doğuldu”.
25 dekabrın seçilməsinin izahı üçün fərqli nəzəriyyələr vardır və bu nəzəriyyələr içindən ən məşhuru budur ki, 25 dekabr daha əvvəl romalıların Sol İnvictus’un (Məğlub edilməmiş Günəş) doğum günü olaraq qeyd etdikləri bayram olub və xristianlar İsanın doğum gününü bilmədikləri üçün o bayramı bununla əvəz ediblər. İstənilən halda rahatlıqla deyə bilərik ki, ilkin xristianlarda 25 dekabr İsa Məsihin doğumu kimi qəbul edilməyib.

Yaxşı bəs Qaraqan’ın “Qor” olaraq tanıtdığı, əslində isə “Horus” (azərbaycanda Hor) adlanan bu misir mifologiyasındakı ilah həqiqətən də dekabrın 25-ində doğulubmu? Əvvəla Hor kimdir? Misir əfsanəsinə görə Osiris, Set, İsis və Neftida kimi ilahlar bacı qardaş olublar, yəni İsis və Neftida ilahələr olublar, Osiris və Set onların qardaşları olublar. Bunlar Yer ilahı Geb və Səma ilahəsi Nut’un uşaqlarıdır. Əfsanəyə görə Osiris Misiri idarə edən firondur və onun həyat yoldaşı bacısı İsis’dir. Set Osirisi öldürür və onun yerinə keçir. Osirisi öldürdükdə isə xüsusi vəhşiliklə öldürür, onu on dörd parçaya ayırır və müxtəlif yerlərə atır. Onun həyat yoldaşı İsis gizli olaraq Osirisin parçalarını toplayır, tilsim ilə elə edir ki, Osiris ilə cinsi əlaqəyə girir və ondan hamilə qalır. Yenə əfsanəyə görə daha sonra İsis gizlənmək məqsədi ilə Nil çayının deltasına gedir, uşağı doğurur və qoruyur. Həmin bu uşaq bizim sözünü etdiyimiz və Horus (Hor) adlanan misir ilahıdır. Horus’un dekabrın 25-i doğulması barədəki məlumatların haradan götürülməsi barədə müasir yeqiptoloqlar (misirşünaslar) heç bir məlumata sahib deyillər, bu sadəcə olaraq bəzi müasir yazıçılar tərəfindən uydurulmuş bir məlumatdır. Çünki misirşünaslıqda məlum olan budur ki, Horus “Epaqomenal Günlər” olaraq tanınan Misir təqvimindəki beş gündən birində doğulub. Əfsanəyə görə misirlilərin inandıqları yaradıcı ilah Atum xəbər tutur ki, Geb və Nut bir-birilərini sevirlər və Nut artıq hamilədir. Atum qəzəblənir və Nuta uşaqlarını bilinən təqvim günlərindən heç birində doğmağa icazə vermir. Başqa ilah Tot isə Nut’a ürək yandıraraq Misirin digər ilahları ilə oyun oynayır və bu oyunda qalib gələrək Nut üçün əlavə beş gün qazanır. Məhz bu beş günə misirlilər “epaqomenal günlər” deyirdilər. Bu beş gündən birincisində Osiris, ikincisində Horus, üçüncüsündə Set, dördüncüsündə İsis, beşincisində isə Neftida doğulur. Lakin buradakı Horus Osiris və İsis’in oğlu deyil, onların qardaşıdır. Ona görə də çox zaman bunları böyük Horus, kiçik Horus kimi tanıyırlar. Lakin bilmək lazımdır ki, misirşünaslar bu beş günün miladi təqvimlə hansı günlər olduğunu dəqiq bilmirlər, əksəriyyəti bunun avqust ayına düşdüyünü deyirlər. Kiçik Horus isə, yəni Qaraqanın kitabında qəsd etdiyi Horus’un isə doğum tarixi haqqında heç bir məlumat yoxdur. Olsa belə miladi təqvimlə dəqiq hansı günə uyğun gəlməsini bilmək müasir alimlərin çətinliklə təyin edə biləcəkləri işdir. Bilmək lazımdır ki, əgər xristianlığı uyduranların ilkin xristianlar olduğunu fərz etsək yenə də ağlımızı işlədərək qəbul etməliyik ki, bu xristianlar o dövrdə “25 dekabr” günü kimi bir gün işlətmirdilər, ya da Horus o dövrdə “25 dekabr”da doğulub deyə bir şey yox idi, çünki misir təqvimində dekabr ayı yoxdur və o dövrdə heç kim oturub misir təqvimini roma təqviminə çevirərək dəqiqliklə Horusun doğum gününü təyin etmirdi. Ona görə də bu iddianın nə qədər gülünc və absurd olduğu azca ağlı olan insanlar üçün məlumdur.

Yuxarıda yazdıqlarımızdan həm də anladınız ki, Horusun anası bakirə İsis Mari olmayıb. Bu da uydurmadır, əksinə Osiris Set tərəfindən öldürülmədən öncə İsis ilə evli idilər, yəni İsis bakirə deyildi. Həmçinin Osiris öldürüldükdən sonra İsis tilsim istifadə edərək Osirislə cinsi əlaqədə ola bilir və Osirisin toxumu ilə gəbə qalır. Bu və digər məlumatları Margaret Bunson tərəfindən hazırlanmış “Encyclopedia of Ancien Egypt” kitabından oxuna bilər. Onu da əlavə edim ki, İsis misirlərdəki ilahənin yunanca adıdır, misirlilər ona Aset deyirlər və Mari adı uydurmadır.

Doğulanda şərqdə ulduzun parlaması, üç şahın onun doğulduğu yeri tapması müasir zamanımızda uydurulmuş bir şeydir. Misir mifologiyasına görə İsis öz uşağını Nil deltasındakı bir adada doğub və bunu edərkən tək edib, heç bir üç şah onu ziyarət etməyib. Əslində heç xristian qaynaqlarında da üç şah deyə bir şey yoxdur. Xristianların incilində sadəcə “müdrik adamların” ziyarət etdiyi qeyd olunur, hər hansı bir say verilmir.

30 yaşında peyğəmbərliyə başlaması isə başqa bir səviyyədə absurd bir uydurmadır. Misirlilərin inancına görə Horus ilahi bir varlıq olub və misirlilər peyğəmbərlərə xüsusilə inanan bir millət olmayıblar. Onlara görə Horus daha sonra əmisi Setə qalıb gəlib. Hər hansı bir peyğəmbərlik etməyib.

Həmçinin Horusun 12 həvarisi olmayıb, lakin Horusun “heru-şamsu” adlanan dörd yarı-ilahi davamçısı olub, 16 insan davamçısı və “mesniu” adlanan saysız sayda işçi qüvvəsi olub. Ona görə də 12 həvarisinin olduğunu söyləmək də bu son illərdə çıxmış uydurma bir iddiadır.

Həmçinin suyun üstündə gəzmək, suyu şəraba çevirmək kimi möcüzələr göstərməyib. Ümumiyyətlə başa düşmək lazımdır ki, misir mifologiyasında ilahlar peyğəmbərlər sayılmadıqları üçün onların insanları inandırmaq üçün möcüzələr etməyə ehtiyacları olmayıb. Onlar misirlilər tərəfindən tanrılar kimi qəbul olunublar. Eləcə də “Horus” Allahın oğlu, Allahın çobanı, Allahın quzusu adlanmayıb. Misirlilərdə ən böyük tanrılar Amut və Ra hesab olunub. Osiris, İsis kimi tanrılar isə daha aşağı mərtəbəli tanrılar olublar, Horus da Osiris ilə İsisin oğlu sayılıb. Heç bir qaynaqda Horusun “Allahın quzusu”, “Allahın çobanı” kimi vəsf olunması keçmir. Bunlar sadəcə olaraq uydurma məlumatlardır.

Horusun çarmıxa çəkilməsi, üç gün ölü qalması və daha sonra dirilib səmaya qalxması isə daha bir gülünc və axmaq bir uydurmadır. Misir əfsanələrinə görə Horus’un çarmıxa çəkilməsi bir kənarda qalsın, o, heç bir zaman ölməyib. Horus əmisinə qalib gəldikdən sonra baş tanrı Ra tərəfindən aşağı dünyanın əsas tanrısı kimi qəbul edilib. Bəzi qədim yazılara əsasən Horus körpə olarkən əqrəb tərəfindən sancılır və ölür, lakin tanrı Tot gələrək bir tilsim oxuyur və Horus həyata qayıdır. Bundan başqa Horusun öldürülməsi, çarmıxa çəkilməsi, üç gün ölü qalması qeyd olunmur.

Bu yazdıqlarımızdan anlaya bilərsiz ki, ya Qaraqan həddindən artıq düşüncəsiz bir insan olduğu üçün ateistin onun qarşısına atdığı hər loqmanı udub və şübhəyə düşüb, ya da Qaraqan azərbaycanlı oxucuların savadsız olduğuna inandığı üçün kitabında “sensasiya” doğuracaq məlumatları almağı əlverişli görəcək qədər hiyləgərdir. Mən daha çox ikincisinə inanıram. İnanmıram ki, bu insan səmimi olsun və kitabında qeyd etdiyi kimi bu cür sualların axtarışı üçün bu kitabı yazsın. İstənilən halda bu kitabdan oxuduğum məlumatlar akademik dairələr yanında psevdo-elm ilə məşğul olanların oxucuların başını qarışdırmaq üçün ixtira etdikləri məlumatlardan başqa bir şey deyildir. Bu, Dan Brown’un “Da Vinçi Kodu” adlı kitabını oxuyub onun içində yazılanlara inanmaq kimi bir şeydir.

[Şəkildə gördüyünüz solda şahin/qartal sifətli olan Horus, ortadakı Osiris, sağdakı isə İsis’dir.]

 

Çolaq Addım

Çolaq Addım

Mövzular

  • Adəm peyğəmbər haqqında iddialara cavab
  • Allah Təala (c.c) haqqında suallara cavablar
  • Alın yazısı haqqında suallara cavablar
  • Ateist iddialarına cavablar
  • Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar
  • Digər peyğəmbərlər və dini suallar haqqında
  • Fəlakətlər: aclıq və xəstəliklər
  • Kainat və astrofizika – Yaradılış dəlilləri
  • Köləlik və cariyəlik
  • Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar
  • Musa peyğəmbər (a.s) haqqında iddialara cavab
  • Namaz, oruc, həcc ziyarəti ilə bağlı suallar
  • Niyə İslam?
  • Nuh peyğəmbər (a.s) haqqında iddialar
  • Qadınlar haqqında suallara cavablar
  • Quran ayələrindəki möcüzələr
  • Qurana qarşı iddialara cavablar
  • Ruh haqqında
  • Süleyman peyğəmbərlə bağlı iddialara cavablar
  • Terror və müharibə
  • Təsadüf haqqında
  • Yaxşılıq, xeyriyyəçilik
  • İnsan və təbiət – Yaradılış dəlilləri
  • İsa peyğəmbər (a.s) haqqında iddialar
  • İslam və müsəlmanlar
  • İslamda elm və mədəniyyət
  • İslamın zorla yayılmasına dair iddialara cavablar

Bloq Statistikası

  • 102. 292 hits
Follow Dini suallar on WordPress.com

Ən Populyar Yazılar & Səhifələr

  • "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
    "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
  • MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
    MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
Follow Dini suallar on WordPress.com

Son şərhlər

İskəndəriyyə kitabxanasının ya… üçün Ləman
“Nəhəng kainatdakı kiçik… üçün Ləman
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün science1985
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün Zaur
İddia: Quranda Kəhf surəsinin… üçün Qorxmaz
İsa peyğəmbərin (a.s) yaşaması… üçün Məmmədzadə Sədail

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Chateau tərəfindən Ignacio Ricci.

Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here: Cookie Policy
  • İzlə İzlənir
    • Dini suallar
    • Already have a WordPress.com account? Log in now.
    • Dini suallar
    • Özəlləşdir
    • İzlə İzlənir
    • Qeydiyyatdan keçin
    • Giriş
    • Bu mühtəviyyat barəsində raport ver
    • View site in Reader
    • Manage subscriptions
    • Bu çubuğu daralt