• Haqqımızda

Dini suallar

~ Dini mövzularda sual-cavablar

Dini suallar

Kateqoriya Arxivləri: İslamda elm və mədəniyyət

Dünyada İlk Universitet

23 Şənbə Apr 2016

Posted by science1985 in İslamda elm və mədəniyyət

≈ Bir şərh yazın

qaraouiyine

İslamın həyat verən mesajlarını anlayan və buyurduqlarını yerinə yetirən müsəlmanlar insanlığa çox önəmli müəssisələr hədiyyə etmişdirlər.İngiltərənin Leeds Universitetində müəllimlik edən, Samilər barədə araşdırmalar aparan M.R.Y. Ebied ilə Ərəblər barədə araşdırmalar aparan M.J.L. Young bu xüsusdakı bəyanlarını belə açıqlayırlar:

“Orta əsrlər, modern dünyaya üç mühüm müəssisə verdi: Xəstəxana, Rəsədxana və Universitet. Çoxdan bilirik ki, bunlardan ikisi İslam Mədəniyyətindən dünyaya intiqal etmişdir. Bir çox astronomik alətlər, yunanlılar tərəfindən icad edilsə də, Rəsədxana müsəlman xəlifələrin, bir başqa deyişlə İslam Peyğəmbərinin təqibçilərinin himayəsində daimi bir müəssisə halını almışdır..”

(Les Arabes ont-ils invente I Universite? In le Monde de I Education , No 20.September 1976, pp 41-42)

Qərbli elm adamlarının burada rəsədxana və xəstəxananı müsəlmanlardan öyrəndiklərini etiraf etmələrinə baxmayaraq, universiteti söyləməmələri qəribədir. Ancaq tarixən sabit bir həqiqət var ki, universitet də İslamın insanlığa bir hədiyyəsidir.

Necə?

Qərbli tədqiqatçıların təsbitlərinə görə özlərində qurulan ilk Universitet, İtaliyanın şimalında “Qızıl Şəhər” deyilən Boloniya şəhərindədir. Tarixi isə 1088-ci ildir. Ancaq üzərini örtə bilmədikləri həqiqətə görə Əndəlus Əməvi Dövləti1, Miladi 859-cu ildə yəni Avropada qurulan ilk Universitetdən tam 229 il öncə Mərakeşin Fez (Fəs) şəhərində Qaraviyyin Universitetini qurmuşdu. Avropa hələ dünyanın düz olduğunu mübahisə edərək, yuvarlaq olduğunu söyləyənləri həbs edib, hətta öldürərkən Əndəlus Universitetlərində tələbələr yer kürəsinin rəsimlərini çəkməyə başlamışlardı. 859-cu ildən çox deyil, 25-30 il sonrasında Qurtuba, Fez, Qaraviyyində Universitet sayı 28-ə çatmışdı. İllərlə Avropa kralları və dövlət adamları müalicə olmaq üçün Qurtuba Universitetinin Tibb Fakultəsinə gələrdilər.

(Hitti, Philip K, Siyasi və Mədəni İslam Tarixi, s-790)
Dipnot:

Müsəlmanların bu günkü İspaniya və Portuqaliyada qurduqları dövlət (Miladi 756-1031`ci illər)
Paylaşın xeyirə vəsilə olun.. “Xeyirə vəsilə olan, xeyiri edən kimidir.” (Tirmizi)

Mənbə: http://gencmuslim.net

DÜNYANIN MƏŞHUR MÜSƏLMAN ALİMLƏRİ: BÖYÜK ASTRONOM ALİM ƏLİ QUŞÇU

22 Cümə Yan 2016

Posted by science1985 in İslamda elm və mədəniyyət

≈ Bir şərh yazın

Bəşəriyyətin elm və mədəniyyət xəzinəsinə əvəzsiz töhfələrini verən məşhur müsəlman alimləri arasında tam adı Əbül Qasım Ələaddin Əli ibn Məhəmməd əl-Quşçu olan, elm dairələrində isə qısaca olaraq, Əli Quşçu kimi tanınan məşhur türk-özbək astronomu, riyaziyyatçı və dilçisinin adı böyük rəğbətlə və məhəbbətlə çəkilir.

Onun həyatı türk-islam dünyası üçün bir örnəkdir və bir vaxtlar Orta Asiya (Türküstan) ilə Anadolu arasında dostluq, elm, məhəbbət körpüsünə çevrilmişdi. Qeyri-adi biliyə malik idi və məntiqli danışığı ilə hamını özünə heyran edirdi. Məşhur sərkərdə Teymurun nəvəsi, böyük türk islam alimi Uluqbəyin yanında yetişdi, özünü olduqca sadə apardı, eyni zamanda qandan, qırğınlardan qaçdı. O dövrdə onun müasirlərindən birinin də dediyi kimi, əgər Teymur öz qılıncı ilə dünyanı fəth edərək adını tarixə məşhur sərkərdə kimi yazdırmışdısa, Əli Quşçu elm xəzinəsinin xəzinədarı, dünya alimlərinin başının tacı idi. O, görkəmli dövlət xadimi Teymurun qılıncı ilə yazdığı qəhrəmanlıq və rəşadət dastanına qələmi ilə yeni töhfələr vermiş, qısa müddət ərzində bütün dünyada məşhur astronom kimi məşhurlaşmışdı. Onun texniki elmlər, xüsusilə astronomiya sahəsinin daha da inkişaf etdirilməsi sahəsində gördüyü işlər bu sahənin, obrazlı şəkildə desək, 100 illər irəliyə getməsinə səbəb oldu. Türk-islam dünyasının bu böyük oğlu özündən əvvəlki şanlı türk alimlərinin yolunu şərəflə davam etdirdi və bununla da bəşəriyyətin elm, mədəniyyət xəzinəsinə adını qızıl hərflərlə yazdırdı.

Təsadüfi deyil ki, məşhur alim V. Bartold onu ON BEŞİNCİ YÜZİLLİYİN DÜNYA ELM XƏZİNƏSINƏ YETİŞDİRİB VERDİYİ ƏN BÖYÜK ALİM ADLANDIRARAQ: “Onun elmi biliklərinə, texniki elmləri olduqca yaxşı bilməsinə heyran olmamaq olmur. O, astronomiya və riyaziyyata aid yazdığı əsərlərilə nəinki Şərqdə və Osmanlıda, həmçinin Avropada bu elmlərin inkişafına yeni təkan verdi. Bu böyük insan o dövrdə Avropada yetişən elm adamlarının müəllimi oldu və ölümündən yüz illər sonra belə onların müəllimi olaraq qalmaqda davam etdi. Onun qədər böyük alimə dünyada az rast gəlmək olar”,-demişdi.

UŞAQLIQ İLLƏRİ:
1403-cü ildə qədim Türküstanın elm və mədəniyyət, sivilizasiya mərkəzlərindən biri kimi bütün dünyada tanınan Səmərqənddə anadan olan Əli Quşçunun atası olduqca elmli bir insan kimi tanınırdı. Atasi məşhur sərkərdə Teymurun nəvəsi olan Uluqbəyin şahin saxlayanı idi. Ona görə, Əlibəyin atası sarayda və ətraf əhali arasında quşçu kimi tanınırdı. Sonra bu ləqəb onların soy adına əlavə olundu və onlar Quşçu olaraq bütün bölgədə tanındılar, bu adla şöhrət qazandılar. Uluqbəyin elmə bağlılığını görən və hərdən onunla bərabər rəsədxanaya girərək göy üzünü seyr edən Əli Quşçunun atası oğlunun da elmli insan kimi yetişməsini istəyirdi. Ona görə də oğlu Əlinin o dövrdə Səmərqənddə məşhur olan ən yaxşı elm adamlarının yanında dərs almasını, onlardan öyrənməsini istəyirdi. Atasının astronomiya elminə olan məhəbbəti və tez-tez ailədə Uluqbəyin rəsədxanasında göy cismlərini seyr etməsindən həvəslə danışması balaca Əlidə də bu sahəyə böyük həvəs oyatmışdı. Kiçik yaşlarından etibarən riyaziyyat və astronomiyaya maraq göstərməsi atası tərəfindən də rəğbətlə qarşılandı. Atasının yardımı və təşəbbüsü ilə Əli Quşçu dövrünün ən böyük elm adamları olan Bursalı Qadızadə Rumi, Qiyasəddin Cəmşid (Qiyas əl-Kaşi) və Muinuddin Kaşidən riyaziyyat və astronomiya elmlərini öyrəndi. Onun astronomiya elminə olan böyük marağı və bu sahədə qeyri-adi istedada malik olduğunu nümayiş etdirməsi müəllimləri tərəfindən də tez-tez təriflənməsinə gətirib çıxarmışdı. Deyilənə görə, müəllimlərindən Qiyasəddin Cəmşid balaca Əli haqqında: “Bu uşaq göyləri yerə endirəcək, ulduzları gah yerlərdə, gah da göylərdə öyrənəcək və sonda böyük alim olacaq. Onun göy cismlərinə olan marağına heyran qalmamaq mümkün deyil, imkanı olsaydı, quş kimi göylərə uçar, ulduzlara qonaq gedərdi”,-demişdi.

Əlinin digər bir müəllimi olan Muinəddin Kaşi də sevimli şagirdinin riyaziyyata olan marağına heyran olduğunu gizlədə bilməmiş və onun haqqında: “Bu uşaq Səmərqəndi bir daha bütün dünyaya tanıdacaq”,-demişdi.
Əlinin astronomiyaya olan böyük marağı o dövrdə Şərqin və türk-islam dünyasının ən böyük astronom alimi olan Uluqbəyə də gedib çatmışdı. Uluqbəy Əlini atasının vasitəsilə rəsədxanaya yanına çağırmış, ona göy cismləri haqqında məlumat vermiş və xüsusi himayəsinə götürmüşdü. Bir dəfə Əlinin təkbaşına göy cismlərini seyr etməsinin şahidi olmuş və ona dəyib-dolaşmadan maraqla bu işin sonunu gözləmişdi. Balaca Əli yatmadan dan yeri ağarana kimi göy cismlərini seyr etmiş və arabir də qeydlər etmişdi. Yalnız səhər açılanda o böyük ustadı Uluqbəyin yatmadan yanında dayandığını və səbirlə onu gözlədiyini görmüşdü. Bundan bir neçə gün sonra isə Uluqbəy o dövrün məşhur elm adamlarının toplaşdığı bir yığıncaqda: “Məndən sonra bu rəsədxana yalnız balaca Əliyə əmanət edilə bilər. Mən özümdən sonra rəsədxananı idarə etməyi Əliyə tapşırdım. O məndən çox-çox uzaqlara gedəcək, yeni dünyalar tapacaq”,-demişdi.

Əli isə öz biliyini daha da artırmaq üçün düşünürdü. Bu məqsədlə də təhsilini artırmaq üçün Uluqbəydən icazəsiz Kirmana getdi. Burada “Hall-ü Eşkal-i Qəmər” (Ay səhifələrinin açıqlanması) adlı risalə ilə “Şərhi-Təcrid” adlı əsərini yazdı. Kirmanda təhsilini tamamlayıb, Səmərqəndə döndü və Uluqbəyə Kirmanda dərc etdiyi risalələri təqdim edərək, ona yardımçı oldu. Əlinin ustadı Uluqbəydən icazə almadan Səmərqəndi tərk edərək Kirmana getməsi o dövr üçün qəbuledilməz və bağışlanmaz bir iş hesab edilirdi. Ancaq Uluqbəy Əlinin bu addımı biliyini artırmaq məqsədi ilə atdığını nəzərə alaraq, onu bağışladı. 33 yaşı olanda Əli artıq görkəmli, məşhur bir astronom və riyaziyyatçı kimi yetişmişdi. O 1436-1439-cı illərdə Uluqbəy rəsədxanasına müdir oldu. Həmin dövrdə Əli Quşçu bütün türk-islam dünyasında yaxından tanınırdı. Uluqbəy məşhur azərbaycanlı alim və astronom Nəsirəddin Tusinin “Tecrid-ül Kəlam” adlı əsərinə yazdığı şərhlə bu sahənin tamamlanmasına böyük xidmət göstərmiş oldu.

SƏMƏRQƏNDDƏN İSTANBULA:
Əli Quşçunun şöhrətinin artması o dövrdə bölgədə hökmdarlıq edən Teymurilər hökmdarı Əbdüllətifin xoşuna gəlmirdi. Onun ətrafındakılar da hökmdarda Əli Quşçu haqqında mənfi rəy formalaşdırmışdılar. Əbdüllətif Əli Quşçunu edam etdirmək üçün bəhanə axtarırdı. Hökmdarın soyuq münasibətindən sarayda özü barədə məkrli planların hazırlanmasından şübhələnən Əli Quşçu sonda özünü gözləyən təhlükələrdən xilas etmək üçün Həccə getmək niyyətinə düşdü. Bu məqsədlə də Həccə getmək üçün hökmdardan icazə istədi. Lakin Əbdüllətif ona Həccə getməyə icazə vermədi. Bunun özü üçün edam hökmü ola biləcəyi anlamına gəldiyini anlayan Əli Quşçu gecə ikən gizlicə Səmərqənddən çıxdı. Ertəsi gün Əbdüllətif Əli Quşçu haqqında edam hökmü verdi. Əli Quşçunu həbs etmək üçün evinə gələn saray silahlıları onu orada tapmayaraq əliboş geri qayıtdılar.

Səmərqənddən qaçan Əli Quşçu 1449-cu ildə Təbrizdə Azərbaycanın Ağqoyunlu türklərinin hökmdarı Uzun Həsənə sığındı. Uzun Həsən Əli Quşçunu böyük ehtiramla qarşıladı. Həmin dövrdə Ağqoyunlularla Qsmanlılar arasında ziddiyyətlər kəskinləşmişdi. İki türk hökmdarı arasındakı ziddiyyətləri aradan qaldırmaq vəzifəsini isə Uzun Həsən Əli Quşçuya tapşırdı. Uzun Həsən Əli Quşçunu Osmanlı sultanı Mehmet Fatehin yanına sülh danışıqlarına göndərdi. Əli Quşçu Uzun Həsənlə Mehmet Fatehin arasındakı ziddiyyətləri aradan qaldırmaq üçün bütün imkanlarını işə saldı. Nəticədə iki böyük türk hökmdarı arasında düşmənçilik tədricən aradan qaldırılmağa başladı. Əli Quşçunun elminə, qabiliyyətinə heyran olan Fateh onu az sonra onu İstanbula dəvət etdi.

Osmanlı – Ağqoyunlu sərhəd boyunda II Mehmedin əmri ilə böyük bir mərasimlə qarşılanan Əli Quşçu Ayasofya mədrəsəsinə 200 axça maaşla müdərris təyin edildi.

İstanbulda Əli Quşçu yeni nəsil Osmanlı alimlərinin yetişməsinə öz töhfəsini verdi. Onun yetişdirdiyi məşhur Osmanlı alimləri arasında günümüzdə belə elm aləmində adları hörmətlə xatırlanan Hoca Sinan Paşa, Molla Lütfi və Əli Quşçunun oğlu Mirim Çələbi (Mahmud B. Muhammed B. Muhammed B. Musa Qadızadə), Takiyüddin kimi alimlər var..

Əli Quşçunun hazırladığı plan əsasında o dövrdə nəinki Şərqdə, həm də dünyada məşhur olan Fateh Universiteti quruldu. Əli Quşçunun bir xidməti də Osmanlı türkcəsini bütün islam dünyası üçün elm dilinə çevirməsi oldu.

Əli Quşçu astronomiyaya və riyaziyyata aid iki əsər yazıb. Onlardan biri Otluqbeli savaşından sonra bitirilərək Osmanlı sultanına təqdim edildiyi üçün Fəthiyə adlanır. Astronomiyaya aid edilən bu əsər üç bölümdən ibarətdir. Birinci bölümdə planetlərdən, ikinci bölümdə Yer kürəsindən, üçüncü bölümdə isə Yer kürəsinin ölçülərindən və planetlərin Yerə olan məsafəsindən bəhs edilir. Əli Quşçunun ikinci kitabı riyaziyyatdır və bu kitab uzun əsrlər Avropada və Şərqdə dərslik kimi istifadə edilib.

Əli Quşçunun digər əsərləri isə bunlardır: “Risale-i fi’l Heyə” (Astronomiya Risaləsi) “Risalə-i fi’l” Fəthiyə (Fətih Risaləsi),” Risale-i Hisap” (Aritmetik Risaləsi), “Tecrid’ül Kəlam” (Sözün Tecridi), “Risale-i Adudiyə”, “Unkud-üz zvehir fi Man-ül Cəvahir”, “Vaaz”, “İstiarad”.

Qeyd edək ki, “Risalə Fil-Heyə”DƏN (1457-ci ildə Səmərqənddə, fars dilində yazmışdır) Osmanlı İstanbul Mühəndisxanasında (İstanbul Texniki Universiteti) XIX əsrin əvvəllərində dərs kitabı olaraq istifadə edilirdi.
Bu böyük insan 16 dekabr 1474-cü ildə İstanbulda vəfat etdi. Məzarı Eyyub Sultandadır.
Üstündən illər ötsə də, əsrlər keçsə də, Əli Quşçunun adı dünya elm tarixində ən böyük alimlərdən biri kimi xatırlanmaqda davam edi

DÜNYANIN MƏŞHUR MÜSƏLMAN ALİMLƏRİ: ASTRONOM ALİM ULUĞBƏY

22 Cümə Yan 2016

Posted by science1985 in İslamda elm və mədəniyyət

≈ Bir şərh yazın

O, orta əsr dünya elm tarixində özünəməxsus bir iz qoya, adını səma cismlərinin öyrənilməsi sahəsində türk islam dünyasının məşhur hökmdar-alimlərindən biri kimi yazdıra bildi.

Bir vaxtlar o özünü həm bacarıqlı dövlət xadimi, həm də mahir bir astronom kimi dünyaya tanıda, qurduğu dövlətin paytaxtı Səmərqəndi isə nəinki Asiyanın, həm də dünyanın sivil mədəniyyət mərkəzlərindən biri kimi tanıda bildi. İnşa etdirdiyi rəsədxanalarla astronomiyanın dünyada öyrənilməsini və tədqiqi sahəsində əvəzsiz xidmətlər göstərdi. Onun o dövrdə ulduzların öyrənilməsi ilə bağlı gördüyü işləri günümüzdə ancaq Amerikanın kosmosun tədqiqi ilə bağlı həyata keçirdiyi qlobal layihələrlə müqayisə etmək olar. O, elm aşiqi olan, elmi sevən, elm adamlarını qiymətləndirməyi bacaran qüdrətli bir hökmdar idi və ona görə də hələ gənc ikən bütün dünyada məşhurlaşmışdı.
Söhbət orta əsrlərin qüdrətli hökmdarlarından və məşhur astronomlarından olan Mirzə Uluğbəydən gedir.

Uluğbəy 1394-cü il, mart ayının 22-də nəinki Cənubi Azərbaycanın, həm də Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınan Sultaniyyə şəhərində anadan olub. Onun atası məşhur sərkərdə və dövlət xadimi Teymurləngin oğlu Şahruxdur. Uluğbəyin əsl adı Məhəmməd Taraqaydır. Anası Gövhərşad isə məşhur türk sərkərdə və dövlət xadimlərindən olan Qiyasəddin Tarxanın qızıdır. Amma gənc yaşlarında ikən Məhəmməd Taraqay xalq arasında Uluğbəy (böyük, uca bəy) adı ilə tanınmağa başladı. Bunun da səbəbi hələ gənc ikən onun özünü yaşlı adamlar kimi aparması, təmkinlə hərəkət etməsi oldu. Gənc Uluğbəyin mahir bir dövlət xadimi və məşhur astronom kimi formalaşmasında müəllimi şair və alim Arif Azəri böyük rol oynadı.

ELMƏ SONSUZ HƏVƏS:
Gələcəyin hökmdarı və məşhur astronomu hələ uşaq yaşlarından elmə böyük maraq göstərir, bu sahədə xüsusi istedadı ilə seçilirdi. 11 yaşında ikən Qurani-Kərimi əzbərləmiş və ərəb dilinə mükəmməl yiyələnmişdi. Eyni zamanda riyaziyyatı dərindən öyrənmişdi və ən çətin məsələləri belə asanlıqla həll edirdi. Uluğbəyin siyasi səhnəyə gəlməsi isə olduqca erkən baş verdi. Belə ki, 1405-ci ildə Əmir Teymur ( Teymurləng) haqqın rəhmətinə qovuşdu. Bunun ardınca Əmir Teymurun kiçik oğlu Şahrux özünə tabe olan qüvvələrlə Səmərqəndə daxil oldu. 1409-cu ildə isə Şahruxun böyük oğlu Uluğbəy paytaxtı Səmərqənd olan Mavarünnəhr dövlətinin başçısı oldu. Əvvəlcə, yaşca balaca olduğu üçün o, iki il ərzində ölkəni himayədarının vasitəsilə idarə etdi. 1411-ci ildən başlayaraq isə o, ölkəni təkbaşına idarə etməyə başladı. İlk vaxtlar ona müəyyən qədər çətin idi, çünki Əmir Teymurun vəfatından sonra onun oğlanları arasında taxt-tac davası gedirdi və belə bir vəziyyətdə Uluğbəyin hər an hakimiyyətdən salınması təhlükəsi vardı. Amma hakimiyyətinin ilk illərində o, hakimiyyətdaxili çəkişmələrdən müəyyən qədər qaça və bununla da ölkənin nahaq müharibələr meydanına çevrilməsinin və qardaş qanı tökülməsinin qarşısını ala bildi. Xarakter etibarilə olduqca yumşaq adam hesab edilən və qan tökülməsinin əleyhinə çıxan Uluğbəy şair təbiətli bir hökmdar idi. O hələ gənc yaşlarından ikən şeirlər yazırdı və buna paralel olaraq, onda göy cismlərinin öyrənilməsinə böyük maraq var idi. Hakimiyyəti təkbaşına idarə etməyə başlayan gündən o, tanınmış elm adamlarını, alimləri, məşhur riyaziyyatçıları və astronomları saraya toplamışdı. Bununla da Uluğbəyin sarayı ölkəni idarəetmə mərkəzindən daha çox, elmi akademiyaya çevrilmişdi.

Gənc hökmdar həmin dövrdə vaxtının çox hissəsini rəsədxanalarda keçirir, gecə-gündüz bilmədən ulduzları seyr və tədqiq edirdi. Ona görə də qısa müddətdə astronomiya elmini öyrənmiş və özü də göy cismlərini tədqiq edən alim kimi məşhurlaşmışdı. Onun qanlar tökən, işğalçılıq siyasəti yeridərək ölkələr fəth edən hökmdardan daha çox, elm aşiqi olmasını, elmə xüsusi zövqlə bağlanmasını bununla əlaqədar dediyi sözlər də bir daha sübut edir. O yazır: “ Elmin hakim olduğu bir ölkədə elmlə məşğul olmağı özümə şərəf bilən və bunu hökmdarlıqdan daha üstün tutan bir adamam”.
O vaxt hökmdarın elmlə məşğul olması və həyatını bu işə sərf etməsi düzgün hesab edilmir və bu, zəiflik əlaməti kimi qiymətləndirilirdi. Üstəlik, Uluğbəy Əmir Teymur kimi dünya şöhrətli bir dövlət xadimi və sərkərdənin nəvəsi idi. Aydın idi ki, ondan ilk növbədə Əmir Teymur varislərindən biri kimi ölkələr işğal etmək, babasının qəhrəmanlıq yolunu davam etdirmək, ona layiq olmağı gözləyirdilər. Amma Uluğbəy adı çəkilən sahədə ona olan ümidləri doğrultmamışdı və bu da ölkə daxilində və taxt- tac varisləri arasında narazılığı daha da artırmışdı. Bu narazılıqlar isə nəinki saray əyanları və taxt-tac varisləri, həm də ailə daxilində Uluğbəyə qarşı bir müxalifətin formalaşmasına yol açdı. Bu isə öz növbəsində Uluğbəyin, bu məşhur elm xadimi və astronomun, eyni zamanda ədalətli bir hökmdarın faciəsinə aparıb çıxardı. Uluğbəyin elmə və elm öyrənilməsinə verdiyi qiyməti onun bu sahədə həyata keçirdiyi tədbirlər də bir daha sübut edir. Belə ki, Uluğbəy hakimiyyətə gəldiyi ilk günlərdə əhalinin elmə yiyələnməsinə imkan yaradan və o dövr üçün mükəmməl elm verən mədrəsələrin inşa edilməsinə xüsusi diqqət yetirdi. Qısa müddətdə ölkədə onlarla mədrəsəxanalar tikildi, köhnələri isə yenidən bərpa edildi. Bu məqsədlə o, xəzinədən o dövr üçün astronomik məbləğ hesab edilə biləcək qədər maliyyə vəsaiti ayırmışdı. 1417-1420-ci illərdə isə Uluğbəy Səmərqənddə böyük bir elm mərkəzi – mədrəsə inşa etdirdi. Qısa müddətdə mədrəsə o dövrdə böyük bir elm mərkəzinə çevrildi. Uluğbəy oraya islam dünyasının tanınmış alimlərini, astronomlarını, riyaziyyatçılarını dəvət etdi. Mədrəsə bu gün bütün dünya incilərindən hesab edilən məşhur Registan arxitektura ansamblının ilk binası idi. Analoji iki mədrəsə isə Buxarada və Hicuvanda inşa edildi. Buxarada inşa edilən mədrəsənin portalında Uluğbəyin əmri ilə Məhəmməd Peyğəmbərə (s. ə. v) aid edilən hədislərin birindən bu sözlər həkk edilmişdir: “ELM ÖYRƏNMƏK VƏ BUNA CƏHD ETMƏK HƏR BİR MÜSƏLMAN KİŞİNİN VƏ QADININ MÜQƏDDƏS VƏZİFƏLƏRİNDƏN BİRİDİR ”.

YENİ RƏSƏDXANA:
Həmin dövrdə göy cismlərinin öyrənilməsi və bununla bağlı o dövr üçün müasir hesab edilən rəsədxanaların inşa edilməsi də Uluğbəyin ən sevimli işindən birinə çevrilmişdi. Uluğbəyin təşəbbüsü və rəhbərliyi ilə 1428-ci ildə o dövrdə tayı-bərabəri olmayan Uluğbəy Rəsədxanasının inşası başa çatdırıldı. Bu işdə ona həmçinin məşhur astronomlar Qazızadə ər-Rumi, Əl-Kaşi və Əl-Quşçu yardım etmişdilər. Bu rəsədxananın inşasında Marağa Rəsədxanası təcrübəsindən istifadə edilmiş və əldə edilən təcrübəyə əsasən, ondan da daha möhtəşəm və mükəmməl bir rəsədxana tikilmişdi. Bu rəsədxana Uluğbəyə islam dünyasında və astronomiya elmi sahəsində yeni bir şöhrət gətirdi. Rəsədxana ulduzları tədqiq etmək və göy cismlərini öyrənmək üçün mükəmməl cihazlarla təchiz edilmişdi. Bu məqsədlə oraya dövrünün məşhur astronomları cəlb edilmişdi. Bu da Səmərqəndin dünyada göy cismlərini öyrənən elm mərkəzinə çevrilməsi demək olmuşdu. Rəsədxanada çalışan alimlərin apardığı tədqiqatlar nəticəsində 1437-ci ildə göy cismlərinin, ulduzların kataloqu, Qurqan-zic tərtib edilmişdi. Kataloqda 1018 ulduz təsvir edilmiş və onların hər birinin özünəməxsus xüsusiyyətləri verilmişdi. Rəsədxanada aparılan tədqiqatlar nəticəsində həmçinin ulduz ilinin müddəti 365 gün müəyyən edilmiş və bu işdə cüzi səhvə yol verilmişdi.

Həmin dövrdə elmlə və göy cismlərinin öyrənilməsi ilə müntəzəm olaraq məşğul olmasına baxmayaraq, Uluğbəy ölkənin idarə edilməsinə də vaxt ayıra bilmişdi. O, 1428-ci ildə ölkədə pul islahatı həyata keçirmiş və bununla da qısa müddətdə iqtisadi sahədə böyük sıçrayışa nail ola bilmişdi.
Bununla belə, yuxarıda da qeyd etdiyimiz kimi, Uluğbəyin həddindən artıq elmlə məşğul olması babasının işğalçılıq siyasətini davam etdirməməsi ətrafındakılar tərəfindən zəif xarakterli dövlət xadimi kimi qiymətləndirilməsinə səbəb olmuşdu. Bu amil taxt-tac varisləri arasında hakimiyyət iştahasını daha da artırmış, hətta ailədə oğlu tərəfindən belə onun devrilməsi planı hazırlanmışdı. Düşmənlərinin taxt-tac iddiasına son qoymaq məqsədi ilə Uluğbəy Xorasana hərbi yürüş etdi. Lakin bu yürüş onun üçün uğursuz nəticələndi və döyüşdə Uluğbəy ağır məğlubiyyətə dükar oldu.

Bu məğlubiyyət saray daxilində Uluğbəyin əleyhinə olan qüvvələrin daha da sıx birləşməsinə və ona qarşı yeni bir cəbhə açmasına səbəb oldu.
Bu böyük elm fədaisinin düşmənləri Uluqbəyin böyük oğlu Abdul Lətifi öz tərəflərinə çəkə və onu atası əleyhinə qaldıra bildilər. Saray əyanlarını ən çox Uluğbəyin elmlə, xüsusi ilə ulduzların öyrənilməsi ilə məşğul olması və bu müstəvidə də onun guya islam dininə qarşı çıxması narahat edirdi. Abdul Lətifi də atasına qarşı onun guya islam dininin əleyhinə olması adı altında qaldırmışdılar. İslam dinini qorumaq qərarına gələn Abdul Lətif atasına qarşı üsyan qaldırmaq və onu taxt-tacdan salmaq qərarına gəlmişdi. Lakin o dövrdə hələ babası Şahrux Heratda hakimiyyətdə idi və o Uluqbəyi müdafiə edəcəyi halda Abdul Lətif məğlub olacaqdı. Ona görə də bir müddət üsyan planını təxirə salmalı oldu. 1447-ci ildə Şahrux vəfat etdi və bundan sonra Heratda da onun varisləri arasında hakimiyyət davası başladı. Bundan istifadə edən Abdul Lətif 1449-cu ilin payııznda Uluğbəyə qarşı üsyan qaldırdı. İlk döyüşdəcə Abdul Lətif atasının ordusunu darmadağın etdi. Onun qısa müddətdə Səmərqəndə daxil olacağı və oranı ələ keçirəcəyi gözlənilirdi. Bunu görən Uluqbəyin ətrafındakılar ona Mavarünnəhri tərk edərək Herata və ya Hindistana getməyi təklif etdilər. Ancaq Uluğbəy oğlunun ona əl qaldıra, ata qatili ola biləcəyinə inanmırdı. Çünki o, olduqca insanpərvər, şair təbiətli həssas və kövrək şəxsiyyət idi, övladlarını çox sevirdi və onlardan özünə qarşı pislik gələ biləcəyini ağlına belə gətirmək istəmirdi. Ona görə də ölkəni tərk etmək barədə ətrafındakıların təklifini qəbul etməyərək könüllü şəkildə oğluna təslim oldu. O rəsmi şəkildə taxt- tacdan əl çəkdiyini və bundan sonra da ömrünn qalan hissəsini rəsədxanada ulduzların öyrənilməsinə həsr edəcəyini bəyan etdi. Əvvəlcə Abdul Lətif atasının istəyini qəbul etdi və onu rahat buraxmaq qərarına gəldi.

ATA QATİLİ:
Saray əyanları Uluğbəyi sakit buraxmaq və onun rəsədxanada elmlə məşğul olmasına da imkan verməmək niyyətində idilər. Onlar Abdul Lətifə atasından gec-tez ona və guya islam dininə zərər gələcəyi barədə xəbərdarlıq etdilər. Sarayın ruhani liderləri isə öz aralarında Uluğbəyin ölümünə fitva vermişdilər. Abdul Lətif bundan xəbərsiz idi. Ancaq o artıq atasının sağ qalmasını arzulamırdı. Eyni zamanda öz əlini də atasının qanına batırmaq və tarixdə ata qatili kimi qalmaq istəmirdi. Bunu görən saray əyanları Abdul Lətifə atasını Həccə göndərməyi və yolda ələ alınmış muzdlu qatil vasitəsi ilə onu öldürtməyi təklif etdilər. Bu təklif Abdul Lətifin ağlına batdı. Ona görə də o atasına Həccə getməyi məsləhət gördü və hər şeydən xəbərsiz Uluğbəy oğlunun məsləhətini qəbul etdi. Bəzi məlumatlara görə Uluğbəy saray əyanlarının oğlu ilə birləşərək onu öldürtəcəyini öncədən bilmişdi, ancaq buna baxmayaraq heç bir tədbir görməmiş və özünü talenin hökmünə buraxmışdı. Bəzi məlumatlara görə isə atasının öldürülməsi ilə bağlı ruhanilərin çıxardığı fitvada Abdul Lətifin özü də iştirak etmişdi. Bu fitvaya saray ruhanilərindən yalnız Miskin soyadlı bir nəfər imza atmamışdı. Ölüm Uluğbəyi Həccə gedən yolda da yaxaladı və o müqəddəs yerə gedib çıxa bilmədi. Həccə yola düşəndən az sonra 1449-cu il oktyabr ayının 27-də türklərin tanınmış Sulduz soyundan olan Abbas adlı bir nəfər saray əyanlarının tapşırığı ilə Səmərqənddən bir az aralıda olan qışlaqda Uluğbəyi xaincəsinə öldürdü. O özünü təmizə çıxarmaq üçün vaxtı ilə guya atasının Uluğbəy tərəfindən öldürüldüyünü bildirdi və bununla da ondan qisas aldığını söylədi. Amma onun saray əyanlarının və Abdul Lətifin göstərişi ilə öldürüldüyü barədə əhali arasında söhbətlər dolaşırdı. Abdul Lətif atasının öldürülməsindən sonra təşvişə düşmüşdü. O tezliklə özünü də belə ölümün gözləyə biləcəyindən narahat idi. Ona görə də taxt- tac uğrunda özünə rəqib hesab etdiyi kiçik qardaşını da aradan götürtdü. Ancaq qardaşının ölümü gecəsi yuxuda özünün kəsilmiş başını sinidə gördü. Dərhal yuxudan ayıldı və saray alimlərindən və münəccimlərdən özünü hansı talenin gözlədiyini soruşdu. Onlar isə susurdular. Rəvayətə görə bundan əsəbiləşən Abdul Lətif Nizaminin əsərlərini oxumağa başlayır və oradan bu sətirləri tapır: “Atasının ölümüünə fitva verənlər hakimiyyətə gəlsələr də taxt- tacda altı aydan çox qala bilmirlər.”

Həqiqətən də Uluğbəyin öldürülməsindən 6 ay sonra, 1450-ci il may ayının 8-də saray daxilində hakimiyyət uğrunda mübarizə aparan bir qrup sui- qəsdçi Abdul Lətifi öldürdülər. Onun yerinə hakimiyyətə keçən qohumu Uluğbəyi babası Teymurun dəfn olunduğu Qur Əmir qəbristanlığında böyük dini mərasimlə dəfn etdirdi.

GEC DƏ OLSA HAQQ YERİNİ TAPIR:
Uluğbəyin öldürülməsindən sonra onun yaxın dostı astronom Əli Quşçu Abdul Lətifin ondan da intiqam alacağından ehtiyat edərək Ulduz cədvəlini, həmçinin dostunun yazdığı əsərlərin bəzilərini götürərək Həccə getmək adı altında Səmərqəndi tərk etdi. O İstanbula gəlir və burada dostunun və müəllimin ulduzlarla bağlı əsərlərini çap etdirməyə başlayır. Məhz onun səyləri nəticəsində Avropa Uluğbəylə yaxındna tanış olur və onun ulduzların öyrənilməsinə həsr edilən əsərlərini müxtəlif dillərə tərcümə edirlər. Bu əsərlər Uluğbəyə Avropada və dünyada böyük şöhrət gətirir. Əli Quşçu 1470-ci ildə İstanbulda Aya Sofiya mədrəsəsinə professor təyin edildi. Necə deyərlər, Uluğbəyin Türküstanda başlatdığı böyük elmi astronomik tədqiqatları o burada davam etdirməyə başladı.

Təssüflər olsun ki, Uluğbəyin özündən sonra qoyub getdiyi rəsədxana sonralar əhali tərəfindən dağıdıldı və onun qalıqlarını itirmək məqsədi ilə üstünə torpaq tökdülər. Yalnız xeyli sonralar 1908-ci ildə arxeoloq V.L. Vyatkin çox çətinliklə də olsa rəsədxananın yerini müəyyən edə bildi. Onun rəhbərliyi altında aparılan uzunmüddətli qazıntılar sonda öz bəhrəsini verdi rəsədxananın qalıqları aşkar edildi. SSRİ dövründə bu rəsədxana bərpa edildi və muzeyə çevrildi.

AVROPA ONA HEYRAN OLDU:
Uluğbəylə tanışlıq Avropa astronomları üçün yeni bir Amerika kəşfinə çevrildi. Onun əsərləri ilə tanışlıq Avropada astronomiya elminin inkişafına yeni bir təkan verdi. Uluğbəyin Avropada məşhur olmasını1648-ci ildə məşhur astronom Yan Hevel tərəfiindən nəşr edilən “Göy ulduzlarının kataloqu” adlı əsər də bir daha sübut edir. Adı çəkilən kataloqda dünyanın məşhur astronumlarının əksilri təsvir edilmiş qravura var. Həmiin məşhur astronomlar arasında Uluğbəyin də şəkli var.
Uluğbəyin astronom kimi əldə etdiyi böyük uğurlar Avropada o qədər böyük şöhrət gətirmişdi ki, 1830-cu ildə onun adının əbədiləşdirilməsi qərara alındı. Böyük alman astronomu və Uluğbəyi özünə ustad hesab edən İohann Henrix fon Medler ayda kəşf etdiyi krateri Uluğbəyin adı ilə adlandırdı. Uluqbəyin əsərləri dəfələrlə Avropada nəşr olunur və indinin özündə belə Avropa astronomları onu hörmətlə yad etməkdədirlər.

ULUĞBƏY İRSİ YAŞAMAQDA DAVAM EDİR:
Uluğbəy yalnız böyük astronom deyil, həm də mahir riyaziyyatçı idi. Bu günümüzdə belə dərslik kimi istifadə edilən triqonometrik əsərlər yazıb. Çünki astronomiya ilə triqonometriya əkiz qardaşlara bənzəyir. Məhz riyazi hesablamalar yolu ilə ulduzların hərəkət trayektoriyasını tədqiq etmək və öyrənmək mümkündür.
Uluğbəyin digər xidməti çoxsaylı kitabxanalar inşa etdirməsi ilə bağlı idi. O, bu kitabxanalara Çindən, Hindistandan, Ərəbistandan və digər yerlərdən çoxlu sayda elmi kitablar gətirtmiş, orada işləmək üçün ən məşhur alimləri ölkəsinə dəvət etmişdi. Bu da onun idarə etdiyi dövlətin nəinki Türküstanın, həm də dünyanın ən sivil inkişaf etmiş elm mərkəzlərindən birinə çevrilməsinə gətirib çıxarmışdı. Onun tərəfindən əsası qoyulan Səmərqənd məscidi o dövrdə məşhur elm mərkəzinə çevrilmişdi və Asiyanın hər yerindən oraya təhsil almağa gəlirdilər. Bu təhsil ocağına rəhbərliyi isə Uluğbəy Bursadan dəvət etdiyi məşhur şeyx və alim Bursalı Kadizadə Rumiyə tapşırmışdı.

Yeri gəlmişkən onu da deyək ki, Uluğbəyin sarayında çalışanlar içərisində Anadolunun müxtəlif yerlərindən, o cümlədən İstanbuldan çoxlu sayda elm adamları, memarlar, incəsənət nümayəndələri vardı. Yəni Uluğbəy Türküstanda yaşasa da onun bütün fəaliyyəti Anadolu və digər türk elləri ilə sıx bağlı idi. Təsadüfi deyil ki, onun ölümündən sonra sarayındakı elm adamları Anadoluya gələrək burada Osmanlının elmi inkişafına öz töhfələrini verdilər.
Uluğbəy bu gün türk-islam dünyasının, eləcə də bütün dünyanın ən məşhur astronomu, elm və dövlət xadimi kimi qalmaqda davam edir. Doğma vətəni Özbəkistanda onun adı əbədiləşdirilib və hər il doğum və ölüm günü xüsusi mərasimlə qeyd edilir

DÜNYANI HEYRƏTLƏNDİRƏN MƏŞHUR MÜSƏLMAN ALİMLƏRİ: ƏBU REYHAN MƏHƏMMƏD İBN ƏHMƏD ƏL-BİRUNİ

22 Cümə Yan 2016

Posted by science1985 in İslamda elm və mədəniyyət

≈ Bir şərh yazın

Onun adı sivil elm dünyasında indinin özündə belə ən məşhur astronom alimlərdən biri kimi tanınır.

Üstündən 1050 ilə yaxın vaxt keçməsinə baxmayaraq, yazdığı əsərlər bu günə kimi öz əhəmiyyətini itirməyib. Hələ o dövrdə əksər ərəb tarixçiləri onu dünya elminin açarı hesab edirdilər. Onun haqqında fəxrlə: “Bu insanın bilmədiyi elm sahəsi, açmadığı sirli elm qapısı yoxdur, o, elmlərin şahı, elm xəzinəsidir”,-deyirdilər. Əsl adı Əbu Reyhan Məhəmməd olan və türk dünyasının bəşəriyyətin elm və mədəniyyat xəzinəsinə bəxş etdiyi dahi elm fədailərindən biri kimi şöhrət qazanan bu böyük insan özündən 600 il sonra Avropada yeni bir intibahın başlamasına səbəb oldu.

Əbu Reyhan Məhəmməd ibn Əhməd əl Biruni 973-cü ildə Türküstanın, türk dünyasının elm və mədəniyyət mərkəzlərindən biri olan qədim Xarəzmin Kət (başqa məlumatda isə Qəznə) şəhərində anadan olub. Atası bölgənin məşhur türk ailələrinin birinin başçısı olan Əbu Cəfər Əhməd şah sarayında münəccim idi. Lakin, saray əhli atasına böhtan ataraq, onu saraydan qovurlar. Bundan sonra Əbu Cəfər Əhməd çarəsiz qalıb yaxınlıqdakı doğma türk qövmlərinin yaşadığı kəndə köçür və ailəsi ilə birlikdə burada yaşamağa başlayırlar. Kənddə yaşayan türklər onlara qucaq açaraq, burada yaşaya bilmələri üçün yardım edirlər. Amma şəhər həyatından kənd həyatına düşdükləri üçün bir müddət yerli camaatla qaynayıb qarışa bilmirlər. Özlərini daim kənddə qərib, yad hiss etdikləri üçün əhali onları Biruni (bir, tək) adı ilə çağırmağa başlayır və onlar bu adla da şöhrət tapırlar. Atasının astronomiya sahəsi ilə maraqlanması və göy cisimlərini öyrənməsi və sarayda münəccimliklə məşğul olması uşaq yaşlarındən Əbu Reyhan Məhəmməd ibn Əhməd əl Birunidə bu sahəyə böyük maraq oyatmışdı. Əbu Reyhan ilk dərslərini belə demək mümkünsə atasından aldı. Sonra o vaxtlar üçün mükəmməl təhsil verən yerli mədrəsədə dərs alan Əbu Reyhan Biruni qısa müddətdə istedadı ilə müəllimlərini özünə heyran etməyə başlayır. Hər şeylə maraqlanan və hazırcavablığı ilə həmyaşıdlarından seçilən Biruni həm də, həmin dövrdə astronomiya ilə yanaşı tibb elmi ilə də yaxından maraqlanırdı. Buna da səbəb həmin dövrdə Türküstanda Cənubi Azərbaycanın Təbriz şəhərindən olan məşhur bir türk həkimin Əbu Reyhanın istedadını görüb onu tibbə həvəsləndirməsi olmuşdu. Türk həkim Əbu Reyhan Birunidə tibbə həvəsi daha da gücləndirmək üçün ona dərman bitkilərini toplamağı tapşırır. Qısa müddətdə təbrizli türk həkimin tapşırıqlarını yerinə yetirən Biruni minə yaxın dərman bitkisi ilə müalicə etməyi öyrənir. Lakin onda astronomiyaya və riyaziyyata maraq olduqca güclü idi. Bunu nəzərə alan atası Birunini o dövrdə Türküstanda məşhur olan astronomiya və riyaziyyat alimi Əbu nəsr İraqlının yanına qoydu. Biruni astronomiya və riyaziyyat elmlərini dövrünün məşhur alimlərindən olan Əbu Nəsr İraqlıdan öyrəndi. Gənc Biruni öz dövrünün bir çox elmlərini Xarəzmdə öyrəndi, o vaxt Xarəzm adlı-sanlı alimlərin mərkəzi idi. Məşhur türk filosof və həkim ibn Sina o vaxt Xarəzmdə yaşayırdı. Bu iki gənc alim təbii elmlər barədə danışıqlar aparırdılar .

SƏYAHƏTƏ ÇIXIR VƏ SARAYDA:
Əbu Reyhan Biruninin istedadı ilə fərqlənməsi və əhali arasında məşhur olması şah sarayına da gedib çatmışdı.
Özünün bilik və bacarığı nəticəsində gənc yaşlarında başqalarından fərqləndiyindən Xarəzmşahlar sarayında olan elm adamlarının diqqətindən yayınmamış, dövlətin diplomatik fəaliyyətinə rəhbərlik etmişdir. Dövrün məşhur şəxslərindən hesab edilən Əmir Əbu Nəsir Mənsur gənc Biruninin parlaq zəkasının və aktivliyinin şahidi olduqdan sonra onu öz himayəsinə götürərək, İbn-Sina, Samət Əl-Həkim kimi dahi alimlərin ona dərs verməsinə və onların dostlaşmasına səbəb olmuşdur.

Birunidə astronomiyaya və riyaziyyata olan böyük maraq, ətraf xalqları öyrənmək həvəsi onda səyahətə çıxmağa böyük həvəs oyatmışdı.
Ona görə də 25 yaşında ikən səyahətə çıxmağı qərara alır. Əbu Reyhan Biruni 25 yaşında ikən Xarəzmdən o vaxtlar əhalisinin 90 faizi türklərdən ibarət olan Xorasana, oradan isə digər türk yurdu olan Rey və Təbəristana gedir. Getdiyi yerlərdə qədim kitabxanalarda olan kitabları tədqiq edən Biruni həmçinin bu yerlərin təbiəti, əhalisi, yerləşdiyi coğrafi enlik, iqlim qurşağı barədə məlumatlar toplayır.

Sonra Biruni Qonbədi Qabus şəhərinin yaxınlığında yerləşən Cürcan şəhərinə getdi və orada bir müddət ziyarilərdən olan elmsevər Əmir Qabus Vəşmgirin sarayında çalışdı. Gənc alim “Asarül-Baqiyə” kitabını da məhz orada yazdı. O vaxt Biruninin 28 yaşı var idi. Qabus Vəşmgir Əbu Reyhana vəzirlik vəzifəsi təklif etsə də, o razılaşmadı və bir neçə ildən sonra Xarəzmə qayıtdı. Lakin Xarəzmdə də uzun müddət qala bilmədi. Bu arada isə Gürgan hökmdarı Qabus ibn Vəşmgir israrla elçini elçi dalınca göndərərək, Birunini saraya dəvət edirdi. Qabus ibn Vəşmgirin israrlarına dözməyərək onun dəvətini qəbul edən Biruni saraya gəldi və bir müddət burada ölkənin idarə edilməsində yaxından iştirak etdi. Eyni zamanda saray kitabxanası ilə yaxından maraqlanan və burada tədqiqatlarını davam etdirən Biruni ona böyük şöhrət gətirən “Keçmiş nəsillərdən qalan izlər” kitabını yazdı. O, bu kitabını Qabus ibn Vəşmgirə həsr etdi.

SULTANIN XİDMƏTİNDƏ:
XI əsrin əvvəllərində Xarəzm məşhur türk sərkərdəsi və islam dininin Əfqanıstanda, Pakistanda və Hindistanda yayılmasında əvəzsiz xidmətləri olan görkəmli dövlət xadimi Mahmud Qəznəlinin nəzarətinə keçdi. Həmin dövrdə sultan Mahmud Qəznəlinin qurduğu dövlətin ana şəhəri Qəznə şəhəri idi. Biruninin elmindən və istedadından xəbərdar olan sultan Mahmud Qəznəli onun və tanınmış digər xarəzmli alimlərin də Qəznədə yaşamasını istədiyini bildirdi. Biruni sultanın bu təklifini qəbul edərək bir neçə alimlə Qəznəyə getdi. Biruni ömrünün sonunadək Qəznəlilərin hökumət aparatında məşğul oldu. Sarayda kifayət qədər hörmətə malik olan Biruni eyni zamanda sultanın göstərişi ilə islam dininin yerli əhali arasında yayılmasında və dinimizin təbliğ edilməsində önəmli xidmət göstərmişdi. Bəzi rəvayətlərə görə sultan Mahmud Qəznəli Birunini yanına çağıraraq: “Mən bu torpaqları özüm üçün ələ keçirmədim. Mənə torpaq lazım deyil, imperiyam kifayət qədər genişdir. Mənim məqsədim islam dinini yaymaq və bundan sonra rahat uca Allahın dərgahına getməkdir. Sizin vəzifəniz ələ keçirilən torpaqlarda dinimizi yaymaqdır. Mən qılıncla, siz də elminizlə dinimizin yayılmasına yardım edin, bu da sizin borcunuzdur”,-demişdi.
Biruni və saraydakı digər alimlər sultanın tapşırığına əməl edərək, yerli əhalinin ağsaqqalları ilə görüşür, onlara islam dininin əsaslarını izah edirdilər. İslam dinin haqq və ədalət dini olduğu qənaətinə gələn on minlərlə pakistanlı və hindistanlı islam dinini qəbul etdi. Nəticədə islam dini sürətlə bölgə əhalisi arasında yayılmağa başladı.
Həmin dövrdə alim vətəni Xarəzm üçün darıxırdı. Ona görə də sultandan xahiş edərək, bir neçə dəfə Xarəzmə gələrək, burada keçmiş günlərini xatırladı, valideynləri, yaxınları, qohumları ilə görüşdü, əzizlərinin qəbrlərini ziyarət etdi. Geriyə, Qəznəyə qayıtdıqdan sonra sultan Mahmud Qəznəlinin Hindistana yürüşlərində də onunla birlikdə iştirak etdi. Biruninin bu səfərlərdə məqsədi, hind xalqının mədəniyyətini öyrənmək idi. O 13 il müddətində Hindistanda tədqiqatla məşğul oldu. Hinduların qədim müqəddəs dilləri olan sanskrit dilini öyrəndi və özünün dəyərli əsəri olan “Təhqiqi Maləl-Hindi “yazdı.
Amma bəzi saray adamları sultan Mahmud Qəznəlinin elm adamlarına böyük hörmət göstərməsindən narahat idilər. Ona görə də onlar elm adamları, o cümlədən Biruni haqqında sultanda mənfi rəy formalaşdırmağa nail olmuşdular. Sultan da öz növbəsində onların təsiri altında ömrünün son illərində elm adamlarının fəaliyyətinə şübhə ilə yanaşmağa başlamışdı. Biruninin açıq sözlü olması, həqiqəti deməyi sevməsi sultana nə üçünsə xoş gəlmirdi. Belə bir vəziyyətdə sultanın hər an Birunini cəzalandıra bilməsi təhlükəsi meydana çıxmışdı. Amma sultanın ölümündən sonra belə bir təhlükə aradan qalxdı.

Sultan Mahmud Qəznəlinin ölümündən sonra Biruni onun oğlu Məsud Qəznəlinin adına “Qanuni Məsudi” kitabını yazdı.
Biruninin elm dairəsi, məşğul olduğu elm sahələri olduqca geniş və çoxtərəfli idi. O həm astronomiyanı, həm riyaziyyatı, həm fizikanı, həm biologiyanı, həm coğrafiyanı, həm tarixi, həm də müxtəlif dillərdə danışan xalqların, millətlərin mədəniyyətini çox gözəl bilirdi. Ona görə Sultan Mahmud Biruniyə böyük hörmət edir, onun elmi səviyyəsini olduqca yüksək qiymətləndirirdi. Yenə də burada böyük türk hökmdarı, siyasətçisi və görkəmli dövlət xadimi Sultan Mahmud Qəznəlinin elm adamlarına verdiyi xüsusi qiymətdən danışmamaq olmur. Bunu türk-islam dünyasının böyük sərkərdəsi və dövlət xadiminin Firdovsiyə türk hökmdarlarının tarixini, qəhrəmanlığını nəzmə çəkmək və möhtəşəm bir əsər yaratmaq üçün verdiyi sifariş də bir daha sübut edir. Nəticədə Sultan Mahmud Qəznəlinin sifarişi ilə Firdovsi məşhur “Şahnamə” əsərini yazdı. Ancaq bu əsərdə daha çox İran tarixinin işıqlandırılması və İran-Turan müharibələrində farsların təəssübkeşliyini çəkməsi vətənpərvər bir türk hökmdarı olan Sultan Mahmud Qəznəlini qəzəbləndirdi və ona bu əsərə görə vəd etdiyi 60 min dirhəm qızılı vermədi. Bununla belə, elm adamlarının əməyini qiymətləndirməyi bacaran məşhur dövlət xadimi əsl türklərə xas olan mərdlik nümayiş etdirərək sonralar Firdovsiyə vəd etdiyi pulu ona göndərdi.

Yəni bu, böyük türk hökmdarının elmə verdiyi qiymətdən irəli gəlirdi. Yeri gəlmişkən, onu da deyək ki, türk hökmdarları tarixində ilk dəfə “Sultan” titulu Mahmud Qəznəliyə verilib. Xatırladaq ki, Mahmud Qəznəli 1001-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəli dövlətinə qatmışdı. Sultan Mahmud Qəznəli 1029-cu ildə hazırda farsların əsarəti altında olan və özü ilə eyni soy-kökdən olan Cənubi Azərbaycan türklərinin ana şəhərləri olan Rey, Həmədan və İsfahanı, az sonra Gur əyalətini tutdu. Sultanın hakimiyyətinin son dövründə Qəznəli dövləti Hindistandan Xarəzmə və Xəzər sahili torpaqlara qədər ərazini əhatə edirdi.
Xatırladaq ki, Sultan Mahmud Qəznəli 1002-ci ildə I Xələfi devirərək Səffarilər dövlətinə son qoymuşdu. 1008-ci ildə Racput Konfederasiyasını məğlub edən Sultan Mahmud Qəznəli Şahilər sülaləsini Hindistanın dərinliklərinə qovdu. Sultan Mahmud Rey və İsfahan kitabxanalarını Qəznəyə köçürərək, buranı öz dövlətinin və bölgənin elm, mədəniyyət mərkəzinə çevirmişdi.

SULTAN MAHMUD BİRUNİNİ SINAYIR:
Rəvayətə görə, Biruninin elm bilicisi və onun böyük alim olması barədə Sultan Mahmuda ətrafındakılar çoxlu məlumat vermiş, onu tərifləmişdilər. Sultanın ətrafındakılar ona demişdilər ki, Əbu Reyhan nücum elmini çox gözəl bilir və insanın ürəyini özünəməxsus şəkildə sanki oxuyur, elmi ilə onun nə edəcəyini öncədən müəyyən edə bilir. Yalnız uca Allahın hər şeyə qadir olduğunu həmişə təkrar edən Sultan Mahmud əmr etdi ki, Birunini hüzuruna gətirsinlər. Hökmdarın hüzurunda təzim etdikdən sonra Sultan Mahmud onu yanına çağırmasının səbəbini bildirərək: “Hər şeyə agah olan yalnız Allahdır,”-dedi.
Buna cavab olaraq, Biruni Sultanın onu imtahan etməsini xahiş edərək: “Əgər Sultanın şübhəsi varsa, gizli fəzilət və bacarığı üzə çıxarmaq üçün imtahan etsin”,-dedi.
Onun özünə belə arxayın danışması bütün varlığı ilə uca Allaha bağlı olan Sultan Mahmud Qəznəlinin xoşuna gəlmədi. Ona görə də əsəbi halda Biruniyə: “Allahdan başqa insanın sirrini bilən yoxdur. Ürəyimdə olan bir fikri tap və de görüm, mən bu qəsrin hansı qapısından çıxacağam”,-dedi.
Söhbətdə iştirak edən bütün saray əyanları donub qalmışdılar və onlar artıq Biruninin sonunun çatdığını düşünürdülər. Çünki Sultanın ürəyindəkini tapmaq ot tayasında iynə axtarmaq kimi bir şey idi. Bir də sarayın 12 qapısı vardı və Sultanın bu 12 qapının hansından çıxa biləcəyini müəyyən etmək mümkün olan işə oxşamırdı. Amma Biruni sakit görünürdü, o heç nə olmamş kimi üstürlab adlanan astronomik cihazı götürüb, nə isə ölçməyə başladı, sonra isə cavabı kağıza yazıb Sultana təqdim etdi: “Cavabı tapdım və kağıza yazdım”.
Sultan əmr etdi, qəsrin qarşısındakı divarı uçurtdular və o oradan bayıra çıxdı.
Sonra qayıdıb Birunin verdiyi kağızı oxudu. Biruni kağızda yazmışdı: “Sultan heç bir qapıdan çıxmayacaq, qarşı divarın yarığından çıxacaq”.
Cavab düz olsa da Sultan qeybin və gələcəyin yalnız Allah tərəfindən bilindiyini söylədi. Adətən, elm adamlarına böyük qiymət verən Sultanı daha çox Biruninin onun qabağında cəsarətlə danışması əsəbiləşdirmişdi. Dünyanı fəth edərək islam dinini Cənub Şərqi Asiyaya yayan bu böyük sərkərdə ilk dəfə idi ki, sözünün qabağına söz qoyulduğunun şahidi olurdu. Ona görə də Sultan Biruniyə: “Cavabı düz tapdın, ancaq hökmdarın qarşısında olduğunu unutdun”,-deyərək əmr etdi ki, onu sarayın üstündən yerə atsınlar. Amma Sultanın Birunini öldürməsindən peşman olacağını bilən və alimə böyük hörmət bəsləyən vəzirlərdən biri gizlicə göstəriş verdi ki, imarətin aşağısına pambıq töksünlər. O bununla da imarətin başından yerə atılan Biruninin sağ-salamat qalmasına nail oldu.
Həqiqətən də, bir neçə gündən sonra Sultan Mahmud böyük alimi öldürtdüyünə peşman olaraq ətrafındakı vəzirlərinə: “Mənə niyə Birunini öldürtməyə mane olmadınız, axı onun günahı yox idi, siz də bunu bilirdiniz”,-deyə soruşdu.

Biruninin sağ qalmasına səbəb olan vəzir isə həyatını riskə ataraq alimin sağ olduğunu söylədi. Halbuki o bilirdi ki, əmri icra etməmək üstündə Sultan onu edam etdirə bilər. Lakin vəzir cəsarətini toplayaraq: “Əgər Sultan icazə versə, Birunini hüzuruna gətirərəm”,-dedi.
Sultan: “Məgər onu damdan aşağı atmadınız?”-deyə vəzirdən soruşdu.
Vəzir isə Sultana cavabında dedi ki, siz onda çox əsəbiləşdiniz və alimi müdafiə etmək xahişimizi yerə salacaqdınız. Ona görə də çıxış yolunu alimin sağ qalması üçün imarətin aşağısına pambıq tökməkdə gördük. Bununla həm sizin əmriniz yerinə yetirildi, həm də alim sağ qaldı.

Rəvayətə görə, Sultan vəzirin bu tədbirindən razı qaldı və sonra da Birunini hüzuruna çağırtdıraraq: “Əgər istəyirsən Sultan səndən razı qalsın, gərək onun sözünə uyğun söz danışasan, öz elminə müvafiq yox”,-dedi və sonra da ondan üzr istədi.
Bütün bunlar da Sultan Mahmud Qəznəlinin əsəbiləşməsinə, yanlış qərar verməsinə baxmayaraq, elm adamlarına münasibətdə həmişə həssas olduğunu göstərir.

Onu da bir daha qeyd edək ki, Sultan Mahmud Qəznəli Hindistanı özünə tabe etdikdən sonra Biruni oraya getmiş, burada elmlə məşğul olmaq üçün, ilk növbədə, sankskritcə öyrənməyi qarşısına məqsəd qoymuş və qısa müddətdə istəyinə nail olmuşdu. Bundan sonra Biruni elmi araşdırmalar aparır, həndəsə, triqonometriya, astronomiya və coğrafiya sahəsində böyük uğurlar qazanır, hətta tibb sahəsində də fəaliyyət göstərirdi.
Elmdə müəyyən nailiyyətlər əldə etmək üçün alimlər yeni-yeni kəşflər edirdilər. Bu sahədə Biruninin də öz dəsti-xətti olmuşdur. O, metalların xüsusi çəkilərini özünəməxsus üsullarla ölçmüşdür. Lakin onun ən böyük nailiyyəti astronomiya sahəsində olmuşdur. Belə ki, yaratdığı teleskopun diametri o zaman üçün ağlagəlməz ölçüdə – 7,5 metr olmuşdur.

ƏBU-REYHANIN ELMİ TƏDQİQATLARI VƏ ƏSƏRLƏRİ:
Əbu Reyhan Biruni həyatı boyu elmlə məşğul olmuş, astronomiya, riyaziyyat, fizika, biologiya, geologiya, coğrafiyaya aid çoxsaylı əsərlər yazmışdı- Məsələn, böyük alim Pakistan ərazisində olan Nəndənə qalasında apardığı tədqiqatlar nəticəsində müəyyən etmişdi ki, Yer kürəsinin radiusu 6338,8 kilometrdir. Bu gün dəqiq və həssas cihazlarla işləyən astronomlar Yer kürəsinin radiusunun 6378,160 kilometr olduğunu sübut etmişlər. Bunu o dövrdə etmək və dəqiq hesablamaq, həqiqətən də, asan iş deyildi və bu Biruninin nə qədər böyük alim olduğunu bir daha sübut edir.
Qeyd edək ki, dünya elm tarixində ilk astronomik ensiklopediyanın yaradılması da Biruniyə məxsusdur. Bu müstəvidə də Biruni Yer kürəsinin öz oxu ətrafında və Günəş ətrafında fırlanmasını elmi yolla sübuta yetirən böyük türk-islam alimidir. Bu baxımdan Əbu Reyhan Biruni Kopernikdən 500 il əvvəl Yer kürəsinin öz oxu ətrafında və Günəş ətrafında fırlanmasını elmi yolla sübuta yetirib. Yenə də qeyd edək ki, Birunidən 500 il sonra Kopernikin türk-islam aliminin dediklərini təkrar etməsini Qərb dünyası qəbul etmədi. Buna baxmayaraq, bütün Qərb aləmi yüzilliklər ərzində Biruninin kəşflərindən, onun ideyalarından, ümumiyyətlə, müsəlman alimlərin elmə gətirdikləri yeniliklərdən istifadə edərək, yeni elmi-texniki tərəqqinin əsasını qoydular. Qərbin Biruniyə verdiyi böyük qiyməti keçən əsrin ikinci yarısında Aydakı kraterlərdən birinə onun adının verilməsi də sübut edir. Xatırladaq ki, Ay xəritəsində daha iki böyük türk-islam aliminin, Nəsirəddin Tusi və Uluq bəyin adlarına kraterlər var.
Biruninin müxtəlif elm sahələrinə aid yazdığı əsərlər ona böyük şöhrət gətirib. Buna da səbəb onun müxtəlif elm sahələrini olduqca dərindən bilməsi idi. Biruni hansı sahəyə üz tuturdusa orada hökmən bu gündə belə dünyamızı heyrətləndirəcək elmi kəşflər edirdi.

Məsələn, məşhur türk-islam aliminin yazdığı “Əl-Baqiyyə” əsərində təbii hadisələrin elmi izahı verilir və onların səbəbləri araşdırılırdı.
Bu əsərində Biruni ilk dəfə olaraq, suyun yuxarı fışqırdığı quyu və bulaqların meydana gəlmələrinin səbəbini elmi əsaslarla izah edib və bununla da bu təbii hadisənin arxasında olduqca dəqiq hesablanmış elmi səbəblər dayandığını bəyan edib. Alim xalq arasında geniş yayılan, guya hansısa ayda yerdəki bütün şor suların bir saat müddətinə şirinləşməsi ilə bağlı fikirlərin səhv olduğunu bəyan edib. Biruni xalq arasında yayılan bu inamı rədd edərək yazıb ki, belə bir şey mümkün deyil. Suyun xasiyyəti yalnız ya onun cərəyan etdiyi, ya da ki, toplaşdığı yerdən asılıdır. Birunidən yüz illər sonra Qərb alimləri bu hadisəni başa düşdülər və məsələ ilə bağlı məşhur türk-islam aliminə əsasən su quyuları və bulaqlar barədə elmi izahat verdilər. “Əl-Baqiyyə” əsərinin bir önəmli tərəfi də onda ərəb və yunan təqvimlərindən elmi şəkildə bəhs edilməsi və onların izahlarının verilməsidir. Bundan əlavə adıçəkilən əsərində Biruni qonşu xalqların adət-ənənələri, onların həyat tərzi, müxtəlif sivilizasiyaların elmi, siyasi, fəlsəfi inkişafı barədə analitik məlumatlar verib.
Biruninin Qəznəli sultanı Məsuda həsr etdiyi “Qanuni Məsudi” kitabında astronomiyanın tarixinə nəzər salınıb və bu sahədə vaxtı ilə çalışan alimlərin elmi fikirləri elmi şəkildə şərh edilib. “Qanuni-Məsudi” adlı kitabda Biruni yazır: “Hindistanda düz səhrada dağlara rast gəldim ki, onun düzlüyü dəniz səviyyəsinin düzlüyü ilə eyni idi. Üfüqün dairəsini ölçdüm.”
Bunun da nəticəsində məşhur türk-islam alimi Yerin Günəş ətrafında fırlanması qənaətinə gəlib. Bu baxımdan Yerin Günəşin ətrafında fırlanması haqda danışan Biruni Şərqin və dünyanın ilk alimi oldu. Həmin dövrdə Yerin Günəş ətrafında fırlanmasını söyləmək olduqca təhlükəli, nəinki dini, həm də elmi baxımdan qəbul edilməsi mümkün olmayan bir iş idi. Belə ki, Biruninin dövründə Yerin Günəş ətrafında fırlanması elmi baxımdan sübut edilməsi mümkün olmayan bir xülya hesab edilirdi. Buna baxmayaraq, məşhur alim Yerin Günəş ətrafında fırlanmasının elmi izahını verdi və bunu o dövr üçün əldə olan elmi-texniki imkanlarla sübut etməyə çalışdı. Yeri gəlmişkən, onu da deyək ki, Birunidən əsrlər sonra belə, Qərbdə Yerin Günəş ətrafında fırlanmasını qəbul edə bilmir, bununla bağlı deyilən fikirlərə qarşı çıxırdılar. Lakin məşhur alim Kopernik Biruninin elmi tədqiqatlarına əsaslanaraq Yerin Günəş ətrafında fırlanmasını elmi dəlillərlə irəli sürdü. O bu fikirlərini 1516-cı ildə qələmə aldığı “Kiçik mülahizələr” adlı əsərində elmi yollarla izah etdi.
Otuzillik gərgin əməkdən, uzun müşahidələrdən və çətin riyazi hesablamalardan sonra Kopernik sübut etdi ki, Yer bir planetdir və bütün planetlər Günəş ətrafında dövr edir.

Kopernik bildirirdi ki, Yer kürəsindəki müşahidəçi Yerin tərpənməz olduğunu, Günəşin isə onun ətrafında fırlandığını düşünür. Əslində isə Yer Günəş ətrafında fırlanır və bir il ərzində öz orbiti ətrafında tam dövrə vurur.
Digər məşhur alim Qaliley də Birunidən yüz illər sonra Yerin Günəş ətrafında fırlandığı qənaətinə gəldi.
Qaliley 1611-ci ildə Romaya getdi və oradakı Elmlər Akademiyasına üzv seçildi. Florensiyaya dönüşündə hidrostatika üzərinə bir çox professorun etirazına səbəb olan kitabı ilə 1613-cü ildə Günəş ləkələri barədə yazdığı əsərini nəşr etdirdi. Bu əsərində Qaliley Kopernik sistemini açıq bir şəkildə müdafiə etdi. Buna görə alim kilsə inkvizisiyasının ağır hücumuna məruz qaldı. 1615-ci ildə şəxsən Romaya gedərək öz iddiasını müdafiə etsə də, yalnız 1616-cı ildə Papa Beşinci Paul tərəfindən alimin kitablarının tədqiqi üçün bir komissiya yaradıldı. Bu komissiya Qalileyin kitablarını qadağan etmədi; alimdən yalnız dünyanın öz oxu ətrafında döndüyü iddiasından imtina etməsini istədi.

BİRUNİNİN DİGƏR KƏŞFLƏRİ
Məşhur alimin digər elmi tədqiqatı qiymətli daşlar və metalların xüsusi çəkiləri və yerdən çıxarma metodunun xasiyyəti barədədir. Biruni qiymətli daşlar və metalların xüsusi çəkilərini əldə etmək üçün son dərəcə ustalıqla düzəldilmiş aparatlardan istifadə edirdi. Bu aparatlarla bir cismin içərisinə atılması nəticəsində yerdəyişməyə uğrayan suyun həcmini ölçmək olar. Biruni bu üsulla on səkkiz qiymətli daş və metalın xüsusi çəkisini əldə etməyə müvəffəq oldu. Biruninin əldə etdiyi xüsusi çəkilər bu gün alimlərin əldə etdiklərinə son dərəcə yaxındır. Məsələn, Biruni qızılın xüsusi çəkisini on doqquz, lazur daşının çəkisini isə 3,91 müəyyən etmişdi. Bu maddələrin çəkilərini müvafiq olaraq, 19,3 və 3,91 müəyyən ediblər. Həmin dövrdə türk sultanlarının saraylarında belə, fars dili geniş işləndiyindən, fars dili həmin dövrdə ərəb dili ilə yanaşı elm dili olduğundan Biruni fars dilində “Əl-Təfhim” adında bir kitab yazıb. Bu kitabda o zaman ərəb dilində olan bütün astronomik terminlər üçün farsca ekvivalentlər verilib. Biruni bu kitabı yazmaqla fars dilində elmi termin və ifadələrin işlədilməsi üçün yol açdı. O, ərəb dilini bilməyən türklərin fars dilinə az çox bələd olduqlarını nəzərə alaraq, astronomiya elminin çətin mövzularını izah etməyə çalışdı.
Biruni ədəbiyyat və elmi tənqid sahəsində də ustad idi. O, iranlı alim və həkim-Məhəmməd ibn Zərkəriyya Razinin bəzi əsərlərini araşdıraraq, onları tənqidi baxımdan izah etdi. O, altı dastan yazıbdır ki, onlardan biri, “Vamiq və Ozra” adlı aşiqanə əfsanə olubdur. Hind və iranlı köklərə malik olan bu altı dastan bu gün əldə yoxdur.

HİNDİSTANDA ELMİ FƏALİYYƏTİ:
Biruninin elmi fəaliyyətində Hindistan səfəri və oradakı kitabxanalardakı qədim əsərlərlə tanışlığı da xüsusi yer tutur. O, Hindistan dilini öyrəndi və yerli alimlərlə görüşərək onların müxtəlif məsələlərə münasibətini öyrəndi. Biruni Hindistan səfəri ilə bağlı “Təhqiq Maəlləhənd” kitabını yazdı. O, bu kitabında Hindistanın ictimai durumu və adət-ənənələri, habelə fəlsəfə tarixi barədə olan qədim dövr haqqında geniş məlumat verib. Ona bu kitabı yazmaq olduqca çətin başa gəlib. Çünki məşhur türk-islam alimi sanskrit dilini öyrənməli, hindlilərin kitablarını toplamalı olub. Qeyd edək ki, o dövrdə hindli alimlər qəznəlilərə yaxın durmur, onlardan uzaq qaçırdılar. Buna səbəb isə qorxmaları idi. Halbuki qəznəli sultanlar elm adamlarına həmişə hörmət edir, onlara qayğı ilə yanaşırdılar.

Biruni də həmin alimləri çətinliklə axtarıb tapır, onlara Qəznəlilərdən heç bir təhlükə gəlmədiyini izah edir, onlarla xoş münasibətlər qururdu.
Biruni bu alimlərin köməkliyi ilə hindlilərin kitablarındakı bəzi yazıların dərkində, onun üçün yaranmış çətinlikləri aradan qaldırmaq istəyirdi. Biruni həmin kitabın yazılış üsulu barədə yazır: “Mən hindlilər haqqında böhtan və yalan olmayan kitabı yazdım. Onların əqidələri və sözlərini olduğu kimi qələmə aldım. Əgər bu sözlər müsəlmanların nəzərlərində xoşagəlməz olurdusa, onlara deyirdim ki, bu, onların əqidəsidir. Mən hindlilərin əqidələrini olduğu kimi bəyan etmək və onlardakı oxşarlıqları başqa xalqlara göstərmək istəyirəm”. Biruni “Təhqiq Maəlləhənd” kitabında istifadə etdiyi mənbə və kitabların adlarını çəkir və əsas mətnin bir hissəsini öz yazısında göstərir ki, oxucu onun sözlərinin düzgün olduğuna şübhə etməsin..
Biruni Hindistanda olduğu müddətdə riyaziyyat, fəlsəfə və tibb barədə olan bir neçə dəyərli kitabı sanskritdən ərəbcəyə tərcümə etdi. Məşhur türk-islam alimi olan Biruni Hindistanın müxtəlif məntəqələri və bəzi şəhərlərinin coğrafi uzunluğu və enini həndəsə və triqonometriyadan istifadə və özünün ixtira etdiyi üsulla ölçdü.

DÜNYANIN MƏŞHUR MÜSƏLMAN ALİMLƏRİ: “DƏNİZ ŞİRİ” LƏQƏBLİ COĞRAFİYAŞÜNAS ALİM ƏHMƏD İBN MƏCİD

22 Cümə Yan 2016

Posted by science1985 in İslamda elm və mədəniyyət

≈ Bir şərh yazın

İslam dünyasının coğrafiya elminin inkişafında böyük rol oynayan məşhur coğrafiyaşünas alimlərindən biri də Əhməd ibn Məciddir.

Məşhur coğrafiyaşünas, naviqator, kartoqraf və dəniz səyyahı Əhməd ibn Məcid 1421-ci ildə indiki Omanın Julfan şəhərində anadan olub.
Hazırda Birləşmiş Ərəb Əmirliklərinin 7 bölgəsindən biri olan Oman o dövrdə dənizçilik mərkəzlərindən biri kimi tanınırdı. Əhməd ibn Məcidin atası məşhur dəniz səyyahı idi və o, Avropa ilə Hindistan arasında üzən gəmilərdə bələdçi funksiyasını həyata keçirirdi. Gələcək məşhur dəniz səyyahının atası dənizçilik üzrə mahir bilicilərdən hesab edilirdi və o, dənizdə heç bir alət olmadan istiqaməti asanlıqla və olduqca dəqiqliklə müəyyən edə bilirdi. Belə bir ailədə böyüyən Əhməd qısa müddətdə atasının dənizçilik peşəsini dərindən mənimsədi və 17 yaşı olanda, o artıq atası kimi dənizdə istiqaməti asanlıqla müəyyən edə bilirdi. Qısa müddətdə atasından daha zəngin bilik əldə edən Əhməd ibn Məcid bütün bölgədə məşhurlaşdı. Ona Hindistana, Çinə, İndoneziyaya və Uzaq Şərqə üzən gəmilərə bələdçilik etmək tapşırılırdı və o bu işin öhdəsindən asanlıqla gəlir, gəmiləri sağ-salamat mənzilbaşına çatdırırdı. Eyni zamanda dənizçilik elmini də dərindən öyrənən məşhur coğrafiyaşünas alim bu sahə üzrə çoxsaylı elmi kitablar yazdı.

Tam adı Əhməd ibn Məcid ibn Muhammed ibn Amr, ləqəbi Şihabuddin olan gələcəyin məşhur dəniz səyyahı və alimi uşaq yaşlarından atasından və babasından dini və riyazi, coğrafi elmləri öyrəndi. Kiçik yaşlarından atası ilə bir yerdə dənizçilər arasında olan Əhməd ibn Məcid onlardan bu sahənin dərindən öyrəndi. Eyni zamanda atasının tövsiyəsi ilə o dövrdə dənizçi lik sahəsində çoxsaylı alimlərin əsərlərini öyrənən Əhməd ibn Məcid praktikada əldə etdiyi nəzəri biliklərini bir araya gətirərək biliklərini daha da zənginləşdirdi.

VASKO DA QAMAYA BƏLƏDÇİLİK ETDİ:
Əhməd ibn Məcidin ən böyük uğurlarından biri də məşhur dəniz səyyahı, Hindistana dənizdən yol axtaran Vasko da Qamanın gəmilərinə bələdçilik edərək, onları sağ-salamat mənzilbaşına çatdırması oldu. Əhməd ibn Məcid dənizçilik elmi, gəmilərin hərəkəti, onların dəniz marşrutları, Hindistan və Şərqi Avropa sahillərinə çatması yolları barədə bu gün belə əhəmiyyətini itirməyən əsərlər yazıb. Onun yazdığı və dənizçiliyə həsr edilən elmi əsərləri arasında okeanoqrafiyaya həsr edilən məşhur gəmilərin hərəkət və onların idarəedilmə prinsipləri (Fava’dh fi-usl İlm əl -Bahrva-əl-Qavaidah) kitabı var. Bu kitab təxminən 300 il ərzində Avropa coğrafiyaşünasları üçün dərslik rolunu oynadı. Bundan əlavə, məşhur dəniz səyyahı “Kitab-əl Favaid” (Dənizçilik fondu və gəmiçilik) adlı məşhur elmi əsərini yazıb. Bu əsərdə dənizçilik elmi, onun inkişaf etdirilməsi, dənizdə istiqamətlərin müəyyən olunması, naviqasiyanın əsas prinsipləri, dəniz sahilləri arasındakı fərqlər, Şərqi Afrika və İndoneziyanın dəniz limanları, ulduzların vəziyyətinə görə istiqamətin müəyyən edilməsi, mussonların, mövsümü, küləklərin başlama vaxtı, dənizdəki təhlükəli yerlər və onlardan qorunma yolları barədə ensiklopedik məlumatlar verilib. Ən önəmlisi məşhur coğrafiyaşünas alim və dəniz səyyahı əsərlərində özündən əvvəlki alimlərin bu sahədə yazdıqlarına istinad edərək, onlar barədə də geniş məlumat verməsidir. Qeyd edək ki, Vasko da Qamaya Əhməd ibn Məcidin kömək etməsi və onun gəmilərini sağ-salamat Hindistana çatdırması alimin şöhrətini daha da artırdı. Bu barədə məşhur alimin qeyd kitabında məlumat var. Amma bunu şübhə altına alanlar da var. Belə bir fikir vurğulanır ki, Vasko da Qamanın gəmiçilik jurnalında Əhməd ibn Məcidin onlara bələdçilik etməsi barədə heç nə yazılmayıb. Ancaq bu da təbiidir. O dövrdə gəmi jurnalında əsasən gəmi heyəti, dənizdə istiqamət, gedəcəkləri, olduqları yerlər, dənizdə baş verən hansısa hadisələr barədə məlumat verilirdi. Vasko da Qamanın bələdçi barədə jurnalda bəhs etməməsi də bu səbəbdən ola bilər. Ancaq araşdırmaçıların böyük əksəriyyəti Əhməd ibn Məcidin Vasko da Qamanın gəmilərinə bələdçilik edərək, onları Hindistana aparması və sonra da geriyə Ras əl-Haym limanına qaytarmasının həqiqət olduğunu qeyd edirlər. Əhməd ibn Məcidin Vasko da Qamaya bələdçilik etməsi barədə ilk dəfə onun ölümündən 50 il sonra Osmanlı tarixçisi Qütb əl-Dinin kitabında qeyd edilib.

DƏNİZÇİLİYƏ AİD 40-DAN ARTIQ ƏSƏR YAZIB:
Yenə də qeyd edək ki, həmin dövrdə ərəblər məşhur dəniz biliciləri hesab edilirdilər və Qərb dünyası 300 ilə yaxın bir müddətdə məhz ərəb dənizçilərinin kartoqraflarının, coğrafiyaşünaslarının, o cümlədən Əhməd ibn Məcidin bu sahəyə aid yazdığı əsərlərdən onu öyrəndilər. Bu müstəvidə də Əhməd ibn Məcidin yazdığı “Kitab əl Favaid usul ilm əl Bəhr VA-l-Qavaid” əsəri qeyd etdiyimiz kimi, elm və texnikanın inkişaf etdiyi indiki dövrdə belə əvəzedilməz bilik mənbəyi rolunu oynayır. Məşhur alimin dənizçiliklə bağlı yazdığı məşhur iki kitabın əlyazması hazırda Parisdəki Milli Kitabxanada qorunub saxlanılır.

Əhməd ibn Məcid bəzi dəniz cismlərinin, o cümlədən və balıqların yaydığı fosfor işıqları vasitəsilə istiqaməti müəyyən etməyi öyrənib və bu barədə əsərlərində geniş məlumat verib. O astronomik hesablamalar yolu ilə ulduzların məsafələrinin təyin edilməsində rolu ola bildiyini müəyyən etdi. Astronomik hesablamalarda üsturlab alətindən mükəmməl bir şəkildə istifadə etdi. Pusula sıradan çıxdığı zaman müxtəlif yollarla istiqamətin müəyyən edilməsi ilə bağlı xüsusi araşdırmalarla vəziyyətdən çıxış yollarını, hədəfin dəqiq tapılmasını müəyyən etdi. Pusulanın tam dəqiq işləməsi üçün metodlar tapdı və bunu gəmilərdə tətbiq etdi. O, əsərlərində özündən əvvəl gələn bütün dəniz səyyahlarının və coğrafiyaşünaslarının elmi əsərlərini oxuyaraq onları daha da təkmilləşdirdi, onlara özünün əldə etdiyi bilikləri əlavə etdi. Əhməd ibn Məcid nəzəri biliklərdən daha çox, praktikada əldə etdiyi təcrübəyə böyük əhəmiyyət verdiyindən yunan dənizçilərinin və bu sahə ilə məşğul olan alimlərin əsərlərinə etibar etməyərək özünün müşahidələri və təcrübəsi sahəsində əldə etdiyi bilikləri əsasında dənizçiliklə bağlı mükəmməl əsərlər yazdı. Bu baxımdan onun dənizçiliklə bağlı yazdığı əsərlər daha mükəmməl idi və elmi-paktik cəhətdən əvəzedilməz dərsliklər hesab edilirdi. Əsərlərində Əhməd ibn Məcid Hindistan, İndoneziya Qırmızı dəniz, Ağdəniz sahilləri və buradakı limanlarla bağlı maraqlı məlumatlar verib, oraları tarixi baxımdan indi də əvəzsiz mənbə hesab ediləcək dərəcədə geniş şəkildə təsvir edib, orada yaşayan insanlar, məşğuliyyətləri, günlük həyat tərzləri, limanların imkanları, dənizçiliyin həmin bölgələrdə hansı səviyyələrdə inkişaf etdiyi barədə qiymətli məlumatlar verib.

Əhməd ibn Məcidin ən önəmli əsərlərindən biri hesab edilən “Kitab-ül-Fevaid” girişdən və on iki bölümdən ibarətdir. Alim bu əsərində gəmiçilik, dənizçilik, gəmiçilikdə istifadə edilən alətlər, dənizdə ulduzlar vasitəsilə istiqamətin təyin edilməsi, dənizlərdə musson və küləklər dövrü, günəş və ay tutulmaları və onların hesablanması yolları barədə məlumat verib. Dənizçiliklə bağlı hər bir dənizçinin öyrənməsi lazım olan əsərlərin adları barədə də o bu kitabında ətraflı məlumat verib. Gəmilərdə kapitan otağı və pusulanın önəmi, gəmilərin necə inşa edilməsi, onun hansı texniki vasitələrlə təchiz edilməsi, gəmilərin texniki heyətinin uzaq səfərlərə necə hazırlaşdırılması barədə kitabda qiymətli məlumatlar var. Ərəbistan yarımadası, Qırmızı dəniz, Hind okeanı, Bəhreyn, Madaqaskar, Cava, Sumatra, Seylon və Zəngibar adaları və onların çoğrafiyası, sahilləri iqlimləri barədə də əsərdə geniş məlumatlar əksini tapıb. 11 bölmədən ibarət “Haviyet-ül-İhtisar” əsərində isə alim gəmilərin yaxınlaşa biləcəyi dəniz sahillərindəki işarələr, əlamətlər, günlər, həftələr, aylar hesablanıb. Müxtəlif dəniz yollarını hesablayaraq limanlar arasındakı məsafəni olduqca dəqiq müəyyən edib.
Ümumiyyətlə, Əhməd ibn Məcid dənizçiliyə aid 40-a yaxın əsərin müəllifidir. Hələ sağlığında ikən “Dəniz şiri” adı ilə müasirləri arasında tanınan bu böyük insan 1501-ci ildə Haqqın rəhmətinə qovuşub.

İSLAM MƏDƏNİYYƏTİNİN AVROPAYA TƏSİRİ

13 Bazar Dek 2015

Posted by science1985 in İslamda elm və mədəniyyət

≈ Bir şərh yazın

  
Tarixən dünyada istənilən sosial mühit yeni fikrin-ideologiyanın formalaşma prosesində qarşılıqlı təsirini göstərir. Müxtəlif tarixi şəraitdə cəmiyyət faydalı düşüncə sistemini mənimsəyir. Bir-birini əvəz edən müxtəlif düşüncələr mədəniyyətə də təsirini göstərir.
İlk əvvəl onu qeyd etmək lazımdır ki, miladi 313-cü ildə rəqiblərini məğlub edərək Romaya daxil olan imperator Konstantin, Xristianlıq haqqındakı məşhur bəyannaməsindən sonra imperatorluğun mərkəzini Bizansa (İstanbula) nəql etdi. IV əsrin sonlarında bu imperatorluq Şərqi və Qərbi olaraq iki yerə bölündü. 470-ci ildə Qərbi Roma çökdü. Təbii olaraq mədəniyyət naminə nəyi varsa Xristianlığın təəssüb altında məhv oldu.

Avropanın mədəniyyət beşiyi olaraq baxdığı Afinada isə, mövcud qalmış fikir qırıntıları da, Bizans imperatoru Yustinin Afina fəlsəfə məktəbini bağlaması ilə aradan qaldırdılar.

Bu vəziyyətdə Avropanın mədəniyyət cəhətdən əhatə dairəsi daha da daraldı. Şərqdə isə doğan İslam Mədəniyyəti hər tərəfə işığını saçmağa, bu cəhətdən diriliş sərgiləyən fəaliyyəti ilə diqqət cəlb edirdi. Avropanın zülmündən, Xristianlığın təsirindən yıxılan Yunan və Latın mədəniyyətinin fikir mənbəyini təşkil edən əsərlər İslam diyarına sığınmağa məcbur qaldı. Bu mövcud vəziyyəti ifadə edən Sismondinin şəhadətinə müraciət yerində qalacaqdır.

”Abbasi hökmdarlarından xəlifə Məmun (813-888) Bağdadı ədəbiyyatın mərkəzi halına gətirdi. Onun üçün araşdırmalar, bilgilər, kitablar yeganə məşğuliyyətini təşkil edirdi. Vəzirləri sadəcə ədəbiyyatın inkişafı ilə məşğul idilər. Sanki xəlifəlik taxtı sadəcə ilham pəriləri üçün qurulmuşdu. Dünyanın hər tərəfindəki bütün alimləri sarayına dəvət edər, onları qaranlıqlardan aydınlığa çıxarar, hədiyyələr və hər cür fəxri mükafatları ilə sarayında saxlayardı. Hökmü altında olan əyalətlərdən-Suriyadan, Misirdən və s. tapa bildikləri ən qiymətli kitabları gətirdirdi. Bunlar hökmdarların istədiyi ən qiymətli hədiyyələrdir. Bütün əyalət rəhbərləri, idarənin bütün məmurları fəthedilmiş ölkələrdə hər şeydən əvvəl ədəbiyyata aid zənginliklərə əl qoyur və bunları təqdim edərlərdi. Sadəcə kağızlar və kitablarla yüzlərlə yüklü dəvə Bağdada gəlir, xalqın biliyini, dünyagörüşünü artıracaq əsərlər ərəb dilinə tərcümə edilirdi. Xəlifə Məmunun sarayı ustadlar, peşəkar məmurlar, tərcüməçilər və təfsirçilər arasında hərbçi bir imperatorluğun sarayından daha çox akademiyaya bənzəyirdi”.

Bu xəlifə, qalib olaraq yunan imperatoru Mişelə sülh şərtlərini diqtə edərkən hərb təzminatı olaraq kitab kolleksiyası istəmişdi. Bağdad, xəlifələrin olduğu kimi kitabların da paytaxtı sayılırdı. Bu sahədə Kufə və Bəsrə Bağdaddan geridə qalmırdı. Şeirdə və nəsrdə çoxlu əsərlər verirdi. Bəlx, İsfəhan və Səmərqənd böyük elm mərkəzləri idi. Bu maraq dairəsi əhatə dairəsini genişləndirərək, ərəblər tərəfindən Asiya sərhəddindən çox uzaqlara aparılmışdı. Tudelili yəhudi Benjamin, “İtineraire” adlı kitabında İsgəndəriyyədə iyirmi fəlsəfə məktəbinə rast gəldiyini yazıb.

Qahirədə də çox böyük məktəblər olub. Bu şəhərin böyük küçələrindən biri olan Betzulia üzərindəki məktəb, o qədər əzəmətli, möhkəm tikilmişdi ki, üsyan olduqda bir ordunun qalası kimi istifadə oluna bilirdi. Məğribdə, Mərakeşdə çox gözəl məktəblər var idi. Mərakeşdə və Larasdakı zəngin kitabxanalar, dünyanın hər tərəfindən itmiş olan bir çox qiymətli kitabları Avropa hesabına hədər olmaqdan qurtardılar.

Bu mövzuda Sedillotun fikirləri maraqlıdı: “Bağdad məktəbi, yeni dövrlərdə İskəndəriyyə yunan məktəbi arasındakı boşluğu dolduran, Avropanı oyandırmaqla kifayətlənməyib, eyni zamanda bütün Asiyanı aydınlatdı. İslam elmi 1016-cı illərdə Qəznəvi Mahmudun hökmdarlığı zamanında və Əl Biruni vasitəsilə Hindistana, 1076-cı ildə Ömər Xəyyam vasitəsilə Səlcuqlara, 1260-cı ildə Marağa rəsadxanasının qurucusu olan Nəsirəddin Tusi ilə monqollara, 1337-ci ildə Osmanlılara, 1280-ci illər ərəfəsində yuen sülaləsi hökmdarlarından Kubilay xan dövründə co-çeo-king vasitəsilə Çinə nüfuz etdi. 1437-ci ildə Uluğ bəy, Səmərqənddə Kubilay adına böyük və əbədi bir abidə yüksəltdi”.

Müsəlman alimlər Yunan ədəbiyyat və fəlsəfəsini tədqiq edərək daha da irəli gedərək və bu gün Aropadakı mədəniyyətin təməllərini atmışdılar. Kar da Vo deyir ki: “ İslam fəlsəfəsi qısa müddət ərzində yəhudi və Xristiyan məktəblərini keçdi və İslam fəlsəfəsi insan fikrini Qərbdə tam dörd əsir öz təsirini göstərdi”.

Von Aster, Qərb fəlsəfəsini iki qismə ayırır. VI əsrdən XII əsrə qədər davam edən I sxolastik əsas etibarilə teologiyadan (ilahiyyat) ibarətdir. Daha doğrusu bu, Xristiyan əqidəsini daha da inkişaf etdirə bilən teologiyadır. Məşhur prinsip: “Əvvəla inanıram və inandığımın doğruluğunu ondan sonra müdrikliyimlə idrak edirəm”.

XII əsrdən XVI əsrə qədər davam edən II qərb sxolastikası Avropanın birinci renasansı da deyə bilərik. Avropa, XVI əsrdə böyük renesansa girmədən əvvəl bu birinci renasansın dörd əsr içində İslam-Türk elm və fəlsəfəsinin təcrübəsini keçirdi. O uzun təcrübə olmasaydı XVI əsrdə başlayan o renasansa girə bilməzdi.

Ancaq İslam-Türk mədəniyyətinin Avropay təsiri, sadəcə Avropanın dörd əsrlik II sxolastikasını hazırlamaqdan ibarət qalmır. O təsir illərdir ki, öz təsirini saxlayır. Bunu qərb alimləri özləri söyləyir: “Ortaçağ təfəkkür aləminin yeni dövrə qədər təsir etdiyini və izlər qoyduğunu, Deskartesin, Spinozanın əvvəlcə zənn edildiyindən daha çox bir miqyasda Orta Çağ təsiri altında olduqlarını, Bakonun təbiət araşdırmasına təməl olaraq təcrübəni göstərdiyi bir çox fəlsəfələrə dayandığını artıq yaxşı bilirik”.

Qərbin islam mədəniyyətindən istifadələri əməli və fikri olaraq iki hissəyə ayırmaq olar. Əməli istifadələrə ən geniş imkan sahələrini Xaçlı Səfərləri açdı. Bu səfərlərdə Qərb Şərqi qəbul etmədi. Xaçlılar Şərqdə milyonlarla itki verdi, ancaq 2 əsrə yaxın davam edən bu səkkiz xaçlı müharibəsi ibtidai qərbin yüksək şərqi tanımasına səbəb oldu. Elə bu tanışlıq Qərbin idrakını açdı. Qərbilər külək dəyirmanını bu sayədə öyrəndilər. Su kanalları ilə əkin işlərini də bu səfərlərdə gördülər. Hərbiyə aid bir çox kəşfin sirrini də bu səfərlə əldə etdilər. Müsəlman rəqəmi “chiffre Arab” deyə qərbə bu səfərlər vasitəsilə keçdi. Hətta geyim, məişətdə davranış, təmizlik mədəniyyətini də mənimsədilər.

Ərəblər, Səmərqənd istilalarında Türklərin kağız fabriklərini gördülər. Abbasilər dövründə müxtəlif yerlərdə, Türk sistemi fabriklər açdılar. Avropalılar kağızı Şamda gördükləri üçün onunadına “Karta Damasana” dedilər.
Xaçlı səfərlərinin, Avropa üçün əməli sahədə, iki böyük nəticəsi meydana gəldi. Qərb orta çağına, maddi qüvvətlər şövalyalerin, mənəvi qüvvət də Papanın əlində idi. Krallar, bu iki qüvvəyə qarşı təsirsiz vəziyyətdə idi. Bu səbəblə qərbdə tam mənası ilə dövlət yox idi. Avropa, Şərqdə dövlət gördü və Xaçlı Səfərləri, onları dövlətdən məhrum edən o iki qüvvəti sarsıdaraq krallara meydan verdi.

DÜNYANIN MƏŞHUR MÜSƏLMAN ALİMLƏRİ: BOTANİK VƏ ƏCZAÇI İBN ƏL-BAYTAR

13 Bazar Dek 2015

Posted by science1985 in İslamda elm və mədəniyyət

≈ Bir şərh yazın

  
Orta əsrlər İslam dünyasının ən böyük alimlərindən biri də İspaniyada anadan olan məşhur botanik alim Əbu Abudullah Məhmməd ibn Əhməd ibn əl-Baytar Diya əl-Din əl Malakidir.

Qısa adla məşhur müsəlman alimləri arasında İbn əl Baytar adı ilə tanınan bu böyük alim 12-ci əsrin sonunda İspaniyanın Malaqa (Malaka) şəhərində anadan olub. O dövrünün məşhur botanik alimi Əbu əl Abbas əl Nabatinin yanında dərs almış, onun tövsiyəsi ilə Əndəluziyada (Əndəlus) bitkiləri toplamağa və öyrənməyə başlamışdı. 1219-cu ildə İbn əl-Baytar İspaniyanı tərk edərək Şimali Afrikanın sahilləri boyunca Kiçik Asiyaya səyahətə çıxdı. Məqsədi bu ərazi boyunca bitki aləmini öyrənmək və onları tədqiq etmək idi. Səyahəti ərzində İbn əl-Baytar Buqiyaya, İstanbula, Tunisə, Tripoliyə, Barkaya və Adlayuya getdi. 1224-cü ildə İbn əl-Baytar Misir qubernatoru əl-Kamilin yanında xidmətə başladı. O əl-Kamilin əmri ilə ölkənin baş botanik-əczaçısı təyin edildi. 1227-ci ildə əl-Kamil İbn-əl-Baytarın müşayiəti ilə Dəməşqə gəldi. Bu səfər İbn əl-Baytara Suriyadakı bitkilərlə tanış olmağa və onları tədqiq etməyə imkan verdi. Beləliklə İbn əl-Baytar öz kolleksiyasını daha da zənginləşdirərək onların xüsusiyyətlərini öyrənmək imkanı əldə etdi. O dövrdə İbn əl-Baytarın ən böyük xidmətlərindən biri də bu kolleksiyaları dərindən tədqiq edərək onlardan tibbi məqsədlər üçün istifadə etməsi oldu. İbn əl-Baytar bitkilər aləmini tədqiq edərək “Kitab əl-Cami fi al-Adviya-əl-mufrad” elmi əsərini yazdı. Ərəb dilində yazılan bu kitabda həmin dövrə aid edilən dərman bitkilərinin adları və onlardan istifadə qaydaları əksini tapıb. İbn əl-Baytarın bu elmi əsəri indinin özündə belə botanika və tibb alimləri tərəfindən yüksək qiymətləndirilir. “Kitab əl-Cami fi al-Adviya-əl-mufrad” əsərində 1400 dərman əhəmiyyətli bitkinin adı, o cümlədən əvvəllər məlum olmayan 200-dən çox bitki növü var. “Kitab əl-Cami fi al-Adviya-əl-mufrad” əsərində əslən ərəb əsilli olan 150 müəllifin, o cümlədən 20 məşhur yunan aliminin botanika sahəsində yazdığı elmi tədqiqat kitabından istifadə edilib. İbn-əl Baytarın “Kitab əl-Cami fi al-Adviya-əl-mufrad” əsəri Avropa alimlərinin də xüsusi diqqət mərkəzində olmuş, onlar uzun əsrlər bu kitabdan bəhrələnmiş, onun əsasında yeni tədqiqat işləri aparmışlar. “Kitab əl-Cami fi al-Adviya-əl-mufrad” əsəri 1758-ci ildə latın dilinə tərcümə edilərək çap edilib.

İbn əl-Baytarın ikinci böyük elmi əsəri “Kitab əl-Mluqni fi əl-Adviyya əl-Muftada”dır. Bu əsər orta əsrlərin tibb elmini öyrənmək üçün ən qiymətli monumental ensiklopediya hesab edilir. Bu əsərdə müxtəlif dərmanlar və onların müalicə xüsusiyyətləri barədə ətraflı məlumat verilib. “Kitab əl-Mluqni fi əl-Adviyya əl- Muftada”da müxtəlif xəstəliklərin, o cümlədən baş, qulaq ağrılarının, göz xəstəliklərinin təbiəti və onların təbii yollarla müalicə üsulları barədə geniş elmi məlumat verilib. İbn-əl Baytarın ən böyük xidmətlərindən biri də topladığı dərman bitkilərinin latın və yunan dilində adlarını verməsi ilə bağlıdır. Bu da həmin bitkilərin günümüzdə müəyyən edilərək tibbdə istifadə edilməsində önəmli rol oynamaqdadır. İbn əl-Baytarın botanika sahəsində əldə etdiyi böyük uğurlar və bununla bağlı yazdığı əsərlər orta əsrlərdə İspaniyadan başlamış Afrikanın şimalı və Kiçik Asiya da daxil olmaqla böyük bir ərazinin bitki aləmi haqqında geniş məlumat almağa, onlardan xəstəliklərin necə müalicə edilməsini öyrənməyə və bunun əsasında ciddi elmi nəticələr çıxarmağa imkan verir.

49.267288 2.453223

DÜNYANIN MƏŞHUR MÜSƏLMAN ALİMLƏRİ: KİMYA ELMİNİN BANİSİ CABİR İBN HƏYYAN

13 Bazar Dek 2015

Posted by science1985 in İslamda elm və mədəniyyət

≈ Bir şərh yazın

  
İlkin orta əsrlərdə İslam dünyasında yetişən və istər Şərqdə, istərsə də Qərbdə kimya elminin atası adı ilə çağırılan məşhur müsəlman alimlər dən biri də Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufidir. O, elm aləmində Cabir ibn Həyyan adı ilə tanınır. 

Cabir ibn Həyyanın nə qədər böyük bir kimyaçı alim olduğunu onun hələ 1200 il bundan əvvəl atomun parçalanma xüsusiyyətinə malik olduğunu və parçalanarkən çox böyük enerjinin yarana biləcəyini söyləməsi də bir daha sübut edir. O bununla bağlı yazırdı: “Maddənin ən kiçik hissəsi olan “cüz-əl-yətəcəz za”da (atom) çox böyük enerji var. Yunan alimlərin iddia etdiyi kimi, bunun parçalanma xüsusiyyətinin olmadığını deyə bilmərik, o da parçalana bilər. Parçalandıqda da elə bir güc (enerji) meydana gələr ki, Bağdadın altını üstünə çevirə bilər. Bu, Allahu-Təalanın qüdrət nişanıdır”.

Onun bu dedikləri isə əslində məşhur kimyaçı alim tərəfindən məhz atom bombasının yaradılması kimi də qəbul edilə bilər. Bundan əlavə, məşhur kimyaçı alimin atomun parçalanmasını uzaqgörənliklə söyləməsi və ondan dünyanın irəliyə aparan elmi kəşflər üçün istifadə ediləcəyini vurğulaması o dövrdə İslam dünyasında elmin ən yüksək səviyyədə inkişafının parlaq nümunəsi hesab edilə bilər.

Halbuki atomun parçalanmasını Qərb dünyasi alimləri yüz illər sonra anlaya bildilər və təbii ki, bu işdə məhz Cabir ibn Həyyan onlar üçün müəllim rolunu oynadı.

İbn Həyyan ilk dəfə kimyada (əlkimyada) eksperimental metodları tətbiq etmiş və müasir kimya elmində indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi proseslərı kəşf etmişdir. Bunlardan xlorid və nitrat turşularının sintezini, kimyəvi məhlulların distillə edilməsi və kristallizasiya kimi kimyəvi prosesləri misal göstərmək olar.

Cabir ibn Həyyan digər elmləri də çox yaxşı bilirdi və özünü həmin sahələrdə, o cümlədən fəlsəfədə, astronomiyada, riyaziyyatda da məşhur alim kimi sübuta yetirə bilib. Ona görə də filosoflar tərəfindən filosof, kimyaçılar tərəfindən kimyagər, təsəvvüf düşüncəsindəki kəslər tərəfindən sufi, elmlə məşğul olanlar tərəfindən alim olaraq cağırılıb. Orta əsr bəşər elminin ən böyük alimlərindən hesab edilən məşhur müsəlman alim İbn Haldin kimyaçıların kimya elminə “Elmi Cabir” dediklərini xüsusi vurğulayıb və İslam aləminin onunla fəxr etdiyini, qürur duyduğunu yazıb.

Orta əsrlər Avropasında Geber adı ilə tanınan bu məşhur kimyaçı alim, həqiqətən də, islam dünyasının bəşəriyyətin elm, mədəniyyət xəzinəsinə bəxş etdiyi ən böyük alimlərdən biridir və o bu baxımdan əbədiyyətə qədər elm dünyasının günəşi olaraq qalmaqda davam edəcək.

EMİN ZİRVƏSİNƏ GEDƏN YOL:

Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufinin həyatı haqqında məlumat olduqca azdır. Onun təxminən eramızın 721-ci ilində Tus şəhərində anadan olduğu ehtimal edilir. Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufinin Harran, Tus, Xorasan və ya Kufədə doğulduğu da deyilir. Gələcəyin məşhur kimyaçı aliminin atası əslən Yəməndən idi. Cabir ibn Həyyanın atası Həyyan əd-Əzdi əczaçı idi və onun kimya elmindən xəbəri vardı. Həyyan əd-Əzdinin dərman hazırlayarkən kimyəvi vasitələrdən istifadə etməsi balaca Cabiri də çox maraqlandırmışdı. Onda kimya elminə həvəsi də məhz atası oyatmışdı. Digər tərəfdən də, o dövrdə Cabirin bəxti gətirmiş, o, məşhur alimlərin yanında dərs almışdı.Yeri gəlmişkən qeyd edək ki, ilkin orta əsrlərdə İslam aləmində elmin sürətli inkişaf etməsi cəmiyyətin bütün təbəqələrinə sirayət etmiş, bu da öz növbəsində əhali arasında övladlarının təhsil almasına böyük həvəs oyatmışdı. Təsadüfi deyil ki, o dövrlərdəki kiçik mədrəsələr və ya dərsxanalar elm öyrənmək istəyən uşaqlarla dolu idi. Bu mədrəsə və dərsxanalarda o dövrün savadlı alimləri hesab edilən müəllimlər dərs deyirdilər. Bu baxımdan Cabir ibn Həyyanın bəxtinə dərsxanada İmam Cəfəri Sadiq (as) həzrətləri kimi bir müəllim düşdü. İmam Cəfəri Sadiq (as) həzrətləri balaca Cabirin elmə olan böyük həvəsini görüb, ona yalnız müəllimlik deyil, sözün əsl mənasında, atalıq elədi və elmin qapılarını onun üzünə taybatay açdı.

Cabir ibn Həyyan, kimya, astronomiya, riyaziyyat elmlərini məhz İmam Cəfəri Sadiq (as) həzrətlərinin dərslərində öyrəndi. Məhz İmam Cəfəri Sadiq (as) həzrətlərinin sayəsində Cabir ibn Həyyan elmlərin sirlərinə daha dərindən yiyələnərək məşhur alim kimi yetişdi. Deyilənə görə, İmam Cəfəri Sadiq (as) həzrətləri Cabir ibn Həyyan haqqında: “O elmin bütün qapılarına açar tapacaq və uca Allahın yardımı sayəsində elm xəzinəsinə gedən yolu tapacaq və adını elm sahəsinə əbədi olaraq yazdıracaq. O, gələcəyin böyük alimi olacaq və mən onun öyrənmək həvəsinə aşiqəm”,-demişdi.

Həqiqətən də, İmam Cəfəri Sadiq (as) həzrətlərinin şagirdi onun adını, şərəfini ucaldan, ona layiq olan əsl elm fədaisi kimi yetişdi. Cabir ibn Həyyan sonralar dönə-dönə elmin zirvəsinə gedən yolun qapılarını üzünə açdığına görə İmam Cəfəri Sadiq (as) həzrətlərinin qarşısında baş əydiyini söyləmişdi. O demişdi ki, İmam Cəfəri Sadiq (as) həzrətlərinin şagirdi olmasaydım, onun yanında dərs almasaydım, mən alim ola bilməzdim.

Bir sözlə, Cabir ibn Həyyanın bir alim kimi formalaşmasında müəllimi Cəfər əl-Sadiqin misilsiz rolu olmuşdur. Onda kimyaya olan sonsuz marağı başlıca olaraq, məhz Cəfər əs-Sadiq oyatmışdır.

ELMİ YARADICILIĞI:

Cabir ibn Həyyanın yaradıcılığında qeyd etdiyimiz kimi, kimya elmi xüsusi rol oynayıb və o bu sahəyə aid çoxlu sayda araşdırma əsərləri yazıb. Maddələrin altuna çevrilməsi üçün metodlar inkişaf etdirməyi hədəfləyən kimya elminin ustadı olan Cabir ibn Həyyan inkişaf etdirdiyi element anlayışı, tarazlıq nəzəriyyəsi yanaşması, icad etdiyi alət və qurğularla kimyanın inkişafına misilsiz töhfə verib.

Cabir ibn Həyyan fizika-kimya, riyaziyyat, astronomiya, fəlsəfə və dinlər tarixi kimi çox sahələrdə yüzlərlə əsər qələmə almışdır.

Cabir ibn Həyyanın kitabları qərbli elm adamları tərəfindən tərcümə edilmiş və mənimsənilmişdir. Onun kimya ilə əlaqədar olan əsərləri stolüstü kitab olaraq istifadə edilmişdir. Kitabu’s-Seb’un (Yetmiş Kitab) adlı əsəri Book of Seventy adı ilə ingiliscəyə çevrilmişdir. Cabirin əsərlərinin böyük bir qismi itmişdir. Bunlardan 27 dənəsi latınca və almanca olaraq Nürnberq, Frankfurt və Strazburqda 1473-1710 illəri arasında basılmışdır.

Cabir ibn Həyyan, təbiətdəki maddələrin saf olmadığını ifadə etmiş və bunları saflaşdıraraq saf elementlər əldə etməyə çalışmışdır. Onun ilk dəfə əldə etdiyi bir çox kimyəvi mürəkkəb və maddə vardır. Bunlardan bəziləri saf kükürd duzları, naşatır (NH4OH), cəhənnəm daşı (AgNO3), kezzap (nitrat turşusu, HNO3), saç yağı (sulfat turşu, H2SO4), güherçile (hind) (KNO3), sirkə turşusunu (CH3COOH), süblime (HgCl2), sülügen (civə oksid), arsenik oksid, zəy və xlorid turşusudur (HCl).

Qərbli bəzi elm adamları optik və lupalar qanununun kəşfini də Cabir ibn Həyyana aid edirlər.

Onun əsərlərinin orijinalı olduqca mürəkkəb və anlaşılmaz qaydada yazılmışdır və çox ehtimal ki, şifrələnmişdir. Bu şifrələri açmaq isə müasir günümüzə qədər mümkün olmamışdır. İlk baxışdan İbn Həyyanın əsərləri kimyəvi maddələrin ərəbcə adlarından ibarət düşünülmüş, mürəkkəb kimyəvi numeraloji sistemə əsaslanır.

Bundan əlavə, ibn Həyyan təkvin-laboratoriya şəraitində canlıların süni yolla yaradılması kimi yüksək, mütərəqqi, o dövr üçün ağlasığmaz ideyanı da irəli sürmüş və üzərində çalışmışdır.

49.267245 2.453268

Elmi ilə əsrlərə işıq saçan alim – Əbdürrəhman əl-Həzini

18 Çərşənbə axşamı Avq 2015

Posted by science1985 in İslamda elm və mədəniyyət

≈ Bir şərh yazın

5605

XI əsrin axırlarında Türkistanın Mərv şəhərindən dünyaya gələn Əbdürrəhman əl-Mənsur daha çox əl-Həzini adı ilə tanınmışdır. Ömrünün əksər hissəsini Xorasanda keçirən Həzini XII əsrin ortalarında vəfat etmişdir. Oxuyub-öyrənməyə qarşı olan marağı tələbəliyinin ilk illərindən onu başqalarından fərqləndirirdi. Səlcuq hökmdarı Sultan Səncərin hakimiyyəti illərində elmin mərkəzi sayılan Mərvdə yaşayan Həzini, başda fizika olmaqla astronomiya və riyaziyyatla əlaqəli bir çox əsərlər oxumuş, bu sahədəki biliklərini daha da artırmışdır. Xüsusən də yerin cazibə qüvvəsi, tarazlıq və bir çox sahələrdə dövrünün alimlərindən olmuşdur.

Elmi şəxsiyyəti

Əl-Həzini müşahidə və təcrübələrə böyük əhəmiyyət vermişdir. Elmi araşdırmaları zamanı özündən əvvəlki alimlərin xüsusən də İbn Heysəm və əl-Biruninin əsərlərinə müraciət etmişdir. O, sadəcə elmi biliklərlə kifayətlənməmiş, bununla yanaşı dini elmləri də öyrənməyə və öyrəndiklərini yaşamağa çalışmışdır. Allaha imanın elmlə məşğul olan insana yeni düşüncələr bəxş elədiyinə inanaraq sadə həyat yaşamış, elmi ilə qürrələnməmişdir.

Elmə töhfələri

XII əsrin əvvəllərinə qədər davam edən tərəzilərlə əlaqəli nəzəriyyə və təcrübələrin hamısı əl-Həzinin 1121-ci ildə yazdığı “Mizan əl-hikmə” (Hikmət tərəzisi) adlı əsərində mövcuddur.[1] Bu əsər hidrostatika[2] və tərəzilərlə əlaqəli XII əsrdə İslam aləminin elmdə çatdığı səviyyəni göstərir. Müəllif həmin əsərdə düzəltdiyi tərəzilərdən bəhs etmiş və İslam alimlərinin mövzu ilə əlaqəli bir çox fikirlərini qeyd etmişdir. Elm tarixçilərindən olan G. Sarton bu əsəri İslam dünyasının “mexanika haqqındakı əsəri” adlandırmışdır.

Yerin cazibə qüvvəsini kəşf edən əl-Həzini cismlər arasındakı cazibə qanununu da icad etmişdir. Bir çox təcrübələr aparmış və nəticədə bütün cisimlərin yerin mərkəzinə doğru çəkildiyini və bu qüvvənin düşən cisimlə mərkəz arasındakı məsafədən asılı olduğunu bildirmişdir. Yəni yerin cazibə qanununu Nyutondan beş yüz il əvvəl yaşayan əl-Həzini kəşf etmişdir. Bu qanun sonralar Nyuton tərəfindən iki cisim arasında cazibə qüvvəsi adlandırılmışdır.

Çəki və ölçü nəzəriyyələrindəki yenilikləri ilə fizika elminə olduqca böyük töhfələr verən əl-Həzini, iki gözlü tərəzinin də kaşifidir. Arximed tərəzisi adlandırılan həmin tərəzi qızıl, gümüş və bunların digər metallarla qarışıqlarını çəkmək üçün nəzərdə tutulmuşdu. Bu ixtira qollu və elekrton tərəzinin kəşfi üçün zəmin hazırlamışdır.[3]

Əl-Həzininin digər ixtiralarından biri də dəqiqə tərəzisidir. Bu tərəzi əslində bir su saatıdır. Bundan əlavə həmin tərəzi ilə yerin bir günlük hərəkətini ölçmək də mümkündür. Bu alət tərəzinin qolundan asılmış su və ya qum torbasından düzəldilmişdir. Torba tam olaraq hesablanmış bir dəliklə əhatə olunmuş və mexanizm tamamlanmışdır. Tərəzinin qolundakı ağırlıqların tənzimlənməsi ilə sanki dəqiqələrin hərəkəti kimi keçən zamanın buna uyğun göstərici cədvəlində oxunması təmin edilmişdir.[4] Bu gün həmin alət ölçü vahidi kimi istifadə olunmaqdadır. Lakin qum saatı kimi unudulmuşdur.

Qərbli elm adamları tərəfindən dinamika, hidrostatika və hidromexanikanın ustadı qəbul edilən əl-Həzini, hələ səkkiz əsr əvvəl bir cismin aşağı sıxlıqlı havada ağırlaşdığını, yuxarı sıxlıqlı havada və ya suda ağırlığının azaldığını kəşf etmişdir.

Müxtəlif mayelərin sıxlığını və ağırlığını ölçmək üçün istifadə olunan areometri[5] təkmilləşdirmişdir. Qərbdə Villiam Nikolsonun areometr və hidrometi 1798-ci ildə hazırladığını nəzərə alsaq, bunu altı əsr əvvəl düzəldən əl-Həzininin böyüklüyünü daha yaxşı anlayarıq. Bu gün sıxlıq tapmaq üçün istifadə olunan d=m/v düsturu və sıxlıq ölçən areometr əl-Həzininin hazırladığı aerometrin təkmilləşdirilmiş formasıdır.

Tərəzilərin geniş yayıldığı dövrdə əl-Həzini əl-İsfirazinin təkmilləşdirdiyi hikmət tərəzisini daha da inkişaf etdirərək ölçü vasitəsi halına gətirmişdir. O, həmin tərəzidən çəki vasitəsi kimi həqiqi və qarışıq metalların çəkilməsində və bir çox iqtisadi hesablamalarda istifadə etmişdir. Əl-Həzininin izahına görə alət 1000 misqal ağırlıqda 1 habbə=1/68 misqal fərq belə olmur. Yəni təqribən 4,5 kq-da 75 santıqram – 1/60000 dəqiqliyə malikdir.[6] Bu günkü elektron tərəzilər ancaq belə dəqiq çəkir.

Əl-Həzini İslam aləmində özünəxas orijinal müşahidələri ilə tanınan böyük astronomlardan biri kimi[7] üçbucaqlı aləti siferblat şəklində ulduzların yüksəkliyini təyin etmək və əşyanın bizə  göründüyü optik bucağı müəyyənləşdirmək üçün düzəltmişdir. “İttihaz əl-alat ən-nəfisə” adlı traktatında ətraflı bəhs elədiyi həmin alətlə həmçinin düz bucaq formasındakı bucaqları ölçmək olur və bucağın sinusunu da tapmaq mümkün idi.

Elm dünyasındakı yeri

Yerin cazibə qüvvəsi ilə əlaqəli izahları ilə yadda qalan, suyun və müxtəlif maddələrin xüsusi sıxlıqlarını təyin edən, tərəzilərlə əlaqəli yeniliklərə imza atan[8] əl-Həzininin araşdırmaları barometrin kəşfində də böyük rol oynamışdır. Onun icadları Toriçelli və Paskal kimi elm adamlarına yol göstərmişdir. Əl-Həzininin ixtirası sayılan dəqiq tərəzilər bu gün kimya laboratoriyalarında istifadə olunan hidrostatik tərəzi və piknometrlərin ilk növüdür.

Qərb dünyasında daha çox Əbul Fəth əl-Kuzini olaraq tanınan əl-Həzini elm adamları tərəfindən təqdir edilmişdir. Əsərləri haqqında araşdırmalar aparanlar onun əsrlərə işıq saçan elminə heyran olmuşlar. Məsələn, onun “Mizanul-hikmət” adlı əsəri qərb dillərinə tərcümə edilmişdir. Əsər əvvəlcə M. Xanikov tərəfindən tədqiq edilmiş, 1859-cu ildə isə ingilis dilinə tərcümə edilərək Amerikada çap olunmuşdur. Uill Durant 1997-ci ildə çap olunan əsərində əl-Hazininin yerin cazibə qanunu haqqındakı görüşlərini ətraflı tədqiq etmişdir. Onun əsərlərindən biri olan “əz-Zicul-mutəbərus-səncəri əs-sultani” əsərinin bir nüsxəsi Vatikan sarayında, digər nüsxəsi də Britaniya muzeyində saxlanılmaqdadır. Bu əsər ulduzların 1130-cu ildə göydəki vəziyyəti və Mərvin coğrafi kordinatları haqqındadır.

Xülasə, bu gün Qərbin elmdə gəlib çatdığı səviyyəyə yüksəlməsində əl-Həzini kimi müsəlman alimlərin rolu çox böyükdür.

Yusuf Karaosmanoğlu


[1] Fuat Sezgin, İslamda Bilim ve Teknik, V, s. 3-4.
[2] Hidromexanikanın, mayenin müvazinət vəziyyətini, habelə maye içində olan cisimlərin müvazinətini öyrənən iki hissəsindən biri (ikincisi “hidrodinamika”dır)
[3] F. Sezgin, e.a.ə, V, s. 4.
[4] F. Sezgin, e.a.ə, III, s. 117.
[5] Mayelərin sıxlığı təyin edən cihaz.
[6] F. Sezgin, e.a.ə, V, s. 6.
[7] Sadettin Ökten, TDV İslam Ansiklopedisi, I, s. 164-165.
[8] Şaban Döğen, Müslüman İlim Öncüleri Ansiklopedisi, s. 126.

Dünyanı heyrətləndirən məşhur müsəlman alimləri: Əl-Xarəzmi

07 Cümə Avq 2015

Posted by science1985 in İslamda elm və mədəniyyət

≈ Bir şərh yazın

Sivil dünyada İslam aləminin texniki tərəqqidən geri qalması barədə çoxsaylı fikirlər səsləndirilir və bunun günahını bəzən az qala dinimizdə axtarmağa cəhd edirlər. Əslində isə çoxları bilmir ki, hazırda sivil inkişafın ən yüksək mərhələsindən birini yaşayan bugünkü Qərb texniki-tərəqqi sahəsində əldə etdiyi uğurlara görə məhz İslam aləminə, İslam elm adamlarına borcludurlar.

Təbii ki, Şərq yalnız humanitar və mənəviyyat elmlərinin vətəni deyil. Bunu son minillik ərzində bu regionda yaranmış, fundamental elmlərin aparıcı mövqeyə malik olduğu məşhur elm məktəbləri və akademiyalar da təsdiq edir. Onların bir çoxunda isə şərqli alimlərlə bərabər, Qərbdən gəlmiş, Avropadan təşrif buyurmuş elm fədailəri də çalışırdılar. Bu cəhətdən Bağdaddakı “Beytül-Hikmət” və məşhur Məmun akademiyalarının fəaliyyətini xüsusi qeyd etməliyik. Mərkəzi Asiyadan yetişib çıxmış, şan-şöhrəti bu günümüzə qədər gəlib çatmış məşhur mütəfəkkirlər bu akademiyalarda üstünlük təşkil edirdilər. Xüsusən, Məmun Akademiyasının əsas elmi istiqamətlərini müəyyənləşdirən qüdrətli alimlər Orta Asiya torpaqlarında doğulub boya-başa və kamala çatmış təfəkkür sahibləri idilər. Onların arasında Əbu Nəsr ibn İraq, Mahmud Xocəndi, Əhməd ibn Həmid Nəysəburi, Əbu Reyhan Biruni, Əbu Əli ibn Sina, Əhməd ibn Məhəmməd Xarəzmi kimi dahilər vardı. Yeri gəlmişkən, onu da deyək ki, adları çəkilən şəxslərin və onlarla başqalarının misilsiz elmi cəsarətlərini çağdaş dünya yaddan çıxarmayıb. Yenə də onu qeyd etməyi özümüzə borc bilirik ki, uzaq orta əsrlərdə müsəlman ölkələrindəki elm mərkəzlərində yüksək dərəcədə insana, bəşəriyyətə, bütün yaradılmışlara bəşəri məhəbbət təbliğ edilib. Bu mərkəzdə dini-milli tolerantlıq yüksək səviyyədə idi. Buna paralel olaraq, onu da vurğulayaq ki, Bağdaddakı Məmun Akademiyasında yalnız ərəb dünyası, Şərq ölkələrindən olan müsəlman elm mütəxəssisləri deyil, eyni zamanda qeyri-müsəlman dinlərin nümayəndələri, onlar arasından çıxan böyük alimlər də vardı. Onlar Mərkəzdə sərbəst şəkildə işləmək, burada elmi tədqiqatlarla məşğul olmaq, öyrənmək, müsəlman alimlərlə elmi müzakirələr aparmaq imkanı əldə etmişdilər. Yəni onlara münasibətdə sözün əsl mənasında tolerantlıq hökm sürürdü.
Avropa etiraf edir
Sivil Avropada İslam aləminə düşmən mövqe tutan, İslam dininə mənsub insanlara elmdən, mədəniyyətdən uzaq, geridə qalanlar kimi baxan bəzi elm, dövlət adamlarının olmasına baxmayaraq, həqiqəti hər şeydən uca tutanlar da az deyillər.
Məsələn, Avropanın və dünyanın ən böyük alimlərindən biri olan İsaak Nyuton Qərbin xaosda və qaranlıqda, cahillikdə olduğu dövrlərdə İslam aləminin bəşəri elmin inkişafına yüksək töhfələr verdiyini etiraf edib. Bu baxımdan İsaak Nyuton orta əsrlər İslam dünyasının ən böyük alimlərindən biri olan Əbu Reyhan Məhəmməd ibn Əhməd əl Biruni haqqında belə yazıb: “O, (Biruni) əsl düha idi. Riyaziyyat, astronomiya, fizika, botanika, coğrafiya, geologiya, mineralogiya, etnoqrafiya, tarix və xronologiyaya onun töhfələri əvəzsizdir”.
Dahi fizik Albert Eynşteyn isə həmişə deyirdi ki, Biruni Yerin öz oxu ətrafında fırlandığı və Günəş ətrafında dövr vurduğunu Qalileo Qalileydən 6 əsr əvvəl kəşf etmişdi: “Biruni bəşəriyyət tarixinin ən böyük intellektualıdır”.
İsaak Nyutonla Albert Eynşteynlə bərabər, digər həqiqətsevər Qərb alimləri də İslam elminin Qərbdə elmin inkişafına təsir etdiyini dönə-dönə vurğulayıblar. Onlar tərəfindən belə bir fikir vurğulanır ki, orta əsrlərin cəhalət zəncirindən, qaranlıq zülmətindən xilas olaraq, texniki-tərəqqi yoluna qədəm qoymasına görə Avropa, ilk növbədə, orta əsrlərin məşhur müsəlman alimlərinə, müsəlman elmi mərkəzlərinə, müsəlman incəsənəti və ədəbiyyatına özünü borclu hesab edir.
Hər halda unutmaq olmaz ki, V-VII əsrlərdə və ondan sonrakı dövrlərdə Avropa elmdən, mədəniyyətdən uzaq düşmüşdü. Həmin dövrdə bəşəriyyətin min illər ərzində yaradılan mədəniyyətlər, sivilizasiya yox olmaq dərəcəsinə gəlib çatmışdı. Avropa isə sanki özlərindən əvvəl qoyulan mədəniyyəti unutmuş və obrazlı şəkildə desək, daş dövrünə qayıtmaq təhlükəsi ilə üzləşmişdi. Məhz belə bir taleyüklü dövrdə İslam aləmində elm və texnika sürətlə inkişaf edərək, bəşəriyyətin texniki-tərəqqisinə təkan verən onlarla elm dahisi yetişdi. Beləliklə İslam aləminin elmi inkişafı avropalıların cəhalətdən xilas olmasına yol açaraq gələcək elmi-teniki tərəqqilərdə əvəzsiz xidmətlər göstərdi.
Xarəzmdən doğan türk günəşi
Orta əsrlər İslam dünyasının bəşəri sivilizasiyaya, elmi-texniki tərəqqiyə bəxş etdiyi ən böyük alimlərindən biri isə böyük türk alimi Əbu Əbdullah bin Musa əl-Xarəzmi idi.
Əbdullah bin Musa əl Xarəzmi 780-ci ildə Xarəzmdə (indiki Özbəkistanın Xivə şəhərində) imkanlı bir türk ailəsində anadan olub. Onun atası öz dövrü üçün mükəmməl hesab edilən təhsil almışdı. O, müasir elmlərdən xəbərdar idi və ona görə də övladlarının da elmli olmasını istəyirdi. Ona görə də atası Əbdullahı türk mədəniyyətinin və sivilizasiyasının mərkəzlərindən biri hesab edilən Xarəzmdə o dövr üçün mükəmməl ibtidai təhsil verən məktəbə qoydu. Bu məktəbdə Xarəzmi elmin sirlərinə yiyələnmək üçün ilk addımlarını atdı. İbtidai təhsilini tamamlayandan sonra balaca Əbdullah bir müddət nə edəcəyini bilmədi. O, təhsilini davam etdirmək istəyirdi. Ancaq buna necə nail olacağını o bilmirdi. Belə bir vəziyyətdə onun köməyinə atası çatdı. O oğlunun təhsilini davam etdirməsi üçün onu o dövrdə İslam dünyasının elm mərkəzi hesab edilən Bağdada göndərdi. Bağdadda həmin dövrdə İslam aləminin elmi mərkəzi hesab edilən və o vaxt üçün sivil elmi bilikləri öyrədən mədrəsələr və indiki dövrün ifadəsi ilə desək, elmi tədqiqat mərkəzi fəaliyyət göstərirdi. Bağdadda oxuması o dövrdə gəldiyi, anadan olduğu yerin adı ilə tanınan Əbdullah bin Musa əl-Xarəzminin həyatında önəmli rol oynayaraq, onun türk-islam dünyasının məşhur alimi kimi yetişməsində böyük rol oynadı. Necə deyərlər, Əbdullah bin Musa əl-Xarəzmi gəncliyinin ilk illərində Bağdaddaki müasir, inkişaf etmiş elm atmosferinə alışaraq burada özünün istedadını üzə çıxarmaq üçün gecə-gündüz bilmədən çalışmağa başladı. Elmi mövzulara hədsiz dərəcədə bağlı olan Xarəzminin istedadı və elmləri olduqca dərindən bilməsi qısa müddətdə ona böyük şöhrət gətirir. Əl-Xarəzminin mahir elm bilicisi alim olması xəbəri həmin dövrdə Abbasilərin Bağdad xəlifəsi olan Məmuna da gedib çatır. Məmun əl-Xarəzmini öz yanına çağıraraq onunla şəxsən tanış olur. O dövrün məşhur alimlərinin də iştirak etdikləri məclisdə əl-Xarəzmi ilə söhbətdən sonra xəlifə onun, həqiqətən, dövrünün ən böyük alimlərindən bir olduğu qənaətinə gəlir. Ona görə də xəlifə Məmun əl-Xarəzminin elmə daha da dərindən yiyələnməsinə yardım etmək üçün onu qədim Misir, Mesopotamiya, Yunanıstan və Hindistan mədəniyyətlərinə aid olan kitablarla zəngin Bağdaddakı saray kitabxanasına rəhbər təyin edir. Bu kitabxanaya rəhbərliyi dövründə əl-Xarəzmi qədim dövrə aid olan kitablarla yaxından tanış ola bilir və bu onun elmi inkişafına yeni bir təkan verir. Xəlifə Məmun həmin dövrdə bir çox alimlərin müxtəlif dillərdə olan qədim kitabları oxuya bilməmələrini və bu dilləri öyrənmələri üçün çox vaxt sərf etdiklərini nəzərə alaraq, əl-Xarəzmini özü tərəfindən qurulan Beytül-Hikmət Tərcümə Mərkəzinə rəhbər təyin edir.
Əl-Xarəzmi həvəslə işə girişir və qısa müddətdə müxtəlif dillərdə olan onlarla elmi, texniki məzmunlu əsərlərin ərəb dilinə tərcümə edilməsinə nail olur. Bu tərcümə fəaliyyəti əl-Xarəzminin elmlərə daha da dərindən yiyələnməsinə imkan verir. Təbii ki, texniki elmlərlə dərindən maraqlandığı üçün, ilk növbədə, əl-Xarəzmi astronomiyaya və riyaziyyata aid əsərlərin tərcümə edilməsini önə çıxarır. Bu əsərlərin tərcüməsi və onlarla tanışlıq isə həmin dövrdə İslam aləminin elmi inkişafında onlarla məşhur alimin yetişməsində böyük rol oynayır. Amma əl-Xarəzmi bunlarla da kifayətlənmir, o daha çox öyrənmək istəyirdi. Həmin dövrdə ona elə gəlirdi ki, oxuduqları azlıq edir. Ona görə də əl-Xarəzmi Dəməşqdə fəaliyyət göstərən rəsədxanada çalışan astronom alimlərlə də yaxından tanış olur və onların elmi araşdırlmalarını oxuyur.

Əziz Mustafa, Zaman

← Əski Yazılar

Çolaq Addım

Çolaq Addım

Mövzular

  • Adəm peyğəmbər haqqında iddialara cavab
  • Allah Təala (c.c) haqqında suallara cavablar
  • Alın yazısı haqqında suallara cavablar
  • Ateist iddialarına cavablar
  • Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar
  • Digər peyğəmbərlər və dini suallar haqqında
  • Fəlakətlər: aclıq və xəstəliklər
  • Kainat və astrofizika – Yaradılış dəlilləri
  • Köləlik və cariyəlik
  • Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar
  • Musa peyğəmbər (a.s) haqqında iddialara cavab
  • Namaz, oruc, həcc ziyarəti ilə bağlı suallar
  • Niyə İslam?
  • Nuh peyğəmbər (a.s) haqqında iddialar
  • Qadınlar haqqında suallara cavablar
  • Quran ayələrindəki möcüzələr
  • Qurana qarşı iddialara cavablar
  • Ruh haqqında
  • Süleyman peyğəmbərlə bağlı iddialara cavablar
  • Terror və müharibə
  • Təsadüf haqqında
  • Yaxşılıq, xeyriyyəçilik
  • İnsan və təbiət – Yaradılış dəlilləri
  • İsa peyğəmbər (a.s) haqqında iddialar
  • İslam və müsəlmanlar
  • İslamda elm və mədəniyyət
  • İslamın zorla yayılmasına dair iddialara cavablar

Bloq Statistikası

  • 102. 292 hits
Follow Dini suallar on WordPress.com

Ən Populyar Yazılar & Səhifələr

  • "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
    "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
  • MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
    MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
Follow Dini suallar on WordPress.com

Son şərhlər

İskəndəriyyə kitabxanasının ya… üçün Ləman
“Nəhəng kainatdakı kiçik… üçün Ləman
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün science1985
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün Zaur
İddia: Quranda Kəhf surəsinin… üçün Qorxmaz
İsa peyğəmbərin (a.s) yaşaması… üçün Məmmədzadə Sədail

WordPress.com Bloqu. Mövzu: Chateau tərəfindən Ignacio Ricci.

Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here: Cookie Policy
  • İzlə İzlənir
    • Dini suallar
    • Already have a WordPress.com account? Log in now.
    • Dini suallar
    • Özəlləşdir
    • İzlə İzlənir
    • Qeydiyyatdan keçin
    • Giriş
    • Bu mühtəviyyat barəsində raport ver
    • View site in Reader
    • Manage subscriptions
    • Bu çubuğu daralt
 

Şərhlər Yüklənir...