• Haqqımızda

Dini suallar

~ Dini mövzularda sual-cavablar

Dini suallar

Kateqoriya Arxivləri: Köləlik və cariyəlik

İslamın köləliyə münasibəti necədir?

14 Cümə Noy 2014

Posted by science1985 in Köləlik və cariyəlik

≈ Bir şərh yazın

10410759_535025489959115_2823842128202743388_n

İslam dinini qeyri-humanist şəkildə təqdim etmək üçüm çox vaxt ateistlər sual verirlər ki, “niyə İslam dini köləliyi ləğv etmədi?”

Aşağıdakı iki cavab əsasında bu sualın izahını verəcək və ateistlərin iddialarının əsassız olduğunu göstərəcəyik.

BİRİNCİ CAVAB: Əvvəla, köləlik sistemi dünyada həqiqi mənada ləğv olunmayıb, sadəcə köləlik münasibətləri yeni müstəviyə və fərqli formata keçib. Köləlik sistemi guya rəsmən ləğv edilsə də, əslində klassik köləlik sisteminin elementləri hələ də müasir dünyamızda mövcuddur və tamamilə aradan qaldırılması qeyri-mümkündür.

İzahı:  Köləlik – tarixən müharibələrin nəticəsi olaraq meydana çıxmış bir münasibətlər sistemidir. Bu sistemin əsasında insan haqlarının amansız istismarı dayanır. Kölə – müharibə vaxtı əsir alınmış insandır. Qadın kölələrə cariyə deyilirdi. Ümumiyyətlə kölə əşya kimi alınıb-satıla, zorla işləməyə məcbur edilə və hətta sahibi tərəfindən asanlıqla işgəncə edilib öldürülə bilər. Köləlik quruluşu özünün ən yüksək inkişaf pilləsinə Qədim Yunanıstan və Qədim Romada çatmışdır. Beləliklə, kölə öz həyatı, vücudu, fiziki və zehni əməyi haqqında sərbəst qərarvermə haqqı olmayan insandır. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar hətta özləri istehsalın bir şərti, “danışan əmək aləti” kimi öz ağalarına məxsus idilər.  Köləlik anlayışı zaman keçdikcə müəyyən dəyişikliklərə uğramış, fərqli forma və adlar almış, lakin tamamilə aradan qalxmamışdır.

Qeyd etdiyimiz kimi klassik köləlik sisteminin meydana çıxmasının əsasında “müharibə və əsir alınmış insan” anlayışı dayanır. Dövlətlər, xalqlar, sivilizasiyalar arasında müxtəlif zəmində gedən hərbi-siyasi qarşıdurmalar, münaqişə və müharibələr davam etdiyi müddətcə köləlik məfhumunun mütləq mənada aradan qaldırılması qətiyyən mümkün deyildir. Başqa sözlə, müharibələr var olduqca, müharibə əsirləri yaxud “müasir dövrün kölələri” də var olacaqdır. Qısacası, köləliyin tam olaraq ləğvi üçün “müharibə və əsir” məfhumu ləğv edilməlidir. Bu isə əslində qeyri-mümkündür. Buna əmin olmaq üçün müharibə və savaşlarla dolu olan qanlı insanlıq tarixinə qısa nəzər salmaq kifayət edir.

Nəinki keçmişdə hətta hazırkı dövrdə belə müharibələrin davam etməsi və əsir alınmış insanlar ilə kölə kimi qəddar rəftar olunması faktları çoxdur. Məs, ABŞ ordusunun İraqda müharibə zamanı dinc əhaliyə və əsirlərə qarşı törətdiyi cinayətlər, ABŞ-ın Quantanamo və Əbu Qureyb həbsxanasında əsirlərə qarşı törədilən vəhşiliklər, Qarabağ müharibəsində əsir düşmüş azərbaycanlılara qarşı ermənilərin etdiyi işgəncə və vəhşiliklər və s. danılmaz faktlardır. Aşağıdakı linklərə girib müasir dövrdə ABŞ ordusu tərəfindən müharibə əsirlərinə edilən şiddətli əziyyətlər, vəhşiliklər və müharibə vaxtı dinc əhaliyə qarşı edilən zülmlərə şahid ola bilərsiniz. Bundan sonra insanın ağlına gələn ilk sual bəlkə də budur: “Köləlik həqiqətən mi ləğv olunub?”

Aşağıdakı şəkildə ABŞ-ın vaxtilə gizli Abu Qureyb həbsxanasında amerikan əsgərlərin əsirlərlə rəftarını görürsüz. XXI əsrə aid bu örnək sizə antik köləlik sistemini xatırladırmı?

image

http://en.wikipedia.org/wiki/Abu_Ghraib_torture_and_prisoner_abuse

US War Crimes Exposed – Iraq’s Secret War Files – Documentary https://www.youtube.com/watch?v=1OwkvSo8DF8

Digər tərəfdən isə dövrümüzdə insanların fiziki və zehni cəhətdən kölə kimi istismar olunmasının yeni forma və metodları “inkişaf etmişdir”. İnsanların fərqli formalarda istismar olunduğu köləliyin yeni formalarına insan oğurluğu və alveri (alınıb-satılması), uşaq əməyinin istismarı,  qadın vücudunun istismar olunduğu pornoqrafiya sənayesi, əksər ölkələrdə “qara iqtisadiyyat”da mövcud olan gizli qul bazarlarını misal göstərmək olar. Göründüyü kimi klassik köləlik anlayışı rəsmi olaraq müasir dünya ölkələrində guya ləğv olunsa da, əslində hələ də mövcuddur və öz yerini köləliyin yeni formalarına vermişdir. Köləliyin müasir formaları haqqında ətraflı aşağıdakı linkdən oxuya bilərsiniz: http://en.wikipedia.org/wiki/Contemporary_slavery

 

İKİNCİ CAVAB: Birinci cavabda göstərdik ki, klassik köləlik sisteminin təzahürləri müasir dünyamızda nəinki mövcuddur, hələ üstəlik yeni formalar da almışdır və tamamilə aradan qaldırılması müxtəlif səbəblərdən qeyri-mümkündür. İslam dini isə islahat apararaq qeyri-humanist prinsiplərə əsaslanan klassik köləlik sisteminin tədricən dəyişdirilməsini, müharibə əsirlərinə qarşı gözəl insani davranışı və onların müəyyən şərtlər və səbəblər əsasında azad edilməsini təşviq edir. Quranda heç bir yerdə köləliyin yayılması təbliğ və təşviq olunmur. Əksinə Quran bir çox ayələrində “kölə azad edin” deyilir. Tarixdən hətta azca məlumatı olan her kes bilir ki, o dövrde zatən kölelik münasibetleri ərəb cemiyyeti və o dövrdeki diger dövletlerde mövcud idi. Qurandakı ayeler isə artıq mövcud olan kölelik münasibetlerinin edaletli şekilde tenzimlenmesi ve klassik kölelik sisteminde kölelere qarşı olan vehşi münasibetin tamamen deyişdirilmesi üçün nazil edildi.

İzahı: Əvvəla qeyd edək ki, köləlik əsla İslamın cəmiyyətə gətirdiyi və təbliğ etdiyi bir sistem deyildir. Köləlik sistemi İslamdan çox-çox əvvəlki dövrlərdən bəri dünyada var olmuşdur. İslam dini gəlməmişdən qabaq köləlik sistemi ərəb cəmiyyətində də mövcud idi. Həmin vaxt kölələrə qarşı münasibət son dərəcə qəddar idi. Əvvəl də qeyd etdiyimiz kimi kölə olan şəxs əşya kimi alınıb-satıla, zorla işləməyə məcbur edilə, icbari qaydada cinsi istismara məruz qala və hətta sahibi tərəfindən işgəncə edilib öldürülə bilərdi. Uzun dövr ərzində insanların zehnində dərin kök salmış bu cür sistemlərin birdən-birə ləğv edilməsi adətən çətin olur. Buna görə də İslam dini klassik köləlik sisteminin dəyişdirilərək ləğv edilməsini və müharibədə əsir alınmış insanlara qarşı son dərəcə humanist münasibət göstərilməsini təbliğ edir. Quranda köleliyi pisleyen ayeler var (Beqere 49; Muminun 45-48; Kasas 4-5), amma köleliyin cemiyyet üçün yaxşı bir şey olub tebliğ eden ayeler esla yoxdur. Quran kölələrin haqq və hüququ ilə əlaqədar bir çox xüsusu açıqlığa qovuşdurub qəti hökmlərə bağlamışdır. İslamiyyət köləliyi qadağan etməmişdir. Bununla birlikdə kölə əldə etməyi çətinləşdirmiş və kölələrin azad edilməsini təşviq etmişdir. Məsələn səhvliklə bir müsəlmanı öldürən kimsənin müsəlman bir kölə azad etməsi əmr edilmişdir. Yalan yerə and içənlərə 10 yoxsulu yedirtmək və geyindirmək, yaxud da bir kölə azad etmək əmr edilmişdir. Buna gücü çatmayan isə 3 gün oruc tutması lazımlıdır. Digər tərəfdən İslamdakı köləlik anlayışı bizim bildiyimiz klassik köləlik anlayışından tamamilə fərqlənir. İslam şəriətinə görə kölə saxlamağın və kölələrin haqqlarına doğru şəkildə riayət etmənin şərtləri o qədər çətindir ki, XIX əsrdə Osmanlı Dövlətində yetişən məşhur türk dövlət və elm adamı, tarixçi, hüquqşünas və şair olan Əhməd Cövdət Paşa belə deyirdi: “İslamda kölə almaq, həm də kölə olmaqdır”.

Məsələyə daha ətraflı Quran ayələri və hədislər işığında nəzər salaq.

Beləliklə, Qurani-Kərimdə Allah Təala (c.c)

  1. İsrail oğullarının firon tərəfindən kölə edilməsini pisləyir. Quranda firon terefinden israil oğullarının kişilerinin öldürülmesi qadın ve uşaqlarının köle edilmesine bir çox ayelerde toxunulur ve fironun bu emeli pislenilir. (Beqere 49; Muminun 45-48; Kasas 4-5)
  2. Həm kölələrin, həm də azad insanların eyni atadan (Hz.Adəm) gəldiyini deyir və kölələrə həqarətlə baxmağı qadağan edir (Nisa 25),
  3. Cariyələri (kölə qadınları) zorla cinsi istismara məcbur etməyi qadağan edir (Nur 33),
  4. Kölələrə yaxşılıq etməyi əmr edir (Nisa 36),
  5. Kölələrə sədəqə (zəkat) verməyi əmr edir (Tövbə 60),
  6. Evlənməyə imkanı olmayan yoxsul kölələri evləndirməyi əmr edir (Nur 32),
  7. Bir çox ayələrdə kölələri azad etməyə çağırır və bu işdə müsəlmanları aktiv olmağa təşviq edir (Bəqərə 177,  Maidə 89,  Bələd 13,  Nur 33,  Mücadilə 3,  Nisa 92).

Bəqərə surəsi 177-ci ayədə Allah Təala (c.c) belə buyurur:

“Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və QULLARIN AZAD OLUNMASINA sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!”

Mövzu ilə bağlı digər ayələri nəzərdən keçirək:

Hamınız bir-birinizdənsiniz. (Azad kişi və qul, azad qadın və cariyə-hamısı Adəm nəslindəndir. Onlar hamısı Allah bəndələri olduqları üçün yaradılış e’tiqad baxımından aralarında vəhdət, birlik mövcuddur. Buna görə də cariyələrə həqarətlə baxmayın).(Nisa, 25).

…Əgər cariyələriniz ismətlərini qoruyub saxlamaq istəsələr, fani dünya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin. Kim onları (cariyələri zinakarlığa) məcbur edərsə, (bilsin ki) onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah (zinakarlığa vadar olanları) bağışlayar, rəhm edər. (Zinakarlığa vadar edilən cariyələrin günahı onlar bu işlə öz xoşuna deyil, zor gücünə məşğul olduqları üçün həmin cariyələrin özlərinə deyil, onları pul qazanmaq məqsədilə zinakarlığa sövq edən ağalarının boynuna düşər). (Nur, 33).

Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!(Nisa, 36).

Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) minskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mö’min olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! (Tövbə, 60).

(Ey mö’minlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir! (Nur, 32).

Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etnəz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz! (Maidə, 89).

  1. (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?!
  2. (O) bir kölə azad etməkdir;
  3. Yaxud aclıq günü (zamanı) yemək verməkdir –
  4. Qohumluq əlaqəsi çatan bir yetimə.
  5. Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!
  6. Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! (Bələd, 12-17).

Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar. Kölələrinizdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən müəyyən məbləğ pul qazanıb ağasına vemək şərtilə köləlikdən azad olmaq) istəyənlərlə – əgər onlarda bir xeyir (müqavilədəki şərtlərin yerinə yetirilməsi üçün qüdrət) görürsünüzsə – mükatəbə edin. Onlara Allahın sizə verdiyi maldan verin. (Zəkatdan onlara o qədər verin ki, özlərini satın alıb azad edə bilsinlər). Əgər cariyələriniz ismətlərini qoruyub saxlamaq istəsələr, fani dünya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin. Kim onları (cariyələri zinakarlığa) məcbur edərsə, (bilsin ki) onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah (zinakarlığa vadar olanları) bağışlayar, rəhm edər. (Zinakarlığa vadar edilən cariyələrin günahı onlar bu işlə öz xoşuna deyil, zor gücünə məşğul olduqları üçün həmin cariyələrin özlərinə deyil, onları pul qazanmaq məqsədilə zinakarlığa sövq edən ağalarının boynuna düşər). (Nur, 33).

Qadınları ilə zihar (qanuni nikahlarını özlərinə haram) edib, sonra sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad etməlidirlər. Bu sizə (zihar barəsində) verilən öyüddür. Allah nə etdiklərinizdən xəbərdardır! (Mücadilə, 3).

Heç bir mö’minə başqa bir mö’mini öldürmək yaraşmaz. Bu ,səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mö’mini səhvən öldürərsə, o zaman o, mö’min bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən şəxsin özü) mö’min olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürülən şəxs) mö’min bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mö’min bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! (Nisa, 92).

Hədislərə baxaq:

“Rəsulullah (s.a.s) oturub kölə və xidmətçilərlə birlikdə yemək yeyirdi. Bu mənzərəni görən bir qadın: “Oturub kölə kimi yemək yeyir”, – dedi. Kainatın Fəxri cavab verdi: “Məndən gözəl kölə olar! Mən Allahın köləsiyəm.” (Təbərani, əl-Mücəmül-kəbir, 8/200)

“Xidmətçi və kölələriniz qardaşlarınızdır. Qardaşı əlinin altında olan hər kəs ona yediyindən yedirsin, geyindiyindən geydirsin. Onların edə bilməyəcəkləri işi əmr edib onları yükləməsin. Əgər çətin işlər buyursanız, onlara yardım edin.” (Müslim, Eyman 29; Müsned 5/161)

“Sizdən heç biriniz “Bu köləmdir, bu cariyəmdir.” deməsin. Qızım və ya oğlum yaxud qardaşım desin.” (Muslim, Elfaz 3; Müsned 2/484).

“Kim köləsini öldürürsə, onu öldürərik, kim köləsini həbs edər və ya yeməyini kəsərsə, onu həbs edər və yeməyini kəsərik.” (Ebû Davud, Diyet 7; İbn Mâce, Diyet 23; Nesâî, Kasem 10)

Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah -sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən birinizə köləsi yemək gətirdikdə onu da yeməyə dəvət etsin. Dəvəti qəbul etməsə ona öz əlindən yemək versin» (Buxari «Ədəbul Mufrad» 200).

Bir kişi, Hz.Aişədən (r.anha) soruşdu: “Hz.Peyğəmbər (s.a.v) evdə nə iş görərdi?”.

Hz.Aişə (r.anha): “Ev işləriylə məşğul olardı. Paltarları özü yamaq edər, evi öz əliylə süpürərdi. Süd sağar, bazardan ev əşyalarını alıb gətirərdi. Ayaqqabısı sökülərsə, özü təmir edərdi. Su qovasının (vedrə) ipini bağlayardı. Dəvəni öz əliylə bağlayar, ona yem verərdi. Kölə ilə birlikdə un üyüdərdi.” deyə cavab verdi. (Buhari)

Əbu Məsud əl-Bədri nəql edir: Mən köləmi qamçılayırdım. Arxadan bir səs eşitdim. Həmin səs “Əbu Məsud, bil!” deyirdi. Qəzəbli olduğu üçün səsin sahibini tanıya bilmədim. Mənə yaxınlaşdığında onun Rəsullullah (s.a.v) olduğunu gördüm.

“Əbu Məsud, bil! Əbu Məsud, bil!” deyirdi.

Qamçını əlimdən yerə atdım. “Əbu Məsud, bil! Allah sənin üzərində sənin bunun üzərində olduğundan daha çox hökm sahibidir” dedi.

Mən: “Bundan sonra əbədiyyən kölə döyməyəcəm” dedim.

(Müslim, Eyman 34, (1659); Ebu Davud, Ədəb 133, (5169, 6160); Tirmizi, Birr 30, (1949))

Hətta İslamda ilk müəzzin qaradərili Bilal Həbəşi (r.a) olub. O həmin Bilal idi ki, İslamdan əvvəl hüquqsuz bir qul idi. Amma İslam gəldikdən sonra qullara hüquqlar verdi, onların azad olunması üçün islahatlar apardı və qaradərili Bilal Həbəşi (r.a) kimi qullar cəmiyyətdə hörmətli şəxslərə çevrildi.

Peyğəmbərimiz (s.a.s) bərabərlik məsələsini cəmiyyətə elə oturtmuşdu ki, zənci kölə Bilal Həbəşi (r.a.) böyük insan hesab olunur və xəlifə Ömər (r.a.) belə deyirdi: “Əbu Bəkir (r.a.) böyük səhabədir. Bilalı da o azad edib.” (Buxari, “Fədailül-əshab”, 23)

Zeyd ibn Harisə (r.a.) də zənci idi. Allah Rəsulunun evinə kölə kimi gəlmiş, peyğəmbər (s.a.s) də onu azad edib övladlığa götürmüşdü. Bu, o dövr üçün inqilab deməkdi. O zamankı cəmiyyətin bunu anlaması və qəbul etməsi müşküldü. Peyğəmbər (s.a.s) bir zənci köləni övladlığa götürür və özünü ona, onu da özünə varis edirdi (Buxari, “Məğazi”, 12; Əbu Davud, “Nikah”, 9; İbn Həcər, “Əl-isabə”, 2/599). Sonra da Zeydin oğlunu neçə-neçə böyük səhabələrdən ibarət müsəlman ordusuna sərkərdə təyin etmişdi (İbnül-Cəvzi, “Sifətüs-safvə”, 1/521).

Bundan əlavə Hz. Peyğəmbər (asm), çoxlu köləsi olan şəxslərin öz kölələrini azad etməsi üçün də təşəbbüs etmişdir. Məsələn, Cərir b. Abdullah vasitəsilə Yəmən hökmdarı Zülkelâ el-Himyeri’yə bir məktub göndərmiş, o da bu səbəbdən sahib  olduğu 4000 köləni azad etmişdir. (İbn Düreyd, s. 308; İbnü’l-Esîr, Üsdü’l-ğâbe, 2/176-177; İbn Hacer, el-İsabe, 1/492-493)

Xəlifə Hz. Ömər (r.a) Suriyaya gedirdi və yanında isə köləsi Əbu Yərfə vardı. O, dövlətin malından yalnız bir dəvə götürdü. “İki dəvə artıqdır. Əbu Yərfəylə sıra ilə minərik” dedi. Suriya xalqı, onu qarşılamaq üçün yola çıxmışdı. Xalq ilə Ömər İbn Xattabın arasında bir dərə vardı. Palçıq dolu bir dərə. Həmin vaxtı, dəvəyə minmək sırası Əbu Yərfəyə çatmışdı. Ömər İbn Xattab dedi ki : “Əbu Yərfə Dəvəyə min!”. Əbu Yərfə isə “Olmaz, Suriya xalqı şan-şöhrətə, dəbdəbəyə düşkündür. Kölə dəvə belində, xəlifə isə dəvənin ipini çəkəcək? Olmaz”. Ömər : “Əbu Yərfə dəvəyə!” Əbu Yərfə dəvəyə qalxdı. Ömər paltarının ətəklərini yığdı. Palçıqlı dərədən keçdi. Və dedi: – “Əbu Yərfə, şan-şöhrət və dəbdəbə ilə məni Kisralara, Qaysərlərə bənzədəcək xalq VARSIN, GƏLMƏSİN İSLAMA! Xəlifə budur! Xalqın xidmətkarıdır!”

O, palçıqlı ayağı ilə xalqın qarşısına çıxdı. Xalq Hz.Öməri (r.a) tanımırdı. Heç görməmişdilər. Xalq çaşdı bir anlıq. Bilmədilər ki, xəlifə kimdir? Dəvənin üzərində olanmı? ya, dəvənin ipini çəkənmi? Əbu Yərfə bunu hiss edib, xalqa əli ilə Hz.Öməri (r.a) göstərib, işarə etdi ki, xəlifə odur, mən deyiləm.

.

“Quranda zina etməyə icazə verilir” iftirasına cavab

13 Cümə axşamı Noy 2014

Posted by science1985 in Köləlik və cariyəlik

≈ Bir şərh yazın

İslamofob düşüncəli ateistlər Məaric surəsi 29-31-ci ayələr və Möminlər surəsi 5-6-cı ayələrə baxaraq iddia edirlər ki, guya Quranda müsəlmanlara cariyələrlə zina etməyə icazə verilmişdir.

Əvvəla qeyd edək ki, köləlik əsla İslamın cəmiyyətə gətirdiyi və təbliğ etdiyi bir sistem deyildir. İslamın köləliyə baxışı necədir? Davamını burdan oxuya bilərsiniz: https://dinisuallar.wordpress.com/2014/11/14/islamin-kol%C9%99liy%C9%99-munasib%C9%99ti-nec%C9%99dir-2/

Ateistlərin yuxarıdakı iddiasına cavab verməzdən öncə xüsusilə vurğulmaq gərəkdir ki, zina və onun haram olması anlayışı dini bir məfhum olmaqla bərabər şəriət qaydalarına əsaslanır və bu çərçivədə dəyərləndirilib hökm çıxarılır. Bu baxımdan ümumiyyətlə zinanın günah olduğunu qəbul etməyən və hətta şəriət qaydalarına inanmayan bir ateistin öz şəxsi düşüncə səviyyəsi və eqosuna uyğun olaraq nəyinsə zina olub-olmadığını müəyyən etməyə çalışması tamamilə absurddur. Çünki bütövlükdə Quranın hökmlərini qəbul etməyən ateist son nəticədə ona veriləcək istənilən cavabı da tərəddüd etmədən inkar edəcəkdir.

Digər tərəfdən isə sırf dinə bağlı bir hökm olduğu üçün zina qadağasını qəbul etməyən “müasir düşüncəli” islamofoblar tərəfindən “azad seks” adı altında gənclər arasında aparılan və cəmiyyətdə zinanın yayılmasına yönəlmiş iyrənc təbliğat onların Quran ayələrinə qarşı yuxarıda qeyd olunan iddialarının əslində nə qədər məntiqsiz və saxta olduğunu bir daha ortaya qoyur.

Gəlin yuxarıda adları çəkilən ayələrə baxaq:
Məaric surəsi
29. O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar (zina etməzlər);
30. Övrətləri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla qınanmazlar;
31. Bundan artığını istəyənlər isə həddi aşanlardır.

Möminlər surəsi
5. O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;
6. Ancaq zövcələri və sahib olduqları cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.
7. Bundan artığını istəyənlər həddi aşanlardır (Allahın əmrini pozanlardır).

Göründüyü kimi həm Məaric surəsi 30-cu ayədə, həm də Möminlər surəsi 6-cı ayədə “övrətləri və cariyələri istisna olmaqla” deyilir. Burada “cariyə” və “övrət” kəlimələri eyni cümlə daxilində yanaşı olaraq işlənmişdir. Başqa sözlə, ayədə keçən “istisna olmaqla” ifadəsi həm cariyə və eyni zamanda həm də övrətə aiddir. Bu isə o deməkdir ki, əgər istisna hal olaraq bir kişinin öz cariyəsi ilə zina etməsinə icazə verilirsə, deməli eyni şəkildə onun öz övrəti ilə zina etməsinə də icazə verilir.

İndi isə sual olunur: Bir kişi öz övrəti (həyat yoldaşı) ilə necə zina edə bilər?

Bu, əsla mümkün deyildir. Deməli, müvafiq olaraq ayələrdə “övrətləri və cariyələri istisna olmaqla” deyərkən əsla zina edilməsi nəzərdə tutulmur. Çünki zinanın qadağan edilməsi haqqında Quranda Allah Təalanın (c.c.) nazil etdiyi qəti hökm vardır:

“Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!” (İsra, 32)

Beləliklə, Məaric surəsi 29-31-ci ayələrdə və Möminlər surəsi 5-6-cı ayələrdə iki cür evlilikdən söz açılır:

  1. Azad qadınlarla evlilik
  2. Cariyələrlə olan evlilik

İslam alimlərinə görə kişinin bir qadınla birlikdə olması ancaq iki halda halal sayılır: nigah əqdi və yaxud milkül-yəmin əqdi (cariyəyə sahiblik hüququ) əsasında. (Reddu’l-Muhtar, 3/163).

Nigah əqdi – hər ikisi azad olan bir kişi ilə bir qadının qarşılıqlı olaraq ailə qurma və cinsəl yöndən bir-birindən faydalanma şərtlərinə uyğun olaraq bağladıqları bir müqavilədən ibarətdir.

Cariyələrlə bağlı olan evlilik isə ayələrdə “sahib olduğunuz cariyələr” şəklində ifadə edilmişdir. Dini terminologiyada buna “milkül-yəmin” və ya “akdul-milk” deyilir. Milkül-yəmin nigah əqdini əvəz edən hüquqi prosedurdur. Bu zaman nigah əqdi gərəkli sayılmaz. Çünki milkül-yəmin nigah əqdindən daha güclüdür. Nigah əqdi bir mənfəət əqdidir. Milkül-yəmin əqdində isə öncə sözü gedən şəxsə sahiblik hüququ vardır. Mənfəət əqdi də buna bağlı olaraq gerçəkləşmiş olar. (Mahmud Hamdi Zakzuk, et-Teserri adlı məqaləsi).

Cariyəyə sahib olmağı təmin edən əqd və sahiblik (satın alma, miras, qənimət və ya bağışlama yoluyla əldə etmə…) hüquqi bir prosedurdur və bu prosedur sahibi ilə cariyə arasında ər-arvad kimi yaşama haqqını verməklə nigah əqdindən daha güclü və əhatəli olaraq onun yerinə də keçməkdədir. (Prof. Dr. Hayrettin Karaman)

İslam fiqhində bu mövzuyla əlaqədar önəmli bir anlayış “Təsərri” məfhumudur. Təsərrinin mənası – cariyə hesab olunan qadını həyat yoldaşı olaraq almağa, onunla birlikdə olmağa qərar vermək deməkdir. İslam hüququna görə təsərri hadisəsi sadəcə cariyəyə sahib olmaqla gerçəkləşməz. Nigah əqdi xaricində normal qadınlarla evlilikdə lazım olan bütün şərtlərin hazırlanması gərəkdir.

Hənəfi məzhəbinə görə təsərrinin gerçəkləşməsi üçün iki şərt vardır:

  1. Normal azad qadınlardan olan həyat yoldaşlarına ayıdığı kimi birlikdə olmaq istədiyi cariyəsi üçün də xüsusi bir məskən ayırması.
  2. Digər həyat yoldaşlarıyla birlikdə olmaq üçün ayırdığı zamanı ona da ayırması. Əbu Yusufa görə ondan bir uşağa sahib oma arzusu da şərtdir. (el-Bedai’, 8/344-45-şamile)

Bu iki şərt Şafi məzhəbində də keçərlidir. (Muğni’l-Muhtac, 20/316; Nihayetu’l-muhtac, 29/343-şamile)

Göründüyü kimi adı keçən ayələri diqqətlə oxuduğumuz zaman ateistlər tərəfindən ortaya atılmış iddianın həmişəki kimi nə qədər yalan və böhtan xarakterli olduğu aydın olur.

Çolaq Addım

Çolaq Addım

Mövzular

  • Adəm peyğəmbər haqqında iddialara cavab
  • Allah Təala (c.c) haqqında suallara cavablar
  • Alın yazısı haqqında suallara cavablar
  • Ateist iddialarına cavablar
  • Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar
  • Digər peyğəmbərlər və dini suallar haqqında
  • Fəlakətlər: aclıq və xəstəliklər
  • Kainat və astrofizika – Yaradılış dəlilləri
  • Köləlik və cariyəlik
  • Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar
  • Musa peyğəmbər (a.s) haqqında iddialara cavab
  • Namaz, oruc, həcc ziyarəti ilə bağlı suallar
  • Niyə İslam?
  • Nuh peyğəmbər (a.s) haqqında iddialar
  • Qadınlar haqqında suallara cavablar
  • Quran ayələrindəki möcüzələr
  • Qurana qarşı iddialara cavablar
  • Ruh haqqında
  • Süleyman peyğəmbərlə bağlı iddialara cavablar
  • Terror və müharibə
  • Təsadüf haqqında
  • Yaxşılıq, xeyriyyəçilik
  • İnsan və təbiət – Yaradılış dəlilləri
  • İsa peyğəmbər (a.s) haqqında iddialar
  • İslam və müsəlmanlar
  • İslamda elm və mədəniyyət
  • İslamın zorla yayılmasına dair iddialara cavablar

Bloq Statistikası

  • 102. 292 hits
Follow Dini suallar on WordPress.com

Ən Populyar Yazılar & Səhifələr

  • "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
    "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
  • MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
    MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
Follow Dini suallar on WordPress.com

Son şərhlər

İskəndəriyyə kitabxanasının ya… üçün Ləman
“Nəhəng kainatdakı kiçik… üçün Ləman
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün science1985
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün Zaur
İddia: Quranda Kəhf surəsinin… üçün Qorxmaz
İsa peyğəmbərin (a.s) yaşaması… üçün Məmmədzadə Sədail

WordPress.com Bloqu. Mövzu: Chateau tərəfindən Ignacio Ricci.

Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here: Cookie Policy
  • İzlə İzlənir
    • Dini suallar
    • Already have a WordPress.com account? Log in now.
    • Dini suallar
    • Özəlləşdir
    • İzlə İzlənir
    • Qeydiyyatdan keçin
    • Giriş
    • Bu mühtəviyyat barəsində raport ver
    • View site in Reader
    • Manage subscriptions
    • Bu çubuğu daralt
 

Şərhlər Yüklənir...