Dinə qarşı dinsizlər tərəfindən səsləndirilən iddialardan biri budur ki, “Quranda Kəbənin təhlükəsiz yer olduğu deyilir. Lakin tarixdən də məlumdur ki, Kəbə sel kimi təbii fəlakətlərə məruz qalıb, elə isə Quranda səhv var.”

İddiaya cavab:

Həmin ayə Ali İmran surəsinin 97-ci ayəsidir. Bu ayədə belə deyilir:

ف۪يهِ اٰيَاتٌ بَيِّنَاتٌ مَقَامُ اِبْرٰه۪يمَۚ وَمَنْ دَخَلَهُ كَانَ اٰمِنًاۜ وَلِلّٰهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ اِلَيْهِ سَب۪يلًاۜ وَمَنْ كَفَرَ فَاِنَّ اللّٰهَ غَنِيٌّ عَنِ الْعَالَم۪ينَ

“Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır).”

Göründüyü kimi bu ayədə əmin-amanlıqdan, təhlükəsizlikdən bəhs edilir, ancaq nə cür bir təhlükəsizlik olduğu bildirilməyib. Belə olduqda bu ayədə əmin-amanlıq (təhlükəsizlik) üçün istifadə olunan sözün digər ayələrdə hansı məna bildirdiyinə baxmaq lazımdır. Əgər yoxdursa lüğət mənasına baxılmalıdır.

Bu ayədə istifadə olunan söz ”aminen”dir. Bu söz Quranda 6 dəfə keçir. Buradakı təhlükəsizlik üçün istifadə olunan ”aminen” sözü ilə nəyin nəzərdə tutulduğunu anlamaq üçün aşağıdakı ayələrə baxaq.

Fussilət Surəsi 40: ”Sözsüz ki, ayələrimizdən üz döndərənlər Bizdən gizli qalmazlar. Onda oda atılan kimsə yaxşıdır, yoxsa Qiyamət gününə TƏHLÜKƏSİZLİK (əmin-amanlıq) içində gələn kimsə?…”

Bu ayədən təhlükəsizlik sözünün hansı mənada istifadə edildiyini çox rahat şəkildə görmək olar. Burada bəhs olunan fiziki bir təhlükəsizlik (əmin-amanlıq) deyil, axirət əmin-amanlığıdır. Kəbəyə gedən Allah rızası üçün gedər və Allah yolunda olan biri təhlükəsizlikdədir. Ölüm və ya hər hansı bir fiziki zərər bu insana heç bir zərər verə bilməz.

Başqa bir ayəyə baxaq: Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) ƏMİN-AMANLIQ (təhlükəsizlik) yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə!( İbrahim Surəsi 35.)

Bu ayədə isə təhlükəsizlik (əmin-amanlıq) ifadəsi ilə doğru yolda olma nəzərdə tutulur. Hz. İbrahim Kəbə və ətrafını axirətini qurtarmış olan (təhlükəsizlikdə olan) insanların yurdu olmasını istəyir.

Digər tərəfdən klassik Ərəb dilində bu sözün ”qorxudan qorunma” və ”şərdən qorunma” kimi mənaları var. Gördüyünüz kimi bu söz bir neçə məna bildirir. Bu mənalardan yalnız birinə baxaraq Quranda səhv var demək çox böyük yanlışlıq olar.

Nədən İslam? adlı şəxsin şəkli.