Quranın əsil məqsədi insana ibadət və vəzifələrini öyrətmək, fərdi və ictimai həyatını sahmana salmaq və əbədi səadətə çatmasına vəsilə olmaqdır. Bir sözlə, Quranın ən birinci vəzifəsi insanın həyatını Yaradanın iradə və razılığı çərçivəsində şəkilləndirməkdir.
Digər məsələlərə isə onların mahiyyəti, önəmi və dəyəri nisbətində yer verilir. Quran bu şəkildə deyil, məsələn, bir qisim mədəniyyət xariqələrindən və elmi tərəqqidən açıq və təfərrüatlı şəkildə bəhs etsə idi, O ZAMAN BİR ÇOX MÜHÜM MƏSƏLƏLƏR VƏ YER ÜZÜNÜN ƏN MÜKƏRRƏM VARLIĞI-İNSAN ARXA PLANDA QALMIŞ OLARDI.
Bu baxımdan Quran bir çox elmi məsələlərə əsas məqsədlər çərçivəsində yanaşmış, onlara yığcam və ecazkar üslubla toxunmuşdur. Belə ki, Qurani-Kərimdə Uca Yaradanın qüdrət, əzəmət və hikmətlərini göstərmək üçün kainatda cərəyan edən bir çox hadisələrə bəzən aşkar, bəzən də üstüörtülü toxunduğunu, ip ucları verdiyini deyə bilərik.
Bunların bir neçəsinə misal verək:
1. “Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. Yoxsa onu yığıb saxlayan (bir yerə toplayan) siz deyilsiniz!” [Hicr surəsi, 15/22]
Bu ayə XX əsrdə aşkar edilən elmi bir həqiqətin 1400 il əvvəl Quranda xəbər verildiyini göstərir. Küləklər su buxarından meydana gəlmiş buludları toqquşdurur. Bu toqquşma zamanı buludlarda müsbət və mənfi yüklü elektronların boşalması hadisəsi baş verir, şimşək meydana gəlir. Küləklər buludları qovalayıb yeri “tozlandırır,” yəni yağış yağdırır (küləklərin qovduğu bu buludlar atmosferin soyuq layları ilə toqquşduqda buxarın kondensasiyası başlayır və yağış damlaları əmələ gəlir). Küləklər eyni zamanda bitkilərin üzərindən əsərək erkəkciyin tozcuqlarını dişiciyin ağızcığına qondurmaqla onları tozlandırır. Beləcə bitkilərin çoxalmasına yardım edir. Bu ayə həmçinin göydən enən yağış sularının yerin tərkində saxlandığına və bulud açmaq, quyu qazmaqla istifadəsinin mümkünlüyünə də işarə edir.
2. “Biz hər şeydən cüt-cüt yaratdıq” [ Zəriyət surəsi, 51/49],
“Yerin yetişdirdiklərindən, onların (insanların) özlərini və bilmədiklərini (erkək və dişi olmaqla) cüt yaradan Allah pakdır, müqəddəsdir.” [ Yasin surəsi, 36/36]
Elm adamlarının yaxın keçmişdə kəşf etdiyi bu həqiqəti Quran neçə-neçə əsr əvvəl xəbər vermişdir. İnsanlar kimi digər canlıların da cüt olduğunu bu gün hamı bilir. Hətta hər şeyin əsasını təşkil edən atomlar da cütdür. Onların bir qismi müsbət, bir qismi mənfi yüklüdür. Həmçinin hər şeydə cazibə və itələmə qüvvəsi adlanan əks xüsusiyyətlər özünü göstərir. İKİNCİ AYƏ İSƏ O DÖVRDƏ HƏLƏ MƏLUM OLMAYAN BİR QİSİM ŞEYLƏRİN DƏ CÜT YARADILDIĞINI BİLDİRİR: “…HƏLƏ SİZİN BİLMƏDİYİNİZ ŞEYLƏRİ DƏ CÜT YARATDI…”
3. “Biz göyü qüdrətimizlə yaratdıq və onu genişləndirməkdəyik.” [Zəriyət surəsi, 51/47]
Qurani-Kərim bu ayədə bu gün elm mərkəzlərində hələ də araşdırmaların tədqiqat obyekti olan məkan genişlənməsi məsələsini 1400 il əvvəldən xəbər vermişdir.
4. “Günəş də (qüdrət əlamətlərimizdən) bir dəlildir və özü üçün müəyyən olunmuş yerdə dövr edər.” [ Yasin surəsi, 36/38]
Quran əsrlər əvvəl qədim astronomiya elminin əksinə olaraq Günəşin bir yerdə durmadığını və öz yolu ilə hərəkət etdiyini bildirmişdir.
5. “(O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər.” [ Nəml surəsi, 27/88]
Qurani-Kərim bu ayədə dünyanın bir parçası olan dağları diqqət çəkərək hərəkət etdiyinə işarə eləmişdir.
Göründüyü kimi, kainat kitabının bir tərcümanı olan Quranda ən mükərrəm varlıq-insanla əlaqədar elmi məsələlər və həqiqətlər də verilmiş, əhəmiyyət və mahiyyəti nisbətində yerini almışdır.
QURANDA BƏYAN EDİLƏN COĞRAFİ HƏQİQƏTLƏRİ BİR SƏHRA SAKİNİN BİLMƏSİ MÜMKÜNSÜZDÜR.
Quranın Allah kəlamı olduğuna dair başqa bir dəlil isə belədir: Təbiət təsvir edən yazıçı daha çox yaşadığı yerin iqlimini, bitki örtüyünü, ümumiyyətlə, təbiətini, yaxud da gəzib-gördüyü yerlərin cizgilərini verir. Halbuki Quranda səhra və səhra həyatının təsvirindən çox gur çaylardan, yamyaşıl mənzərələrdən, torpağa can verən yağmur yüklü buludlardan, bağ-bağçalardan, dağlardan və dənizlərdən bəhs edildiyini görürük. Məsələn, “Nur” surəsində əngin dənizlərin zülmətindən danışılması, üst-üstə burulan dalğalardan, dalğaların başının üstünü buludların almasından və qatbaqat zülmətdə əlin görünməz olmasından bəhs edilməsi [ Nur surəsi, 24/40] və təsvir zamanı qeyri-adi bənzətmələrdən istifadə edilməsi nə o dövrün ərəb coğrafiyası, nə də dənizçilik lüğəti üçün xarakterik idi. Səhrada doğulub, səhrada böyüyən, yalnız gənc yaşlarında səhradan keçməklə iki dəfə Şama gedən Peyğəmbərimiz (s.a.v) nə Quranın bəhs etdiyi mənzərələri və bitki örtüyünü görmüş, nə də dəniz səyahətinə çıxmışdı.
“ƏNAM” SURƏSİNDƏ BİR İNKARÇININ HALI GÖYƏ DOĞRU YÜKSƏLƏRKƏN ÜRƏYİ DARALIB SIXILAN BİR İNSANIN VƏZİYYƏTİNƏ BƏNZƏDİLİR. [ Ənam surəsi, 6/125] Bu gün elmi tərəqqinin nəticəsində sübut olunmuşdur ki, lazımi cihazlardan istifadə etmədikdə DAĞLARIN ZİRVƏSİNƏ QALXDIQCA OKSİGEN AZLIĞINDAN İNSAN ÇƏTİNLİKLƏ NƏFƏS ALIR, ÜRƏYİ DARALIB SIXILIR. Bunu isə ancaq hava şarı ilə səmaya qalxmaqla və ya hündür dağlara dırmaşmaqla hiss etmək mümkündür. Allah Rəsulunun dövründə hava şarı ilə səyahət heç insanın xəyalına da gəlmirdi. Bir də ki, Ərəbistan yarımadası yüksək hündürlüyə malik dağlardan məhrumdur. Elə isə bu cürə bənzətmə və ifadə ancaq hər şeyi bilən Allaha (c.c) aid ola bilər.