Onun adı sivil elm dünyasında indinin özündə belə ən məşhur astronom alimlərdən biri kimi tanınır.
Üstündən 1050 ilə yaxın vaxt keçməsinə baxmayaraq, yazdığı əsərlər bu günə kimi öz əhəmiyyətini itirməyib. Hələ o dövrdə əksər ərəb tarixçiləri onu dünya elminin açarı hesab edirdilər. Onun haqqında fəxrlə: “Bu insanın bilmədiyi elm sahəsi, açmadığı sirli elm qapısı yoxdur, o, elmlərin şahı, elm xəzinəsidir”,-deyirdilər. Əsl adı Əbu Reyhan Məhəmməd olan və türk dünyasının bəşəriyyətin elm və mədəniyyat xəzinəsinə bəxş etdiyi dahi elm fədailərindən biri kimi şöhrət qazanan bu böyük insan özündən 600 il sonra Avropada yeni bir intibahın başlamasına səbəb oldu.
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl Biruni 973-cü ildə Türküstanın, türk dünyasının elm və mədəniyyət mərkəzlərindən biri olan qədim Xarəzmin Kət (başqa məlumatda isə Qəznə) şəhərində anadan olub. Atası bölgənin məşhur türk ailələrinin birinin başçısı olan Əbu Cəfər Əhməd şah sarayında münəccim idi. Lakin, saray əhli atasına böhtan ataraq, onu saraydan qovurlar. Bundan sonra Əbu Cəfər Əhməd çarəsiz qalıb yaxınlıqdakı doğma türk qövmlərinin yaşadığı kəndə köçür və ailəsi ilə birlikdə burada yaşamağa başlayırlar. Kənddə yaşayan türklər onlara qucaq açaraq, burada yaşaya bilmələri üçün yardım edirlər. Amma şəhər həyatından kənd həyatına düşdükləri üçün bir müddət yerli camaatla qaynayıb qarışa bilmirlər. Özlərini daim kənddə qərib, yad hiss etdikləri üçün əhali onları Biruni (bir, tək) adı ilə çağırmağa başlayır və onlar bu adla da şöhrət tapırlar. Atasının astronomiya sahəsi ilə maraqlanması və göy cisimlərini öyrənməsi və sarayda münəccimliklə məşğul olması uşaq yaşlarındən Əbu Reyhan Məhəmməd ibn Əhməd əl Birunidə bu sahəyə böyük maraq oyatmışdı. Əbu Reyhan ilk dərslərini belə demək mümkünsə atasından aldı. Sonra o vaxtlar üçün mükəmməl təhsil verən yerli mədrəsədə dərs alan Əbu Reyhan Biruni qısa müddətdə istedadı ilə müəllimlərini özünə heyran etməyə başlayır. Hər şeylə maraqlanan və hazırcavablığı ilə həmyaşıdlarından seçilən Biruni həm də, həmin dövrdə astronomiya ilə yanaşı tibb elmi ilə də yaxından maraqlanırdı. Buna da səbəb həmin dövrdə Türküstanda Cənubi Azərbaycanın Təbriz şəhərindən olan məşhur bir türk həkimin Əbu Reyhanın istedadını görüb onu tibbə həvəsləndirməsi olmuşdu. Türk həkim Əbu Reyhan Birunidə tibbə həvəsi daha da gücləndirmək üçün ona dərman bitkilərini toplamağı tapşırır. Qısa müddətdə təbrizli türk həkimin tapşırıqlarını yerinə yetirən Biruni minə yaxın dərman bitkisi ilə müalicə etməyi öyrənir. Lakin onda astronomiyaya və riyaziyyata maraq olduqca güclü idi. Bunu nəzərə alan atası Birunini o dövrdə Türküstanda məşhur olan astronomiya və riyaziyyat alimi Əbu nəsr İraqlının yanına qoydu. Biruni astronomiya və riyaziyyat elmlərini dövrünün məşhur alimlərindən olan Əbu Nəsr İraqlıdan öyrəndi. Gənc Biruni öz dövrünün bir çox elmlərini Xarəzmdə öyrəndi, o vaxt Xarəzm adlı-sanlı alimlərin mərkəzi idi. Məşhur türk filosof və həkim ibn Sina o vaxt Xarəzmdə yaşayırdı. Bu iki gənc alim təbii elmlər barədə danışıqlar aparırdılar .
SƏYAHƏTƏ ÇIXIR VƏ SARAYDA:
Əbu Reyhan Biruninin istedadı ilə fərqlənməsi və əhali arasında məşhur olması şah sarayına da gedib çatmışdı.
Özünün bilik və bacarığı nəticəsində gənc yaşlarında başqalarından fərqləndiyindən Xarəzmşahlar sarayında olan elm adamlarının diqqətindən yayınmamış, dövlətin diplomatik fəaliyyətinə rəhbərlik etmişdir. Dövrün məşhur şəxslərindən hesab edilən Əmir Əbu Nəsir Mənsur gənc Biruninin parlaq zəkasının və aktivliyinin şahidi olduqdan sonra onu öz himayəsinə götürərək, İbn-Sina, Samət Əl-Həkim kimi dahi alimlərin ona dərs verməsinə və onların dostlaşmasına səbəb olmuşdur.
Birunidə astronomiyaya və riyaziyyata olan böyük maraq, ətraf xalqları öyrənmək həvəsi onda səyahətə çıxmağa böyük həvəs oyatmışdı.
Ona görə də 25 yaşında ikən səyahətə çıxmağı qərara alır. Əbu Reyhan Biruni 25 yaşında ikən Xarəzmdən o vaxtlar əhalisinin 90 faizi türklərdən ibarət olan Xorasana, oradan isə digər türk yurdu olan Rey və Təbəristana gedir. Getdiyi yerlərdə qədim kitabxanalarda olan kitabları tədqiq edən Biruni həmçinin bu yerlərin təbiəti, əhalisi, yerləşdiyi coğrafi enlik, iqlim qurşağı barədə məlumatlar toplayır.
Sonra Biruni Qonbədi Qabus şəhərinin yaxınlığında yerləşən Cürcan şəhərinə getdi və orada bir müddət ziyarilərdən olan elmsevər Əmir Qabus Vəşmgirin sarayında çalışdı. Gənc alim “Asarül-Baqiyə” kitabını da məhz orada yazdı. O vaxt Biruninin 28 yaşı var idi. Qabus Vəşmgir Əbu Reyhana vəzirlik vəzifəsi təklif etsə də, o razılaşmadı və bir neçə ildən sonra Xarəzmə qayıtdı. Lakin Xarəzmdə də uzun müddət qala bilmədi. Bu arada isə Gürgan hökmdarı Qabus ibn Vəşmgir israrla elçini elçi dalınca göndərərək, Birunini saraya dəvət edirdi. Qabus ibn Vəşmgirin israrlarına dözməyərək onun dəvətini qəbul edən Biruni saraya gəldi və bir müddət burada ölkənin idarə edilməsində yaxından iştirak etdi. Eyni zamanda saray kitabxanası ilə yaxından maraqlanan və burada tədqiqatlarını davam etdirən Biruni ona böyük şöhrət gətirən “Keçmiş nəsillərdən qalan izlər” kitabını yazdı. O, bu kitabını Qabus ibn Vəşmgirə həsr etdi.
SULTANIN XİDMƏTİNDƏ:
XI əsrin əvvəllərində Xarəzm məşhur türk sərkərdəsi və islam dininin Əfqanıstanda, Pakistanda və Hindistanda yayılmasında əvəzsiz xidmətləri olan görkəmli dövlət xadimi Mahmud Qəznəlinin nəzarətinə keçdi. Həmin dövrdə sultan Mahmud Qəznəlinin qurduğu dövlətin ana şəhəri Qəznə şəhəri idi. Biruninin elmindən və istedadından xəbərdar olan sultan Mahmud Qəznəli onun və tanınmış digər xarəzmli alimlərin də Qəznədə yaşamasını istədiyini bildirdi. Biruni sultanın bu təklifini qəbul edərək bir neçə alimlə Qəznəyə getdi. Biruni ömrünün sonunadək Qəznəlilərin hökumət aparatında məşğul oldu. Sarayda kifayət qədər hörmətə malik olan Biruni eyni zamanda sultanın göstərişi ilə islam dininin yerli əhali arasında yayılmasında və dinimizin təbliğ edilməsində önəmli xidmət göstərmişdi. Bəzi rəvayətlərə görə sultan Mahmud Qəznəli Birunini yanına çağıraraq: “Mən bu torpaqları özüm üçün ələ keçirmədim. Mənə torpaq lazım deyil, imperiyam kifayət qədər genişdir. Mənim məqsədim islam dinini yaymaq və bundan sonra rahat uca Allahın dərgahına getməkdir. Sizin vəzifəniz ələ keçirilən torpaqlarda dinimizi yaymaqdır. Mən qılıncla, siz də elminizlə dinimizin yayılmasına yardım edin, bu da sizin borcunuzdur”,-demişdi.
Biruni və saraydakı digər alimlər sultanın tapşırığına əməl edərək, yerli əhalinin ağsaqqalları ilə görüşür, onlara islam dininin əsaslarını izah edirdilər. İslam dinin haqq və ədalət dini olduğu qənaətinə gələn on minlərlə pakistanlı və hindistanlı islam dinini qəbul etdi. Nəticədə islam dini sürətlə bölgə əhalisi arasında yayılmağa başladı.
Həmin dövrdə alim vətəni Xarəzm üçün darıxırdı. Ona görə də sultandan xahiş edərək, bir neçə dəfə Xarəzmə gələrək, burada keçmiş günlərini xatırladı, valideynləri, yaxınları, qohumları ilə görüşdü, əzizlərinin qəbrlərini ziyarət etdi. Geriyə, Qəznəyə qayıtdıqdan sonra sultan Mahmud Qəznəlinin Hindistana yürüşlərində də onunla birlikdə iştirak etdi. Biruninin bu səfərlərdə məqsədi, hind xalqının mədəniyyətini öyrənmək idi. O 13 il müddətində Hindistanda tədqiqatla məşğul oldu. Hinduların qədim müqəddəs dilləri olan sanskrit dilini öyrəndi və özünün dəyərli əsəri olan “Təhqiqi Maləl-Hindi “yazdı.
Amma bəzi saray adamları sultan Mahmud Qəznəlinin elm adamlarına böyük hörmət göstərməsindən narahat idilər. Ona görə də onlar elm adamları, o cümlədən Biruni haqqında sultanda mənfi rəy formalaşdırmağa nail olmuşdular. Sultan da öz növbəsində onların təsiri altında ömrünün son illərində elm adamlarının fəaliyyətinə şübhə ilə yanaşmağa başlamışdı. Biruninin açıq sözlü olması, həqiqəti deməyi sevməsi sultana nə üçünsə xoş gəlmirdi. Belə bir vəziyyətdə sultanın hər an Birunini cəzalandıra bilməsi təhlükəsi meydana çıxmışdı. Amma sultanın ölümündən sonra belə bir təhlükə aradan qalxdı.
Sultan Mahmud Qəznəlinin ölümündən sonra Biruni onun oğlu Məsud Qəznəlinin adına “Qanuni Məsudi” kitabını yazdı.
Biruninin elm dairəsi, məşğul olduğu elm sahələri olduqca geniş və çoxtərəfli idi. O həm astronomiyanı, həm riyaziyyatı, həm fizikanı, həm biologiyanı, həm coğrafiyanı, həm tarixi, həm də müxtəlif dillərdə danışan xalqların, millətlərin mədəniyyətini çox gözəl bilirdi. Ona görə Sultan Mahmud Biruniyə böyük hörmət edir, onun elmi səviyyəsini olduqca yüksək qiymətləndirirdi. Yenə də burada böyük türk hökmdarı, siyasətçisi və görkəmli dövlət xadimi Sultan Mahmud Qəznəlinin elm adamlarına verdiyi xüsusi qiymətdən danışmamaq olmur. Bunu türk-islam dünyasının böyük sərkərdəsi və dövlət xadiminin Firdovsiyə türk hökmdarlarının tarixini, qəhrəmanlığını nəzmə çəkmək və möhtəşəm bir əsər yaratmaq üçün verdiyi sifariş də bir daha sübut edir. Nəticədə Sultan Mahmud Qəznəlinin sifarişi ilə Firdovsi məşhur “Şahnamə” əsərini yazdı. Ancaq bu əsərdə daha çox İran tarixinin işıqlandırılması və İran-Turan müharibələrində farsların təəssübkeşliyini çəkməsi vətənpərvər bir türk hökmdarı olan Sultan Mahmud Qəznəlini qəzəbləndirdi və ona bu əsərə görə vəd etdiyi 60 min dirhəm qızılı vermədi. Bununla belə, elm adamlarının əməyini qiymətləndirməyi bacaran məşhur dövlət xadimi əsl türklərə xas olan mərdlik nümayiş etdirərək sonralar Firdovsiyə vəd etdiyi pulu ona göndərdi.
Yəni bu, böyük türk hökmdarının elmə verdiyi qiymətdən irəli gəlirdi. Yeri gəlmişkən, onu da deyək ki, türk hökmdarları tarixində ilk dəfə “Sultan” titulu Mahmud Qəznəliyə verilib. Xatırladaq ki, Mahmud Qəznəli 1001-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəli dövlətinə qatmışdı. Sultan Mahmud Qəznəli 1029-cu ildə hazırda farsların əsarəti altında olan və özü ilə eyni soy-kökdən olan Cənubi Azərbaycan türklərinin ana şəhərləri olan Rey, Həmədan və İsfahanı, az sonra Gur əyalətini tutdu. Sultanın hakimiyyətinin son dövründə Qəznəli dövləti Hindistandan Xarəzmə və Xəzər sahili torpaqlara qədər ərazini əhatə edirdi.
Xatırladaq ki, Sultan Mahmud Qəznəli 1002-ci ildə I Xələfi devirərək Səffarilər dövlətinə son qoymuşdu. 1008-ci ildə Racput Konfederasiyasını məğlub edən Sultan Mahmud Qəznəli Şahilər sülaləsini Hindistanın dərinliklərinə qovdu. Sultan Mahmud Rey və İsfahan kitabxanalarını Qəznəyə köçürərək, buranı öz dövlətinin və bölgənin elm, mədəniyyət mərkəzinə çevirmişdi.
SULTAN MAHMUD BİRUNİNİ SINAYIR:
Rəvayətə görə, Biruninin elm bilicisi və onun böyük alim olması barədə Sultan Mahmuda ətrafındakılar çoxlu məlumat vermiş, onu tərifləmişdilər. Sultanın ətrafındakılar ona demişdilər ki, Əbu Reyhan nücum elmini çox gözəl bilir və insanın ürəyini özünəməxsus şəkildə sanki oxuyur, elmi ilə onun nə edəcəyini öncədən müəyyən edə bilir. Yalnız uca Allahın hər şeyə qadir olduğunu həmişə təkrar edən Sultan Mahmud əmr etdi ki, Birunini hüzuruna gətirsinlər. Hökmdarın hüzurunda təzim etdikdən sonra Sultan Mahmud onu yanına çağırmasının səbəbini bildirərək: “Hər şeyə agah olan yalnız Allahdır,”-dedi.
Buna cavab olaraq, Biruni Sultanın onu imtahan etməsini xahiş edərək: “Əgər Sultanın şübhəsi varsa, gizli fəzilət və bacarığı üzə çıxarmaq üçün imtahan etsin”,-dedi.
Onun özünə belə arxayın danışması bütün varlığı ilə uca Allaha bağlı olan Sultan Mahmud Qəznəlinin xoşuna gəlmədi. Ona görə də əsəbi halda Biruniyə: “Allahdan başqa insanın sirrini bilən yoxdur. Ürəyimdə olan bir fikri tap və de görüm, mən bu qəsrin hansı qapısından çıxacağam”,-dedi.
Söhbətdə iştirak edən bütün saray əyanları donub qalmışdılar və onlar artıq Biruninin sonunun çatdığını düşünürdülər. Çünki Sultanın ürəyindəkini tapmaq ot tayasında iynə axtarmaq kimi bir şey idi. Bir də sarayın 12 qapısı vardı və Sultanın bu 12 qapının hansından çıxa biləcəyini müəyyən etmək mümkün olan işə oxşamırdı. Amma Biruni sakit görünürdü, o heç nə olmamş kimi üstürlab adlanan astronomik cihazı götürüb, nə isə ölçməyə başladı, sonra isə cavabı kağıza yazıb Sultana təqdim etdi: “Cavabı tapdım və kağıza yazdım”.
Sultan əmr etdi, qəsrin qarşısındakı divarı uçurtdular və o oradan bayıra çıxdı.
Sonra qayıdıb Birunin verdiyi kağızı oxudu. Biruni kağızda yazmışdı: “Sultan heç bir qapıdan çıxmayacaq, qarşı divarın yarığından çıxacaq”.
Cavab düz olsa da Sultan qeybin və gələcəyin yalnız Allah tərəfindən bilindiyini söylədi. Adətən, elm adamlarına böyük qiymət verən Sultanı daha çox Biruninin onun qabağında cəsarətlə danışması əsəbiləşdirmişdi. Dünyanı fəth edərək islam dinini Cənub Şərqi Asiyaya yayan bu böyük sərkərdə ilk dəfə idi ki, sözünün qabağına söz qoyulduğunun şahidi olurdu. Ona görə də Sultan Biruniyə: “Cavabı düz tapdın, ancaq hökmdarın qarşısında olduğunu unutdun”,-deyərək əmr etdi ki, onu sarayın üstündən yerə atsınlar. Amma Sultanın Birunini öldürməsindən peşman olacağını bilən və alimə böyük hörmət bəsləyən vəzirlərdən biri gizlicə göstəriş verdi ki, imarətin aşağısına pambıq töksünlər. O bununla da imarətin başından yerə atılan Biruninin sağ-salamat qalmasına nail oldu.
Həqiqətən də, bir neçə gündən sonra Sultan Mahmud böyük alimi öldürtdüyünə peşman olaraq ətrafındakı vəzirlərinə: “Mənə niyə Birunini öldürtməyə mane olmadınız, axı onun günahı yox idi, siz də bunu bilirdiniz”,-deyə soruşdu.
Biruninin sağ qalmasına səbəb olan vəzir isə həyatını riskə ataraq alimin sağ olduğunu söylədi. Halbuki o bilirdi ki, əmri icra etməmək üstündə Sultan onu edam etdirə bilər. Lakin vəzir cəsarətini toplayaraq: “Əgər Sultan icazə versə, Birunini hüzuruna gətirərəm”,-dedi.
Sultan: “Məgər onu damdan aşağı atmadınız?”-deyə vəzirdən soruşdu.
Vəzir isə Sultana cavabında dedi ki, siz onda çox əsəbiləşdiniz və alimi müdafiə etmək xahişimizi yerə salacaqdınız. Ona görə də çıxış yolunu alimin sağ qalması üçün imarətin aşağısına pambıq tökməkdə gördük. Bununla həm sizin əmriniz yerinə yetirildi, həm də alim sağ qaldı.
Rəvayətə görə, Sultan vəzirin bu tədbirindən razı qaldı və sonra da Birunini hüzuruna çağırtdıraraq: “Əgər istəyirsən Sultan səndən razı qalsın, gərək onun sözünə uyğun söz danışasan, öz elminə müvafiq yox”,-dedi və sonra da ondan üzr istədi.
Bütün bunlar da Sultan Mahmud Qəznəlinin əsəbiləşməsinə, yanlış qərar verməsinə baxmayaraq, elm adamlarına münasibətdə həmişə həssas olduğunu göstərir.
Onu da bir daha qeyd edək ki, Sultan Mahmud Qəznəli Hindistanı özünə tabe etdikdən sonra Biruni oraya getmiş, burada elmlə məşğul olmaq üçün, ilk növbədə, sankskritcə öyrənməyi qarşısına məqsəd qoymuş və qısa müddətdə istəyinə nail olmuşdu. Bundan sonra Biruni elmi araşdırmalar aparır, həndəsə, triqonometriya, astronomiya və coğrafiya sahəsində böyük uğurlar qazanır, hətta tibb sahəsində də fəaliyyət göstərirdi.
Elmdə müəyyən nailiyyətlər əldə etmək üçün alimlər yeni-yeni kəşflər edirdilər. Bu sahədə Biruninin də öz dəsti-xətti olmuşdur. O, metalların xüsusi çəkilərini özünəməxsus üsullarla ölçmüşdür. Lakin onun ən böyük nailiyyəti astronomiya sahəsində olmuşdur. Belə ki, yaratdığı teleskopun diametri o zaman üçün ağlagəlməz ölçüdə – 7,5 metr olmuşdur.
ƏBU-REYHANIN ELMİ TƏDQİQATLARI VƏ ƏSƏRLƏRİ:
Əbu Reyhan Biruni həyatı boyu elmlə məşğul olmuş, astronomiya, riyaziyyat, fizika, biologiya, geologiya, coğrafiyaya aid çoxsaylı əsərlər yazmışdı- Məsələn, böyük alim Pakistan ərazisində olan Nəndənə qalasında apardığı tədqiqatlar nəticəsində müəyyən etmişdi ki, Yer kürəsinin radiusu 6338,8 kilometrdir. Bu gün dəqiq və həssas cihazlarla işləyən astronomlar Yer kürəsinin radiusunun 6378,160 kilometr olduğunu sübut etmişlər. Bunu o dövrdə etmək və dəqiq hesablamaq, həqiqətən də, asan iş deyildi və bu Biruninin nə qədər böyük alim olduğunu bir daha sübut edir.
Qeyd edək ki, dünya elm tarixində ilk astronomik ensiklopediyanın yaradılması da Biruniyə məxsusdur. Bu müstəvidə də Biruni Yer kürəsinin öz oxu ətrafında və Günəş ətrafında fırlanmasını elmi yolla sübuta yetirən böyük türk-islam alimidir. Bu baxımdan Əbu Reyhan Biruni Kopernikdən 500 il əvvəl Yer kürəsinin öz oxu ətrafında və Günəş ətrafında fırlanmasını elmi yolla sübuta yetirib. Yenə də qeyd edək ki, Birunidən 500 il sonra Kopernikin türk-islam aliminin dediklərini təkrar etməsini Qərb dünyası qəbul etmədi. Buna baxmayaraq, bütün Qərb aləmi yüzilliklər ərzində Biruninin kəşflərindən, onun ideyalarından, ümumiyyətlə, müsəlman alimlərin elmə gətirdikləri yeniliklərdən istifadə edərək, yeni elmi-texniki tərəqqinin əsasını qoydular. Qərbin Biruniyə verdiyi böyük qiyməti keçən əsrin ikinci yarısında Aydakı kraterlərdən birinə onun adının verilməsi də sübut edir. Xatırladaq ki, Ay xəritəsində daha iki böyük türk-islam aliminin, Nəsirəddin Tusi və Uluq bəyin adlarına kraterlər var.
Biruninin müxtəlif elm sahələrinə aid yazdığı əsərlər ona böyük şöhrət gətirib. Buna da səbəb onun müxtəlif elm sahələrini olduqca dərindən bilməsi idi. Biruni hansı sahəyə üz tuturdusa orada hökmən bu gündə belə dünyamızı heyrətləndirəcək elmi kəşflər edirdi.
Məsələn, məşhur türk-islam aliminin yazdığı “Əl-Baqiyyə” əsərində təbii hadisələrin elmi izahı verilir və onların səbəbləri araşdırılırdı.
Bu əsərində Biruni ilk dəfə olaraq, suyun yuxarı fışqırdığı quyu və bulaqların meydana gəlmələrinin səbəbini elmi əsaslarla izah edib və bununla da bu təbii hadisənin arxasında olduqca dəqiq hesablanmış elmi səbəblər dayandığını bəyan edib. Alim xalq arasında geniş yayılan, guya hansısa ayda yerdəki bütün şor suların bir saat müddətinə şirinləşməsi ilə bağlı fikirlərin səhv olduğunu bəyan edib. Biruni xalq arasında yayılan bu inamı rədd edərək yazıb ki, belə bir şey mümkün deyil. Suyun xasiyyəti yalnız ya onun cərəyan etdiyi, ya da ki, toplaşdığı yerdən asılıdır. Birunidən yüz illər sonra Qərb alimləri bu hadisəni başa düşdülər və məsələ ilə bağlı məşhur türk-islam aliminə əsasən su quyuları və bulaqlar barədə elmi izahat verdilər. “Əl-Baqiyyə” əsərinin bir önəmli tərəfi də onda ərəb və yunan təqvimlərindən elmi şəkildə bəhs edilməsi və onların izahlarının verilməsidir. Bundan əlavə adıçəkilən əsərində Biruni qonşu xalqların adət-ənənələri, onların həyat tərzi, müxtəlif sivilizasiyaların elmi, siyasi, fəlsəfi inkişafı barədə analitik məlumatlar verib.
Biruninin Qəznəli sultanı Məsuda həsr etdiyi “Qanuni Məsudi” kitabında astronomiyanın tarixinə nəzər salınıb və bu sahədə vaxtı ilə çalışan alimlərin elmi fikirləri elmi şəkildə şərh edilib. “Qanuni-Məsudi” adlı kitabda Biruni yazır: “Hindistanda düz səhrada dağlara rast gəldim ki, onun düzlüyü dəniz səviyyəsinin düzlüyü ilə eyni idi. Üfüqün dairəsini ölçdüm.”
Bunun da nəticəsində məşhur türk-islam alimi Yerin Günəş ətrafında fırlanması qənaətinə gəlib. Bu baxımdan Yerin Günəşin ətrafında fırlanması haqda danışan Biruni Şərqin və dünyanın ilk alimi oldu. Həmin dövrdə Yerin Günəş ətrafında fırlanmasını söyləmək olduqca təhlükəli, nəinki dini, həm də elmi baxımdan qəbul edilməsi mümkün olmayan bir iş idi. Belə ki, Biruninin dövründə Yerin Günəş ətrafında fırlanması elmi baxımdan sübut edilməsi mümkün olmayan bir xülya hesab edilirdi. Buna baxmayaraq, məşhur alim Yerin Günəş ətrafında fırlanmasının elmi izahını verdi və bunu o dövr üçün əldə olan elmi-texniki imkanlarla sübut etməyə çalışdı. Yeri gəlmişkən, onu da deyək ki, Birunidən əsrlər sonra belə, Qərbdə Yerin Günəş ətrafında fırlanmasını qəbul edə bilmir, bununla bağlı deyilən fikirlərə qarşı çıxırdılar. Lakin məşhur alim Kopernik Biruninin elmi tədqiqatlarına əsaslanaraq Yerin Günəş ətrafında fırlanmasını elmi dəlillərlə irəli sürdü. O bu fikirlərini 1516-cı ildə qələmə aldığı “Kiçik mülahizələr” adlı əsərində elmi yollarla izah etdi.
Otuzillik gərgin əməkdən, uzun müşahidələrdən və çətin riyazi hesablamalardan sonra Kopernik sübut etdi ki, Yer bir planetdir və bütün planetlər Günəş ətrafında dövr edir.
Kopernik bildirirdi ki, Yer kürəsindəki müşahidəçi Yerin tərpənməz olduğunu, Günəşin isə onun ətrafında fırlandığını düşünür. Əslində isə Yer Günəş ətrafında fırlanır və bir il ərzində öz orbiti ətrafında tam dövrə vurur.
Digər məşhur alim Qaliley də Birunidən yüz illər sonra Yerin Günəş ətrafında fırlandığı qənaətinə gəldi.
Qaliley 1611-ci ildə Romaya getdi və oradakı Elmlər Akademiyasına üzv seçildi. Florensiyaya dönüşündə hidrostatika üzərinə bir çox professorun etirazına səbəb olan kitabı ilə 1613-cü ildə Günəş ləkələri barədə yazdığı əsərini nəşr etdirdi. Bu əsərində Qaliley Kopernik sistemini açıq bir şəkildə müdafiə etdi. Buna görə alim kilsə inkvizisiyasının ağır hücumuna məruz qaldı. 1615-ci ildə şəxsən Romaya gedərək öz iddiasını müdafiə etsə də, yalnız 1616-cı ildə Papa Beşinci Paul tərəfindən alimin kitablarının tədqiqi üçün bir komissiya yaradıldı. Bu komissiya Qalileyin kitablarını qadağan etmədi; alimdən yalnız dünyanın öz oxu ətrafında döndüyü iddiasından imtina etməsini istədi.
BİRUNİNİN DİGƏR KƏŞFLƏRİ
Məşhur alimin digər elmi tədqiqatı qiymətli daşlar və metalların xüsusi çəkiləri və yerdən çıxarma metodunun xasiyyəti barədədir. Biruni qiymətli daşlar və metalların xüsusi çəkilərini əldə etmək üçün son dərəcə ustalıqla düzəldilmiş aparatlardan istifadə edirdi. Bu aparatlarla bir cismin içərisinə atılması nəticəsində yerdəyişməyə uğrayan suyun həcmini ölçmək olar. Biruni bu üsulla on səkkiz qiymətli daş və metalın xüsusi çəkisini əldə etməyə müvəffəq oldu. Biruninin əldə etdiyi xüsusi çəkilər bu gün alimlərin əldə etdiklərinə son dərəcə yaxındır. Məsələn, Biruni qızılın xüsusi çəkisini on doqquz, lazur daşının çəkisini isə 3,91 müəyyən etmişdi. Bu maddələrin çəkilərini müvafiq olaraq, 19,3 və 3,91 müəyyən ediblər. Həmin dövrdə türk sultanlarının saraylarında belə, fars dili geniş işləndiyindən, fars dili həmin dövrdə ərəb dili ilə yanaşı elm dili olduğundan Biruni fars dilində “Əl-Təfhim” adında bir kitab yazıb. Bu kitabda o zaman ərəb dilində olan bütün astronomik terminlər üçün farsca ekvivalentlər verilib. Biruni bu kitabı yazmaqla fars dilində elmi termin və ifadələrin işlədilməsi üçün yol açdı. O, ərəb dilini bilməyən türklərin fars dilinə az çox bələd olduqlarını nəzərə alaraq, astronomiya elminin çətin mövzularını izah etməyə çalışdı.
Biruni ədəbiyyat və elmi tənqid sahəsində də ustad idi. O, iranlı alim və həkim-Məhəmməd ibn Zərkəriyya Razinin bəzi əsərlərini araşdıraraq, onları tənqidi baxımdan izah etdi. O, altı dastan yazıbdır ki, onlardan biri, “Vamiq və Ozra” adlı aşiqanə əfsanə olubdur. Hind və iranlı köklərə malik olan bu altı dastan bu gün əldə yoxdur.
HİNDİSTANDA ELMİ FƏALİYYƏTİ:
Biruninin elmi fəaliyyətində Hindistan səfəri və oradakı kitabxanalardakı qədim əsərlərlə tanışlığı da xüsusi yer tutur. O, Hindistan dilini öyrəndi və yerli alimlərlə görüşərək onların müxtəlif məsələlərə münasibətini öyrəndi. Biruni Hindistan səfəri ilə bağlı “Təhqiq Maəlləhənd” kitabını yazdı. O, bu kitabında Hindistanın ictimai durumu və adət-ənənələri, habelə fəlsəfə tarixi barədə olan qədim dövr haqqında geniş məlumat verib. Ona bu kitabı yazmaq olduqca çətin başa gəlib. Çünki məşhur türk-islam alimi sanskrit dilini öyrənməli, hindlilərin kitablarını toplamalı olub. Qeyd edək ki, o dövrdə hindli alimlər qəznəlilərə yaxın durmur, onlardan uzaq qaçırdılar. Buna səbəb isə qorxmaları idi. Halbuki qəznəli sultanlar elm adamlarına həmişə hörmət edir, onlara qayğı ilə yanaşırdılar.
Biruni də həmin alimləri çətinliklə axtarıb tapır, onlara Qəznəlilərdən heç bir təhlükə gəlmədiyini izah edir, onlarla xoş münasibətlər qururdu.
Biruni bu alimlərin köməkliyi ilə hindlilərin kitablarındakı bəzi yazıların dərkində, onun üçün yaranmış çətinlikləri aradan qaldırmaq istəyirdi. Biruni həmin kitabın yazılış üsulu barədə yazır: “Mən hindlilər haqqında böhtan və yalan olmayan kitabı yazdım. Onların əqidələri və sözlərini olduğu kimi qələmə aldım. Əgər bu sözlər müsəlmanların nəzərlərində xoşagəlməz olurdusa, onlara deyirdim ki, bu, onların əqidəsidir. Mən hindlilərin əqidələrini olduğu kimi bəyan etmək və onlardakı oxşarlıqları başqa xalqlara göstərmək istəyirəm”. Biruni “Təhqiq Maəlləhənd” kitabında istifadə etdiyi mənbə və kitabların adlarını çəkir və əsas mətnin bir hissəsini öz yazısında göstərir ki, oxucu onun sözlərinin düzgün olduğuna şübhə etməsin..
Biruni Hindistanda olduğu müddətdə riyaziyyat, fəlsəfə və tibb barədə olan bir neçə dəyərli kitabı sanskritdən ərəbcəyə tərcümə etdi. Məşhur türk-islam alimi olan Biruni Hindistanın müxtəlif məntəqələri və bəzi şəhərlərinin coğrafi uzunluğu və enini həndəsə və triqonometriyadan istifadə və özünün ixtira etdiyi üsulla ölçdü.