Dinə qarşı ateist və dinsizlərin ən çox səsləndirdikləri iddialardan biri də budur ki, kainatımız həddən artıq böyükdür və bu nəhəng kainatda bizim Günəş sistemi, hətta içində yaşadığımız Yer planeti və insanoğlu fiziki ölçülərinə görə çox-çox kiçikdir. Hətta insanoğlu kainatın fiziki ölçüləri ilə müqayisədə bəlkə zərrədən də kiçik və önəmsizdir. Yəni bu iddianın təməlində duran əsas fikir ondan ibarətdir ki, ucsuz-bucaqsız kainatda milyardlarla irili-xırdalı ulduz və planetlər mövcud olduğu halda kiçicik bir Yer planetində yaşayan zərrə boyda insanlara din, kitab və peyğəmbər göndərərək onlara ilahi hökmlər qoymaq, yaşam qaydaları öyrətmək uca Yaradanın nəyinə gərəkdir?

CAVAB: Fəlsəfədə bir şeyin böyüklüyü ilə onun önəmi arasında heç bir məntiqi əlaqə qurulmur. Əslində hamımız bunun fərqindəyik ki, bir şeyi önəmli və ya önəmsiz edən onun böyüklüyü və ya kiçikliyi yox, ətraf mühütə verdiyi töhfədir. Necə ki, bir magnit parçası özündən 10 qat böyük olan metal parçasına təsir edə bildiyi üçün həmin metal parçasından daha dəyərlidir . Kiçikliyin önəmsizlik olmadığının hamı fərqindədir, eynən balaca bir almaz daşının nəhəng bir qaya parçasından önəmli olmağı kimi.
Başqa misal daha verək :
Səhradakı bir toz dənəsini önəmsiz edən onun kiçikliyi yox, səhraya ciddi anlamda təsir edə bilməməsidir. Əgər həmin toz dənəsinin kütlə çəkim qüvvəsi güclü olsaydı və magnit kimi səhradaki bütün tozları özünə çəkib parçalanmamaq üzrə bir arada tuta bilsəydi, həmin toz dənəsi səhranın özündən belə daha önəmli olardı.

Və ya qara dəlikləri ələ alaq. Qara dəliklərin kökündə bir qənd parçası böyüklüyündə, yəni çox kiçik bir maddə durur, amma həmin maddə sonsuz cazibə gücünə sahibdir və ətrafındakı hər şeyi özünə çəkərək molekullara parçalayır, fiziki ölçüsünə görə dəfələrlə kiçik bu qənd parçasını Yer planetinin üzərinə atsaydılar, Yer planetini udub keçəcəyini bilirdinizmi ?

Bəli, fiziki ölçü baxımından müqayisədə insan kainatda həqiqətən də zərrədən də kiçikdir. Lakin qeyd etdiyimiz kimi fiziki kiçiklik heç də insanı əhəmiyyətsiz etməz. İnsan kainatda mövcud olan digər bir çox məxluqatdan, canlı və cansızlardan daha üstün və dəyərlidir. Çünki öz fiziki ölçüsünün kiçikliyindən asılı olmayaraq insanoğlu böyük bir potensiala sahibdir və bunun əsasında insanın əqli qabiliyyəti və iradəsi durur. Əgər söhbət ateistlərin dediyi kimi sırf fiziki ölçüdən gedirsə, onda xırda bir brilliyant daşı özündən qat-qat nəhəng bir qaya parçasından daha artıq dəyərlidir. Kiçik insanın nəhəng kainatdakı dəyəri də bax belədir. Önəmli olan fiziki ölçü deyil.

Nəhəng kainatda kiçik insana dəyər qazandıran meyar onun fiziki ölçüsü yox, fiziki ölçüdən qat-qat daha vacib olan ağıl, dərrakə və iradə sahibi olmasıdır. İnsanoğlu öz iradə və zehni qabiliyyətlərindən istifadə edərək ulduzları, qalaktikaları, bütövlükdə kainatı, kosmik prosesləri araşdırır, insanı əhatə edən təbiəti, digər canlı və cansız bütün təbii ünsürləri öyrənir. İnsan sahib olduğu zehni potensial sayəsində okeanın dərinliklərinə enir, fəzaya kosmik gəmilər göndərir, milyonlarla fərqli elmi ixtiralara imza atır və s.

İndi özümüzə sual verək:
– Məgər isanoğlunun etdikləri bu fəaliyyətləri, elmi ixtiraları nəhəng bir ulduz edə bilərmi? Xeyr.
– Ən nəhəng bir planet və ya hər hansı başqa səma cismi insanın malik olduğu bu cür qeyri-adi düşünmə potensialına sahibdirmi? Xeyr.

Çünki ulduzlar yaxud planetlər insandan qat-qat nəhəng olsalar da, şüur, düşüncə, iradə sahibi deyillər. Düşünmək, təfəkkür edə bilmək, qərar vermək, plan cızmaq, araşdırmaq və öyrənmək məxluqat içində yalnız insanoğluna verilmiş böyük bir üstünlükdür.
Məsələn, “Sizin üçün Enşteyn və ya Nyuton kimi dahi alimlər daha önəmlidir yoxsa 7000 metr hündürlüyə malik nəhəng qaya parçası?” desək, ağlı başında olan hər kəs Enşteyn və Nyuton cavabını verər, çünkü bu iki alim şüurlu və elmli varlıqlardır. Həmin nəhəng qaya parçaları özlərinin nə olduğunu belə bilmədiyi halda Nyuton və Enştetn kimi alimlər öz balaca beynləriylə kainatı və miyonlarla işıq ili uzaqlıqdakı qalaktikaları araşdıran, aya və digər planetlərə peyklər göndərən və milyonlarla qalaktikalardan ibarət olan kainatın ortaya çıxması haqqında elmi nəzəriyyələr ortaya atan varlıqlardır, ancaq yenə də onlar nəhəng bir qaya parçasından ölçücə çox kiçikdirlər.
Və ya bir anaya gedib uşağının kosmik ölçüdə bir toz zərrəsi qədər kiçik olduğu üçün dəyərsiz olduğunu deməyə çalışın, həmin Ana sizin dəli olduğunuzu fikirləşəcək, çünkü o ana üçün uşağının kiçik bir təbəssümü dünyadan daha dəyərli və əzizdir.

Deməli, şüur sahibi olan insan fiziki cəhətdən özündən qat-qat nəhəng olan şüursuz ulduzlardan, planetlərdən, qalaktikalardan çox-çox daha dəyərli və üstün varlıqdır. Nəhəng ulduzlardan fərqli olaraq insan həm də azad iradə sahibidir, nəyi necə edəcəyinə özü qərar verir.
Məhz, buna görə də Allah Təala (c.c) öz yaratdıqları içində ən çox insana dəyər verir və Qurani-Kərimdə buyurur:
(17 – İSRÂ) الإسراء / 70- Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə minik üstündə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik.

Nəticə olaraq deyə bilərik ki, ateist və dinsizlərin ortaya atdıqları iddia çox səhvdir. Ateistlərə görə insan kainatda fiziki olaraq çox kiçik olduğu üçün bəlkə də əhəmiyyətsiz varlıq kimi görünə bilər. Lakin əgər söhbət fiziki ölçüdən gedirsə, fiziki ölçüsünə görə bir balinanın beyni insan beynindən dəfələrlə böyükdür. Məgər bu o deməkdir ki, balina beyni insan beynindən daha dəyərlidir? Yoxsa balinalar insandan daha ağıllıdır?
Demək ki, fiziki ölçünün böyüklüyü əsas deyil və insanın kainatdakı fiziki ölçüsünün kiçikliyi onun dəyərini əsla azaltmaz. Məhz, buna görə də “Allah niyə bu boyda nəhəng kainatda milyardlarla nəhəng qalaktikaların içindən zərrə qədər kiçik bir planeti seçib orda yaşayan insana kitab, din göndərdi?” demək son dərəcə absurd səslənir. Ona görə ki, fiziki ölçü bir dəyər vahidi və ya kefiyyət meyarı deyil. Nəhəng kainatda kiçik canlı olmaq insanın kainatdakı dəyərini və əhəmiyyətini azaltmır. Bu baxımdan Allah Təalanın insanlara din, kitab, peyğəmbər, ilahi hökmlər göndərməsi heç də təəccüblü deyil.