Kainat öz-özünü yarada bilərmi?
05 Bazar Apr 2015
05 Bazar Apr 2015
27 Cümə Mar 2015
Bir kitabdır kainat. Açılır və səhifə-səhifə, sətir-sətir oxunur. “Kitab sözüylə bir bənzətmə qurmuruq”. Çünki kainat və içindəkilər həqiqətəndə “oxunmaq” üçün tərtib edilmiş kitabdan başqa bir şey deyil. Hansı əşya və hadisəyə nəzər yetirsək, bunu ilk baxışda görmək olar.
Bu gün elm olaraq bilinən bütün fənnlər öz varlığını kainatdakı nizam və sənətə borcludur. Bildiyimiz bu fənlərin hamısı kainat kitabının sətir-sətir tərcüməsindən doğmuşdur. Əlbəttə bilirsiniz ki, bir iynə ustasız, bir kitab da katibsiz ola bilməz. Mütləq o iynəni düzəldən bir usta və kitabı yazan bir katib vardır.
Allahın varlığını ateistlər, bəzi materialistlər inkar etməkdədirlər. Onlar hər zaman Allahın olmadığına özlərini inandırmağa çalışmışlar. Ancaq bu günə kimi məntiqsiz, ağıldan uzaq fikirlərinə (təsadüfən yaranma və s.) qüvvət verəcək bir dəlil irəli sürülməmişdir və sürülməyəcəkdir də. Çünki günəş palçıqla suvanmaz. Ateistlər ortaya tutarlı fikirlər atıb insanları inandırmağa çalışmaq əvəzinə, həmişə qarşı tərəfin fikirlərini təkzib etmə və iddialarını tənqid etmə yolunu seçmişlər. Ateistlərin düşündüyü kimi Allahın varlığını qəbul etməmək o qədər də bəsit (sadə) bir iş deyildir. Rədd etmək üçün bir çox teorik riskin və məntiqsizliyin göz önünə alınması lazımdır. Allahı inkar etmək və bunun üçün yalanlar və təsadüflər kimi cəfəngiyyatlar uydurmağa çalışmaq Kür çayını tərsinə axıtmaq qədər imkansızdır. Ateistlərin bu inkarları ya onların cəhalətindən, yəni bilgisizliyindən, ya da inadından qaynaqlanır.
Bilgisizliyin üç növü var: Lazım olan şeyi bilməmək, pis şeyi bilmək və lazımsız şeyi bilmək (ateizmi yaradan səbəblər)
Əgər inkar cəhalətindən irəli gəlirsə, bunun həlli asandır, yetər ki, onda inad olmasın. İnadkar isə elmli olsa da, olmasada, öz qüruru, inadı naminə haqqı batil hesab etməyə, həqiqətə yalan damğası vurmağa hazırdır (islamofoblar). İnad insanın həqiqi ideallarına çatmasına əngəldir. Çünki inadın xislətində eqoizm yatmaqdadır. Eqoizm “sadəcə mən, yalnız mən” kimi düşüncələri özündə ehtiva edir və bu çürük fikirlər daima yıxılmağa məhkumdur.
Ateistlər kainatın və təbiətin təsadüflərlə yarana biləcəyini iddia edər və bu çürük fikirlərini durmadan dəstəkləyər. Amma inadkarlıqları üzündən dedikləri “təsadüf” sözündəki məntiqsizliyi belə görməzlər. Hətta elmin təsadüfləri dəstəklədiyini tutuquşu kimi təkrarlayarlar.
Ateistlər Allahı qəbul etməz və yaradılışını başqa şeylərə bağlayarlar. Dinsizlər yaradılışla bağlı üç fikir irəli sürə bilərlər:
Birincisi: Kainatı səbəblər yaradır. Səbəblərin toplanmasıyla kainat yaranır;
İkincisi: Hər şey öz-özünə təsadüfən yaranır və məhv olur;
Üçüncüsü: Hər şey təbiidir, yəni hər şeyi təbiət yaradır;
Biz isə dördüncü yolun tərəfdarıyıq və deyirik ki, kainat və kainatdakı hər şey Qadiri-Mütləqin (Allahın) yaratmasıyla mövcuddur.
İndi isə bu üç iddiaların məntiqsiz olduğuna baxaq
Birinci iddia: Bütün varlıqları səbəblər yaradır.
Bu iddianı dərman maddələrinin misalında izah edək:
Bir əczaxanada müxtəlif növ kimyəvi maddələrlə dolu yüzlərlə şüşə qab var. Şüşədəki bu maddələrdən bir dərman istənildi. Xəstəliklərə şəfa verən bir dərmanın meydana gəlməsi üçün bu maddələrdən konkret miqdarda, yəni 5 qram bundan, 13 qram digər maddədən və.s toplayıb bunları meydana gətirmək lazımdır. Əgər bu maddələrdən 1 milliqram az və ya çox alınsa, o zaman bu, dərman xüsusiyyətini itirər və insanı öldürən bir zəhər olar. Haqqında danışılan dərman bir deyil, beş deyil, yüzdən çox maddəni özündə ehtiva edir. Görəsən, heç elə bir ehtimal varmı ki, o qablardan alınan müxtəlif miqdarlar qabların qəribə bir təsadüf və ya fırtınalı bir havanın vurmasıyla (səbəblər) aşmağı nəticəsində hər birindən lazım olan qədər axsın, dəqiq kütlə nisbətində qarışaraq o dərmanı təşkil etsinlər? Düşünün bundan daha batil daha məntiqsiz bir şey varmı???
Məsələn, bir alma düşünək. Çox dadlı görünüşüylə insanın yemə iştahasını cəlb edən bir almanın içindəki vitamin insanın bir günlük ehtiyatı qədərdir. İnsanın mahiyyətini bilən QÜDRƏT SAHİBİ almanı bu şəkildə proqramlamışdır.
Almanın tərkibindəki C vitaminini çürütməmək üçün içinə iki dəmir (Fe) elementi (atomu) qoymuşdur. Əgər dəmir olmasa, C vitamini çox qısa müddətdə çürüyər. Digər tərəfdən C vitaminini mühafizə etmək üçün almanın tərkibində olan meyvə turşuları [alma turşusu-(hidroksikəhraba turşusu) və s] mədəyə mənfi təsir göstərir və mədədəki turşunun miqdarını artırır. Buna görə almaya karbonat ionu da qoyulmuşdur. Bir alma yediyiniz zaman gəyirərsiniz. Bunun səbəbi almanın tərkibindəki karbonat ionudur. O Qüdrət sahibi almanı bizim süfrələrimizə hazır vəziyyətdə gətirmişdir. İndi siz düşünün insanın mahiyyətini bilməyən, onun arzu və istəklərindən xəbəri olmayan, nəyin insanın vücuduna xeyir və ya zərərli olduğunu bilməyən cansız, şüursuz maddələr (səbəblər) belə mükəmməl bir meyvəni necə yarada bilər?
İkinci iddia: Kainat öz-özünə (təsadüfən) yaranmışdır.
Cavab: Ey ateist! Sənin vücudun ağıllı insan əli ilə inşa olunmuş min qübbəli bir saraya bənzəyir. Ancaq sənin vücudun bu saraydan daha möhtəşəmdir. Çünki vücudundakı zərrələr həyatın boyunca daima yenilənməkdədir. Bir hüceyrə ölər, başqa birisi meydana gələr. İnsan vücudundakı zərrələr 6 aydan bir yenilənməkdədir. Mütəmadi olaraq təzələnən bu zərrələr çox həssas bir ölçü daxilində baş-başa verərək göz və dil kimi möcüzələri meydana gətirirlər. Meydana gələn bu sənət əsərlərinin mütləq, bir planı və proqramı olmalıdır. Vücudun meydana gəlməsi üçün, yəni möhtəşəm proqramın həyata keçirilməsi üçün zərrələr həm əmr vermək, həm də tabe olmaq istedadına malik olmalıdır ki, intizamlı proseslərin icrasında nöqsan və qüsur olmasın. Yoxsa vücudda anarxiya olar. Əgər bu mükəmməl işləri zərrələr bacarırsa, o zaman hər zərrədə sadəcə Allaha məxsus bir elmin, iradə və qüdrətin olduğunu qəbul etmək lazımdır.
Təbiətşünas alim Corc İril öz fikirlərini belə ifadə etməkdədir: ” KAİNATIN ÖZ-ÖZÜNÜ YARATMASI MÜMKÜN OLSAYDI, BU, O DEMƏK OLARDI Kİ, KAİNAT ALLAHA XAS OLAN BÜTÜN XÜSUSİYYƏTLƏRƏ MALİKDİR. BELƏ VƏZİYYƏTDƏ KAİNATIN İLAH OLDUĞUNA İNANMAQ MƏCBURİYYƏTİNDƏ QALARDIQ. BELƏ BİR İLAHIN VARLIĞINI QƏBUL EDƏRDİK. ANCAQ İLAHIMIZ ÇOX QƏRİBƏ OLARDI, HƏM MADDİ, HƏM DƏ QEYBİ BİR İLAH….MƏN ŞƏXSƏN MADDİ ALƏMİ YARADAN İLAHA İNANMAQ İSTƏYİRƏM. ÇÜNKİ O, KAİNATIN BİR PARÇASI DEYİLDİR”
Kainatın və ondakı bütün yaradılmışların, canlı-cansız hamısının yaranmasında şüur, elm və iradə (tərcih) vardır. Materialist (atayiz) elm adamları bunu bir yandan təsadüfi və öz-özünə yaranmasını xəyal edərkən, bir yandan da təbiətdəki qanunlardan danışırlar. Bu ikisi arasında ziddiyyət var. Çünki qanun da öz-özünə yaranmağı rədd edir. Sokratın sözü ilə desək: “KAİNATDA TƏSADÜFƏ TƏSADÜF ELƏMƏK OLMAZ”
Kainatda saysız-hesabsız fiziki, kimyəvi, bioloji qanunlar mövcuddur. Kainat o qanunlarla idarə olunur. Heç bir qanun öz başına iş görə bilməz. Mütləq qanunları qoruyan və onu tətbiq edən bir hakim olmalıdır. Əgər belə olmasaydı, məhkəmələrdə hakimlərə gərək qalmazdı. Düşünmək lazımdır, əgər bir qanun yaradılmışların ən üstünü, ağıllı və şüurlu olan insanı hakimsiz idarə edə bilmirsə, o zaman təbiətdəki hər hansı bir fiziki qanun cansız, ağılsız və şüursuz maddə və varlıqları “hakimsiz” necə idarə etsin? Demək ki, onlara da bir hakim lazımdır. Kainatdakı bütün təbii prosesləri tənzimləyən qanunları yaradan da, onları qoruyan da, tətbiq edən də hər şeyə qadir olan ALLAH (c.c) dır.
Elm təsadüfləri rədd edir: Kainatda və təbiətdə təsadüf deyilən bir şey yoxdur. Başqa sözlə desək hədəf düz vurulursa, bu, təsadüf deyildir. Kainatda təsadüf deyil, təvafüq (Allahın diləməsiylə müvafiq olma, rast gəlmə halı, bir-birinə uyğunluq) vardır. Təsadüfün mümkünsüzlüyünə aşağıdakı misalda baxaq!
Təsəvvür edək ki, binanı təşkil edən daşlar 1 rəqəmindən başlayaraq 1,2,3,4,5,6,7 və s. ardıcıllıqla nömrələnmiş və bu ardıcıllıqla hörülmüşlər. Bu binada daşların belə ardıcıllıqla hörüldüyünü görən hər hansı bir şəxs heç düşünərmi ki, daşlar binaya təsadüfən, yaxud öz-özünə ədədlərin sırası qanununa görə hörülmüşdür?
Əvvəla, heç kəs yuxarıdakı iddiaları qəbul etməz, digər tərəfdən, riyazi hesablamalar belə bu cür fikri qətiyyətlə rədd edir. Riyaziyyatçılar varlığın təsadüfən əmələ gəlməsini yoxlamaq üçün çox sadə bir eksperiment aparmışlar və aşağıdakı nəticəni almışlar: taxtadan, yaxud dəmirdən düzəldilmiş 1-dən 10-dək rəqəmləri nərdin zəri kimi qarışdırıb yerə atmaqla nə zamansa onların 1-dən 10-dək (1, 2, 3, 4, 5, 6, 7, 8, 9,10 şəklində) ardıcıl şəkildə yerə düşüb düzülməsi ehtimalını hesablamışlar. Məlum olmuşdur ki, belə bir ardıcıllığın təsadüfən gerçəkləşməsi ehtimalı 1/10 milyarda bərabərdir, yəni bu hərəkəti 10 milyard dəfə təkrar etsən, bəlkə 1 dəfə istədiyin nəticəni ala bilərsən. Əgər bu rəqəmlərə daha ikisini əlavə etsək, bu dəfə 1-dən 12-dək rəqəmlərin ard-arda düzülmə ehtimalı 10 dəfə artaraq 1/100 milyard, 24-dək artırsaq 1/100 milyard×100 milyard qədər olacaqdır ki, belə bir ehtimalın həyata keçməsini gözləmək qətiyyən ağla sığan iş deyildir.
İndi özünüz düşünün: əgər 10 rəqəmin kortəbii olaraq, təsadüfən ard-arda sıra ilə düzülməsi mümkün deyildirsə, o zaman bu rəqəmlərlə müqayisədə çox mürəkkəb olan yüzlərlə mikrovahiddən ibarət ən sadə canlı orqanizmin-proteinin, ucu-bucağı bilinməyən kainatın təsadüfən əmələ gəlməsindən danışmaq olarmı?
Məşhur Avropa alimləri, fizik və bioloq Frank Allon, isveçrəli alim Çarlz Guye, kimyaçı professor İohan Adolf Büxler və yüzlərlə başqaları belə bir fərziyyəni ağlasığmaz, elmsizlik kimi dəyərləndirmişlər.
Üçüncü iddia: Kainatı təbiət yaradıb və yaradır.
Düşünün ki, cahil bir adam səhrada qurulmuş hər cür texnika ilə təchiz edilmiş bir fabrikə girir. Fabrikin quruluş mükəmməlliyi qarşısında mat qalır. Elə fikirləşir ki (cahilcəsinə), bu saraya xaricdən müdaxilə olunmayıb, fabrikin içindəki əşyalardan biri bu fabriki təsis etmişdir. Başlayır fabrikin təsisatçısını axtarmağa. Sonra o, fabrikin təşkilat proqramını və idarə qanunları içində yazılı olan bir dəftər görür. Əlsiz, gözsüz, çəkicsiz, baltasız olan o dəftər içindəki digər şeylər kimi heç bir qabiliyyəti yoxdur ki, o fabriki qursun və təchiz etsin. Ancaq əlacsız qalaraq, nə edəcəyini bilməyərək, dəftərin digər əşyalara nisbətini düşünərək, onun fabrikdəki hər şeyi özündə əks etdirdiyini nəzərə alaraq fabrikin qurucusu kimi onu qəbul edir.
Eynilə bu misal kimi, Allahın möhtəşəm bir fabriki olan bu kainata bir ateist (inkarçı) girir. Allahın hikmətindən gələn kâinatı tənzimləyən mənəvi qanunları maddi təsəvvür edərək, ona təbiət donu geydirərək, Allaha aid olan yaradıcılıq fəaliyyətini təbiətə isnad etməsi misaldakı cahilin hərəkətindən daha vəhşət və gülüncdür.
Yazıq cahil adam! Sən haradan biləsən ki, bu fabriki quracaq olan fabrikdəkilərin cinsindən ola bilməz. Onu quracaq olanın, mütləq qüdrət sahibi olmağı lazımdır.
Kainatda nəyə baxsaq, bütün varlıqlar öz diliylə Allahı təsbih, təqdis və tövhid etməkdədir. Kainatın dilini bilmək üçün arif olmaq lazımdır.
Yoxsa, Günəşin altında durub gözümüzü yumaraq aydınlıq gündüzü özünə gecə edənin vəziyyətinə düşərik. Gözünü yuman yalnız və yalnız həyatı özünə zülmət edər.
29 Çərşənbə axşamı İyl 2014
XX əsrin sonlarına doğru elm aləmində işlədilməyə başlayan həssas əyarlar (fine tuning) ifadəsi kainatın təsadüflər yığını olmadığını, əksinə, hər detalda insanın həyatına xidmət edən dizayn və nizam olduğunu göstərdi. Kainatdakı bir çox xüsusiyyət kainatın həyat üçün xüsusi dizayn olunduğunu göstərir. Fizik alim Karl Giberson bu həqiqəti belə ifadə edir: “Son 40 ildir ki, fizika və kosmologiyadakı irəliləyişlər elmi lüğətə dizayn sözünü geri qaytardı. 1960-cı illərin əvvəlində fiziklər insan həyatı üçün “həssaslıqla nizamlanmış” kainatın örtüyünü açdılar. Həyatın kainatdakı labüd və qüsursuz müvazinətə malik amillərlə bağlı olduğunu kəşf etdilər.” (K. Giberson, “The Anthropic Principle”, Journal of Interdisciplinary Studies, 9-cu cild, 1997, səh. 63-90, Steven Yates’den cevap, səh. 91-104)
Arizona Universitetinin professoru, kosmologiya, kvant nəzəriyyəsi və astrobiologiya sahəsində ixtisaslaşmış məşhur ingilis fizik Paul Davies belə deyir: “Əgər bir az fərqli ölçülər seçilsəydi, kainat daha fərqli yer olacaqdı və böyük ehtimalla, onu görmək üçün biz burada olmayacaqdıq…İnsan kosmologiyanı tədqiq etdikcə bu ağlasığmazlıq getdikcə daha artır. Kainatın başlanğıcı haqqındakı bu kəşflər kainatın heyranedici həssaslıqla nizamlandığını göstərir.” (The Accidental Universe, 1982, ön söz.)
Toronto universitetindən Kanadalı astrofizik Dr.Hugh Ross “Dizayn və İnsani Prinsip” başlıqlı bir məqaləsini belə bitirir: “Ağıllı və üstün bir Yaradıcı kainatı var etmiş olmalıdır. Ağıllı və üstün bir Yaradıcı kainatı dizayn etmiş olmalıdır. Ağıllı və üstün bir Yaradıcı Dünya planetini dizayn etmiş olmalıdır. Və yenə ağıllı və üstün bir Yaradıcı həyatı hazırlamış olmalıdır.” (Hugh Ross, “Design and the Anthropic Principle”, Reasons To Believe, CA, 1988)
İndi özü bir Yaradıcıya inanmayan astrofizik Martin Rees’in “Sadəcə altı rəqəm” (Just six numbers) kitabına baxaq.
Astrofizik Rees “Just six numbers” adlı kitabında kainatda həyatı təmin edəcək altı önəmli rəqəmin olduğunu ifadə edir. Bu rəqəmləri bir yemək reseptindəki vəsaitlər olaraq da düşünə bilərik. Əgər bir vəsait əskik və ya bir az fərqli olsa istədiyimiz konsistensiyada bir yeməyi olurşturmamız mümkün olmaz. Eyni şəkildə, əgər bu rəqəmlərdə kiçik bir dəyişiklik olsaydı kainatda həyatın meydana gəlməsi qeyri-mümkün olardı. Bu nümunələrin mövcud olan bütün incə nizam nümunələri olmadığını ifadə etməkdə fayda var. Bu kitabın yazarı bir yaradıcıya inanmadığı üçün yəni obyektiv olması üçün bu nümunələrin üçü üzərində dayanacağıq.
1. ω- omeqa. Bu omeqa simvolu kainatdakı maddə miqdarını təmsil edir. Omeqa tam olaraq birə bərabərdir. Astrofizik REES bu dəyərin Big Bangdan dərhal sonra bir saniyə içində birdən bir az fərqli olsaydı həyatın meydana gəlməyəcəyini söyləyir. Əgər omeqa birdən bir az daha böyük olsaydı kainat uzun zaman əvvəl çökərdi və həyat meydana gələ bilməzdi. Əgər omeqa birdən bir az daha kiçik olsaydı qalaktikalar belə meydana gələ bilməzdi. Omeqanın həyatın çıxmasını təmin edən dəyəri 10^15 kimi bir incə nizamdır. Yəni Omeqaın təsadüfən bu dəyərdə olma ehtimalı 1/10^15 -dir (1 / 1.000.000.000.000.000).
2.Elektromaqnetik qüvvətin nizamı ilə cazibə qüvvətinin nizamı bir-biriylə müəyyən bir nisbətdədir. Bu nisbət ” N ” olaraq ifadə edilir.Bu nisbət 10^36 kimi bir incə nizamdadır. Yəni N’nin təsadüfən bu dəyəri alma ehtimalı 1/10^36 dır. (1/1.000.000.000.000.000.000.000.000.000.000.000.000).
Əgər söz mövzusu nizam bir az daha kiçik olsaydı qarışqadan böyük heç bir canlı meydana gələ bilməzdi. Bu nizamın bu dəyərdə olması insanların meydana gəlməsi üçün son dərəcə əhəmiyyətlidir.
3. λ (lambda). Lambda Kainatın sürətlənərək genişlənməsini təmin edən kosmik sabit olaraq bilinir və dəyəri 0,7-dir.Kosmik sabit elm dünyasının ən təəccüblü kəşflərindən biridir.Son məlumatlara görə kosmik sabit incə nizamı tam olaraq 10^-122 dir. Bu ağıllara durğunluq verən nizamın təsadüfən meydana gəlmə ehtimalı isə aşağıdakı kimidir: 1/10^122 dir. (1/100.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000).
İngilis astrofizik prof. Corc F. Ellis kainatımızdakı həssas ölçüdən belə bəhs edir: “(Kainatdakı) bu kompleksliyi mümkün edən qanunlarda heyrətamiz həssas ölçü görünür. Kainatda mövcud olan bu kompleksliyi möcüzə sözü ilə belə tərif etmək çox çətindir.” (F. Bertola, U. Curi, The Anthropic Principle: Laws and Environments, Cambridge University Press, 1993, səh. 30).
Elmi nailiyyətlərin bizə işarə etdiyi çox əhəmiyyətli bir məqam var. Kainatın möhtəşəm böyüklüyü! Dünyada tanınmış astrofizikçi professor Corc Qrinşteyn bu heyrətamiz böyüklüklə bağlı “The Symbiotic Universe” adlı kitabında belə yazır: “Əgər ulduzlar bir-birlərinə bir az daha yaxın olsaydılar, astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, nebulalarda və digər göy cisimlərində davam edən təməl fiziki proseslərdə heç bir dəyişiklik olmazdı. Uzaq məsafədən baxdıqda qalaktikamızın görünüşü də indikiylə eyni olardı. Gecə çəmənlər üzərinə uzanıb izlədiyim səmada çox sayıda ulduz görünərdi. Amma üzr istəyirəm, bəli; bir fərq daha olardı: Bu mənzərəni seyr edən “mən” olmazdım… Kosmosdakı bu nəhəng boşluq, bizim var olmağımızın vacib şərtidir.” (George Greenstein, The Symbiotic Universe. s. 21)
Uzun müdət NASA’nın astronomi uzmanı olmuş Prof. John O’Keefe:
“Biz astronomik standartlar göz önüne alındığında, çok fazla özen gösterilmiş, kollanmış ve şefkat gösterilmiş bir grup yaratığız… Eğer evren şu anki en hassas kesinliğinde yapılmış olmasaydı hiçbir zaman var olamazdık. Benim görüşüme göre mevcut şartlar, evrenin insanın içinde yaşaması için yaratıldığını gösteriyor”(Heeren, F. 1995. Show Me God. Wheeling, IL, Searchlight Publications, p. 200.)
Big Bangin partlayış sürəti
Kainatın əmələgəlmə anı olan Big Bang-də qurulan tarazlıqlar kainatın təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olduğunu göstərən dəlillərdən biridir. Fizika professoru Pol Deyvisin fikrincə, Big Bangin ardınca baş verən genişlənmənin sürəti əgər milyard dəfə milyardda bir faiz (1/1018) fərqli olsaydı, kainat meydana gəlməzdi. (Paul Davies, Superforce: The Search for a Grand Unified Theory of Nature, 1984, səh. 184)
Stefan Houkinq də “Zamanın qısa tarixi” adlı əsərində kainatın genişlənmə sürətindəki bu qeyri-adi müvazinəti belə qəbul edir: “Kainatın genişlənmə sürəti o qədər kritik nöqtədədir ki, əgər Big Bangdən sonrakı birinci saniyədə bu nisbət yüz min milyon dəfə milyonda bir daha az olsaydı, kainat indiki vəziyyətinə çatmadan içinə çökərdi.” (Stephen Hawking, A Brief History Of Time, Bantam Press, London, 1988, səh. 121-125.)
Yer-Ay ikili planet sistemi Günəş sisteminin tarazlığının qorunmasında mühüm amildir
Yer-Ay sistemi olmadıqda Yupiterin nəhəng kütləsi Merkuri, Venera kimi daxili planetlərdə böyük qeyri-sabitliyə səbəb olardı. Bu da müəyyən müddət sonra Merkuri və Venera planetlərinin orbitlərini bir-birinə həddindən artıq yaxınlaşdırar, belə bir yaxınlaşma isə Merkurinin sistemdən kənara atılması, Veneranın da orbitinin dəyişməsi ilə nəticələnərdi. Günəş sisteminin kompyuter simulyasiyasını quran elm adamları sistemdə milyardlarla il davam edən müvazinət və sabitliyin ancaq bu planetlərin ideal kütlə və mövqeləri sayəsində mümkün olduğunu, bu müvazinətdə ən kiçik dəyişikliyin belə Günəş sisteminin, eləcə də bəşəriyyətin məhv olmasına səbəb olacağını bildiriblər.
1998-ci ilin noyabr ayında məşhur astronomiya jurnalı “The Astronomical Journal”da dərc edilən son astronomik tədqiqatların biri haqqındakı yazıda Günəş sistemindəki bu qeyri-adi müvazinət “əsas kəşflərimiz Günəş sistemindəki uzunmüddətli sabitlik və müvazinətin təmin edilməsi üçün bir növ ilk dizayna ehtiyac olduğunu göstərir” ifadəsilə vurğulanır. (Innanen, Kimmo, S. Mikkola, and P.Wiegert. 1998. The Earth-Moon System and the Dynamical Stability of the Inner Solar System. The Astronomical Journal 116: səh. 2055-2057)
Günəş sisteminin quruluşu insan həyatı üçün qeyri-adi dərəcədə xüsusi yaradılışla nizamlanmışdır.
Yerin fəzada fırlanma sürəti
Kainatdakı milyardlarla ulduz və qalaktika mükəmməl uyğunluq içində onlar üçün müəyyən edilmiş orbitlərində hərəkət edirlər. Ulduzlar, planetlər və peyklər həm öz ətraflarında, həm də bağlı olduqları sistemlərlə birlikdə dövr edirlər. Hətta bəzən içində 200-300 milyard ulduz olan qalaktikalar bir-birinin içindən keçib gedirlər. Lakin bu zaman kainatdakı böyük nizamı pozan hər hansı toqquşma baş vermir.
Kainatdakı sürət anlayışı Yer kürəsinə uyğun ölçülərlə müqayisədə ağlasığmaz ölçüdədir. Milyard, trilyon tonlarla çəkisi olan ulduzlar, planetlər və ancaq riyaziyyatçıların anladığı dəyərlərə malik qalaktikalar və qalaktika topaları kosmosda qeyri-adi sürətlə hərəkət edirlər.
Məsələn, Yer saatda 1670 km sürətlə öz oxu ətrafında fırlanır. Ən sürətli güllənin saatda 1800 km sürətə malik olduğunu düşünsək, Yerin nəhəng ölçüsünə baxmayaraq, sürətinin nə qədər böyük olduğu məlum olur.
Yerin Günəş ətrafındakı sürəti isə güllənin sürətindən 60 dəfə çoxdur: saatda 108.000 km (bu sürətdə nəqliyyat növü icad edilsəydi, Yerin ətrafını 22 dəqiqədə dolanardı). Bu ölçülər sadəcə Yer kürəsinə aiddir. Günəş sistemi isə daha maraqlıdır. Bu sistemin sürəti məntiq hüdudlarını aşır. Kainatdakı sistemlər böyüdükcə sürət artır. Günəş sisteminin qalaktika mərkəzi ətrafındakı fırlanma sürəti saatda 720.000 km-dir. İçində təqribən 200 milyard ulduz olan Südyolu qalaktikasının kosmosdakı sürəti isə saatda 950.000 km-dir.
Şübhəsiz, bu cür mürəkkəb və sürətli sistemin içində nəhəng qəzaların baş vermə ehtimalı çoxdur. Ancaq bu baş vermir və biz təhlükəsiz şəkildə həyatımıza davam edirik. Çünki kainatdakı hər şey Allah`ın qoyduğu qüsursuz nizama əsasən işləyir. Elə bu səbəbdən, ayədə bildirildiyi kimi, bütün bu sistemin içində heç bir ziddiyyət yoxdur.
Sistemdəki digər planetlər Yerin təhlükəsizliyi və orbiti üçün mühüm əhəmiyyət kəsb edir.
Yupiterin mövqeyi buna misaldır. Günəş sisteminin ən böyük planeti olan Yupiter, əslində, Yerin müvazinətini təmin edir. Astrofizik hesablamalar Yupiterin orbitinin Günəş sistemindəki Yer kimi digər planetlərin orbitlərinin sabitliyini qoruduğunu üzə çıxarmışdır. Digər bir çox ulduz sistemində də Yupiterə bənzər planetlər var. Ancaq onlar aid olduqları sistemin sabitliyini və ya sistemlərindəki digər planetləri qorumurlar. Vaşinqton Universitetindən prof. Piter D. Uord deyir: “Bu gün müşahidə olunan bütün yupiterlər pisdir. Yeganə yaxşı Yupiter bizimkidir və belə olmalıdır, əks təqdirdə, ya qaranlıq kosmosa, ya da Günəşinizə doğru sovrulardınız”. (Peter D. Ward and Donald Brownlee, “Rare Earth: Why Complex Life is Uncommon in the Universe”)
Yupiter baxımından digər mühüm cəhət də budur: Yupiter olmasaydı, çoxlu sayda quyruqlu ulduz toqquşmalarına görə yer üzündə həyat olmazdı. Lakin Yupiter nəhəng kütləsinin əmələ gətirdiyi maqnetik sahə sayəsində Günəş sisteminə daxil olan meteorit və kometaların orbitlərini çaşdıraraq Yerə istiqamət götürmələrinin qarşısını alır. Beləliklə, Yer üçün qalxan funksiyası yerinə yetirən nəhəng maqnetik qoruyucu çətir əmələ gətirir. Yupiterin Yeri qoruyan ikinci funksiyasını planetoloq Corc Vetherill “Yupiter nə qədər əhəmiyyətlidir” adlı məqalədə belə açıqlayır: “Yupiterin yerində əgər bu böyüklükdə bir planet olmasaydı, Yer planetlərarası boşluqda hərəkət edən meteoritlər və kometaların min dəfə artıq hədəfinə çevrilərdi… Əgər Yupiter indiki yerində olmasaydı, hal-hazırda biz də Günəş sisteminin mənşəyini tədqiq etmək üçün mövcud olmazdıq”. (G.W. Wetherill, “How Special is Jupiter?”, Nature, vol. 373, 1995, səh. 470)
Günəşin cazibə qüvvəsi və planetlərin mərkəzdənqaçma qüvvəsi arasında müvazinət var.
Planetləri kosmik fəzaya sovrulmaqdan qoruyan təsir Günəşin cazibə qüvvəsi ilə planetin mərkəzdənqaçma qüvvəsi arasındakı müvazinətdir. Günəşin böyük cazibə qüvvəsi bütün planetləri cəzb edir, onlar da fırlanmaları nəticəsində mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibədən xilas olurlar. Ancaq əgər planetlərin fırlanma sürəti bir az yavaş olsaydı, onda planetlər sürətlə Günəşə cəzb olunar və Günəş tərəfindən partlayışla udulardılar.
Bunun əksi də mümkün ola bilərdi. Əgər planetlər daha sürətlə fırlansaydılar, bu dəfə də Günəşin cazibə qüvvəsi onları saxlaya bilməz və planetlər kosmik fəzaya sovrulardılar. Halbuki, çox həssas müvazinət qurulmuşdur və sistem bu müvazinəti qoruduğu üçün davam edir. Kainatdakı həssas tarazlıq və nizamı ən açıq müşahidə etdiyimiz sahələrdən biri də Yer kürəsinin yerləşdiyi Günəş sistemidir. Günəş sistemindəki böyüklü-kiçikli planetlərin bənzərsiz nizamı sistemin 4 milyard ildən artıq müddət ərzində sabit quruluşunu qorumuşdur.
Yerin forması iqlimlərə təsir edir.
Yer kürə formasında olduğuna görə, ekvatorla qütblər arasında qalan sahələr il ərzində fərqli miqdarda günəş enerjisi alırlar. Məlum olduğu kimi, ekvator xəttindəki sahələr ən çox günəş enerjisi alır, qütblərə doğru getdikcə enerjinin miqdarı azalır. Bu şəkildə, ekvatordan qütblərə doğru atmosfer kütlələrinin isinmə ölçüləri də fərqlidir.
Ekvator və tropiklər arasında qalan bölgələr il boyu daha çox enerji alaraq çox isinir, beləcə, isti tropik qurşaq meydana gəlir. Oğlaq və xərçəng tropikləri ilə qütb dairəsi arasında qalan sahələr isə daha az enerji topladıqlarına görə az isinirlər və mülayim qurşaq adlanırlar. Qütb dairəsində yerləşən hissələrə isə günəş şüaları digər qurşaqlara nisbətən daha maili düşdüyünə görə böyük sahəni isitməli olur, enerji azlığına görə qütb iqlimi meydana gəlir. Əgər Yer bu formada olmasaydı, bu qədər iqlim qurşaqları və hər qurşağa xas canlılar və insanların həyat tərzi olmazdı. İnsanların qidasından sığınacaqlarına qədər hər şeydə iqlimin təsirini görmək mümkündür.
Yerlə Günəş arasındakı məsafə uyğun temperatur üçün xüsusi yaradılmışdır.
Yerlə Günəş arasındakı məsafə Yerin öz oxu ətrafındakı dövretmə sürəti, oxunun mailliyi, yer üzünün landşaftı kimi bir-birindən asılı olmayan bir çox amil planetin həyat üçün əlverişli isinməsini və temperaturun planetin səthində mütənasib paylanmasını təmin edir. Yerlə Günəş arasındakı məsafənin xüsusi amil olduğunu qəbul etmək istəməyənlər belə bir məntiq qururlar: “Kainatda Günəşdən daha böyük və ya kiçik ulduzlar var. Onların da öz planet sistemləri ola bilər. Bu ulduzlar əgər Günəşdən daha böyükdürsə, onda həyat üçün ideal planet Yerlə Günəş arasındakı məsafədən daha uzaqda olar. Məsələn, bir qırmızı nəhəngin ətrafında Plutonun məsafəsində dövr edən planet bizim Yer kürəmiz kimi mülayim atmosferə malik olar. Belə bir planet həyat üçün Yer qədər uyğun olardı”. Bu iddia çox mühüm cəhətə görə əsassızdır: müxtəlif kütlələrə malik ulduzların fərqli şüalar yaydığı nəzərə alınmır. Ulduzların yaydığı şüaların hansı dalğa uzunluğunda olacağını müəyyən edən amil bu ulduzların kütləsi və kütlələri ilə birbaşa əlaqədar olan səth temperaturlarıdır. Məsələn, Günəşin yaxın ultrabənövşəyi, görünən işıq və yaxın infraqırmızı şüalar yaymasının səbəbi 60.000 ºC-yə yaxın səth temperaturudur. Əgər Günəşin kütləsi bir az çox olsaydı, səth temperaturu daha yüksək olardı. Onda Günəşin yaydığı şüaların enerji səviyyəsi artar və Günəş öldürücü təsirə malik ultrabənövşəyi şüaları daha çox yayardı. Bu isə göstərir ki, həyata imkan verən şüaları yayan ulduzlar mütləq bizim Günəşimizin kütləsində olmalıdır. Bu ulduzların bir planetdə həyatı dəstəkləməsi üçün isə planet məhz hal-hazırda Günəşlə Yer arasındakı məsafə qədər uzaqlıqda olmalıdır. Başqa sözlə, bir qırmızı və ya mavi nəhəngin, yaxud da kütləsi Günəşdən fərqli olan müəyyən bir ulduzun ətrafında dövr edən hər hansı bir planet həyat üçün əlverişli ola bilməz. Həyatı dəstəkləyən yeganə enerji mənbəyi Günəş kimi ulduzdur. Həyat üçün uyğun yeganə planet məsafəsi isə Yer-Günəş məsafəsidir.
Yer kürəsinin səthindəki temperatur həssas ölçüdədir.
Amerikalı geoloqlar Frank Press və Reymond Siver də Yer kürəsinin səthinin temperaturundakı incə əyara diqqət çəkirlər. Onların bildirdiyinə görə, həyat çox məhdud temperatur intervalında mümkündür və bu temperatur intervalı Günəşin temperaturu ilə mütləq sıfır arasındakı mümkün temperatur ölçülərinin təqribən 1%-ini təşkil edir. Yerin temperaturu isə məhz bu dar intervaldadır. (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4)
Bu temperatur intervalının qorunması, əlbəttə, Günəşlə Yer arasındakı məsafə qədər Günəşin yaydığı istilik enerjisi ilə də yaxından əlaqədardır. Hesablamalara əsasən, Yerə çatan günəş enerjisindəki 10%-lik azalma Yer üzünün metrlərlə qalınlıqda buzlaq təbəqəsi ilə örtülməsinə səbəb olar. Enerjinin bir az artması isə bütün canlıların qovrularaq ölməsi ilə nəticələnər.
Dünyanın ideal olan temperaturunun planet içində sabit formada paylaması da son dərəcə əhəmiyyətlidir. Necə ki, bu sabitliyin təmin edilməsi üçün çox xüsusi olan bəzi tədbirlər alınmışdır. Məsələn, Yer kürəsinin xəyali oxunun orbit müstəvisinə 23° 27′ -lik meyilliyi qütblərlə ekvator arasındakı atmosferin formalaşmasında əngəl yarada biləcək həddindən artıq temperaturun qarşısını alır. Əgər bu meyillilik olmasaydı, qütb bölgələri ilə ekvator arasındakı temperatur fərqi daha çox artar və yaşamağa imkan yaradan atmosferin mövcud olması qeyri-mümkün olardı.
Hər şey müəyyən ölçüdə və mükəmməl şəkildə Allah tərəfindən yaradılmşdır.
Yer kürəsi məhz lazımi ölçüdədir.
Yerlə Günəş arasındakı məsafə, Yerin fırlanma sürəti və forması qədər ölçüsü də vacibdir. Yer kürəsini kütləsinin sadəcə 8%-i böyüklükdə olan Merkuri və ya Yerdən 318 dəfə artıq kütləyə malik Yupiterlə müqayisə etdikdə planetlərin çox fərqli ölçülərdə olduğunu görürük. Bu qədər müxtəlif ölçülərdəki planetlər arasında Yer kürəsinin ölçüsü təsadüfən müəyyən edilməyib. Yer kürəsinin xüsusiyyətlərini təhlil etdikdə yaşadığımız bu göy cismini Allah’ın məhz lazımi böyüklükdə yaratdığını görürük. Amerikalı geoloqlar Press və Siver Yerin bu uyğunluğu haqqında belə məlumat verirlər: “Yer kürəsi məhz lazımi böyüklükdədir. Daha kiçik olsaydı, yerin cazibə qüvvəsi çox zəifləyər və atmosferi ətrafında saxlaya bilməzdi, daha böyük olsaydı, bu dəfə də yerin cazibə qüvvəsi çox artar və bəzi zəhərli qazları da saxlayaraq atmosferə öldürücü xüsusiyyət qazandırardı…” (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4)
29 Çərşənbə axşamı İyl 2014
“Kainatda qüsurlu dizayn mövcuddurmu?” sualı bir çox insanın şübhəyə düşməsinə səbəb olmuş, hətta bunu arqument halına gətirib, teizm əleyhinə təqdim edən ateistlər belə olmuşdur. Burada ortaya atılan arqument bu şəkildədir:
1. Əgər Tanrı varsa, o mükəmməldir.
2. Əgər Tanrı varsa, o kainatın yaradıcısıdır.
3. Bir varlıq mükəmməldirsə, yaratdığı hər şey də mükəmməl olmalıdır.
4. Amma kainat mükəmməl deyil.
5. Bu səbəbdən mükəmməl bir varlıq kainatın yaradıcısı ola bilməz.
6. Bu səbəbdən, Tanrının var olması qeyri-mümkündür.
Bu arqumentin əsas səhvi ‘mükəmməl’ anlayışının səhv başa düşülməsi və səhv şərh olunmasıdır. Mükəmməllik zənn edildiyi kimi ”ən bəyənilən” demək deyil. Mükəmməllik məqsədə uyğunluqdur. Sadə bir misalla göstərsək; Əgər bir mühəndis dizayn edəcəyi göydələni tam 3 ayın sonunda yıxılacaq şəkildə planlarsa və göydələni buna görə dizayn edərsə, göydələn tam 3 ay sonra yıxılınca bunu mühəndisin səhvi olaraq görməmiz və bu göydələnin qüsurlu olduğunu idda etməmiz doğru olarmı? Təbii ki xeyr. Əksinə, bu göydələnin tam 3 ayın sonunda yıxılması mühəndisin məqsədinə çatdığını, yəni müvəffəqiyyətli olduğunu göstərir. Əgər göydələn illərlə yıxılmadan qalsaydı, bizim mühəndisi çox davamlı bina hazırladı deyə təbrik etməmiz doğru olardımı?
Qısacası, bizə qüsur olaraq görünən bəzi şeylər bəlkə də Allah (c.c) qatında planlanmış və bu şəkildə nəzərdə tutulmuşdur. Allahın (c.c) hansı varlığı, hansı məqsədlə yaratdığını heç bir zaman anlaya bilməyəcəyimiz üçün heç bir şey haqqında qüsurlu deyə bilmərik. İki planetin orbitlərinin kəsişməsi və bu planetlərin toqquşması bizim gözümüzlə qüsur olaraq qəbul edilə bilər, lakin Yaradıcının bəlkə də bu planetlərin aqibətini bu şəkildə hazırlamış və bu planetlərin ömrünü bu şəkildə seçmiş ola biləcəyini də düşünsək, bu vəziyyət əsla problem təşkil etməz.
Başqa sözlə; Bu gün elmi istifadə edərək təbiətdə qüsur olaraq xarakterizə etdiyimiz şeylərin qüsurdan daha çox zəruri bir ehtiyac olduğunu sonrakı illərdə anlaya bilərik. Elm dibi görünməyən akvarium kimidir. Son nöqtəyə çatmadan bu akvariumda bu balıq olmamalıydı deyə bilmərik. Bəlkə də gərəksiz olaraq gördüyümüz balıq, akvariumdakı qida zəncirinin meydana gəlməsində əhəmiyyətli bir rol oynayır.
Kainatda mövcud olan mükəmməl nizam və həssas əyarlar arqumentinə qarşı ateistlərin ən çox istifadə etdiyi ifadə təxminən belədir: “Kainat mükəmməl deyil. Kainatda xaos var. Kainatda çoxlu təbii fəlakətlər baş verir.”
Burada ateistlərin yol verdikləri məntiq xətası mütləq və nisbi mükəmməllik anlayışlarının səhv salınmasından irəli gəlir. Əslində yaşadığımız kainatda mütləq mükəmməllik, mütləq gözəllik, mütləq güclülük və s. anlayışlar mövcud deyil. Çünki mütləqiyyət yalnız Allah Təalaya (c.c) məxsus bir xüsusiyyətdir və mütləq mənada mükəmməl olan yalnız Allah Təaladır (c.c). Kainatda mövcud olan anlayışlar isə nisbidir və müqayisə əsasında təyin olunur. Amma bu heç də bizə həmin anlayışlardan imtina etməyə əsas vermir. Əgər belə olsa idi, onda gərək biz heç bir qadına “Sən gözəlsən” deməyəydik. Çünki əslində ondan daha gözəl qadınlar ola bilər. Digər tərəfdən isə ən gözəl qadın belə qocaldıqca öz gözəlliyini itirir. Deməli, gözəllik anlayışı mütləq deyil. Bu halda biz “gözəl” anlayışından mütləq mənada imtina etməli olardıq. Əslində isə bu, qeyri-mümkündür.
Eyni vəziyyət kainatda mövcud olan mükəmməl nizam və həssas əyarlar üçün də keçərlidir. Kainatdakı mükəmməl nizam dedikdə, müqayisəyə əsaslanan mükəmməllik nəzərdə tutulur. Bu yanaşma kainatda mövcud olan canlı-cansız digər obyekt və subyektlərə də aiddir. Məsələn, biz insan gözü ilə fotoaparatı müqayisə edərək insan gözünün fotoaparata nisbətən qat-qat daha mükəmməl quruluşu olduğunu deyə bilərik. Lakin bu o demək deyildir ki, insan gözü mütləq mənada mükəmməldir. Çünki insan gözü zəifləyə bilər, zədələnə bilər və s. Amma elmi-məntiqi mühakiməyə əsaslanaraq bizim gələ biləcəyimiz doğru nəticə budur: “Əgər insan gözünün təqlidi əsasında istehsal olunmuş və yüksək elmi texnoligiyanın məhsulu olan bir fotoaparatın istehsalçısı, bir dizayneri vardırsa, onda həmin fotoaparatdan daha mükəmməl texnologiyaya malik olan insan gözünün də bir Yaradıcısının olması mütləq gərəkdir.”
29 Çərşənbə axşamı İyl 2014
Elmi nailiyyətlərin bizə işarə etdiyi çox əhəmiyyətli bir məqam var. Kainatın möhtəşəm böyüklüyü! Kainatın böyüklüyü üzərində düşündükdə qarşımıza çox böyük rəqəmlər çıxır.
Bildiyimiz kimi, Yer planeti Günəş sisteminin bir parçasıdır. Bu sistem kainatın içindəki digər ulduzlara görə orta-kiçik ulduz olan Günəşin ətrafında dövr edən səkkiz planetdən və onların əlli dörd peykindən meydana gəlir. Yer bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir.
Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir. Bunu bir bənzətmə ilə açıqlayaq: əgər diametri 12.200 km olan Yeri üzüm çəyirdəyi böyüklüyünə gətirsək, Günəş də bildiyimiz futbol topunun iki misli qədər böyüklükdə olan dairəvi bir kürə halına gələr. Amma əsl maraq doğuran şey aradakı məsafədir. Gerçəklərə uyğun bir model qurmağımız üçün çəyirdək böyüklüyündəki Yer ilə top böyüklüyündəki Günəşin arasındakı məsafəni təxminən 280 metr etməliyik. Belə olan təqdirdə, Günəş sisteminin xaricində olan planetləri isə kilometrlərlə kənara daşımağımız lazım olacaq.
Ancaq bu qədər nəhəng bir ölçüyə sahib olan Günəş sistemi içində olduğu Samanyolu qalaktikası ilə müqayisədə olduqca kiçik ölçülərdədir. Çünki Samanyolu qalaktikasının içində Günəş kimi və çoxu ondan daha böyük olan təxminən 250 milyard ulduz var. Bu ulduzların içində Günəşə ən yaxın olanı Alfa Sentavradır. Əgər Alfa Sentavranı yuxarıda göstərdiyimiz ölçüyə, yəni Yerin üzüm çəyirdəyi böyüklüyündə olduğu və Günəş ilə Yerin arasının 280 metr olduğu ölçüyə yerləşdirsək, onu Günəşin 78 min kilometr uzağına qoymağımız lazım olacaq!
Dünyada tanınmış astrofizikçi professor Corc Greenstein bu heyrətamiz böyüklüklə bağlı “The Symbiotic Universe” adlı kitabında belə yazır: “Əgər ulduzlar bir-birlərinə bir az daha yaxın olsalar, astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, kvazarlarda və digər göy cisimlərində davam edən təməl fiziki proseslərdə heç bir dəyişiklik baş verməzdi. Uzaq bir nöqtədən baxdıqda, qalaktikamızın görünüşü də indiki ilə eyni olardı. Tək fərq o olardı ki, gecə çəmənlikdə yerə uzanıb izlədiyim səmada daha çox ulduz görərdim. Lakin üzr istəyirəm, bəli, bir fərq də olardı: Bu mənzərəni seyr edən “mən” olmazdım… Kosmosdakı bu nəhəng boşluq bizim varlığımızın vacib şərtidir.” (Corc Greenstein, The Symbiotic Universe. s. 21)
Greenstein bunun səbəbini də açıqlayır; kosmosdakı böyük boşluqlar bəzi fiziki dəyişikliklərin tam insan həyatına uyğun şəkildə olmasını da təmin edir. Həmçinin Yerin kosmos boşluğunda gəzişən nəhəng göy cisimləri ilə çarpışmasına mane olan faktor da kainatdakı göy cisimlərinin arasının bu cür böyük boşluqlarla dolu olmasıdır.
29 Çərşənbə axşamı İyl 2014
Fizikaçı Lawrence Kraussa görə ola bilər. Lawrence Krauss ”Heçlikdən Kainat” adlı kitabında kainatın yoxluqdan özbaşına çıxa bildiyini və bu səbəbdən ”niyə heç bir şey deyil də bir şeylər var?” sualına cavab verdiyini iddia edir. Heçlikdən kainat yarana biləcəyini söyləyən sənədli filmlər də vardır. İstər bu kitablar olsun, istərsə də sənədli filmlər ateistlər tərəfindən sanki ”bax Allaha filan ehtiyac yoxdur, kainat özbaşına meydana gələ bilər” deyə önə sürülməkdədir. Yaxşı, xalqımızın aldadıldığını bilməyə haqqı yoxdurmu?
Gəlin bu əsassız iddiaları birlikdə dəyərləndirək . Heçlikdən (yoxluq) kainat iddiaları tamamilə təhrif etmədir və bu iddiaların əsası yoxdur. Əvvəlcə ”yoxluq ” deyə bir şey belə təsbit edilə bilməmişdir. Yoxluq belə yoxkən, necə olur da yoxluqdan kainat çıxa bilir deyə soruşaraq başlaya bilərik.
Kraussun yoxluq ilə nəzərdə tutduğu ”kvant vakuum” deyə adlandırdığımız ”boş” havadır. Krauss burda əslində var olan bir şeyə yoxluq deyərək “Fallacy of Equivocation” deyə adlandırılan bir məntiq xətasına imza atır. Yoxluğun və ya heçliyin mənası sabit olmasına baxmayaraq yeni bir heçlik tərifi çıxararaq özünü haqlı çıxarmağa çalışır.
Kraussun nəzərdə tutduğu şey həm fəlsəfi baxımdan həm də elmi baxımdan yoxluq deyil. Fəlsəfi baxımdan yoxluq heç bir şeyin olmaması , bir başqa deyişlə ”varlığın yoxluğudur”. Aristo yoxluğun tərifini bu şəkildə etmişdir: ”Yoxluq qayaların xəyal etdiyi şeydir” .
Elmi baxımdan bir şeyin yoxluq ola bilməsi üçün həmin şeyin heç bir xüsusiyyəti olmamalıdır. Halbuki Kraussun yoxluq deyə iddia etdiyi kvant vakumun bir çox təcrübi / yanlışlanabilir xüsusiyyətləri vardır. Kvant vakumun enerjisi vardır, dalğalanmaları vardır, ölçə biləcəyimiz xüsusiyyətləri vardır. Vəziyyət belə ikən necə bu şeyə yoxluq deyə bilərik ki?
Bunun nə qədər məntiqsiz bir fikir olduğunu başqa bir nümunə üzərindən göstərə bilərik. Bildiyiniz kimi buz və su tamamilə eyni maddədir. Buz suyun donmuş halıdır. Buzu əritdikdə su əldə edirik. İndi biz əridilmiş buzdan çıxan su üçün ”bu su yoxdan meydana gəldi” desək bu axmaqlıq olmazmı ? Kraussun da etdiyi eynilə budur.
Kraussun bu ifadələri akademik çevrələrdə də çox tənqid almışdır. Başda Alexander Vilenkin olmaq üzrə bir çox kozmolog/fizikaçı Kraussun heçlik deyə tanıtdığı şeyin heçlik olmadığını söyləmişlər . İstəyənlər bunu Vilenkinin öz dilindən dinləyə bilər : http://www.youtube.com/watch?v=A7I3uM-kMPI (İngiliscədir)
İndi işin daha da dəhşətli qisminə keçək. Yoxluqdan kainat meydana gəlməsini keçin, kvant vakuumda kainat meydana gəlməsi düşüncəsi də elmi olaraq sübut edilmiş bir nəzəriyyə deyil. Kvant vakuumda kainatın meydana çıxması son dərəcə spekulyativ bir nəzəriyyədir və heç bir dəlili yoxdur. Bunu dünyanın öndən gələn kozmologlarından biri olan Corc Ellisin dilindən dinləyə bilərsiniz : http://www.youtube.com/watch?v=tq8-eLGpEHc ( 43:13 . -48:00 . Dəqiqə arası )
Krauss haqlı olsaydı belə problem yenə həll oluna bilməzdi, çünki bu dəfə ”kvant vakuumda kainatı çıxardan qanunlar haradan gəlir?” sualı doğardı və ”niyə heç bir şey deyil də bir şeylər vardır ?” sualı yenə cavabsız qalardı.
İşin ironik qismi , müqəddəs mətnlərdə keçən keçmiş qövmlərə verilən möcüzələrə gülənlər, heçlikdən yaranan bir kainata inanırlar.
Ateistlər Qurani Kərimə inanmırlar. Ancaq məsələnin gülməli tərəfi odur ki, “heçlikdən yaranmış kainat” fikrini dəstəkləməklə əslində ateistlər özləri də bilmədən Qurandakı ayələri qismən təsdiqləmiş olurlar. Quranda “heçlikdən yaradılma” haqqında deyilir:
“Biz hər hansı bir şeyi (yaratmaq) istədikdə ona sözümüz: “Ol!” deməkdir. O da dərhal olar.” (Nəhl, 40).
“Allaha (özü üçün) övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: “Ol!” deyər, o da dərhal olar. “(Məryəm, 35).
“Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar.” (Yasin, 82).
“Dirildən də, öldürən də Odur. O, bir işi qərara aldıqda (bir şeyi yaratmaq istədikdə) ona ancaq: “Ol!” – deyər, o da dərhal olar.” (Mömin, 68)
Bəli, ayələrdə deyildiyi kimi “heçlikdən kainatın” sonsuz elm və qüdrət sahibi olan Allah Təala (c.c) tərəfindən yaradılması mümkündür.
Amma kainatın heçlikdən öz-özünə, təsadüfən var olması mümkün deyil və qeyri-məntiqidir. Bir az məntiqlə düşünsək və özümüzə sual versək:
Səbəbsiz olaraq öz-özünə heç nədən nəysə yarana bilərmi?
Səbəblərlə dolu olan kainatımız səbəbsiz olaraq heçlikdən öz-özünə var ola bilərmi?
Hətta nəhəng kainat bir yana dursun, səbəbsiz olaraq adi bir hüceyrə təsadüfən yarana bilərmi?
Hüceyrənin təsadüfən yaranması haqqında məşhur ingilis riyaziyyatçı və astronomu, “Big Bang” termininin müəllifi, professor Ser Fred Hoyle kor təsadüflərin canlıları yarada bilməsini mümkünsüz hesab etmiş və ateistlərin, materialistlərin, təkamülçülərin bu batil inancı barədə belə bir bənzətmə söyləmişdir: “Təsadüfən bir hüceyrənin meydana gəlməsi ilə metal yığınını sovuran qasırğanın təsadüfən “Boeing-747” təyyarəsini meydana gətirməsi arasında heç bir fərq yoxdur.” Mənbə: “Nature” jurnalı, “Hoyle on Evolution,” № 294, 12 noyabr 1981, səhifə 105.