CAVAB: Ateistlərin adətən Qurana qarşı sevə-sevə irəli sürdükləri əsassız iddialardan biri qorxutma ayələri haqqındadır. Ateistlər iddia edərlər ki, sanki İslamın bizə tanıtdığı Allah insanları daim qorxu altında saxlamağa cəhd edir. Quranda keçən cəza və qorxutma ayələri bir qayda olaraq  inkarçılara, cəhalət və təkəbbürləri səbəbindən Allaha qarşı küfrdə həddini aşanlara, məzlumlara qarşı zülm edən zalım idarəedicilərə, iftira, qiybət, şayiə yaymaq kimi bəd əməl sahiblərinə qarşı xəbərdarlıq mahiyyəti daşımaqla, eyni zamanda bu ayələrdəki əsas məqsəd bütün insanları, o cümlədən möminləri pis davranışlardan, haqsızlıqdan, haramlardan çəkindirmək və uzaqlaşdırmaq üçündür. Çünki demək olar ki, böyük əksəriyyət insanların psixologiyasında daima mövcud qayda və qanunları pozma meyli mövcuddur.

Bunu ən bəsit formada belə izah edə bilərik. Məs, çox insan səmimi olaraq etiraf edər ki, bəzi istisnalar olmaqla heç kəs könüllü olaraq öz xoşuyla hər səhər tezdən şirin yuxusuna haram qatıb mürgüləyə-mürgüləyə işə yaxud dərsə getmir. Burda bir məcburiyyət və ya cəza qorxusu var. İşə və ya dərsə gecikən hər bir şəxs müəyyən formada cəza (töhmət, danlaq) almaqdan, ən pis halda isə qovulmaqdan qorxur. Əgər insanlar işə (yaxud dərsə) yubanacaqları  halda onlara qarşı heç bir cəza forması tətbiq edilməsəydi, əslində nə baş verə bilərdi? Yəqin ki, kiçik istisnalar olmaqla, hər kəs təyin olunmuş vaxtda yox, ancaq özünə sərf etdiyi vaxtda işə (dərsə) getməyə vərdiş edərdi. Deməli, cəza-qorxu tədbirləri heç olmazsa yaxud qeyri-effektiv səviyyədə olarsa, qaydaların pozulmasını ictimai həyatımızın hər sferasında davamlı müşahidə edə bilərik.

Başqa bir misal. Məsələn, Fransa, Almaniya, İngiltərə kimi inkişaf etmiş cəmiyyətlərdə ictimai nəqliyyat bileti almadığına və ya səhv yerdə avtomobil park etməyə görə böyük məbləğdə pul cərimələri tətbiq edilir. Həmin ölkələrdə yaşayanların çoxu bu cəzaları bilir, bilməyənlər isə bircə dəfə böyük pul cəzasına məruz qaldıqdan sonra bir daha qorxusundan o səhvi təkrar etmir. Çünki insan psixologiyası demək olar ki, hər yerdə oxşardır. İnsanların çoxu əslində qanunları sevdikləri üçün yox, qanun pozuntusuna görə alacaqları cəzadan qorxduqları üçün qanuna əməl edirlər. Şəxsi təcrübəmə əsasən onu da əlavə edə bilərəm ki, İngiltərə, Fransa, Almaniya kimi inkişaf etmiş əksər ölkələrdə adətən paytaxt şəhərlərin mərkəzi hissələrindəki basırıq küçələrdə  avtomobili qanunla icazə verilən yerlərdə normal qaydada park etmək üçün insanlar bəzən yarım saata qədər park yeri axtarmağa məcbur olurlar. Səbəb dövlət tərəfindən avtomobillər üçün təyin edilmiş yüksək məbləğdə parkinq cərimələridir. Yəni nəzərdə tutulmuş parkinq qaydalarını pozan sürücülər ciddi məbləğdə pul cəriməsi ödəməli olurlar. (P.S. Bir dəfə başıma gəlib). Bunun kimi cəza-qorxu prinsipinin fəaliyyətinə aid nümunələrə hər cəmiyyətdə və cəmiyyətin bir çox ictimai-sosial sferalarında rast gəlmək əlbəttə mümkündür.

Lakin Azərbaycan, bir çox Afrika ölkələri kimi rüşvət, özbaşınalıq və korrupsiyanın geniş yayıldığı yerlərdə cəza-qorxu sistemi effektiv çalışmadığı üçün ictimai qayda və qanunların əksəriyyət insanlar tərəfindən müntəzəm qaydada pozulmasına, cəmiyyətdə çoxlu haqsızlıqların, özbaşınalıqların yayılmasına daha tez-tez rast gəlirik. Məsələn, bir Azərbaycan vətəndaşı bilir ki, 50 manat rüşvət verməklə, yəni daha ucuz vasitələrlə qanun pozuntusuna görə ağır cəzadan (500 man) canını asanca qurtara biləcək. Ona görə də qanun pozmaqdan bir elə qorxmur və nəticədə ölkədə qanun pozuntusu baş alıb gedir. Bu bir faktdır.
Lakin bir fransız Fransada 50 avro rüşvət verib 500 avroluq ağır cəzadan qaçacağını düşünmür və ona görə də alacağı ağır cəzadan qorxub qanunu pozmur. Nəticədə cəza-qorxu sistemi Azərbaycana nisbətən Fransada qat-qat effektiv işləyir və cəmiyyətdə qanun pozuntusu azalır.

Mövzumuz ilə əlaqədar Sınıq Şüşələr Nəzəriyyəsinə (Broken Windows Theory) qısaca nəzər salmağın faydalı ola biləcəyini düşünürəm. Nəzəri olaraq 1982-ci ildə amerikalı məşhur sosioloqlar James Q. Wilson və George L. Kelling tərəfindən irəli sürülən bu nəzəriyyənin ümumilikdə mahiyyəti ondan ibarətdir ki, bəzi şəxslər tərəfindən mövcud davranış qaydalarının pozulması cəzasız qaldıqda yaxud nəticələr aradan qaldırılmadıqda, belə hallar sürətlə kütləviləşir, başqa adamları da analoji və ya digər qayda pozuntularına sövq edir. Ayrı-ayrı qayda pozuntularının yayılması ümumilikdə asosial davranışa zəmin yaradır. Qarşısı alınmayan bir qəbil qayda pozuntularının epidemiya kimi yayılmaq xassəsi ona gətirib çıxarır ki, insanlar mümkün olan bütün hallarda hər növ qaydaları pozmağa meyl göstərir, cinayətkarlıq artır, yekunda cəmiyyəti xaos bürüyür.

Bu fakt da öz-özlüyündə bir daha onu sübut edir ki, insanların daxilində daima mövcud qanunları pozmağa, günah işləməyə, harama, pis əməllərə doğru gizli bir istək vardır. Hər dəfə münasib şərait yarandıqca bu gizli istək zamanla üzə çıxır və vaxtında qarşısı alınmazsa, tədricən insanı pis əməllərin icrasına sürükləyir. Sonradan isə bu cür vərdişlər davamlı xarakter ala bilər. Məs, siqaret, içki yaxud zina virusu kimi. İlk dəfə azca siqaret çəkirsən, sonra isə bu hal müntəzəm xarakter almağa meylli olur və nəhayət insan asanlıqla siqaret düşkününə çevrilə bilər. İçkiyə, narkomaniyaya, oğurluğa qurşanmış yaxud zinakarlığa adətkar olmuş  birini etdiyi pis, murdar  əməllərdən çəkindirmək get-gedə daha çətinləşir.

Məsələn, bir ərazidə oğurluq hadisəsi baş verdiyi zaman həmin bölgədə yaşayan və əvvəllər oğurluq cinayətinə görə  məhkum olmuş adamlar da polis tərəfindən şübhəli şəxslər qismində nəzərdən keçirilir. Çünki əvvəllər oğurluğa görə məhkum olunmuş şəxslər potensial oğru riski daşıyırlar. Eyni hal digər günah əməllərə də aiddir.

Rəsuli-Əkrəm Əfəndimiz (sallallâhu aleyhi və səlləm) insan psixologiyasındakı bu həqiqəti bir hədisdə belə dilə gətirir: “Qul bir günah işlədiyi vaxt qəlbinə qara bir nöqtə düşür. Şayət o günahdan vaz keçər, əvf dilər, tövbə edib Allaha dönərsə, qəlbi yenə parıldar. Əgər bunları etməz, günah və xətaya davam edərsə, qara nöqtə artar və nəticədə bütün qəlbini örtər. Uca Allahın: “Onların qəlbini qazandıqları günahlar bürümüşdür.” (Mutaffifîn Sûrəsi, 83/14) ayəsində zikr etdiyi günahlar bax budur.” (Tirmizi, Tefsiru’l-Kur’an 75; İbn Mâce, Zühd 27)

Beləliklə, aydın olur ki, yaratdığı insanların psixologiyasındakı zəiflikləri hər kəsdən daha yaxşı bilən Allah Təala nazil etdiyi kitabında cəza-qorxu ayələrini yerləşdirməklə öz qullarını küfr, günah və haramlara qarşı əvvəlcədən xəbərdar etmiş və onlardan nəfslərində olan gizli bəd istəklərdən uzaq durmalarını istəmişdir. Çünki vaxtında qarşısı alınmayan neqativ istəklər sonradan vərdişə çevrilə və insan üçün daha böyük fəlakətlərə vəsilə ola bilər. Quranın bir ayəsində Allah Təala öz qullarını təhlükədən belə xəbərdar edir:

Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur! (İsra, 32)

Göründüyü kimi Rəbbimiz nəinki “zina etməyin”, hətta “zinaya yaxınlaşmayın” deyir. Çünki zina iyrənc bir şeydir. Əgər bu iyrəncliyə bir dəfə yaxınlaşsan, şübhəsiz ki, çirkaba bulaşa bilərsən. Və bir dəfə çirkaba bulaşdıqdan sonra insan ruhundakı o ləkəni təmizləmək çox çətin olar.

Nur surəsində isə çirkin şayiələr yayanların Allah qatında cəzasız qalmayacağı bildirilir:

(24 – NÛR) النور / 19- Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz.

Mütəffifin surəsində isə Allah Təala insanları günahlardan belə qorxudur:

Vay halına çəkidə və ölçüdə aldadanların!

O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,

Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.

Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!

Özü də dəhşətli bir gündə?!

O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!

Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!