Əvvəla qeyd edək ki, “Allahı kim yaratdı?” sualını verənlər Allah anlayışını öz düşüncələrinə uyğun maddi forma və ölçülərə salmaq istəyən materialist təfəkkürlü ateistlərdir. Yəni həmin ateistlər Yaradıcı qüvvəni ancaq materiya xüsusiyyətlərinə sahib maddi varlıq konsepti daxilində izah etməyə çalışırlar ki, zatən biz müsəlmanlar belə bir Yaradana inandığımızı iddia etmirik.
Əslində “Allahı kim yaratdı?” sualının cavabı İxlas surəsində var və həmçinin bu sual fəlsəfi baxımdan səhv və məntiqsizdir. Çünki əgər bu sualın cavabı varsa, yəni ki, əgər haşa Allahı kimsə yaradıbsa, onda yeni bir sual ortaya çıxacaq: “Onda Allahı yaradanı kim yaratdı?” Bu sual sonsuzluğa qədər davam edəcək və hər dəfə sonsuz sayda Yaradanlar meydana çıxacaq. Halbuki, biz Qurandan da bilirik ki, zatən Allah Təala (c.c) sonsuzdur (əbədi və əzəlidir). Əvvəli və axırı olmayan, sonsuzluq xüsusiyyətinə malik olan bir varlığın digər sonsuz sayda varlıqlar tərəfindən yaradılması imkansızdır. Ona görə bu sualın verilməsi fəlsəfi cəhətdən yanlışdır.
“Allahı kim yaratdı?” sualı xüsusilə günümüz ateizminin müdafiəçilərindən biri R. Dokinzin “Tanrı yanılqısı” kitabından sonra məşhurlaşıb. J. Lennoks debat zamanı Dokinzə belə cavab vermişdi: “Sənin kimi bir elm adamından belə bir sual gözləməzdim, çünki bu sualdan sonra Tanrı yaradılmışdır nəticəsi çıxır və yaradılan tanrılar zatən yanılqıdır.” (https://www.youtube.com/watch?v=k5BHwTAFzOM)
“Allahı kim yaratdı?” sualının mahiyyəti əslində “Qırmızı rəngin ağırlığı nə qədərdir?” yaxud “Hər şeyi su isladırsa, onda suyu nə isladır?” yaxud “Od hər şeyi yandırırsa, onda odu nə yandırır?” sualları kimi məntiqsiz və qeyri-rasionaldır. Çünki rəng məfhumu çəkiyə sahib deyildir. Eləcə də su digər şeyləri isladandır, amma özü islanan deyildir. Od digər şeyləri yandırandır, amma özü yanan deyildir. Analoji qaydada deyə bilərik ki, Allah yaradandır, yaradılan deyil.
İnsan beyni zaman-məkan sisteminə uyğun və üçölçülü dünyanı qavrayacaq şəkildə yaradılmışdır. Bu sual “Allahdan öncə nə var idi?” sualı ilə analojidir. Sualı verənlərin yol verdiyi xəta isə məsələni zaman-məkan prinsipləri daxilində dəyərləndirmələridir. Bir şeyin təşəkkül tapması üçün zamanın mövcudluğu mütləqdir. Yəni ki, zamanın başlanğıcı olmalıdır ki, maddənin yaranması oradan başlasın. Elm adamlarının ortaq qərarınca, Big Bang partlayışından öncə zaman-məkan anlayışı yox idi. Yəni zamanın özünün bir “başlanğıcı” vardır. Elə bu da bizim sualımızın cavabıdır. Allah zamandan və məkandan asılı deyildir. Zaman olmadığı təqdirdə “öncə”, “sonra” anlayışları öz mənasını itirir və bununla da “Allahdan öncə nə var idi?” sualı məntiqdənkənar olur. Yəni zaman yoxdursa, Allahın nə başlanğıcı var, nə də ki sonu. Demək ki, Onun təşəkkül tapma prosesinə də ehtiyac yoxdur.
İnsan beyni zamansızlığı dərk etməkdə acizlik çəkir. Məsələn, məşhur elm adamı S. Haukinqə “Big Bang-dən öncə nə var idi?” sualı verildiyi zaman, Haukinq “bu, şimal qütbünün şimalını soruşmağa bənzəyir” deyə cavab vermişdir. Məsələyə zamansızlıq aspektindən baxdığımızda isə, Allahın sonsuzdan bəri var olduğu həqiqəti ilə qarşılaşırıq.
“Allahı kim yaratdı?” sualı bir paradoksdur. İzahı “Yaradılmayan” ilə verilən bir varlığı çürütmək üçün “Kim yaratdı?” sualını vermək məntiq xətasıdır. Bu günkü fəlsəfədən anlaşılan budur ki, bir şeyin açıqlaması, həmin şeyin açıqlamasına ehtiyac duymur. Məsələn, insan bir şəkil çəkincə “İnsanı kim çəkdi?” və ya Richard kitab yazdıqda “Richardı kim yazdı?” şəklində suallar verə bilməzsiniz. “Allahı kim yaratdı?” sualı da bu tipdə paradokslu bir cümlədir. Həm də sonsuzluq qavramına görə də bu sual yalnışdır. Yəni Tanrının yaradıcı olduqda, onun da yaradıcısı olmalıdır və onun da və sairə… Bu zəncir sonsuza qədər davam edər. Allah isə maddə yaxud məxluq deyildir ki, yaradılsın. Əksinə Allah Təala (c.c) Xaliqdir, xəlq edən və yaradandır. O, yaradılmış deyildir.
Qurani-Kərim isə buna belə cavab verir: “De: “O Allah Təkdir! Allah möhtac deyildir. Nə doğmuş, nə doğulmuşdur. Onun bənzəri də yoxdur.” (İxlas surəsi)